Karantin şəraitində diplomatik korpuslar necə işləyir? - SORĞU

17:10 07.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İlin əvvəlindən bu yana davam edərək 1,4 milyona yaxın insanı yoluxduran, 75 min nəfəri isə öldürən koronavirus pandemiyası yalnız can almaqla kifayətlənmir, eyni zamanda dövlətlərin şah damarı sayılan iqtisadiyyatları çökdürməkdədir. Artıq neçə vaxtdır ölkələr arasında təyyarələr uçmur, gəmilər üzmür, qatarlar relsləri taqqıldatmır. Artıq xəzinəsini turizmdən gələn gəlirlərlə dolduran ölkələr bu haqda danışmır, heç insanlar da harasa turist gəzintisinə çıxmaq barədə düşünmür. Hər kəs qapanıb evinə gözləyir ki, nə vaxt virusa yoluxma təhlükəsi aradan qalxacaq və onlar da sərbəst şəkildə işinə-gücünə, gəzməyinə gedəcək. Həm də tək sadə insanlar yox, rəsmi qurumların əməkdaşları, diplomatlar da.

Diplomatlardan söz düşmüşkən, konkret olaraq Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri işləyirlərmi, əməkdaşlar fəaliyyətlərini əvvəlki kimi davam etdirirlərmi? Bu sualları bəzi səfirliklərə yönəltdim, baxaq görək nə cavab verirlər.

Türkiyənin ölkəmizdəki səfirliyi fəaliyyətini davam etdirir. Bəzən fövqəladə vəziyyətlər yarananda müdaxilə etmək üçün türk diplomatlar növbəli prinsip əsasında işləməkdədirlər.

Səfirliyin Konsulluq şöbəsinin fəaliyyəti daha çox məhdudlaşdırılıb. Konsulluq 10:30 – 13:00 arasında işləyir. Bu müddətdə də çox az sayda işçi növbəli şəkildə işə çıxır. Kim istədi, viza ala bilmir. Sadəcə yükdaşıma-nəqliyyat sahəsində vizalar verilir. Eyni zamanda, Türkiyə vətəndaşlarını sorğuları mahiyyətcə təcili olduğu təqdirdə cavablandırılır.

Kuba səfirliyi əvvəldən kiçik heyətlə fəaliyyət göstərsə də, indiki çətin şəraitdə bir an da olsun işini dayandırmayıb. İşlər əsasən virtual qaydada, sosial şəbəkələr vasitəsilə aparılır.

Özbəkistan səfirliyinin də qapıları açıqdır. Səfirlikdə iş həyatı karantin qaydalarına tam əməl olunmaqla normal axarında davam edir.

Çinin ölkəmizdəki səfirliyi də pandemiyanın ilk günündən ciddi karantin qaydalarına əməl edir. Hazırda səfirliyin əməkdaşları evdən online şəkildə fəaliyyət göstərirlər.

Rumıniya səfirliyində fəaliyyət müəyyən qədər məhdudlaşsa da, işlər axarındadır. Bir çox işçilər səfirliyə gəlmədən – evdən virtual qaydada işlərini görürlər.

Misirin ölkəmizdəki Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində karantin qaydalarına tam əməl olunur. Hazırda Mərkəzin qapıları bağlıdır, qismət olarsa, fövqəladə bir şey baş verməsə, Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi aprelin 20-də iş fəaliyyətini bərpa edəcək. Əlbəttə, indiki vəziyyətdə də vacib işlər olduqda online formada həll olunur.

Fələstin səfirliyində də karantin şəraiti hökm sürür. Azərbaycanlı işçilər işə çıxmır, amma səfir özü imkan daxilində vəzifəsini yerinə yetirməkdədir.

Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki təmsilçiliyi koronavirus pandemiyası ilə bağlı işini məhdudlaşdırıb. Təmsilçiliyin rəhbəri və digər işçilər işlərini evdən online formada görürlər. Eyni zamanda, telefonları açıqdır, hansısa suala cavab almaq istəyən olarsa, həmin nömrələri yığa və istədiklərini soruşa bilərlər.

