Koronavirusdan da dəhşətli olan çəyirtkə istilaları

12:15 12.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son iki aydır Şimal-Şərqi Afrika ölkələrinin üzləşdiyi çəyirtkə hücumları dünya mediasının gündəmindədir və hətta belə demək olarsa, son həftələr Çindəki koronavirus epidemiyası qədər ciddiləşib. Əsasən Keniya, Efiopiya və Somaliyə ciddi ziyan vurmaqda olan çəyirtkə sürüləri, onsuz da müəyyən mənada ərzaq çatışmazlığı yaşayan bu ölkələri dünya birliyindən yardım istəməyə vadar edib.

Bir neçə gün öncə, Birləşmiş Millətlər Təşkilatı (BMT), dünya ölkələrinə səslənərək Şərqi Afrika ölkələrində son illərin ən güclü çəyirtkə istilasının baş verdiyini, 13 milyon insanın ərzaq çatışmazlığı ilə üzləşdiyini bildirib. BMT Baş katibinin humanitar işlər üzrə müavini Mark Lovkock qeyd edib ki, məsələn, Keniyada son 70 ildə, Efiopiya və Somalidə isə 25 ildə bu qədər böyükmiqyaslı çəyirtkə istilası baş verməyib. O, Şərqi Afrika ölkələrinin fəlakətlə üz-üzə qaldığını, bölgə insanlarını qarşıda ciddi humanitar böhranın gözlədiyini deyib. Əlavə edib ki, dünya birliyinin sözügedən çəyirtkə istilasını dəf etməsi üçün ən azı 76 milyon dollara ehtiyacı var.

BMT rəsmisi, çəyirtkələrin milyonlarla sayda törəyib-artmasının əsas səbəblərindən biri kimi qlobal istiləşməni göstərib. BMT-nin Qida və Kənd Təsərrüfatı təşkilatı (FAO) isə bildirib ki, çəyirtkə istilası bu il ərzində dayandırılmasa, “çəyirtkə vəbası” yaşanacaq.

FAO-nun rəsmi açıqlamasında deyilir ki, yalnız Keniyada, çəyirtkə sürüsü bir gün içində 85 milyon insana bəs edəcək qədər qidanı yeyib. Amma bu hələ son deyil, dünya birliyi bu zərərverici həşaratlara qarşı birləşərək tədbir görməsə, yaxın vaxtlarda 800 milyon insanın yaşam mənbələri risq altına düşəcək.

Araşdırmaçı mütəxəssis Keyt Qrizman deyir ki, səhrada yaşayan çəyirtkələrin təbiətə uyğunlaşması, bu növün populyasiyasını, köç hərəkətləri üzərində hava şərtlərinə və ekoloji faktorlara təsirini artırır. Tarix boyu Hind okeanı üzərində yaranaraq Ərəbistan yarımadasında və Afrika Boynuzunda (Somali, Efiopiya, Keniya ölkələrinin ərazisi) yağışa çevrilən siklonlar da səhradakı çəyirtkə istilası fəlakətlərinə yol açır. Bu da təsadüfi deyil ki, son bir neçə ildir çəyirtkə istilaları yazın əvvəllərində və yayın sonunda yaranan siklonların çoxluğu ilə üst-üstə düşür. Məsələn, əvvəllər ildə bir neçə dəfə yaranan siklonlar, 2019-cu ildə 8 dəfə görünüb. Efiopiya. Keniya və Somalinin yerləşdiyi Afrikada Buynuzunda, yayılma arealı geniş və sayları olduqca çox olan çəyirtkə istilalarının ortaya çıxmasına 2018-ci ildə 3, 2019-cu ildə 2 dəfə təsir edib. Siklonlar artdıqca, istila halları da çoxalır.

Bu arada qeyd edək ki, Şərqi Afrikanı dəhşətə salan çəyirtkə sürüsü artıq sərhədlərini genişləndirərək Uqanda və Tanzaniyaya da yayılıb.

