Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
22 il öncə bu günlər torpaqlarımız azad edilirdi... FOTO MÜSAHİBƏ
Tarix: 01.07.2014 | Saat: 18:30:00
Bölmə:7 oğul istərəm | çapa göndər

...Bu günlərdə - ermənilərlə cəbhə xəttində qarşılıqlı atışmaların intensivləşdiyi bir dönəmdə bəzi analitiklər II Qarabağ savaşının başlayacağı ehtimalını irəli sürürlər. Bu təqdirdə uduzduğumuz I Qarabağ savaşında əsasən könüllülərdən ibarət olan və yenicə formalaşan silahlı qüvvələrimizin döyüş təcrübəsini təhlil etməli və sabah döyüşlərə atılacaq bugünkü əsgər və gəncləri ruhlandırmaq üçün onlara hansı siyasi dövrdə baş tutmasından asılı olmayaraq, daha çox uğurlu əməliyyatlarımızdan danışmalıyıq. Bu dəfə 1992-ci il iyunun 12-dən iyulun 9-dək əsasən Ağdərə-Goranboy və Əsgəran-Xankəndi istiqamətlərində baş tutmuş hərbi uğurlarımızdan bəhs edəcəyik. Həmin əməliyyatların mənzərəsini canlandırmaq üçün o dövrdə həm yüksək dövlət vəzifəsi tutmuş şəxslər, həm də zabit, yaxud sıravi döyüşçü kimi düşmənlə savaşın ən qaynar nöqtələrində döyüşmüş oğullarımızla söhbətləşdik: 

 

1992-ci ilin mayından dövlət katibi olmuş Pənah Hüseyn:

- 1992-ci il iyun-iyul aylarındakı uğurlu əməliyyatlar MN və Baş Qərargah tərəfindən hazırlanıb, yerli özünümüdafiə alay və taborlarının komandir və şəxsi heyəti vasitəsilə həyata keçirilirdi. Ümumi rəhbərlik isə Dövlət Müdafiə Komitəsi (DMK) tərəfindən edilirdi. Həmin quruma əvvəlcə prezident səlahiyyətlərini icra edən Ali Sovet sədri İsa Qəmbər, iyunun 17-də prezident seçildikdən sonra isə Əbülfəz Elçibəy başçılıq edirdi. Amma hələ prezident seçilmədiyi günlərdə də Əbülfəz Elçibəy DMK-nin bir sıra iclaslarında iştirak edirdi.

Hesab edirəm ki, sözügedən əməliyyatların uğurlu alınmasında 1992-ci ilin mayında AXC-nin hakimiyyətə gəlməsi ilə nəticələnən proseslər də böyük rol oynadı. Son dövrlər bəziləri Ağdərə əməliyyatları uğrunda o dövrkü rəhbərliyin rolunu təkzib edir və hakimiyyətdə təmsil olunmayan şəxslərin, əsasən Surət Hüseynovun rolunu qabardırlar. Əslində bu uğur o vaxtkı iqtidar başda olmaqla MN, DİN, MTN və s. qurumların nəzarəti altında özünümüdafiə dəstələrinin, yeni formalaşan nizami ordu və daxili qoşun hissələrinin, Xüsusi Təyinatlı Polis Dəstəsinin və s. koordinasiya olunmuş əməliyyatlarının nəticəsidir. Burada siyasi mövqeyindən asılı olmayaraq, həmin döyüşlərdə iştirak etmiş hər kəsin xidmətini qeyd etmək gərəkdir. Və bütövlükdə bu, Azərbaycan xalqının uğuru idi. Onu da qeyd etmək lazımdır ki, həmin qələbəmizdə o dönəmdə yaranmış əlverişli siyasi şəraitin də xeyli rolu oldu. Allah o savaşlarda şəhid olmuş Azərbaycan övladlarına rəhmət etsin! İnşallah, belə uğurlu əməliyyatlarımız yenə təkrar olunar və şəhidlərimizin qanı yerdə qalmaz.