Pakistan səfirliyi də işini karantin qaydalarına uyğunlaşdırıb. İşçilər evə buraxılıb. Amma nəsə vacib iş çıxanda, həll etməli olan diplomatlar səfirliyə gəlirlər.

Qazaxıstan səfirliyi də işini xeyli məhdudlaşdırıb. Zərurət yaranmasa səfirliyi tərk etmirlər.

Avropa İttifaqının ölkəmizdəki səfirliyi koronavirisdan qorunmaq üçün hətta Novruz bayramından əvvəl tədbir görüb. Yəni əməkdaşlar işə çıxmamaqla evdən fəaliyyət göstəriblər. Səfirlik eyni vəziyyətin hökm sürdüyü Brüssellə də mütəmadi əlaqə saxlayır və iş fəaliyyətində problemin yaranmasına imkan verilmir.

Küveyt səfirliyi mövcud şəraitə uyğun olaraq normal iş qrafiki qurub. Martın 30-dan etibarən  səfirlik hər gün səhər saat 11:00-dan 15:00-dək fəaliyyət göstərir.

Argentinanın ölkəmizdəki səfirliyi karantin qaydalarına tam əməl edir. Bütün diplomatlar evə buraxılıb, işlər evdən online formada görülür. 

Avstriya səfirliyi fəaliyyətini “Evdə qal” şüarına uyğun qurub. Çox məhdud çərçivədə işləyirlər, viza şöbəsi isə ümumiyyətlə bağlıdır. İşçilər öz vəzifələrini daha çox online formada yerinə yetirirlər.

Mərakeş səfirliyinin işində hər hansı axsamadan söz gedə bilməz. Səfirlik karantin qaydalarına əməl etmək şərtilə həftənin beş günü – bazar ertəsindən cümə gününədək səhər saat 11:00-dan 15:00-dək fəaliyyət göstərməkdədir.

Ukrayna səfirliyi də “Evdə qal” prinsipi əsasında işləyir, vacib işlər online formada icra olunur. Konsulluq şöbəsi isə aprelin 24-dək fəaliyyətini dayandırıb. Təbii ki, təcili və təxirəsalınmaz məsələlər üçün səfirliyin qaynar xətti açıq olacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına əsasən, səfirlik işçiləri sərbəst gəzə bilərlər və bu səbəbdən də Ukrayna səfirliyi əməkdaşlarının rəsmi vəzifələrini yerinə yetirməsi üçün heç bir çətinlik və məhdudiyyət yoxdur.

Birləşmiş Ərəb Əmirlikləri səfirliyinin işçiləri də “Evdə qal” şüarı əsasında, “A” və “B” qruplarında cəmləniblər. Hər qrup növbə əsasında bir həftə fəaliyyət göstərir. Səfirliyin bütün əməkdaşları bir-biri ilə email vasitəsilə əlaqə saxlayır, gündəlik görülən işlər məhz emaillə təhvil verilir. Yalnız çox vacib iş olduğu təqdirdə əməkdaşlar səfirliyə gəlir. Onda da, çox ciddi tibbi yoxlamadan keçirlər – qızdırmaları ölçülür, müəyyən profilaktik qaydalar tətbiq edilir. Konsulluq şöbəsi isə müraciətləri hər gün qəbul edərək təhlükəsizlik xidmətinə təhvil versə də, həftədə yalnız bir dəfə cavablandırılır.

İran səfirliyinin işində heç bir əsaslı dəyişiklik edilməyib. Sadəcə iş vaxtı bir az qısaldılıb. Hazırda səfirlik səhər saat 10:00-dan axşam saat 16:00-dək fəaliyyət göstərir.

Kolumbiya səfirliyi də fəaliyyətini davam etdirir. Amma Operativ Qərargahın qaydalarına əsasən işçilər evdən online formada işləyirlər.

İsveçrə səfirliyinin əməkdaşları əsasən evdən işləyirlər. Az sayda əməkdaş işə çıxır ki, səfirliyin fəaliyyəti tam olsun. Bütün hallarda, səfirlik koronavirisla bağlı bütün qoruyucu tədbirlərə əməl edir. 

 

Oxunma sayı 315
Gündəm rubrikasından digər xəbərlər