Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
«Elektron elm»in inkişafı sürətləndiriləcək
Tarix: 08.10.2014 | Saat: 21:00:00
Bölmə:KİVDF | çapa göndər

Təhmasib Fətəliyev: «Yeni istiqaməti kimi vətəndaş elminin təşəkkülü və perspektivi də araşdırılır»

Ölkə səviyyəsində informasiya-kommunikasiya texnologiyalarına (İKT) böyük diqqət, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aparılan islahatlar «Elektron Azərbaycan»ın tərkib hissəsi kimi elektron elmin formalaşması və inkişafına zəmin yaradıb. «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı»nda elmdə aparılan islahatlar çərçivəsində elmi fəaliyyətin İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. AMEA-nın müvafiq qurumlarında, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunda innovativ elmi nəticələrin əldə olunması baxımından səmərəli elmi araşdırmalar aparılıb. Milli elektron elmin formalaşması prosesinə başlanıb.

AMEA-dan «Həftə içi»nə bildirilib ki, artıq elekton elmin platforması olan «AzScienceNet» Elm Kompüter Şəbəkəsi yaradılaraq istismara verilib və ölkə üzrə infrastrukturu inkişaf etdirilir. İnformasiya cəmiyyətinin formalaşması və insan potensialının inkişafı istiqamətində görülən işlərə elmi dəstək veririlir. Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği və yayılması, xaricdə yaşayan azərbaycanlılara informasiya dəstəyinin verilməsi üzrə tədbirlər görülür. Distant təhsil tətbiq və inkişaf etdirilir. Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün alim və mütəxəssislərimiz tərəfindən təlim kursları, seminarlar keçirilir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri Təhmasib Fətəliyev bildirir ki, Respublikada həyata keçirilən “E-hökumət”in tərkib hissəsi olan elektron elmin formalaşması problemlərinə dair AMEA İTİ-də araşdırmalar aparılır. Bu istiqamətlərdə dissertasiya işlərinin ekspertizası, elmi tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi məsələləri tədqiq edilir, elekton elmin inkişafının yeni istiqaməti sayılan vətəndaş elminin təşəkkülü və perspektiv məsələləri araşdırılır, metod, alqoritm və mexanizmlər işlənilir: «Eyni zamanda elekton elmin informasiya təminatının formalaşdırılması istiqamətində aparılan tədqiqatlar çərçivəsində Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinin araşdırılması və problemlərin həlli mexanizmlərinin işlənməsi məsələləri tədqiq olunur. «Azərbaycan elmi jurnallarının monitorinqi və beynəlxalq elmi bazalarda təmsilçiliyi üçün təkliflərin işlənməsi» qrant layihəsi Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilir».

Şəbə müdiri deyir ki, elmi fəaliyyətdə və elmin idarə edilməsi məsələlərində informasiya texnologiyalarının tətbiqi AMEA-da həyata keçirilən islahatların prioritet sahələrindən olaraq «Elektron elm» layihəsi çərçivəsində reallaşdırılır. Təhmasib Fətəliyevin sözlərinə görə, layihənin mühüm istiqamətlərindən biri də müasir texnologiyalar əsasında elmin informasiya təminatının formalaşdırılması və elmdə idarəedici qərarların qəbul edilməsinə dəstəyin təmin olunmasıdır: “Ölkənin elm və təhsil müəssisələrində elm sahələri üzrə çox sayda elmi nəşrlər var. Həmin nəşrlər ölkə miqyasında elmi informasiya mübadiləsinin həyata keçirilməsində, elmi nəticələrin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Amma Azərbaycanın beynəlxalq elmi əlaqələrinin sürətlə genişləndiyi müasir informasiya cəmiyyəti şəraitində həmin jurnallar müəyyən parametrlər üzrə beynəlxalq normativ standartlara cavab vermir və nəticədə elmi nailiyyətlərin sürətlə yayılmasında ciddi maneələr yaranır. Bu baxımdan da nəşr olunan jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması və beynəlxalq nüfuzlu bazalarda təmsilçiliyinin təmin edilməsi probleminin həllinin zəruriliyini önə çəkilməlidir».