Görüyümüz adi çəyirtkə niyə insan üçün bu qədər qorxuncdur? Mütəxəssislər bildirir ki, bir gündə 150 kilometr yol qət edən çəyirtkə sürüsü belə böyük məsafədə, yolüstü qarşısına çıxan əkin sahələrini, bağları yeyib məhv etmək gücünə malikdir. Buna misal olaraq bildirilir ki, məsələn, 1 kvadratkilometr sahədə 40 milyondan 80 milyonadək çəyirtkə olur. Onlar sadəcə bir gün ərzində 35 min insanın gündəlik qidasını yeyə bilir.

Çəyirtkə sürülərinin insanlara gətirdiyi bəlalar barədə qədim mənbələrdə də qeyd olunur. Antik Misir dövlətində, Nil çayı vadisinin yaşıllıqlarını bir gündə yeyib məhv edən çəyirtkə istilaları barədə yazılıb. XIII-XIV əsrlərdə Kipr adasında çox dəhşətli çəyirtkə istilaları haqda mənbələrdə məlumatlara rast gəlinir. Hətta çəyirtkələrin o dövrdən XIX əsrin ikinci yarısınadək adaya ziyan vurduğu məlumdur. Təxminən 600 il ərzində Kipr adasına sahib olan dövlətlər – Yunan çarlıqları, Bizans imperiyası, ən son isə Osmanlı imperiyası orada çəyirtkələrlə mübarizə aparıblar. Məsələn, 1571-ci ildə Osmanlı imperiyasına daxil olan Kipr olduqca böyük çəyirtkə sürüsü tərəfindən istila olunur. İş o yerə çatır ki, 1577-ci ildə Osmanlı dövlətinin Kiprdəki valisi çəyirtkə istilalarını dayandırmaq üçün hər bir kəndliyə gündə bir torba çəyirtkə toplamağı əmr edir. 1700-cü illərdə də, adadakı Osmanlı rəhbərlər, qadın və uşaqlar da daxil olmaqla, hər bir kəsin üzərinə çəyirtkələrlə mübarizə aparmaq öhdəliyi qoyur.

Təxminən 105 il əvvəl – 1915-ci ildə Fələstin torpaqlarının da çəyirtkə sürülərinin əsarətində olduğu deyilir. Mənbələrə əsasən, məhz 1915-ci ildə Nil vadisi üzərindən uçaraq gələn milyonlarla çəyirtkədən ibarət sürü, qum dumanı kimi, Misirin Sinay yarımadasını zəbt edir. Amma o dövrdə yarımadanın quraq səhralarında doyunca yemək tapa bilməyən həşaratlar bir az da şimala yayılaraq indiki İsrail, Fələstin və İordaniyanın yerləşdiyi torpaqlara soxulur. Çəyirtkə sürüsü bu ərazidə təxminən 6 ay qalır və bu müddətdə bütün taxıl zəmilərini, qarğıdalı, paxla və soya əkinlərini, meyvə ağaclarını məhv edir, evlərin həyətlərindəki ağacların belə yarpaqlarını yeyərək insanları adicə kölgələnmədən məhrum edir. Nəticədə kütləvi aclıq başlayır, xeyli insan həlak olur, çox sayda ailə daha münbit yerlərə köçüb gedir...

Qeyd edək ki, I Dünya müharibəsi dövründə Balkan yarımadası, Anadolu yarımadası, Kipr adası, indiki İraq və Suriyanın şimal bölgələri davamlı olaraq çəyirtkələr tərəfindən zəbt olunub. Mütəxəssislər qeyd olunan coğrafi bölgənin bu formada istilalarını illərə görə beş hissəyə ayırırlar. 

1914-1918-ci illər, 1919-1923-cü illər, 1924-1930-cu illər, 1931-1938-ci illər və 1939-1945-ci illər arası çəyirtkə istilaları.

