Koronavirus həyat tərzimizi necə dəyişdi? - ARAŞDIRMA

14:07 16.07.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il axşamı... Bakı bulvarı və Xəzər sahili soyuq qış gecəsi özünün füsunkar gözəlliyi ilə 10 minlərlə insanın bayram sevinclərinə şahidlik edir. Xarici ölkələrdən gələn  və müxtəlif dillərdə danışan minlərlə turist paytaxt sakinləri ilə eyni hissləri bölüşür.

21 mart - Novruz Bayramı... Yenə də həmin ünvan. Lakin bu dəfə boş sahil və yalnız küləyin təsiri ilə sahilə vuran  dalğaların səsi. Bir neçə Milli Park işçisindən başqa burada heç kim yoxdur. Boş küçələr və böyük vitrinlərin bəzədiyi mağazaların, ticarət və əyləncə mərkəzlərinin bağlı qapıları. 

İki ay ərzində qaynayan Bakımızın və eləcə də ölkəmizin bütün regionlarının ənənəvi həyat tərzini belə kəskin dönüşlə dəyişən qüvvənin adı koronavirus pandemiyasıdır. Qısaldılmış adı - COVİD-19. 

Bəli, artıq Azərbaycan əhalisi 5 aya yaxındır ənənəvi həyat tərzindən uzaq düşüb - özünün və yaxınlarının sağlamlığını qorumaq, hələ də hər gün dünyada minlərlə can almaqda davam edən koronavirus bəlasına qalib gəlmək üçün.    COVİD-19 tək bizim yox, demək olar bütün bəşəriyyətin alışdığı həyat tərzini dəyişdi desək, yanılmarıq.  

5 ayda ölkəmizdə və həyatımızda nələr dəyişdi?

İndi isə gəlin qısa da olsa, xatırlayaq. Bu 5 ayda hamımızın həyat  tərzində hansı dəyişikliklər baş verdi?

İlk öncə Prezident İlham Əliyevin sərəncamı əsasında pandemiyaya qarşı effektli mübarizə aparmaq üçün yaradılan Operativ Qərargahın qərarı ilə mart ayının əvvəllərində orta məktəblər bağlanıldı. Dərslər qeyri-müəyyən müddətə təxirə salındı ki, sonradan cari təhsil ili öyrəşdiyimiz son zəng və məzun gecələri təşkil olunmadan başa çatdı.

Novruz bayramı ərəfəsində karantin rejimi sərtləşdirildi, ticarət mərkəzləri və digər ictimai-iaşə obyektlərinin fəaliyyətləri donduruldu. Ayda ən azı iki dəfə bərbərə, həftədə 1-2 dəfə gözəllik salonlarına və alış-verişə gedən kişilər və qadınlarımız bu alışqanlıqlarına da son qoymağa məcbur oldular. Daha sərt karantin rejiminin tətbiq edildiyi aprel ayı isə Bakıda ictimai nəqliyyatın, metronun, avtobusun fəaliyyətinin donması, küçələrin hər həftə dezinfeksiya edilərək yuyulması, polis maşınlarının "Evdə qalın" çağırışları ilə yadda qaldı. Koronavirusun yayılmasının qarşısının alınması istiqamətində müşahidə olunan müsbət tendensiya nəticəsində may ayında karantin rejiminin yumşaldılması bir anlıq paytaxtın qaynar həyat tərzini özünə qaytardı. Lakin bu şirin yuxu da çox çəkmədi. Vətəndaş məsuliyyətsizliyi və COVİD-19-a yoluxma sürətinin artması yenidən sərt karantin qaydalarını geri qaytardı. Son iki ayda isə həyat tərzimizdə elə bir ciddi dəyişiklik yoxdur. Toylar, yas mərasimləri, ad günü şənlikləri və s. qeyd edə bilmirik. Yaxınlarımızla istədiyimiz yaxın təması qurmaq imkanımız yoxdur. Əslində həyat tərzimizə bu qədər ciddi dəyişikliklərə səbəb olan koronavirusla mübarizənin çox sadə üç yolu var. Sosial məsafə və sosial təcrid, maska taxmaq, dezinyfeksiya vasitələrindən istifadə etmək...