Konkret mənim iştirakıma gəldikdə DMK-nin xətti ilə istər mərkəzi, istərsə də yerli hakimiyyət orqanlarının bütövlükdə erməni işğalına qarşı səfərbər olunması, silahlı qüvvələrin təchizatı, şəxsi heyətin təşkili və s. üçün əlimdən gələni etmişəm. Elçibəyin andiçmə günü, yəni 1992-ci ilin 17 iyununda mən dövlət katibi kimi baş nazirin müavini Vahid Əhmədovla bərabər döyüşlərin ən qızğın yerində - Əsgəranın Naxçıvanik kəndində olmuşuq... Bundan başqa, həmin günlər mütəmadi olaraq Ağdam, Mingəçevir və s. yerlərdə olur, proseslərə nəzarət edirdik.

Onu da deyim ki, son illərdə guya sözügedən uğurlu əməliyyatların hansısa sülh danışıqlarının getməsi səbəbindən dayandırılması söhbəti da kökündən yanlışdır...

 

Əməliyyatlara müdafiə naziri kimi rəhbərlik etmiş Rəhim Qazıyev:

- Qarabağda erməni silahlı birləşmələrinə qarşı geniş əməliyyat hələ 1992-ci ilin aprelindən nəzərdə tutulmuşdu. Ancaq Şuşa və Laçının Bakıda hakimiyyət davası ilə müşayiət olunan işğalı bütün planlarımızı alt-üst etdi. Buna rəğmən bu istiqamətdə işlərimizi davam etdirdik. Və 4 iyun 1992-ci idə Rusiya müdafiə naziri P.Qraçovla danışıb, razılaşdıqdan sonra ordu komandanlığına kifayət qədər maliyyə vəsaiti ödəməkə guya Gəncədəki Rusiya Hava Qoşunlarının 104-cü diviziyasının zəbt etmək görüntüsü yaratdıq. O zaman Gəncə Polis İdarəsinin rəisi işləyən sabiq baş prokuror Eldar Həsənov həmin olayın ən gözəl şahididir. Beləliklə, elə rus zabitlərinin köməyi ilə Gəncədəki atıcı silah və zirehli texnikanı öz sərəncamımıza keçirdik. Və 1992-ci il iyunun 12-dən 13-ə keçən gecə həmin 104-cü rus diviziyası mütəxəssislərinin dəstəyi ilə əsasən Ağdərə-Goranboy, qismən də Əsgəran və Hadrut istiqamətlərində genişmiqyaslı hücuma başladıq. İlk gün əməliyyatımız çox uğurlu keçdi. Təəssüf ki, ölümündən sonra Milli Qəhrəman adı almış MN baş qərargah rəisinin müavini Şikar Şikarov müəmmalı şəkildə minaya düşərək həlak oldu. İyunun 17-də Lənkəran alayını da Ağdərə istiqamətinə göndərdik. Bundan sonra Sərsəng SES-i , Aterki, Drmbonu, Mehmanəni və nəhayət, Ağdərə rayon mərkəzini düşməndən azad edə bildik. Təəssüf ki, o günlər yenə də gizli şəkildə hakimiyyət uğrunda mübarizə gedirdi. Bunun nəticəsi kimi nəinki MN-də, hətta Prezident Aparatında belə müdafiə nazirinin uğurlarına qısqanclıqla yanaşaraq, ona sarsıdıcı zərbə vurmağa çalışan qüvvələr də var idi. Və biz zaman-zaman bu həmlələrlə qarşılaşdıq. Məyusluqla qeyd etməliyəm ki, sonradan mənə məlum olan faktlara görə, o vaxtkı spiker İsa Qəmbər, dövlət katibi Pənah Hüseyn, dövlət müşaviri Arif Hacıyev səviyyəsində belə, bu əməliyyatlara maneçiliklər yaradılırmış. Ancaq vətənpərvər oğul-qızlarımızın fədakarlığı sayəsində biz əməliyyatları uğurla həyata keçirə bildik. Biz həmin əməliyyatı aparan zaman Surət Hüseynov sadəcə Yevlax Yun zavodunun direktoru idi. Amma yenicə formalaşan ordunun silah-sursat və ərzaqla təmin edilməsində xaricdən bir sıra hərbi texnikaların gətirilməsində onun böyük rolu olmuşdu. “Mingəçevir alayı” kimi tanınan 123-cü alayın komandiri hərbi akademiya bitirmiş Nazim Bayramov, Göranboy batalyonunun komandiri Maşallah Abdullayev, “Qurtuluş” batalyonunun komandiri Şahin Tağıyev də böyük xidmət göstərdilər. Eləcə də bu uğurumuzda o vaxtkı daxili işlər naziri İsgəndər Həmidovun qardaşı o dövrdə “Azərittifaq”ın Tərtər rayon şöbəsinin rəhbəri olan Sərdar Həmidovun da rolunu qeyd etmək istərdim. O, könüllülərin ərzaq və silahla təmin olunmasında xeyli işlər görmüşdü. Adı yadımdan çıxmış insanlardan da üzr istəyirəm. Allah şəhid olanlara rəhmət eləsin! O döyüşlər zamanı qan tökmüş, əlil olmuş qazilərimizin, vicdanlı veteranlarımızın qarşısında baş əyirəm. MN səviyyəsində rəhmətlik Baş Qərargah rəisi, general Valeh Bərşadlının və Əməliyyat İdarəsinin rəisi Rüfət Əmirovun əməliyyatların planlaşdırılıb, idarə olunmasında danılmaz xidmətləri olub. Müdafiə nazirinin arxa cəbhə üzrə müavini Vahid Musayevin da rolunu xüsusi qeyd etmək istəyirəm. Bununla belə sözügedən uğurlu əməliyyatların bir nəfərin: Rəhimin, yaxud Surətin qələbəsi kimi qələmə vermək olmaz. Bu, bütövlükdə Azərbaycan xalqının uğuru idi...

