Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Döyüş mövqelərindəki həyat – Çıraqlı kəndi
Tarix: 05.08.2014 | Saat: 16:37:00
Bölmə:Reportaj | çapa göndər

...“Həftə içi” qəzeti və Hafta.az saytı Qarabağ problemini, erməni işğalı altındakı bölgələrimizin “qara yubiley”lərini, eləcə də onların bugünkü vəziyyətini və s. daim diqqətdə saxlayır. Bir qələm sahibi olaraq cəbhə xəttində, bilavasitə düşmən mövqeləri ilə üzbəüz yaşayan insanlarımızın sosial durumu, problemləri, əhvali-ruhiyyəsi ilə də mütəmadi maraqlanırıq. Son vaxtlar “Cəbhə xətti” rubrikası altında Tərtər rayonunun Qapanlı və Ağdam rayonunun Orta Qışlaq kəndlərindən geniş reportajlar hazırlamış, sözügedən məsələləri ətraflı işıqlandırmışıq. Söhbət ondadır ki, cəbhə bölgələrindəki kəndlərimizlə yalnız qarşıdurmanın gərginləşdiyi dönəmlərdə, kampaniya xətrinə deyil, həmişə maraqlanmaq gərəkdir.

Yaşadığımız günlər erməni həmlələrinin kəskinləşməsi, 13 əsgərimizin şəhid olması və s. bizi qeyri-iradi yenə də səngər yanında, güllə altında yaşayan qəhrəman soydaşlarımızla görüşməyə cəlb etdi. Bu dəfə Ağdam rayonunun daha çox düşmən həmlələrinə məruz qalan, üç tərəfdən erməni mühasirəsində olan Çıraqlı kəndinə üz tutduq.

Çıraqlı 1993-cü ilin yayından - Ağdamın işğalından bəri 21 ildən çoxdur ki, ermənilərin hücum və atəşlərinə sinə gərir. 1993-1994-cü illərdəki döyüşlərdən birində düşmən ordusu bir neçə günlüyə bu kəndə girə bilib. Ordumuzun güclü müqaviməti nəticəsində ermənilər geri oturdulsa da, evlərin çoxu yandırılıb və dağıntıya məruz qalıb. Fotolarda gördüyünüz xarabalıqlar məhz həmin hücum zamanı dağıdılmış evlərin qalıqlarıdır. Sonradan bəzi sakinlər Çıraqlının digər yerlərində özlərinə yeni evlər tikdirib. Bu illər ərzində düşmən kəndi daim təhlükə altında saxlayıb. Buna rəğmən insanlar duruş gətirərək, öz doğma dədə-baba torpaqlarını tərk etməyiblər.
...Son günlər güclü düşmən həmləsinə tuş gəlmiş Çıraqlıda tam sakitlik idi. Öncə səngərlərimizi müşahidə etdik. Milli Ordumuzun hərbçiləri elə məharətlə yerləniblər ki, ətrafda yüzlərlə əsgərin, onlarla hərbi texnikanın olması qətiyyən hiss edilmir. Yalnız səngərlər və xaraba qalmış evlər müharibəni xatırladır. Uzaqda düşmən əlində olan Şahbulaq dağı və daş karxanası görünür. Sakinlər dağın üzərində ağaran obyektin ermənilərin işğaldan sonra tikdiyi kilsə olduğunu söyləyirlər. Erməni mövqelərinin yerləşdiyi Ağdamın Güllücə və Baş Qərvənd kəndləri istiqamətində yanğın aydın nəzərə çarpır. Düşmən hər yaz-yay aylarında meşə və çöllərimizi yandırır. Görünür, bu dəfə həmin torpaqların əllərində qalacağına ümidlərini daha çox itiriblər... Səngərlərin o üzündə əsl sakinlərinin ayaq izlərinə həsrət qalmış Baş Qərvənd istiqamətinə gedən asfalt yolun qalıqları da görünür.
Ətrafdakı sükutu səngərlərimizin iki addımlığında yonca zəmisini biçən traktorun gurultusu pozur. Biçilmiş otun xoş ətri insana həyat gücü və inam verir. Kənd sakini Elşən Məmmədov öz pay torpağına səpdiyi yoncanı biçdirir. Traktorçu Razi Allahverdiyev səngərlərimiz boyu hündür torpaq təpələr çəkilməsinə rəğmən düşmənin traktoru görə bildiyini və bəzən gündüz saatlarında da atəş açdığını bildirir. Təhlükəyə baxmayaraq, Razi Çıraqlı sakinlərinin düşmən mövqelərinə yaxın olan sahələrindəki əkin-biçin işlərini görür.