Bəli, yuxarıda sadaladığımız və bizi çətin imtahanlarla üz-üzə qoyan bu qadağaların hamısının mənbəyi məhz bu üç sadə görünən qaydadan qaynaqlanır. Maska demişkən....

Maska taxmaq artıq bir həyat tərzidir

Bu ilin yanvarına qədər yalnız xəstələnəndə yaxınlarımızı qorumaq üçün ara-sıra taxdığımız və il ərzində bəzən heç ehtiyac duymadığımız tibbi maskalar son beş ayda hər birimiz üçün geyim aksesuarı halını alıb. İlk öncə gündəlik həyat tərzimizin ayrılmaz tərkib hissəsinə çevrilmiş maska taxmağın əhəmiyyəti barədə.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maska ilə bağlı tövsiyələrində bildirir ki, maskanı yalnız koronavirus simptomu və ya gizli daşıyıcısı olanların yox, hər kəs taxmalıdır. Maska taxmayan COVİD-19 daşıyıcısının maska taxan sağlam insanı yoluxdurma ehtimalı 70 faizdir. Maska taxan COVİD-19 daşıyıcısının maska taxmayan sağlam insanı yoluxdurma ehtimalı 5 faizdir. Hər iki şəxs maska taxarsa, virusun yoluxma ehtimalı 1.5 faizə düşür.

Mart ayından başlayaraq koronavirusun dünyada tüğyan etməsi maska çatışmazlığı ilə müşahidə olundu ki, bu da dünyanın aparıcı moda evlərinin diqqətini cəlb etdi. Yaranmış tələbatı dəb halına mindirərək maska istehsalını moda aləminə də gətirən Prada, Gucci, Salvatore Ferragamo, Fendi, Valentino, Celine və Ermanno Scervino kimi məşhur italyan bendləri artıq müxtəif dizaynda maska istehsalı ilə məşğuldur. Həmin vaxt maska qıtlığı ilə bağlı yayılan xəbərlərin fonunda Tayvanın CSD moda evi alman markası #Damur ilə birlikdə tbbi maskaları küçə modasının trendinə çevirmək üçün fəaliyyətə başladılar. Hazırlanan kolleksiya Berlindəki moda həftəsi çərçivəsində podiumda modellər vasitəsi ilə nümayiş etdirildi. Asiya qitəsində artıq tibbi maskalar çoxdan həyat tərzinin ayrılmaz tərkib hissəsinə və modasına çevrilib. Artıq Avropanın məşhur moda evlərinin kolleksiyalarında adi və bahalı daşlarla bəzədilmiş müxtəlif qiymətlərə maskalara rast gəlmək mümkündür. Bu sırada Dolce & Gabbana, Alyx və Alexander Wang, Moschino kimi məşhur moda evlərinin də adın çəkə bilərik. (Mənbə FashionUnited.uk, Heroine.ru)

Passiv həyat tərzində sağlam qidalanma necə olmalıdır

Pandemiya dövründə alışdığımız karantin qaydaları çərçivəsində tətbiq edilən sosial təcrid zamanı həyat tərzimizdə diqqət yetirməli olduğumuz ən vacib məqamlardan biri sağlam qidalanmadır. Çünki fəal həyat tərzinin passivləşməsi insanlarda kökəlməyə meylliyi artırır ki, bu da qəbul edilən əlavə kalorilərin izafi çəkiyə gətirib çıxartmasını şərtləndirir. Bəs pandemiya dövründə dəyişən həyat tərzimizə uyğun qidalanma qaydaları necə olmalıdır?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası dövründə qidalanmaqla bağlı tövsiyələr verib. Tövsiyələr təşkilatın rəsmi saytında da dərc edilib. (www.who.int ) Mütəxəssislər pandemiya dövründə aşağıdakılara əməl etməyi vacib sayırlar:

1) Həddindən artıq məhsul almayın: mağazalarda yalnız gərəkli şeyləri alın. Bu, məhsulların qiymət artımından, çox yemədən, qidaların zibilə atılmasından, məhsul çatışmazlığından qaçmağa yardım edəcək.

2) Məhsulların istifadə müddətini unutmayın: ən birinci tez xarab olanları istehlak edin.

