“Koronavirus pandemiyasından sonra dinə meyl daha da artacaq” – Professor İhsan Çapcıoğlu

10:05 08.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası dünyada insanlarım yaşam düzənini dəyişib desək, yanılmarıq. Bütün sahələr güclü təsir altındadır, o cümlədən din də. Virus təhlükəsindən doğan qərarlarla, İslam dünyasında məscidlərin qapısı bağlı qalıb, Ramazan ayıdır, amma insanlar cümə namazlarını evdə tək və ya ailə üzvləri ilə qılmağa məcburdurlar, camaat namazları təxirə salınır, toplu iftar süfrələri açılmır, ümrə ziyarətləri dayandırılıb deyə, Allahın müqəddəs evi olan Kəbə zəvvarlar üçün darıxır, hətta bu il Həcc ziyarətinin də tarixdə ilk dəfə təxirə salınacağı deyilir və sair.

Yeri gəlmişkən, digər dinlərin yayıldığı ölkələrdə də vəziyyət eynidir – kilsələr, sinaqoqlar, məbədlər qapalıdır. Dinindən asılı olmayaraq, hər şeyi Allahın yaratdığına inanan biz insanlar baş verənləri necə qəbul edirik, psixologiyamızda hər hansı zədə yaranmazmı? Sualları Ankara Universiteti İlahiyyat Fakültəsinin Din Sosiologiyası kafedrasının professoru İhsan Çapcıoğlu cavablandırır. 

- Xəstəlik və ölüm risqlərinin arttığı fövqəladə zamanlarda fərdlərin və cəmiyyətlərin fərqli hissələrinin dərdlərini yüngülləşdirəcək, yaraların sarılmasına və sağalmasına, travmaların aradan qaldırılmasına kömək edəcək etibarlı sığınacaqlara ehtiyac var. Belə vaxtlarda insanların ağlına gələn ilk sığınacaq dindir. Dini duyğu, düşüncə, inanc və əməllərin xüsusilə fəlakətlər zamanı ruhi sağlığımızı qoruduğu və sağlamlaşdıran təsir göstərdiyi, uzun-uzadı araşdırmalar nəticəsində təsdiqlənib. Belə vaxtlarda bütün təhlükə və qorxuların aşılması üçün insanlar mütləq dualara sarılmaqdadır. Amma fəlakətlərin dini sferaya təsiri daha çox yaş, cinsiyyət, sosial sinif, status, təhsil, qazanc səviyyəsi kimi sosial-demoqrafik və iqtisadi amillərlə əsasən baş verir. Bu mənada pandemiyanın dini baxışlarımıza uzunmüddətli təsir edib-etməyəcəyi, yuxarıda qeyd etdiyim amillərə təsirin gücündən asılıdır.

- Gəlin pandemiya prosesinə sizin kimi inanclı insanların gözü ilə baxaq, necə keçir bu proses?

- Məsələn, Türkiyədə dövlətin öz insanlarını qorumaq üçün qəbul etdiyi hər bir qərara müsbət yanaşma var. Cəmiyyətin bütün fərdləri kimi möminlər də elmi əsaslarla isbatlanan təcrid qərarlarını qəbul edir və sözsüz yerinə yetirir. İnanclı insanlar dinə bağlıdırlar, din ümid yerləridir, amma bu o demək deyil ki, onlar elmi qəbul etmirlər, virusun yayılma prosesini dayandırmaq üçün həyata keçirilən sosial-siyasətə qarşı çıxmalıdır. Xeyr, əksinə, inanclı insanlar dövlətin sosial siyasətindən tam razıdırlar.

- Belə hallarda bəzi insanlar deyir ki, Allaha pənah. Siz necə fikirləşirsiniz: yaşadığımız pandemiya üçün “Allaha pənah” deməliyik, yoxsa elmi açıqlamalara qulaq asıb tədbir görməliyik?

- Dindarlar arasında fərqli fikir sahibləri var. Onlar koronavirus pandemiyasının yaranma səbəbləri araşdırıldıqda, fərqli mövqelər sərgiləyirlər. Bu müstəvidə “təqdir”, “tədbir” və “təqdir-tədbir” istiqamətləri olmaqla üç fərqli mövqe ortaya qoyulur. “Təqdir” düşüncəsinə görə, qlobal epidemiya bəşəriyyətə xəbərdarlıqdır. Başımıza gələn zəlzələ, quraqlıq, müharibə və xəstəliklər kimi fəlakətlər, ilahi bir cəza olaraq qiymətləndirilməlidir. Bu baxışı dəstəkləyənlər öz mövqelərini Quranda deyilənlərdən, peyğəmbərlər tarixindən misallarla əsaslandırırlar. Bu qrupa görə, məsum körpələrin, müdafiəsiz mülki şəxslərin məruz qoyulduğu və çoxluğun səssiz qaldığı dünya miqyasında zülm, işgəncə və ədalətsizlik, əxlaqi pozğunluğu dayandırmaq üçün tez və ya gec ilahi müdaxilənin olması qaçılmazdır. “Tədbir” mövqeyinin müdaəçiləri isə bildirir ki, pandemiya insanların işlədiyi günahların nəticəsidir və bütövlükdə insanlara aiddir. Yəni burada ilahi müdaxilə yoxdur. Bütün bunlar vaxtında tədbir görülmədiyi üçün baş verib. Bu iki düşüncənin sintezindən üçüncü qrup ortaya çıxıb. Bu, “təqdir-tədbir”dir. Onların fikrincə, dünyada hər şey sadəcə Allahın əlindədir və o, nə istərsə, mütləq olacaq. Amma Allah yaratdığı insana da fəaliyyətini gerçəkləşdirmək üçün müəyyən sahədə meydan verib. İnsan bu meydanda üzərinə düşən məsuliyyətin öhdəsindən gəlirsə, problem həll olunur, məsuliyyətsiz davrananda isə əksinə. Qurani-Kərimdə də insanın öz səhvləri üzündən başına bəlalar gəldiyi qeyd olunur. Qısası, qeyd etdiyimiz bu üç düşüncə tərzinin tərəfdarları arasında koronavirusun qlobal oyunçular tərəfindən, dünyanın gedişatını öz maraqlarına uyğun dəyişmək məqsədilə laboratoriyada hazırlandığını iddia edənlər də var. Onlar deyir ki, pandemiyanın məsuliyyətini qlobal oyunçular – böyük dövlətlər daşımalıdır, çünki bu bəlanı onlar törədiblər. Hətta bu kimi hallara istinad edərək qiyamətin təzahür etdiyini deyənlər də tədricən artmaqdadır.

