Heydər Əliyevin əsgəri olmağım ilə fəxr edirəm - Müsahibə

18:29 29.06.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Oğullar Vətənin dar günündə tanınar. Onun azadlığı, bütovlüyü uğrunda hər vaxt canından keçməyə hazır olar. Məlum Qarabağ hadisələri zamanı Kolanı elinin yüzlərlə diziqatlanmaz igid oğulları könüllü şəkildə silaha sarılaraq yağı düşmənlə savaşa girdilər, torpaqlarımızın müdafiəsinə qoşuldular. Belə oğullardan biri də Bəylər Şəmil oğlu Əhmədovdur.

Bəylər Əhmədov 1966-cı ildə Ağdam rayonunun Xaçındərbənd kəndində böyüyüb, boy atıb. 1984-cü ildə Xaçındərbənd kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yola düşüb.1986-ci ildə hərbi xidməti başa vurub, doğulduğu kəndə qayıdıb. Bəylərin uşaqlıq illərindən arzusu daxili işlər orqanlarında çalışmaq, Azərbaycan polisinin şərəfini qorumaq idi. Qarabaq qazisi həyat yolundan “Həftə içi”nə danışdı:

- Uşaqlıq illərində çox sakit olsam da, ürəyimdə heç vaxt qorxu hissi keçirməmişəm. Hələ 5-6 yaşlarımda özümü dərk edirdim, həyatda baş verən hadisələrə münasibət bildirirdim. Ölkəmizdə bəzi haqsızlıqları, cinayətləri görürdüm.  Müharibəli, istintaq əməliyyatı ilə bağlı kinoları çox sevirdim. Valideynlərimiz sözə baxmayanda və yaxud dəcəllik edəndə bizi  “Naçalnik gəldi, yəni polislərlə qorxudardı. Amma mən qorxmurdum, “Qırmızı papaqları” görəndə daha da ürəklənərdim və onlara yaxınlaşardım. Kinolarda polislərin xeyirxah olduqlarını görürdüm. Bu məndə onlara qarşı böyük bir inam, həvəs yaradırdı.Kəndimizdə Mirzə adında bir polis əməkdaşı vardı. Bir gün Mirzə əmi bizə gəlmişdi. Uşaqların hamısı qaçıb gizlənmişdi, tək mən qalmışdım. Polisə həvəsimi görən Mirzə əmi papağını başından çıxarıb mənim başıma qoydu və atama dedi ki, ağa, Bəylərə bu papaq yaman yaraşır. Böyüyəndə ondan yaxşı polis əməkdaşı olar. Hiss edirəm ki, qoçaq uşaqdır və onun polisə marağı var. Sonra Mirzə əmi məndən soruşdu ki, “Sən böyüyəndə nə olacaqsan?”. Dedim, sizin kimi polis olacağam.

 Ona görə də əsgərlikdən qayıdandan sonra Rusiyanın Çeboksar şəhərinə üz tutdum və orada polis məktəbinə qəbul olundum.

- Bəs necə oldu ki, təhsilinizi yarımçıq qoyub,vətənə döndünüz? Rus dilini bilmədiyinizə görə, orada təhsil almaq sizə çətin gəlirdi?

– Xeyr, mən rus dilini gözəl bilirdim. Hələ orta məktəbdə oxuyanda rus dilini öyrənmişdim. O vaxtlar, artıq Qarabağda bədnam qonşumuz olan ermənilər torpaq iddiasına düşmüşdülər. Təpədən-dırnağa kimi silahlanmış saqqallı erməni  yaraqlıları  kəndlərimizə hücum edir, evlərə od vurub yandırır, günahsız insanları qətlə yetirir, mal-qarasını, qoyun sürülərini  qabaqlarına qatıb aparırdılar. Hər gecə sakinlər kəndin girəcəyində post qurub keşik çəkirdilər. Mən isə Rusiyada qala bilməzdim. Bu xəbəri eşidəndə dözmədim,  təhsilimi yarımçıq qoyub, kəndimizə gəldim. Əlimə silah alıb,  torpaqlarımızın müdafiəsinə qoşuldum. O zamanlar ordu yox idi. Bir-iki nəfərdə ov tüfəngi vardı. Kəndləri basqından qorumaq üçün hər kəndə  bir nəfər əlisilahlı polis əməkdaşı təhkim etmişdilər. Ermənilər gün-gündən ordu yaradır və müasir silahla silahlanırdılar. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, Vətənə xidmət arzusu Azərbaycanın Milli Qəhrəmanı, təcrübəli hərbçi polkovnik-leytenant Şirin Mirzəyevi Ağdama çəkib gətirdi. Elə həmin ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, onun komandanlığı ilə ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yarada bildik. Bu, o dövr üçün çox zəruri addım idi.  Döyüşən cəsur oğullar könüllü şəkildə batalyona axışdılar. Əksəriyyəti də Kolanının qorxmaz, igid oğulları idi.