3) Ev xörəkləri bişirin (ÜST bununla bağlı reseptlər də təqdim edir).

4) Məhsulların evə çatdırılması xidmətindən istifadə edin.

5) Məhsulun çatdırılması və daşınması zamanı qidanın temperatur rejiminə riayət etmək vacibdir (5 dərəcədən az, 60 dərəcədən çox).

6) Çox yeməkdən qaçmaq üçün porsiyaların ölçülərini düzgün təyin edin.

7) Məhsulların təhlükəsiz saxlanması qaydalarını gözləmək əsas şərtlərdən biridir. Bura əlləri, mətbəxi və məhsulları təmiz saxlamaq, qidaları 5 dərəcədən az və ya 60 dərəcədən çox temperaturda qorumaq daxildir.

8) Duzdan istifadəni məhdudlaşdırın (ÜST gündəlik 5 qramdan az tövsiyə edir).

9) Şəkər istehlakını normada saxlayın (ÜST insanın istehlak etdiyi enerjinin yalnız 5%-nin sərbəst şəkərlərin (su və ya yeməyə qatıla bilən) payına (təqriban 6 çay qaşığı) düşməsini tövsiyə edir.

10) Ümumilikdə istehlak edilən enerjidəki yağın faizini 30-dan aşağı salınması tövsiyə edilir.

11) Bol sellüloz istehlak etmək vacibdir. Mütəxəssislər rasiona tərəvəz, meyvə, paxla və kəpək qida məhsullarını daxil etməyi tövsiyə edir. Kəpək məhsullarına yulaf, kinoa, qəhvəyi düyü, sərt buğda növündən hazırlanan makaron məmulatları və kəpəkli çörəklər aiddir.

12) Yetərincə maye qəbul edin, ancaq böyük miqdarda tünd çay və tünd qəhvə istehlakı arzuolunan deyil. Bura xüsusilə kofeindən ibarət olan sərinləşdirici və energetik içkilər daxildir.

13) Alkoqol istehlakından çəkinin.

14) Bütöv ailə şəklində masa arxasında oturun. Bu, valideynlərə uşaqlarına düzgün qidalanmanın örnəyini göstərməyə imkan verəcək, həmçinin ailə bağlarını bərkidəcək.

15) Təzə və dondurulmuş meyvə və tərəvəz, qurudulmuş və konservləşdirilmiş paxla, kəpəkli məhsul, quru meyvə, qoz və ləpələr, yumurta, konservləşdirilmiş tərəvəz və balıq, aşağı yağlı süd istehlak edin.

Bəs yerli mütəxəssislər bu barədə nə düşünür? İndiki pandemiya dövründə virusa qalib gəlməkdə güclü immunitetin rolunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, qida rasionunun doğru seçilməsi xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov insan orqanizmini mürəkkəb bir mexanizm kimi səciyyələndirərək onun istər qidaya, istər havaya, istərsə də suya tələbatının zamana uyğun olaraq dəyişdiyini deyib: “Bildiyiniz kimi, yay mövsümü insanlar üçün xüsusi əhəmiyyət kəsb edən bir dövrdür. Belə ki, həmin mövsümdə ətraf mühitdə temperaturun yüksəlməsi insan orqanizmində suya tələbatın artmasına, müqavimətin qismən azalmasına və iştahanın nisbətən zəifləməsinə səbəb olur. Pandemiya ilə əlaqədar, xüsusilə, sərt karantin rejimi dövründə əksər insanların adinamiya şəraitində, hərəkətsiz vəziyyətdə qalması, ətraf mühitdən təcrid olunması onların həyat tərzinə, psixologiyasına, maddələr mübadiləsinin normal fəaliyyətinə mənfi təsir göstərir. Elə bu səbəbdən də qidalanmada kifayət qədər ehtiyatlı olmalı, qidanın bioloji və qoruyuculuq xüsusiyyətlərinə xüsusi diqqət yetirilməlidir. Məlumdur ki, yay mövsümündə vitaminlərlə, mineral maddələrlə, üzvi turşularla zəngin olan meyvə və tərəvəzlərdən geniş istifadə olunur. Qidamızın bioloji xüsusiyyətlərinə fikir vermədiyimiz zaman unuduruq ki, orqanizmimizi vitaminlərlə və minerallarla zənginləşdirməklə yanaşı, müxtəlif xəstəliktörədici amillərlə də çirkləndiririk”.

