Karantin dövründə paytaxta yaşıllıqlara qulluq edilirmi?

12:33 10.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərində koronavirus (COVID-19) pandemiyasına qarşı çoxşaxəli mübarizə tədbirləri ilə yanaşı, mövcud yaşıllıqlara da qulluq göstərilməsi davam edir. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən verilən məlumata görə, ötən il paytaxtın bütün rayonlarında yol və küçələrin kənarlarında, park və bağlardakı yaşıllıq zolaqları ilə yanaşı, idarə, təşkilat, ictimai-iaşə və digər obyektlərin qarşısında həmin əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılıb.

Hazırda ölkə üzrə xüsusi karantin rejimi mövcud olduğundan bir cox təşkilat və obyektlərdə çalışanların evdə qalmaları səbəbindən bu yaşıl guşələr qulluqdan kənarda qalıb. Yaşıl guşələrin lazımi səviyyədə saxlanılması məqsədi ilə Bakı Şəhər Ticarət və Xidmət Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyinun əməkdaşları Bakı Şəhər və paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin işçiləri ilə birlikdə şəhərdəki idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə gündəlik qulluq göstərir, ofis mərkəzləri qarşısında qoyulmuş gül dibçəklərindəki güllər və gül kolları mütəmadi olaraq sulanır. Əlavə olaraq yaşıllıq guşələrində yeni mövsümi güllər əkilir, kollar budanır, qaydaya salınır. Kommunal xidmətlərin əməkdaşları bu işləri təmizliklə bağlı öz gündəlik vəzifələri, ərazidə aparılan tibbi-profilaktiki və dezinfeksiya işləri ilə bərabər aparlar.

Yeri gəlmişkən, yaşıllaşdırma şəhərsalma siyasətinin mühüm tərkib hissəsi olaraq şəhər və şəhərətrafı ərazilərdə ətraf mühitin sağlamlaşdırılmasına xidmət edir. Son illər xüsusilə Bakı şəhərində davam edən irihəcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər mövcud yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə kəskin ehtiyac yaradıb. Hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektardır ki, bu da adambaşına 6 kvadratmetr təşkil edir. Bu baxımdan mütəxəssislər hesab edirlər ki, yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və onların vacib olmayan tikintilər altına düşərək kəsilməsi hallarının olması yolverilməzdir.

Ekspertlər vurğulayırlar ki, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələr həyata keçirildikdə qurumuş, təhlükə yaradan və xəstə ağaclardan başqa, ağac kəsilməsi qaydalara ziddir. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar çərçivəsində ağacların köçürülməsi dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda mümkündür.

Mütəxəssislər hesab edirlər ki, yaşıllaşdırma, meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq sahələrinə nisbəti artacaq, yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılmasına nail olunacaq.  Müasir ekoloji tələblərə görə isə ölkə ərazisinin minimum 20-25 faizi meşə ilə örtülməlidir. Ölkəmiz üzrə bu rəqəm təxminən12 faizə bərabərdir. Ona görə də, ölkəmizdə bu sahəyə ciddi diqqət yetirilir. Təkcə bir faktı xatırlayaq ki, 2010-cu ildə - "Ekologiya ili"ndə ölkəmizdə 20 milyondan çox ağac əkilib. Sonraki illərdə də bu tendensiya davam etdirilib və etdirilməkdədir.

Xatırladaq ki, Azərbaycanda çox iri və iri şəhərlərdə hər adama düşən yaşıllıq sahəsi 10, böyük şəhərlərdə 9, orta şəhərlərdə 7 kv.m olmalıdır. Bu normalar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nda öz əksini tapıb.  Sənədə görə, normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər, dövlət orqanları və bələdiyyələr tərəfindən riayət edilməlidir. Normalara əsasən, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir.Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi isə həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.

Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır.

Bundan başqa, ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər. Yaşayış məntəqələrində küçə və prospektlərin layihələn-dirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadrat metr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır.

Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq, tingliklərin (şitilliyin) sahəsi bir adam üçün 0,2-0,4 kvadratmetr nəzərdə tutulmalıdır.

Məlumat üçün bildirək ki, hazırda iqtisadi, siyasi, texnoloji və digər səbəblərdən dünya əhalisinin 50 faizdən çoxu şəhərlərdə məskunlaşıb və bu göstəricinin 2050-ci ilə qədər 70 faizə qədər artacağı ehtimal olunur. Bu səbəbdən qabaqcıl dünya ölkələri beynəlxalq təşkilatların da dəstəyi ilə artan şəhərləşmənin yol açacağı ekoloji, demoqrafik və digər problemlərin qarşısını almaq üçün iqtisadi inkişaf və ətraf mühit arasında tarazlığı qoruyan dayanıqlı inkişaf modellərini tətbiq etməyə çalışır.

Beynəlxalq Səhiyyə Təşkilatının bu sahədə qəbul etdiyi normaya əsasən, şəhərlər üçün yaşıllıq sahələri şəhərin ümumi ərazisinin 10 faizdən az hissəsini təşkil edirsə bu aşağı göstərici, 40-60 faiz hissəsini təşkil edərsə yüksək göstərici sayılır. Başqa sözlə, adambaşına yaşıllıq norması şəhərlərdə minimum 9 kvadrat metrdən az olmamalıdır.

Qeyd edək ki, bu ilin fevral ayından mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına start verilib. İlkin olaraq inventarizasiya işlərinə Bakı şəhərindən başlanılıb və bu proses mərhələli şəkildə böyük şəhərləri əhatə edəcək. Sözügedən nazirlikdə bununla əlaqədar İşçi Qrup yaradılıb. İşçi Qrup tərəfindən şəhərin ərazisi inzibati rayonlar üzrə sistemləşdirilir, hər rayon şərti kvartallara bölünür və nömrələnir. Mövcud yaşıllıq sahələrinin uçota alınması üçün ərazidəki bütün ağac və kollar bir-bir sayılır, koordinatları götürülür, yaşıllıq faizi hesablanır, fotoşəkilləri çəkilir və elektron məlumat bazasında yerləşdirilir. Coğrafi İnformasiya Sistemlərində (CİS) ölkə üzrə yaşıllıqların elektron və vizual məlumat bazası daim yenilənəcək, dinamik olacaq, bununla da mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsinə, artıb-azalmasına nəzarətin həyata keçirilməsinə nail olunacaq. İnventarizasiya işlərinə pilot olaraq Bakı şəhərinin Binəqədi rayonundan başlanılıb. Artıq rayonun bir sıra ərazilərinin məlumat bazası hazırdır.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən “Rüzgar” Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev də hesab edir ki, respublika ərazisində, o cümlədən paytaxda yaşıllıqların mühafizəsinə diqqət daha da artırılmalıdır: “Düzdür, bu gün yaşıllıqların artırılması istiqamətində görülən işlər az deyil. Bu da sağlam həyatla yanaşı, Bakıda atmosfer havasının keyfiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərinin qumlardan, tozlardan, avtomobillərin zərərli tüstülərindən qorunmaq üçün yaşıllıqların artırılması vacibdir. Təbii ki, bu cür işlər tək hökumət orqanlarının deyil, yaşıllıqların qorunub-saxlanılması, becərilməsi həm də ümumxalq işinə çevrilməlidir. Çünki sağlamlıq ən ümdə vəzifədir”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı
Sosial rubrikasından digər xəbərlər