 

Keçmiş 123-cü alayın komandiri Nazim Bayramov:

- 1992-ci ilin mayında Sürət Hüseynov televiziya vasitəsilə xalqın qeyrətli oğullarına Vətənin müdafiəsinə qalxmaq üçün çağırışla müraciət etdi. 8 minə yaxın könüllü bu çağırışa cavab verdi və Yevlağa toplandı. Qərara alındı ki, hücum iki istiqamətdə təyin olunsun: 1-ci istiqamətdə Ağdam cəbhəsi boyunca bir sıra kənd və yüksəklikləri alınmalı idi. Bu istiqamətdə 708 saylı briqada, Ağdam özünümüdafiə alayı komandiri Şirin Mirzəyev, 123-cü alayın 1-ci və 2-ci batalyonu, Ağdam özünü müdafiə batalyonları – komandirlər Yaqub Rzayev, Allahverdi Bagirov, Asif Məhərrəmov, Ədalət Zeynalov, polis batalyonu (komandir Faiq Baxşəliyev) hərəkət etməli, 4 döyüş helikopteri və SU-25 havadan zərbələr endirməli idi.

2-ci istiqamətdə keçmiş Şaumyan rayonu (indiki Goranboy rayonunun bir hissəsi) və yüksəkliklərdəki Gülüstan, Başkənd kəndlərindəki erməni qüvvələri məhv edilməli idi. Bu istiqamətdə 123-cü alayın tank batalyonu; 1-ci Göranboy batalyonu – komandirlər Maşallah Abdullayev və Məhəmməd Həsənov; 2-ci Göranboy batalyonu –komandir Rasim Əkbərov; Xanlar özünümüdafiə batalyonu – komandir Saleh İlyasov döyüşürdü.

Nəhayət, 12 iyun 1992-ci ildə S.Hüseynovun əmri ilə Azərbaycan Ordusu ruh yüksəkliyi ilə özünün ilk genişmiqyaslı hücumuna başladı.

1-ci hücum istiqamətində 12-18 iyunda Ağdam cəbhəsi boyunca qüvvələrimiz Əsgəran, Xoramurad, Xanabad, Fərrux, Mənikli, Ballıqaya, Sırxavənd, Naxçivanik və s. yüksəkliklərdə düşmənə şiddətli zərbələr endirdi, bütövlükdə 12 kənd azad olundu.

2-ci hücum istiqamətində, 13-16 iyun 1992-ci ildə keçmiş Şaumyana 3 istiqamətdən hücuma keçən batalyonlar Xarxaput, Buzluq, Mənəş, Ərkəc, Rus Borisı, Erməni Borisı, Başkənd və Gülüstan kəndlərindəki erməni-rus birləşmələrini darmadağın etdilər. 14 iyunda Ağcakənd və 16 iyuna qədər isə digər kəndlər azad olundu.