Onun sözlərinə görə, insanlar qidalanma rejimini də düzgün seçməlidirlər. Əgər buna fikir verilməzsə, bu, mədə-bağırsaq və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər: “Adətən, yayda insanlar iştahalarının azaldığını deyirlər. Belə ki, bəzən insanlar hava isti olduğuna görə qida maddələrinə və enerjiyə tələbatın azaldığını düşünürlər. Yəni, orqanizmin, bədənin soyuq mövsümlərdə olduğu kimi istilik mübadiləsini tənzimləməyə, əlavə enerjiyə ehtiyacı qalmır. Lakin belə düşünmək doğru deyil. Çünki yay mövsümündə orqanizmdən kifayət qədər tər ifraz olunur ki, bu da enerjinin, mayenin, mineral duzların, vitaminlərin itkisinə, nəticədə isə bədəndə immunitetin zəifləməsinə gətirib çıxarır.

İnsan orqanizmi fərdi olaraq özü öz qidasını seçmək imkanlarına malikdir. Aydın məsələdir ki, insan payız-qış aylarında daha çox yağlı, doyumlu qidalara üstünlük verməyə çalışır. Ancaq yay mövsümündə bunlara meyil azalır. Ona görə də bu mövsümdə meyvə və tərəvəz məhsullarından istifadə etmək məsləhət görülür. Eyni zamanda, immun sistemini güclü vəziyyətdə saxlamaq üçün orqanizmə bədəndə sintez olunmayan amin turşuları da lazımdır. Bunlar süd, yumurta, ət, balıq məhsullarının tərkibində çox olduğundan bu məhsullardan da kombinasiya edilmiş şəkildə istifadə edilməlidir. Digər tərəfdən, insanlar qidanı rejimlə qəbul etməlidir. Eyni vaxtda qidalananda fizioloji olaraq mədə-bağırsaq sistemi, eləcə də sinir sistemi qidanın həzminə hazır olur, iştaha yaxşılaşır. Bu da sirr deyil ki, isti vaxtlarda iştaha çox zəngin yeməkləri yeməyə yol vermir və təbabətin bütün sahələrində çalışanların tövsiyələrinə əməl edən əksər insanlar axşamlar qida qəbul etmir və ya çox az qida qəbul edirlər. 35-40 dərəcə temperaturda nahar yeməyi zamanı hətta insan özünü nə qədər məcbur etsə də, doyumlu xörəkləri kifayət qədər qəbul etmək imkanı olmur. Axşam sərin düşəndə isə iştaha artır. Ona görə də heç qəbahət deyil ki, axşam yeməkləri doyumlu və kalorili olsun. Bunun üçün kombinasiyaları düzgün qurmaq lazımdır.

Yay mövsümündə səhər saat 06:00-09:00 və axşam saat 17:00-20:00 arası orqanizmin ultrabənövşəyi şüalarla da doydurulmasının vacibliyini vurğulayan mütəxəssis həmin müddətdə parkların, çimərliklərin, dəniz kənarının imkanlarından yararlanmağı tövsiyə edir: “İnsanların yay aylarında bioloji fəal maddələrə tələbatı yüksəlir. Xüsusilə də yaşlı insanlarda kalsiumun, D vitamininin çatışmazlığı hallarına rast gəlinir ki, bu da dayaq-hərəkət sistemi və sümük problemlərinin meydana çıxmasına səbəb olur. Buna görə də həmin vaxtlarda təbiət guşələrindən düzgün istifadə olunmalı, qidalanmada süd, kəsmik, qatığa üstünlük verilməlidir.

