Koronavirusa görə ata körpəsinə sarıla bilmədi - GÜNÜN TƏZADLARI

18:47 03.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Çinin Uhan şəhərində karantinə alınmış körpənin görüntüləri sosial şəbəkədə izlənmə rekordu qırdı. Hafta.az yazır ki, "Haber7" portalının xəbərinə görə, görüntülərdə azyaşlının valideynini qucaqlamaq istəməsi öz əksini tapıb. Çarəsiz valideyn isə körpəsi karantinə alındığı üçün onu ancaq şüşə arxasından görə bilib. Körpəsini qucaqlaya bilməyən çinli valideynin görüntüləri izləyicilərin ürəyini sızladıb. Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (“2019-nCoV”) yoluxanların sayı 17 min 245 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 361 nəfərə çatıb.

 

Azərbaycan pomidorunun qiyməti 9 dollara qalxdı

Rusiya Çinlə sərhədlərini bağladığı üçün Vladivostok mağazalarında xiyar və pomidor yoxa çıxdı. Hafta.az-ın yazdığına görə, Virtualaz.org Rusiya KİV-lərinə istinadla xəbər verir ki, regionda əsas riteyler şirkəti “Samberi”nin şəbəkəsində badımcan, xiyar və pomidor yoxdur. Hərçənd sərhədlərin bağlanmasından əvvəl gətirilən Çin soğanı və çuğunduru hələ satışda var.  “Samberi” mağazasının inzibatçısı deyib ki, satışda tərəvəzlər yoxdur, çünki Çin təchizatı dayandırıb. Primorye istehsalçıları isə xiyar və pomidorun qiymətini hər kiloqrama görə 550-600 rubla qədər qaldırıblar. Müqayisə üçün qeyd olunur ki, koronovirus epidemiyasına görə sərhədlərin bağlanmasından əvvəl mağazalarda Çin xiyarı və pomidoru cəmi 100-160 rubla satılırdı. “Yaxın aylarda situasiya belə görünür ki, dəyişməyəcək. Bizim şəbəkə yerli istehsalçılardan o qiymətə tərəvəz almağa hazırlaşmır”,-inzibatçı deyib. “Remi” ticarət şəbəkəsinin nümayəndəsi Dmitri Suleyev isə bildirib ki, yerli istehsalçılar qiyməti kəskin qaldırıb, üstəlik istixanalar malı ancaq nəğd satır. Ticarət şəbəkəsi isə nəğd mal ala bilməz. Onun bildirdiyinə görə, hələlik Vladivostoka təyyarə ilə Azərbaycandan tərəvəz gətirilir. Azərbaycan pomidoru Vladivostokda kiloqramı 550 rubldan (təqribən 9 ABŞ dolları) satılır. Bu həftə Türkiyə pomidoru da bazara daxil olmalıdır, gözlənilir ki, qiyməti 300 rubl olacaq.

 

Bakıda avtomobil polis əməkdaşını vuraraq öldürdü

Paytaxtda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verdi. Hafta.az yazır ki, “Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında paytaxtın H.Əliyev prospektində qeydə alınıb. Belə ki, "Prado" markalı avtomobil idarəetməni itirərək yol kənarında xidmət olan polis əməkdaşını vurub. Polis həlak olub.

 

Sabunçuda  çempion dəm qazından zəhərlənib öldü

Bakıda 11-ci sinif şagirdi dəm qazından zəhərlənərək vəfat etdi. Hafta.az-ın verdiyi xəbərə  görə, hadisə fevralın 2-də Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, ev 30/2-də qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Arzuman Ağaxan oğlu Abbasov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır. Qeyd edək ki, A.Abbasov qaydasız döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu olub.

 

20 nəfər ayaq altında qalıb öldü 

Tanzaniyanın Möşi şəhərində dini tədbir fəlakətlə sona yetdi. Hafta.az Musavat.com-a istinadla yazır ki, hökumət nümayəndəsinin agentliyə verdiyi açıqlamaya görə, yığıncağın keçirildiyi ərazidə kilsəyə toplaşanlar arasında vahimə yaşandı. Nəticədə qaçaqaç düşüb. İnsanlar bir-birini tapdalayaraq təhlükədən uzaqlaşmağa çalışıblar. Nəticədə 20 nəfər ölüb, onlarla insan isə yaralanıb. “Associated Press”in xəbərində belə deyilir. Tanzaniyada dini təbliğatçı kimi məşhur olan Boniface Mvamposanın rəhbərliyi altında keçən tədbirdə baş verənlər ölkədə də çaxnaşma yaradıb. Çünki bu kilsə qeydiyyatdan keçmək üçün illərdir ki, çalışır. Tanzaniyanın daxili işlər naziri Georgi Simbaçavene bildirib ki, cənab Mvamposa həbs olunub. Bəlli olan odur ki, tədbir elan olunduğu vaxtdan 2 saat gec başlayıb. İnsanların içəri keçməsi üçün isə dar bir keçid saxlanılıb. Bu isə faciəyə səbəb olub.

 

Biləsuvarda bir ailə pomidor turşusundan zəhərləndi

Biləsuvarda bir ailənin 4 üzvü pomidor turşusundan zəhərləndi. Hafta.az yazır ki, hadisə fevralın 1-də, rayonun Günəşli kəndində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Adil Əhmədov, həyat yoldaşı Mərifət Xasıyeva, onların övladları – 1991-ci il təvəllüdlü Amil Əhmədov və 1997-ci il təvəllüdlü Sevanə Əhmədova evdə hazırladıqları pomidor turşusundan zəhərlənib. Daha sonra onlar fevralın 2-də Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə göndərilib. Faktla bağlı araşıdrma aparılır.

Oxunma sayı