Bu doyüşlərdə şəhid olmuş Azərbaycan Milli Qəhrəmanları Vaqif Qurbanov, Allahverdi Bagırov, Şikar Şikarov, Şirin Mirzəyev telejurnalist Çingiz Mustafayev və sıravi könüllü əsgərlərimizin ruhları qarşısında baş əyirik!

“Şaumyan”dan sonra qoşunlarımız dayanmadan hücumu Ağdərə istiqamətində davam etdirdilər. Bizim tank batalyonu 1-ci Goranboy batalyonu ilə birlikdə Tapqaraqoyunlu kəndi tərəfdən Ağdərənin Talış kəndini qısa döyüş nəticəsində aldıq və əks istiqamətdən – Çaylı kəndini tutmuş “Milli Qurtuluş” və “Azadlıq ” batalyonları ilə birləşdik. Çaylı uğrunda döyüşdə “Milli Qurtuluş”dan 19 əsgər şəhid oldu.

16 iyun 1992-ci ildə Azərbaycan Ordusu Ağdərə rayonuna 4 istiqamətdən – Tərtər, Ağdam, Goranboy və Kəlbəcərdən genişmiqyaslı güclü hücuma keçdi. Əvvəlcə gərgin döyüşlər Ağdərə rayonun ətraf yüksəklikləri və kəndləri uğrunda aparıldı. Madagiz, Tonaşen, Karmiravan, Cerabert, Akop-Kamari, Minqrelsk, Maqavuz, Metsşen, Sırxavənd, Ballıqaya və s. Bunların hamısında Azərbaycan əsgəri şücaət və döyüş bacarığı nümunələri göstərmişdir...

4 iyul 1992-ci ildə sübh tezdən mühasirəyə alınmış Ağdərə şəhərinə şərqdən əsas zərbəni endirməklə 123-cü alayın tank batalyonu və 1-ci batalyonu, “Milli Qurtuluş” batalyonu və OMON daxil oldular. Şəhərdə müqavimətlə qarşılaşmadıq. Sevincimizin həddi-hüdudu yox idi...

Təəssüf ki, 7 iyul 1992-ci il tarixindən prezident Ə.Elçibəy bir aylıq, bir tərəfli atəşkəs elan etdiyindən biz iyulun 9-da hücum əməliyyatlarını dayandırmalı olduq...

 

“Qurtuluş” batalyonunda bölük komandiri kimi döyüşmüş Gəray Əsədov:

- 1992-ci ilin əvvəlində Tərtər-Ağdərə istiqamətində müdafiəni ərazi müdafiə batalyonları təşkil edirdilər.1992-ci ilin martında Tərtərdə 703 saylı motoatıcı briqada yaradıldı və batalyonlar həmin hərbi hissənin tərkibində birləşdirildilər. 1992-ci ilin iyun ayının əvvəlindən Ağdərə istiqamətində hücum planı hazırlandı. 13 iyun 1992-ci ildə Torpaqtəpə istiqamətində rəhmətlik Şikar Şikarov əməliyyat planı hazırlayarkən mina atışı nəticəsində şəhid oldu, Tərtər batalyonunun qərargah rəisi Pənah isə yaralandı. 16 iyun 1992-ci ildə Ağdərə istiqamətində döyüş əmri verildi. Döyüşə 703 saylı briqadanın komandiri Nəcməddin Sadıqov rəhbərlik edirdi. Bu əməliyyatda Şahin Tağıyevin komandiri olduğu “Qurtuluş” batalyonu, Baris Zöhrabovun komandir olduğu Tərtər batalyonu, rəhmətlik Mehman Ələkbərovun Gəncə batalyonu, rəhmətlik Elçin Əliyevin Bərdə batalyonu, rəhmətlik Ələmşah Məmmədovun Bərdə - “Azadlıq” batalyonu və s. iştirak edirdilər. 7 tank və 6 PDM ilə 16 iyun 1992-ci ildə Çaylı kəndi azad edildi və ermənilər böyük itki verərək geri çəkildilər.