Onu da unutmamalıyıq ki, isti mövsümdə, xüsusilə yay aylarında insan orqanizmi gün ərzində tər vasitəsilə kifayət qədər maye itirir. Maye itkisi hesabına qanın qatılaşması nəticəsində mərkəzi sinir sisteminə gedən inferent reaksiya insanda susuzluq hissi yaradır və orqanizm suya olan tələbatını müxtəlif mayelərlə ödəməyə çalışır. İnsanlar çox zaman çiy suyun içilməsindən qorxduğuna görə qaynanmış sudan istifadə etməyə çalışırlar. Qaynanmış su isə maye tələbatını ödəsə də, orqanizmin minerallarla tələbatını ödəmir. Kobud ifadə etsək, bu suyu “ölü su” kimi qiymətləndirə bilərik. Bu mövsümdə maye tələbatının təkcə çayla, su ilə deyil, hazırda bol olan təbii meyvə şirələri, kompot, kisel ilə və s. ödəmək daha məqsədyönlü olar”.

Stressdən uzaq duraq

geek.psychologist bloqunun müəllifi Mariya Daninanın fikrincə, pandemiya dövründə insanların yaşadığı stress həyatımızın ən müxtəlif aspektlərinə təsir edir - yuxu, qidalanmaq, iş və s. Bununla belə, stress müəyyən qrup insanlara təsir göstərməyib. Çünki onların pandemiyaya daxil olan həyat tərzləri əvvəldən də var idi. Psixoloq bildirir ki, bir çoxları üçün sosial təcrid ən ciddi sınaq idi. Bu imtahan tək yaşayan və digər insanlarla onsuz da az ünsiyyətdə olanlar üçün daha çətin keçib. Bu kateqoriyaya aid insanlar işə gedərkən orada müəyyən mənada sosiallaşırdı və təkliklərini kompensasiya edirdilər.

Lakin bir çoxları üçün bu hiss pandemiya dövründə əzaba çevrilib. Pandemiya yuxumuza da ciddi təsir edib. M.Daninanın sözlərinə görə, yuxu insanın yaşam tərzindən çox asılıdır: "Əgər sosial təcrid səbəbindən hərəkət etmək imkanı azalırsa, insanın fəal həyat tərzinin keyfiyyəti də aşağı düşür. Bu amil insanların yuxusunun keyfiyyətinə dərhal öz təsirini göstərir". 

Pandemiya dünyada həyat tərzinə necə təsir etdi

Amerikanın McKinsey konsaltinq şirkətinin sadə avropalıların pandemiyanın onların həyat tərzinə necə təsir etdiyini öyrənmək üçün Almaniyada min nəfər arasında keçirtdiyi rəy sorğusu da maraqlı nəticələr üzə çıxarıb. (www.mckinsey.com) Sorğunun nəticələrini əsas tutaraq mütəxəssislər biznes strukturları üçün bədbin proqnozlar veriblər. Mənfi proqnozun nəticələri isə rəyi soruşulanların pandemiyadan sonrakı həyat tərzlərində üstünlük verdikləri seçimlərlə bağlıdır. Sorğunun yekun nəticələri mayın 7-də açıqlanıb. Gəlin nəticələrlə tanış olaq. Pandemiya təlaşı almanların bir yerə toplaşması və yaxınlarını səyahət etmələrini minimuma endirib. Rəyi soruşulanların 29 faizi artıq xidməti və şəxsi səfərlərini əvvəlki tezliklə etməyəcəklərini açıqlayıb. 27 faiz isə bu səfərlərdən ümumiyyətlə imtina edib. Beləliklə demək olar əhalinin 50 faizi heç nə olmayıbmış kimi təyyarə, avtobus və dəmiryolu ilə səyahət etmək, otellərdə qalmaq barədə düşünür.