Şöbə müdiri vurğulayır ki, elmi jurnalların qrant layihəsi çərçivəsində bu məqsədlə həyata keçirilən monitorinqi onların beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq elmi bazalarda təmsilçiliyi və beləliklə də, Azərbaycan elminin beynəlxalq elmi ictimaiyyətdə tanınmasına dəstək olacaq: «Qrant layihəsi çərçivəsində beynəlxalq təcrübə və Prezident yanında Ali Attestasiya Komissiyasının «Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər» nəzərə alınmaqla respublikanın elmi qurumlarında nəşr olunan jurnalların monitorinqi aparılır və alınmış ilkin nəticələr təqdim olunur».

Təhmasib Fətəliyev bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasının vacibliyini də vurğulayır. Onun sözlərinə görə, bu məqsədlə İstanbul Texniki Universiteti (İTU) və Belarus MEA-nın Birləşdirilmiş İnformasiya Problemləri İnstitutunda (BİPİ) ezamiyyətdə olduğu müddətdə əldə etdiyi nəticələri təqdim edib. Hər iki ezamiyyətin səmərəli və işgüzar şəraitdə keçdiyini, İTU-ya səfər çərçivəsində müvafiq qurumlarla tanış olduğunu, problemlərin müzakirə edildiyini vurğulayıb. Ekspert deyir ki, hər iki görüşdə elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq elmi bazalarda təmsilçiliyi istiqamətində araşdırmaların aparılmasının aktuallığı vurğulanıb, mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi razılığı əldə edilib.

AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə qrantların verilməsi üzrə keçirdiyi müsabiqələri yüksək qiymətləndirir. Onun sözlərinə görə, məqsəd Azərbaycan alimlərinə açıq informasiya resurslarını Azərbaycana gətirmək, ölkədə lazımi informasiya resurslarını yaratmaq və onları alimlərə təqdim etmək, onların materiallarını bir yerə toplamaq, provayder kimi dünyaya çatdırmaqdır. Belə ki, resurslar formalaşarsa, həmin resursların içərisində jurnalların elektron versiyası olacaqsa, bu o deməkdir ki, artıq Azərbaycan alimlərinin çap etdirdiyi məqalələr də bu mühitdə olacaqsa onların qiymətləndirilməsi məsələsi də mühümdür: «Dünyada ayrı-ayrı fəaliyyət növlərində olduğu kimi, elmi fəaliyyətin özündə də indikatorlar, ölçmə texnologiyaları, qiymətləndirmə texnologiyaları tətbiq olunmaqdadır. Bunun ümumi adı elmmetriyadır, yəni elmin özünün ölçülməsi texnologiyasını işləmək lazımdır. Dünyada belə bir mexanizm var. İnkişaf etmiş ölkələrin özlərinin ölçmə, qiymətləndirmə texnologiyaları, elmi məqalələri qiymətləndirən müxtəlif indeksləri mövcuddur. Bizim alimlər də orada iştirak edirlər. Azərbaycan elminin ümumi siyasətinin tərkibində elmi doktrinası, onun da özünün qiymətləndirilməsi statistikanı aparması, elmi araşdırmaları qiymətləndirmək, yəni həm kollektivin, həm fərdin, həm də başqa sahələrdə qiymətləndirmə mexanizmini işləyib hazırlamaq lazımdır. Çünki ölçü, qiymətləndirmə olmasa, səmərəli qərar qəbul etmək, idarə etmək olmur. Bütün bunları nəzərə alaraq, elektron elm mühiti yaratmaq məqsədi güdürük. Bu informasiya resurslarının arxasında da milli qiymətləndirmə mexanizmi olmalıdır. Bu layihə çərçivəsində bizim də qarşımıza qoyulan vəzifə ondan ibarətdir ki, Azərbaycanda milli informasiya strukturu formalaşdıraq və onun əsasında milli istinad indekslərinin işlənməsini, qiymətləndirməsini həyata keçirək. Bu layihə çərçivəsində alimlərimizin məqalələrini indeksləşdirmək, qiymətləndirmək, müəyyən reytinq cədvəllərinə gətirmək, bunun vasitəsi ilə də problemlərin həll vəziyyətinin qiymətləndirilməsinə nail olmağa çalışacağıq. Bütün bunlar elmin idarəçiliyinin səmərəsinin artırılması üçün çox gözəl əsas verəcək. Bir sözlə, əsas məqsədimiz açıq olan milli informasiya strukturunun formalaşdırılması və milli istinad indeksinin müəyyənləşdirilməsi üçün metodikanın hazırlanmasıdır. Çalışacağıq ki, bu istiqamətdə bütün səylərimizi birləşdirib qarşıya qoyulan məqsədə çataq”.

Təbriz Vəfalı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018