Biz Çaylı kəndini azad edərkən küçə döyüşləri zamanı yaralandım və hospitala getməyə məcbur oldum. İyul ayının 7-də hospitaldan qayıtdım və birbaşa Ağdərəyə yollandım. Orada gördüyüm mənzərə məni həm sevindirdi, həm də kədərləndirdi. Şahin Tağıyevlə görüşdüm. O, toz- torpağın içində idi, gərginlik və həyəcandan ağzı əyilmişdi. Batalyonda 80-dək qədər şəhid və 200 yaralı var idi. Biz Şahinlə qucaqlaşdıq və xeyli ağladıq. Artıq ona Milli Qəhrəman adı verilmişdi. Məni sevindirən Ağdərə rayon mərkəzi və bəzi kəndlərin azad edilməsi idi...

 

Milli Qəhrəman Şirin Mirzəyevin komandiri olduğu kəşfiyyat rotasında vuruşmuş döyüşçü-jurnalist Rey Kərimoğlu:

- 1992-ci il iyunun əvvəlində rəhmətlik Şirin Mirzəyevin imzaladığı döyüş əmri ilə Yeni Qaralar, Kiçan istiqamətində hücuma keçməli idik. Bu tarixi əmrin əhatə etdiyi əməliyyat həmin günlər Azərbaycan Ordusunun əsasən Ağdərə, Goranboy, Əsgəran istiqamətində apardığı böyük əməliyyatın tərkib hissəsi olmalıydı.

İyunun 12-si gündüz saat təxminən 13-14 radələrində biz Xaçın çayının yatağı boyu üzü Kiçan istiqamətində mövqe tutub dayanmışdıq. Artilleriya bizim kəşfiyyat dəstəsinin verdiyi koordinatlar üzrə atəş açmağa başladı... Və biz çayın sol tərəfinə keçib, Ballıqaya-Kiçan istiqamətində irəliləməyə başladıq. Ermənilərin “Qız qəbri” postunadək demək olar ki, heç bir müqavimətə rast gəlmədik. Məqsədimiz Ağdərə-Xankəndi yolunun üzərindəki strateji “Vəngin körpüsü” deyilən körpünü ələ keçirmək idi. Çayın sağ sahilində Sırxavənd qəbiristanlığının yanında isə düşmənin ciddi müqaviməti ilə üzləşdik. Bir tankımız və bir rabitə avtomobilimiz minaya düşdü. Bir nəfər şəhid oldu, bir nəfər isə yaralandı. Amma döyüşçülərimiz böyük çətinlik bahasına da olsa, tankı bərpa edib, yenidən döyüşə atıla bildilər. Ermənilərin bir PDM-ni idarə edən ruslardan ibarət heyət zirehli maşını qoyaraq qaçdılar. Ermənilərin ciddi müqavimətinə rəğmən iyunun 12-si saat 4-5 radələrində batalyonumuz Sırxavənd, Qaralar, Bəşirlər kəndlərini və bir neçə strateji yüksəkliyi azad etdi. Axşam saat 8 radələrində isə artıq erməni silahlılarının mərkəzi qərargahı olan Ballıqaya–Kiçan mövqeyinə daxil olduq. Lakin sağ və sol cinahlarımızdakı digər hərbi hissələr baş plana uyğun olaraq irəliləyə bilmədiyindən batalyonumuzun mühasirədə qalmaq təhlükəsi var idi. Neçə gün ac-susuz yuxarıdan əmr gözləyirdik. “Ratsia”mızın batareyası da bitdiyindən artıq heç bir əlaqə yarada bilmirdik. Təxminən iyunun 16-da “Qız qəbri” postunadək geri çəkilməyə məcbur olduq və orada ermənilərlə qarşılaşdıq. Mühasirə xeyli davam etdi. Düşmən tərəfdən üstümüzə iki vertolyot qalxdı. Ancaq Yeni Qaralar kəndindəki postumuzdan Ağa adlı bakılı balası vertolyotlardan birini “İqla” raketi ilə burdu. Bundan sonra biz ruhlanıb, Xankəndi istiqamətində hücuma keçdik və mühasirəni yara bildik... Bir neçə gün sonra Şirin Mirzəyev bizim kəşfiyyat rotasına və minatəmizləyənlərə Qazançı kəndinə yol açmaq tapşırığını verdi. Çox çətin tapşırıq idi; minatəmizləyənlərdən ikisi şəhid oldu. Üzərində döyüşçülər olan bir “tyaqaç”ımız (zirehli dartma maşını) minaya düşdü. Həmin əməliyyatda təxminən 40 nəfər itirdik. Sonradan öyrəndim ki, bu əməliyyatın pozulmasını heç bir siyasi qruplaşmaya qoşulmayan Şirin Mirzəyevi xoşlamayan qüvvələr təşkil ediblər. Həmin vaxt ermənilər Yeni Qaralar kəndini geri alsalar da, biz onları oradan çıxardıq. Sonra Qazançı istiqamətində yeni əməliyyat hazırlamaq məqsədilə biz kəşfiyyatçılar irəli göndərilsək də, Şirin Mirzəyevin gözlənilmədən minaya düşərək, həlak olması bu əmliyyatı yarımçıq qoydu... Şirin Mirzəyevsiz ilk ağır döyüşümüz iyunun sonlarında Ağdərənin Canyataq və Gülyataq kəndləri istiqamətində baş tutdu. Böyük çətinlik və itkilər hesabına olsa da, həmin kəndləri düşməndən azad etdik və ardınca Qazançını da aldıq...