Tək uzaq yox, şəhərdaxili nəqliyyatdan istifadə edəcək olanların da sayında əhəmiyyətli azalma var. Avtobus və metrodan əvvəllər mütəmadi olaraq istifadə edənlərin müvafiq olaraq 51 və 47 faizi bu imkandan daha az yararlanmağı və ya tamamilə imtina etməyi düşünür. Bunun əvəzində isə insanlar piyada gəzməyi və ya velosipeddən istifadəni üstün tuturlar. Rəyi soruşulanların 41 faizi isə ərzaq mağazalarını çıxmaq şərti ilə alış-veriş üçün digər mağazalara çox az üz tutacaqlar. Xatırladaq ki, Almaniyada kiçik maqazin və butiklərin açılmasına icazə verilib. Lakin rəyi soruşulanların 54 faizi bu qərardan 13 gün keçməsinə baxmayaraq həmin mağazalara üz tutmayıblar. Başqa sözlə, araşdırma göstərib ki, insanlar yeni geyim, kosmetik vasitə və məişət texnikasına çox az maraq göstərərək yalnız zəruri olanları almaqla kifayətləniblər. 25 faiz insan isə yarım ay ərzində şoppinqə cəmi bir dəfə üz tutub. McKinsey ekspertləri belə bir qənaətə gəliblər ki, insanlar həyat tərzlərini dəyişməklə yoluxma riskini maksimal dərəcədə azaltmağa çalışırlar. 26 faiz əhali teatr, kino və digər mədəniyyət yerlərinə bilet almaqdan imtina edəcəyini, 16 faiz isə daha az bilet alacağını açıqlayıb. 22 faiz insan fitnes-klublara, tennis və digər komanda oyunları oynamağa getməkdən də imtina edirlər. 

Bu yaxınlarda Fransanın Le Monde qəzetində dünyanın 200 mədəniyyət və elm xadiminin karantin və pandemiya başa çatdıqdan sonra insanların həyat tərzlərini radikal formada dəyişməyə dair açıq müraciəti yayımlandı. (www.lemonde.fr) Madonna, Robert De Niro, Keyt Blanşett, Monika Beluççi, hətta bir neçə Nobel laureatlarının da imza atdığı bu müraciətdə pandemiyadan sonra "insanların əvvəlki normal həyat tərzinə" qayıtmasının ətraf mühit üçün ciddi zərər verdiyi bildirilir. "Davam edən ekoloji fəlakət metaböhrandır. Bütün baş verənlər Yerdə mövcudiyyətə birbaşa təhlükə olduğunu göstərir" - deyə müraciətdə vurğulanır.

Dünyada insanların normal həyat tərzi alışqanlıqlarının unudulmaması və sağlamlıqlarının qorunması üçün müxtəlif təcrübələrdən istifadə olunur. Məsələn son araşdırmalara əsasən, Böyük Britaniyada əhalinin 43 faizi zəif sağlamlıq və təhlükəli xəstəliklərin daşıyıcısıdır. FCB Inferno şirkəti pandemiya dövründə Böyük Britaniyada insanların fəal həyat tərzi keçirtməsi üçün yeni proqram təqdim edib. Bu proqram vasitəsi ilə hətta pandemiya dövründə belə fəal həyat tərzi sürən və artıq normal həyata qayıtmağa hazırlaşan insanlar barədə roliklər hazırlayıb yayırlar. Kampaniya çərçivəsində müxtəlif idman hərəkətlərinin əks olunduğu elektron kitabxana da yaradılıb.

Gündəlik həyat tərzimizə çevrilmiş tövsiyyələrə əməl edək

Pandemiyaya qalib gəlmək üçün nə qədər istəməsək də, normal həyat tərzimiz üçün darıxsaq da, artıq gündəlik həyat tərzimizə çevrilmiş karantin qaydalarına riayət etməliyik. Qaydalarsa sadədir:

- Əllərinizi tez-tez su və sabun ilə minimum 20 saniyə ərzində ovuşduraraq yuyun.

- Qapı qulpu, su çəni və kranı kimi tez-tez toxunduğunuz yerləri su və yuyucu maddə ilə hər gün təmizləyin.

- Dəsmal, stəkan, çəngəl-qaşıq, hamam lifi, ülgüc və diş fırçası kimi şəxsi əşyalarınızı ortaq istifadə etməyin.

- Paltarlarınızı 60-90 dərəcə arası normal yuyucu maddə ilə təmizləyin.

- Evdən çıxmağa məcbur qalsanız, mütləq tibbi maska taxın.

- Enməyən hərarət, öskürək və nəfəs çatışmazlığı varsa, maska taxaraq səhiyyə mərkəzinə müraciət edin.

Unutmayaq ki, koronavirus görəcəyiniz tədbirlərdən daha güclü deyil!

Azad Əliyev

Yazıda istifadə edilən multimedia vasitələri coronavirusinfo.az saytına məxsusdur.

 

 

Oxunma sayı 6760
Sosial rubrikasından digər xəbərlər