...1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Bizim ailədən 4 nəfər - Qənimət, Qənaət, Şahin və mən adıçəkilən batalyonda döyüşmüşük. Qeyd edim ki, ordumuzun tərkibində Azərbaycanın Milli Qəhrəmanı Əlabbas İsgəndərov, Mehralı Rəhimov, Elman Bayramov, Adil, Akif Quliyev qardaşları, Rafiq Qarayev, Elxan Fərzəliyev, Şəfa, Rasim Ədilov qardaşları da vardı.  Allah rəhmət eləsin, Səməndər Əhmədov baxmayaraq polis zabiti idi, o, peşəkar döyüşçü kimi bizimlə çiyin-çiynə doyüşürdü. Mən kəşfiyyatçı idim. Hər dəfə apardığımız kəşfiyyat əməliyyatı uğurla nəticələnərdi. Fərrux kəndinin alınmasında, eləcə də Sırxəvənd, Baş Güney Pəyə, Yeni Qaralar kəndlərinin müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmişəm, hətta Vəngə kimi gedib çıxmışdıq. 1992-ci ildə Sırxəvənd kəndinin müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə diz nahiyəmdən ağır yaralandım. Məni  Bakıya  “Papanin” Hərbi Hospitalına gətirdilər Bir müddət müalicə aldıqdan sonra, yenidən orduya, döyüş bölgəsinə qayıtdım.

- Bəs necə oldu ki, siz Şirin Mirzəyevin batalyonundan uzaqlaşdınız?

– Mən kəşfiyyat işlərini gözəl bilirdim, bu sahədə kifayət qədər təcrübəm vardı. 1993-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin nəzdində ilk dəfə olaraq Nadir Əliyevin rəhbərliyi altında “DPQ”, yəni Diversant Kəşfiyyat Qrupu yaradıldı, təcrübəli kəşfiyyatçı kimi məni həmin qrupa götürdülər. Ən ağır kəşfiyyat əməliyyatlarında iştirak etmişəm. Kəşfiyyat zamanı erməni ordusunun içinə girərdik, lazım olan məlumatları toplayardıq, onların hərbi sirlərini öyrənərdik. Sonuncu dəfə Kəlbəcər rayonunun Yanşaq kəndində olduq. Diversant Kəşfiyyat Qrupunda hər adam işləyə bilməzdi. Ora möhkəm iradəli, dövlət sirrini qorumağı bacaran, dili gözəl bilən cəsur, təcrübəli  kəşfiyyastçıları götürürdülər. Bu qrup ləğv ediləndən sonra bizi Sərhəd Qoşunlarına köçürdülər və 1995-ci ilə qədər orada xidmət etdim. Qanlı döyüşlərdə dəfələrlə yaralandım, hospitalda müalicə aldım, amma döyüş bolgəsini tərk etmədim. Döyüşlərdə göstərdiyim sücaətimə görə dəfələrlə orden və medallarla təltif olunmuşam.

– Bir Qarabağ döyüsçüsü, qazisi kimi sizə dövlət tərəfindən nə kimi köməkliklər göstərilib?

– Özümü xöşbəxt sanıram ki, ulu öndər Heydər Əliyevin Ali Baş Komandanlığı dövründə orduda xidmət etmişəm. Ulu Öndərin xalqın təkidi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etməsi ölkəmizi hərc-mərclikdən, qardaş qırğınından qurtardı. Hər bir sahədə olduğu kimi, orduda da dönüş yaradıldı. Milli Ordumuz vahid komandan altında birləşdi. Biz döyüşçülərdə döyüş inamımızı daha da artırdı. Mən Heydər Əliyevin əsgəri olmağım ilə fəxr edirəm.  Heydər Əliyev dahi şəxsiyyət, Ali Baş Komandan kimi böyük sərkərdə idi. Ağdamın işğalından sonra ailəmiz Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində məskunlaşdı. Evimiz-eşiyimiz yox idi. Çətinliklər içərisində köçkün həyatı sürürdük. Heydər Əliyev biz Qarabağ döyüşçülərinə koməklik göstərdi, öz qayğısını üstümüzdən çəkmədi. Ulu öndərin göstərişi ilə bizə fərdi yaşayış evi tikmək üçün Badamdar qəsəbəsindən torpaq sahəsi hədiyyə edildi. Artıq evim, hər cür şəraitim var. Üstəlik, işlə təmin olundum. Hazırda  Xəzər  Dəniz Gəmiçilik Qapalı Səhmdar Cəmiyyəti  674 saylı gəmi təmiri  emalatxanasında işləyirəm. 800 manata qədər əməkhaqqı, üstəlik, 80 manat da veteran kimi Prezident təqaüdü alıram. Sağ olsun Prezidentimiz, biz Qarabağ qazilərinə hər cür qayğı göstərir. Biz  Qarabağ döyüşçüsü olaraq, Ali Baş Komandanımız İlham Əliyevi hər vaxt dəstəkləyir və torpaqlarımızın erməni işğalından azad edilməsi üçün onun əmrini gözləyirik.

Oxunma sayı 10115