 

Məşhur “Fred Asif” ləqəbli Asif Məhərrəmovun komandiri olduğu batalyonda rota komandiri kimi savaşmış Ədalət Məhərrəmov:

- 1992-ci il iyunun 12-də komandirimiz Asif Məhərrəmovun əmri ilə mənim rəhbərliyimlə bir qrup döyüşçü Qızılcabel istiqamətində hücuma keçib, Əsgəran qalası yaxınlığındakı Qaraqaya yüksəkliyini tutmalı idik. Həmin yüksəklikləri azad edib, Əsgəran körpüsünədək gedib çıxdıq. Bizdən 3 nəfər şəhid oldu, 5 nəfər yaralandı. 20-dək erməni məhv etdik. Xeyli əsir və qənimət götürdük. Komandir mühasirəyə düşə biləcəyimizi nəzərə alıb, bir az geri çəkilməyimizi əmr etdi. İyunun 14-də ermənilər güclü əks-hücuma keçərək, bizi mühasirəyə aldılar. 14 şəhid verdik, xeyli döyüşçümüz yaralandı. Arxadan da heç bir kömək gəlmədi. Nəticədə düşmən Qaraqayadakı mövqeləri geri aldı. Ertəsi gün isə ən dəhşətli anları yaşadıq. Ermənilər gözümüzün qarşısında Qaraqayadan çıxara bimədiyimiz 14 şəhidimizin meyitini bizdən 2-3 km aralıdakı təpədə yandırdılar. Bizə kömək gələndən sonra hücuma keçib, həmin təpəni aldıq. Orada 3 nəfər Suriya və Livandan gəlmiş erməni muzdlusunu məhv etdik. Onlar özlərini zəncirlə səngərə bağlamışdılar ki, sonadək döyüşsünlər. Səhv etmirəmsə, iyunun 13-də Qaraqaya yaxınlığında qəhrəman təyyarəçimiz Vaqif Qurbanov erməni mövqelərini bombalayarkən təyyarəsini vurdular. Özü paraşütlə düşməyə cəhd etdi, ancaq ermənilər onu havada atəşə tutub, qətlə yetirdilər. Batalyonumuzun digər bölmələrinin vuruşduğu Naxçıvanikdə də vəziyyət ağır idi. Ona görə də iyunun 14-də mən və bir neçə döyüşçümüz köməyə getdik. Rəhmətlik Çingiz Mustafayev də orada idi. Şamil Basayevin dəstəsindən bir qrup çeçen də bizə köməyə gəlmişdi. Həmin gün qardaşım Səxavət yaralandı. Ertəsi gün Çingizi gözümüzün qarşısında Kətik yüksəkliyindən atılmış 120 mm–lik mina qəlpəsi ilə ağır yaraladılar. İyunun 28-də Fred Asifin avtomobilini ermənilər topla vurdular. Və o, ağciyər nahiyəsindən çox ağır yara aldı. Sonra əməliyyatlara rəsmi rəhbərliyi batalyonun qərargah rəisi Soltan Bəndəliyev edirdi. Mən təxminən 120 nəfərlik rota ilə Qaraqaya istiqamətindəki postda dururdum. Naxçıvaniki 1992-ci il avqustun 7-dək saxladıq. Həmin vaxt bizə kömək gəlsə idi, asanlıqla Əsgəranı azad edə bilərdik... Amma biz var-gücümüzlə düşməndən müdafiə olunaraq, Əsgəran yaxınlığındakı əksər yüksəklikləri 1993-cü il iyuluna -Ağdam şəhəri işğal edilənədək saxladıq...