Səngərlərimizin arxasındakı torpaq təpələrin düz yanı ilə qoyun sürüsü gəlir. Kənd sakinləri Allahverdi və Xasay Cəfərovlar qoyun-quzunu səhər örüşündən qaytarırlar. Hər ikisinin evi düçmən mövqeləri ilə üz-üzədir. Allahverdi kişi deyir: “Avqustun 3-4-ə keçən gecə yüngül atışma olub. 2-dən 3-ə keçən gecə isə ermənilər kəndi güclü atəşə tutmuşdu. Minaatanlardan, “AQS”dən atəş açırdılar... Düz 22-ci ildir ki, biz bax belə güllə altında yaşayırıq. Cinayətkarlara güllələnmə cəzası kəsilir. Bu dünya təşkilatlarından, BMT-dən-filandan, iri dövlətlərdən soruşmaq istəyirik ki, bizim günahımız nədir, hər günümüz güllə altında, ölümlə üz-üzə keçir. Atəşkəs dövründə 50-yə yaxın adama erməni gülləsi dəyib. Onlardan bir neçəsi həlak olub. Məsələn, Gülüş adlı bir yaşlı qadını həyətində toyuğa dən atdığı yerdə vurmuşdular, yerindəcə həlak olmuşdu. Əvvəllər bu gördüyün torpaq bənd və qoruyucu divarlar da yox idi. Odur ki, düşmən həyət-bacamızı aydın görür və özümüzə, mal-qaraya atəş açırdı. Sonra rəhbərliyə, hərbçilərə müraciət etdik, daş hasar və torpaq bəndlər çəkildi. Bu gün ordumuz güclüdür. Əsgərlərimiz sağ olsun, canları bahasına bizi qoruyurlar. Azərbaycan Ordusuna qurban olum... Ermənistanın arxasında Rusiya durmasa, ikicə günə Ağdamı alıb, Xankəndinə gedib çıxarıq”.
Evinin qarşısında söhbət etdyimiz 73 yaşlı Xasay Cəfərov 1993-cü ildən bəri başlarına gələnlərdən bəhs edir: “1993-cü ildə ermənilər kəndə girib –çıxanda mənim evimi mərmi ilə dağıtmışdılar. Bu yaxınlarda təzə evi tikdirib, yığışmışıq. 70 yaşlı xəstə həyat yoldaşımla və kiçik oğlumla birgə yaşayıram. Qadınlar çoxu qorxu- həyəcandan xəstəlik tapıb. Odur ki, güclü atışma olanda gecələr qadın və uşaqları səngərlərdən bir az aralıdakı qohum-əqrəba evlərinə aparırıq. Daş hasarlar olsa da, bəzən evlərə də güllə dəyir. Qardaşım Allahverdinin pəncərəsindən güllə girib divara dəyib. Amma şükür, elektrik, qaz qaydasındadır, suyumuz bir az zəifdir...”.
Səngərlərin cəmi 20-30 metrliyində yenicə tikilmiş yaraşıqlı bir ev diqqətimizi cəlb edir. Evin sakini Ələsgər Allahverdiyev belə təhlükəli yerdə, amma öz torpağında yaşamaqdan qürur duyduğunu söyləyir: “Yeni evi Dövlət Ərazilərin Bərpası və Yenidənqurma Agentliyinin ayırdığı vəsait hesabına tikdirmişəm. Ancaq mühafizə hasarını yerində çəkməyiblər. Və mənim evim hasardan kənarda qalıb. Həm də hasarın hündürlüyü də azdır. Digər kəndlərdə hasarın hündürlüyü 4 m olduğu halda burada 3 m-dir. Yalnız heyvandarlıq və əkin-biçin hesabına dolanırıq. Şükür Allaha, əsas odur ki, öz torpağımızda, yurdumuzda öz halal zəhmətimiz hesabına yaşayırıq. Allah əsgərlərimizi var eləsin!..”.


