Həkim qəpiyi uşağın qida borusundan çıxarmaq üçün 450 AZN istədi? – Günün təzadları 

18:21 05.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakıda uşağın qida borusunda qəpik qaldı. Hafta.az-ın yazdığına görə, “Report” xəbər verir ki, bu barədə jurnalist Səxavət Qurbanov "Facebook" səhifəsində məlumat paylaşıb. O qeyd edib ki, uşağı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) aparıblar. S.Qurbanov vurğulayıb ki, xəstəxananın həkimi qəpiyi çıxarmaq üçün onlardan 450 manat istəyib: “Uşağın qida borusuna qəpik gedib. Təcili uşağı “Semaşko”ya apardıq. Həkim əməliyyatdadı, zəng etmişəm, deyir “450 azn ödəyəcəksinizsə, uşağı palataya yerləşdirib, ardınca da, iynə ilə yatızdırıb xüsusi aparatla çıxardaq”. Deyirəm, “həkim bu qida borusundadı, nəfəs yox. Bunu daha yaxşı formada da etmək olar”. Qayıdıb deyir ki, “məsləhətləş, pulu düzəldə bilirsənsə çıxardaq”.

Məsələ ilə əlaqədar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, artıq şikayətçi ilə əlaqə saxlanılıb və məsələ araşdırılır. 

 

Palata sədri prezidentin çıxış mətnini cırdı

ABŞ Konqresinin aşağı palatasının sədri Nensi Pelosi ölkə Prezidenti Donald Trampın konqresmenlər qarşısındakı nitqindən sonra onun çıxış mətninin nüsxəsi olan vərəqləri ortadan cırdı. Hafta.az “İnterfaks”a istinadla  xəbər verir ki, videoda ABŞ prezidentinin çıxışını başa vurmasından sonra konqresmenlərin ayağa qalxdığı və onu alqışladığı, elə bu anda da N.Pelosinin çıxış mətninin nüsxəsinin olduğu vərəqləri cırdıqdan sonra onları masanın üzərinə atdığı aydın görünür. Tram isə ondan arxada nə baş verdiyini görməyib.

Qeyd edək ki, fevralın 4-də D.Tramp konqresmenlər qarşısındakı illik çıxışını edərək ölkənin vəziyyəti haqqında fikirlərini çatdırıb. Tramp kürsüyə gələrkən ona əl uzadan Pelosinin əlini sıxmamışdı.

 

Təyyarə sərnişinin koronovirusla bağlı zarafatına görə eniş etdi

Torontodan Yamaykaya uçan Kanadanın “WestJet” şirkətinə məxsus təyyarə təcili şəkildə çıxdığı hava limanına qayıtmalı oldu. Hafta.az Musavat.com-a istinadla  xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin yeni növ koronavirusa yoluxması barədə zarafat etməsi olub. Bu məlumatı eşidən təyyarənin pilotu Torontoya qayıtmaq qərarını verib. Təyyarədə 243 sərnişin olub. Təyyarə yerə endikdən sonra 29 yaşlı zarafat edən şəxs həbs olunub və şirkətə ziyan vurmaqda ittiham edilir. O, martın 9-da məhkəmə qarşısında törətdiyi əmələ görə cavab verməli olacaq.

 

Müsəlman konqresmen yəhudi prezidentliyə namizədi dəstəklədi

ABŞ Konqresinin  yeganə hicablı üzvü İlhan Ömər ölkədəki müsəlman icmalarına baş çəkir və dindaşlarına yəhudi mənşəli Berni Sandersin dini azlıqların hüquqlarını müdafiə edən yeganə potensial ölkə prezidenti  olacağı mesajını çatdırır. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi  xəbərdə belə  deyilir. Bu  günlərdə Ömər Ayova ştatının De-Moy şəhərindəki bir məscidi ziyarət edib və qarşıdakı prezident seçkiləri ilə əlaqədar müsəlman icması ilə söhbət aparıb. İlhan Ömər ötən ilin oktyabrından bəri prezidentlik uğrunda mübarizədə Berni Sandersi dəstəkləyir. O, Vermontdan olan bu senatorın sosial ədalət uğrunda mübarizə apardığını və insanları birinci və ikinci növlərə bölmədiyini iddia edir.

 

Lerikin 40 kəndi işıqsız qaldı

Lerik rayonunun bir sıra kəndləri işıqsız qaldı. Hafta.az yazır ki, “Report”un Cənub Mərkəzinin xəbərinə görə, rayon ərazisində əsən güclü külək elektrik təsərrüfatının işində problemlər yaradıb. Blabənd kəndinin sakinləri bildirir ki, Zuvand ərazisinə elektrik enerjisi verilişini həyata keçirən 10 kv-luq xəttdə artıq iki gündür, elektrik enerjisi yoxdur. Bu səbəbdən 40-a yaxın kənd - Blabənd, Xəlifəkücə, Mondigah, Nisli, Hacovi, Hoveri, Şonaçola, Qələsər, Qosmalian, Tatoni, Mistan, Xəlifəkənd, Lələhiran, Kəlvəz, Kələxan və digərləri elektrik enerjisindən məhrum olub. Lerik Elektrik Şəbəkəsinin rəisi Cavid Cavadov “Report”a bildirib ki, hazırda rayon ərazisinin 70%-nə elektrik enerjisinin verilişi təmin edilib: “İki gün ərzində davam edən güclü külək səbəbindən rayonun elektrik təsərrüfatına xeyli ziyan dəyib. Bir sıra yerlərdə elektrik naqilləri qılırıb, dayaqlar aşıb, habelə transformatorlarda qısaqapanmalar yaranıb. Hazırda operativ briqadalar işləyir. Rəhbərlik tərəfindən köməklik göstərilib. Dağlıq ərazilərə elektrik enerjisinin verilişi hələ ki, mümkün deyil. Bu ərazilərə enerji verilişinin dayandırılması təhlükəsizlik məqsədi daşıyır. Belə ki, külək 10 kv-luq xətti qıraraq yaşayış evlərinin üstünə ata, yanğın və ya bədbəxt hadisə baş verə bilər. Ona görə də küləyin zəifləməsini gözləyirik. Lənkəran və Yardımlı rayonları ərazisindən 35/10 kv-luq yüksək gərginlikli xətlər vasitəsilə rayon mərkəzi və ətraf kəndlər enerji verilişi bərpa olunub. Qeyd edim ki, bu ərazilərdə çərşənbə gün səhər saatlarında fasilə yaranmışdı”.

 

Polis cinayətkarı süpürgə ilə qorxutmağa çalışdı

Türkəyənin İstanbul şəhərində iki şəxs arasında mübahisə düşdü. Hafta.az Musavat.com-a istinadla yazır ki, “DHA”-nın xəbərinə görə, Beşiktaşda iki şəxs arasında səbəbi bilinməyən mübahisə başlayıb. Mübahisə böyüyərək davaya çevrilib və həmin şəxslərdən biri bıçaq çıxararaq o birini qarnından bıçaqlayıb. Bu zaman yaxınlıqda olan polislər onları ayırmaq üçün yaxınlaşıblar. Polislərdən biri həmin şəxsdən bıçağı almaq istəyərkən digəri süpürgə ilə müdaxilə edərək, onu qorxutmağa çalışıb. Dava edənləri ayırmağa müvəffəq olan polislər kişilərdən birinin yaralı olduğunu görüb həkim çağırıblar. Bu zaman bıçaqla hücum edən şəxs qaçaraq oradan uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Oxunma sayı