Kirayə geyimlər əsl təhlükə mənbəyidir – REPORTAJ-ARAŞDIRMA

18:26 14.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İnsanlar özəl günlərdə – toylarda, ziyafətlərdə, bayramlarda çox vaxt paltar almaqdansa, ən asan yolu kirayə götürməkdə görürlər. Kirayə geyimlər verilən mağazalarda isə hər yaşa uyğun istər gəlinlik, istər ziyafət geyimləri, istərsə də uşaq geyimləri var. Bir çoxlarımız bu geyimlərdən gələ biləcək təhlükələrdən xəbərsizik.

Geyimlər istifadə olunduqdan sonra təmizlənirmi? Alıcı kirayə verilən paltarın gigiyenik cəhətdən təmiz olduğunu necə öyrənə bilər?

Bakının kirayə geyim mağazalarının daha çox fəaliyyət göstərdiyi məkanlardan biri “Laçın” ticarət mərkəzidir. Hafta.az olaraq burada geyimlərin həm qiymətləri, həm də təmizliyi ilə maraqlandıq.

Gəlinlik mağazasının satıcısı deyir ki, ən aşağı qiymət 150, ən yuxarı qiymət isə 600 manatdır. Mallar həm Ukraynadan, həm də Türkiyədən gətirilir:

“Paltarlar geyinildikdən sonra bərbad vəziyyətə düşür. Ona görə də geyimlər hər dəfə istifadə olunduqdan sonra xüsusi dərmanlar vasitəsilə təmizlənir. Heç bir paltar yuyulmadan vitrinə qoyulmur. Eləcə də sərgidən götürülən mallarımız da var. Həmin paltarlar isə bahalı modellər hesab olunur. Geyim götürən şəxsin isə hər hansı bir sənədi bizdə saxlanılır”.

Həmçinin ziyafət geyimlərinin kirayəsi 20 manatdan, 70-80 manata qədərdir. Geyimlər 1 gün kirayə verildikdən sonra təmizlənir.

Uşaq geyimləri mağazasının satıcısı Ruhəngiz xanım bildirdi ki, uşaq geyimlərinin qiymətləri 20 manatdan başlayır:

“Qiymətlər həm modelə, həm də yaşa görə dəyişir. Paltar geyinildikdən sonra kimyəvi təmizlənməyə verilir. Əgər paltar bir neçə gün qalarsa, hər günün pulu da ödənilir. Geyimlər həm dərzi, həm də başqa mağazalardan gətirilir”.  

Məsələnin iqtisadi tərəfi barədə hafta.az-a danışan ekspert Rauf Qarayev bildirdi ki, ziyafət geyimlərinə hər il yeniləri əlavə olunur:

“Səbəb bazardakı tələblə bağlıdır. İstənilən məhsulda əlavələr olmasa, ona tələbat getdikcə azalır. Müştəri artıq daimi gördüyü malı başqası ilə əvəz etmək və həmin məhsulda fərqlilik görmək istəyir. Bəzi məhsullar var ki, onlar unudulmuş keçmişdir. Bu, xüsusilə geyimdə öz əksini tapır. Misal üçün, 70-ci illərdəki geyimi bu gün 2020-ci ildə bir balaca dəyişilmiş formada satışda görmək olar. Ziyafət geyimləri məsələsində də bu öz əksini tapır. Ona görə də alıcı bir çox hallarda dəyişən məhsula üstünlük verir”.

Ekspert qeyd etdi ki, məsələnin ikinci tərəfi qiymətlə bağlıdır. Onun sözlərinə görə, qiymət ziyafət geyimlərində hər adam üçün əlçatan olmur. Bu baxımdan insanlar çox vaxt günlük kirayə götürüb hər hansı ziyafətə gedirlər: “Düzdür, kreditlə geyimlər götürmək təcrübəsi də mövcuddur. Amma kreditə götürən adam pulu ödəyib qurtarana kimi, yeni məhsul ortaya çıxacaq. Buna əsasən, insanlar günlük kirayə götürməyə üstünlük verirlər. Müasir dövrdə belə geyimləri internetlə sifariş vermək daha effektlidir. Yaponiyada yeni texnoloji geyim var. İnsan həmin geyimi geyindikdə kompüterdə onun parametrləri görünür. Şəxs həmin ölçüləri məhsulu istehsal edən şirkətə göndərir və özünə uyğun mal alır. Azərbaycan da internetdən çox məhsul alanlar var. Bu baxımdan onlayn mağazalara üstünlük verərdim”.

Modelyer Aynur Xəlilova dedi ki, “Modalar evi”ndə ziyafət geyimlərinin qiyməti parçadan və tikilişindən asılıdır:

“Bu parçalar həm buradan, həm Dubaydan, həm də Türkiyədən də gətirilir. Geyimlər hər dəfə istifadə olunduqdan sonra, quru təmizlənməyə göndərilir. Həmin geyimlər isə 80 manatdan başlayır və 150 manat arasında dəyişir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, bu sahədə böyük problemlər yaşanır:

“Bunun heç bir qanuni norması yoxdur. Əlbəttə ki, gigiyenik qaydalara riayət məsələsi nəzərə alınmalıdır. Hətta illər öncə gələn ziyafət paltarlarından şikayət olunub ki, bəyin pulunu, sənədini, hərbi biletini belə alıblar. Sonrada böhtan atıblar ki, paltarı zədələmisiniz. Bu yaxınlarda da ikinci əl paltarlarından şikayət gəlmişdi.Bu sahədə həm böyük hərc-mərclik yaşanır. Həm qanunvericilik zəifdir, həm də heç bir tənzimlənmə yoxdur”.

Eyyub Hüseynov istehlakçılara bu kimi halların yaşanmaması üçün, toy paltarlarını icarəyə götürəndə mütləq şəkildə kassa çeki almağı tövsiyə etdi. Bununla bağlı, müqavilə bağlamağa çalışmaq lazımdır. Ekspert vurğuladı ki, geyinilmiş paltarlar götürəndə onun şəklini çəkməyi unutmasınlar. Yəni ləkənin olub-olmaması barədə qarşı tərəflər baxsın ki, sonradan böhtan atılmasın.

Dermatoloq-kosmetoloq İradə Həsənova deyir ki, kirayə verilən geyimlər insan bədəninə zərərlidir:

“Xüsusilə dəri xəstəliklərinin yayılmasında böyük rolu var. Dəri xəstəliklərinin çoxu kontakt vasitəsilə insan bədəninə keçir. Düzdür, həmin geyimlər yuyulur, amma nə qədər dezinfeksiya olunsa da müəyyən xəstəliklər yaradır. Ona görə də dəri, göbələk xəstəlikləri kirayə verilən paltarlar vasitəsilə keçir. Əslində, paltarı bir mikrobun ölməsi üçün tək dezinfeksiya etmək kifayət deyil. Dezinfeksiyaedici patogen mikrobları öldürə bilər. Bəzi mikroblar isə var ki, əlverişsiz şəraitə düşəndə spora çevrilə bilir və sonradan əlverişsiz şərait olanda yenidən spordan açılır. Ona görə də bir xəstəliyin başqasına keçməməsi üçün tam sterizə olunmalıdır”.

O həm də belə paltarların heç birinin sterilizə olunmadığını vurğuladı.

Beləliklə, araşdırmadan aydın oldu ki kirayə geyimlər əsil təhlükə mənbəyidir. Ona görədə belə geyimlər seçərkən diqqətli olun ki, sonradan fəsadlar yaratmasın.

Oxunma sayı
Sosial rubrikasından digər xəbərlər