Ə.Allahverdiyev onu da qeyd etdi ki, nə Ağdam İcra Hakimiyyətindən, nə də yerli kənd nümayəndəliyi və bələdiyyədən gəlib sakinlərin bu güllə altında necə yaşamasıyla maraqlanan olub...
Çıraqlı küçələrində sakitlikdir. Hiss olunur ki, uşaq və qadınların xeyli hissəsi arxadakı evlərə köçürülüb. Evlərdən birinin darvazası önündə rastlaşdığımız iki qadın isə suallarımızı cavablandırsalar da, adlarının qeyd edilməməsini və fotolarının çəkilməməsini xahiş etdilər. Məlum oldu ki, onlardan biri bayaq söhbətləşdiyimiz traktorçu Razinin xanımıdır. O deyir: “Qadınların çoxu kənddən çıxmır. Ancaq həqiqət budur ki, qorxuruq. Əsgərlərimiz sağ olsun, bizi qoruyurlar. Amma top, “qrad” atsalar, onun qarşısını necə alacaqlar?..”.


Çıraqlı ilə demək olar ki, bitişik olan Əhmədağalı kəndində həyat daha da qaynardır. Mağazalar işləyir. Çayxanalarda kişilər çay içir, nərd oynayır. Yol kənarında “Ağdam” adlı, kənd üçün kifayət qədər təmtəraqlı şadlıq sarayı da var. Ancaq hesab edirik ki, cəbhəyanı kənd üçün şadlıq evi ilə yanaşı, xəstəxana da vacibdir. Məlum olur ki, istər Çıraqlı, istərsə də Əhmədağalıda normal ambulator məntəqə də yoxdur. Kəndlərdə neçə illərdir qaçqınların sığındığı kitabxana da yox dərəcəsindədir.
Çayxanadakı iki polis kimliyimlə, sənədlərimlə maraqlanır. Deyirlər ki, kəndlərə təxribatçıların daxil olmasından ehtiyat edirik. Polislərimizin ayıq-sayıqlığı təqdirəlayiq haldır. Amma təəssüf ki, cəbhə xəttindəki kəndlərimizin inzibati idarəçiliyində boşluq görünür. Çıraqlı və Mirəşelli kəndlərinin də daxil olduğu sakinlərin Əhmədağalı İnzibati Ərazi Vahidi üzrə icra nümayəndəsi kimi tanıdığı Fəxrəddin müəllimi çayxanalardan birində tapsaq da, məlum olur ki, o, döyüşlərin getdiyi bu gərgin günlərdə vəzifəsindən azad edilib. Həmin vəzifəni hələlik müavini Rizvan müəllim icra edir. Onun mobil nömrəsinə dəfələrlə zəng etsək də, cavab verilmədi. Əhmədağalı bələdiyyəsinin sədri Habil müəllimi də tapmaq, onunla əlaqə yaratmaq cəhdlərimiz puça çıxır. Növbəti yazılarımızda bu məsələləri araşdırmağa çalışacağıq.


Ağdam rayon müvəqqəti mərkəzi olan Quzanlı qəsəbəsinə yolboyu yerləşən Mirəşelli, Xındırıstan kəndlərində də həyat öz axarı ilə davam edir. Quzanlının mərkəzində isə vurhavur abadlıq işləri gedir – “Çay evi” tikilir, Heydər Əliyev prospekti salınır. Görəsən, belə bir prospekti erməni işğalından azad ediləcək Ağdam şəhərində də salmaq qismətimiz olacaqmı?..

Sultan Laçın, Hafta.az
Bərdə-Quzanlı-Xındırıstan-Əhmədaağlı – Çıraqlı.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018