 

Fred Asifin batalyonunda 17 yaşında sıravi döyüşçü kimi savaşmış Elməddin Səfərov:

- 1992-ci il iyunun 11-də biz Ağdam yaxınlığında ən strateji mövqelərdən olan Şellidəki postda idik. Axşam saat 8 radələrində bizi ehtiyat qüvvələrlə dəyişdilər. Rəhmətlik komandirimiz Fred Asif dedi ki, yatın, dincəlin, sabah hücuma keçəcəyik. Biz çox sevindik. Məlum oldu ki, demək olar, ordumuz bütün cəbhə boyu hücuma keçəcək. Və artıq qarşımıza məqsəd qoymuşduq ki, biz Xankəndini, Şuşanı azad etməli, Xocalının qisasını almalıyıq. Onu qeyd edim ki, həmin vaxt o dərəcədə ruh yüksəkliyi var idi ki, qeyrəti olan varlı balaları da kasıblarla çiyin-çiyinə döyüşə atılırdı. Məsələn, bizimlə döyüşən rəhmətlik Namiq Ağdamda çox imkanlı bir ailənin - Eldar həkimin oğlu idi. Təsəvvür edin, elə oğlanlar var idi, döyüşə silahsız getmişdilər. İyunun 12-də biz, yəni batalyonun bir bölüyü - 38 nəfər: mən, Azər, Fred Asifin qardaşı Səxavət, rəhmətlik Elşən, Üzeyir, Namiq, Natiq, Rövşən, Pavel və s. Şelli-Qızılcabel –Qara qaya- Naxçıvanik istiqamətində hücuma keçdik. Qızılcabel istqamətində çox güclü atəşə tutulduq. Üzeyir qumbaraatanla arxa tərəfdən erməni postunu vurdu. Və üç erməni öldü. Xeyli qənimət silah götürdük. Sonra həmin səngərlərdən ermənilərin qarşıdakı mövqelərini atəşə tutduq. Ermənilər 17 itki verib, geri çəkildilər. Artıq iyunun 12-də axşam saat 9-a 15 dəqiqə işləmiş Naxçıvanikdə rəhmətlik Milli Qəhrəman Allahverdi ilə görüşüb, bir-birimizi təbrik etdik. Təəssüf ki, elə həmin axşam Ağdama komandirlərin yığıncağına gedən A.Bağırov yolda minaya düşərək həlak oldu. Biz qərara gəldik ki, Naxçıvanikin tam təhlükəsizliyini təmin etmək üçün kənddən 3 km yuxarıda yerləşən Kətil yüksəkliyini də azad edək. O hücumda Namiq şəhid oldu, Fred Asifin qardaşı Səxavət yaralandı. Qonşumuz Vahid o qədər güllə atmışdı ki, gərginlikdən qulaqları partlamışdı, qan gəlirdi. Buna baxmayaraq o, hospitala getməkdən imtina edirdi. Deyim ki, tarix boyu ilk dəfə idi ki, Naxçıvanik ermənilərdən azad edilmişdi. Həmin gün batalyonumuz Ağbulaq, Aranzəmin, Dəhraz, Naxçıvanik kəndlərini, Kətik və Pir yüksəkliklərini götürdü. Beləliklə, Əsgəran şəhəri iki istiqamətdən mühasirəyə alındı və Ağdamın Abdal-Gülablı kəndinin ətrafı düşməndən təmizləndi. Artıq ermənilər Əsgərandan qaçırdı... Bundan sonra biz Naxçıvaniki 53 gün qoruyub, saxlaya bildik. Batalyondan 84 nəfər şəhid və əlil oldu. İyunun 14-də ayağımdan zədə aldım.

O axşam qərargah rəisi Soltan Bəndəliyevin təkidi ilə məni hospitala apardılar və bir müddət müalicə olunduqdan sonra yenidən döyüşə qayıtdım...

Hesab edirəm ki, hərbi əməliyyatlar barədə siyasi yöndən, saxta danışmaq olmaz. Qeyrəti, namusu olan adam gördüyünü deməlidir...

Sultan Laçın



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018