- Koronavirusdan sonrakı dövrdə cəmiyyətin dinlə münasibətlərini necə görürsünüz? Bu dövr insanların ibadətetmə vərdişini, yaxud da, məscidlərdə ibadəti evdə ibadətə dəyişə bilərmi?

- Dini ayinləri hər yerdə icra etmək olar. Həm də, tarixən fərdlərin ayinləri yerinə yetirməsi şəraitdən asılı olub. Yəni bu prosesə həm fərdin öz qərarı, həm də xarici aləm təsir edib. Zəlzələ, sel, yanğın, quraqlıq, müharibə, epidemiyalar və sair kimi fəlakətlər yaşandığı mütləq dini sferaya təsirini göstərib, fərdin evdə, məsciddə, yoxsa harasa sığındığı yerdə ibadətlə məşğul olmağa vadar edib. Koronavirus pandemiyası da hazırda eyni cür təsir göstəriri inanclılara. Yəni məscidlərə getmirlər, evdə ibadətlə məşğul olurlar. Amma bu vərdişin dini qaydalara təsir göstərməsi üçün, yaşadığımız prosesin olduqca uzun müddət davam eləməsi lazımdır. Nəzərə alaq ki, İslam dini 14 əsrdir insanların həyatının bir hissəsidir.

- Yeri gəlmişkən, məscidlərin və bənzər dini məkanların koronavisla bağlı olaraq qapadılması daha çox hansı təbəqəyə təsir edir sizcə?

- Əsasən yaşlılara. Baxın, yaşı 65-dən yuxarı olan və evdən çıxması yasaqlanan insanlar üçün məscidlər sadəcə camaat namazı qılınan yer deyil. Məscidlər belə ahıl insanlar üçün həyatın əzabından, yükündən xilas olmaq üçün ümid, dərdləşmək yeridir, onlar bu məkanlarda problemlərinə çözüm tapırlar, bir-biri ilə təcrübələrini paylaşırlar və sair. Belə demək mümkündürsə, məscidlər möminlər üçün sadəcə ibadət yeri yox, həm də sosiallaşma məkanıdır. Hansı ki, günümüzdə yaşlı insanlar bütün bu imkanlardan məhrum olublar.

- Ramazan ayını yaşayırıq. Bu ay ərzində dini məkanların açıq olmaması, camaat namazlarının qılınmaması və sair kimi toplu ibadətlərin edilməməsinə necə baxırsınız?

- Razıyam, Ramazan ayı məscidlərin ən qələbəlik olduğu dönəmdir və hansı ki, bu gün həmin məkanlar bağlıdır. Əvəzində, insanlar evdə qalaraq Ramazan sevincini ailə içində yaşamağa çalışırlar. Əlbəttə, əsrlərlə davam edən Ramazan ənənəsi ilə bəslənən cəmiyyətlərə bu mənzərə heç də xoş təsir göstərmir. Kəbə neçə vaxtdır ümrə üçün bağlıdır, Həcc mövsümünün açılacağına da ümid azdır. Lakin bütün bunlara baxmayaraq, gələcəkdə dini ibadətlərə mənfi təsir olacağını düşünmək mümkün deyil. Əksinə, müvəqqəti davam edəcək bu vəziyyət insanları dinə daha sıx bağlayacaq.

- Yəni deyirsinizki, bu gün insanları aciz buraxan koronavirus pandemiyası ilahi qüvvəyə üz tutanların sayını artıracaq?

- İndiki kimi, eidemiyalar dövründə dini hərəkətliliyin istiqamətini, fövqəladə vəziyyətlərin ortaya çıxardığı nəticələrin fərdlərin və ya ümumiyyətlə cəmiyyətin yaddaşında buraxdığı izlər müəyyən edir. Əgər cəmiyyət olaraq uzun müddət karandində yaşamısınızsa, təbii ki, inanclıların fikir və hərəkətində qısamüddətli təsirin şahidi olacağıq. Amma yenə deyirəm, müəyyən vaxt ərzində bütün bu hallar silinib gedəcək və dini müstəvidə canlanma əvvəlkindən daha böyük olacaq. Bu yolla uzun vədədə dini həyatın canlanması prosesi təmin olunacaq. Koronavirusdan sonrakı dönəmdə haqqında söz açdığımız vəziyyətə bənzər bir ssenarinin ortaya çıxma ehtimalı yüksək görünür. Ancaq real ehtimal söyləmək üçün hələ bir az da gözləmək lazımdır...

Oxunma sayı 1302