I və II Dünya müharibələrini özündə əxz etdirən bu yarıməsrlik dövr, onsuz da dünyada insanların aclıqdan və səfalətdən kütləvi şəkildə məhv olduğu zaman kimi yadda qalıb. Maraqlıdır ki, çəyirtkələr məhz belə vəziyyətdə sürülər şəklində yayılaraq taxıl, qarğıdalı və sair kimi əkin sahələrini, meyvə bağlarını tamamilə yeyib məhv edirlərmiş.  

2005-ci il aprelin sonunda Banqladeşdə də çəyirtkələrlə sözün əsl mənasında savaş baş verib. Çəyirtkə sürüsü ölkənin paytaxtı Dəkkə şəhəri ilə əsas liman olan Çittaqon arasında qalan bütün əraziləri tamamilə iflic etmişdi. İş o yerə çatıb ki, gecə yerə qonaraq istirahət edən çəyirtkələrin qəza törədəcəyini nəzərə alan, polisin də tövsiyyəsi ilə, Dəkkə ilə Çittaqon arasındakı 40 kilometrlik şossedə sürücülər avtomobillərin hərəkətini dayandırıb. Milyonlarla çəyirtkə səhər tezdən havaya qalxandan sonra maşınlar yola davam ediblər.

2006-cı ildə Niger dövlətinin əraziləri çəyirtkələr tərəfindən talan edilib. Vəziyyət o qədər ağır olub ki, ölkədə aclıq baş qaldırıb. Üstəlik, quraqlıqla üst-üstə düşən çəyirtkə istilasının fəsadları Nigerdə hər 4 uşaqdan 1-nin ölməsinə səbəb olub.

2013-cü il martın 5-də İsrail dövlətinin ərazisi çəyirtkələrin hücumuna məruz qalıb. Su qıtlığından əziyyət çəkən bu ölkənin yetişdirdiyi tarla və bağlar ciddi təhlükə ilə üzləşib. Təbii ki, müasir texnologiyadan yararlanan dövlət qabaqlayıcı tədbirlər görüb. O baxt İsrail radiosu belə bir anons vermişdi ki, çəyirtkə sürüsü 36 saat sonra İsrailə çatacaq və hamı əkinlərini dərmanlamaqla zərəri azaltmağa çalışmalıdır...

O günlərdə qonşu İordaniya da çəyirtkə sürüsündən qorunmaq üçün qabaqlayıcı tədbirlər görməyə başlamışdı. Hətta bu ölkədə xüsusi kəşfiyyat qrupu yaradılmışdı ki, zərər dəyən yerləri anında aşkarlayıb, tədbir görülməsi üçün hökumətə xəbər versin.

Qeyd edək ki, İsrail dövləti 9 il əvvəl – 2004-cü ildə də çəyirtkə istilasına uğramışdı.

2014-cü il sentyabrın 3-də ABŞ-da, belə demək mümkündürsə, insandan başqa hər şeyi yeyə bilən “Diestrammena asynamora” çəyirtkəsi ölkənin şərq ştatlarına yayılmışdı. “Peer J” jurnalında yayımlanan araşdırmanın sahibi, Şimali Karolina Universitetindən Mari Jan Epps, insanları sakitləşdirmək üçün deyirdi ki, sitat: ən yaxşı xəbər bu çəyirtkələrin insan əti yeməməsidir.

Maraqlıdır ki, bu çəyirtkə növləri ancaq Asiyada yaşayır və onların Amerikaya necə və nə vaxt getdiyi sirr olaraq qalıb. “Dəvə çəyirtkəsi” adlandırılan bu həşaratların hətta Amerikanın yerli çəyirtkə növlərini də yeyib məhv etməsi təhlükəsi yaranmışdı.

2018-ci il aprelin sonlarında Türkiyənin Şanlıurfa vilayətinin ərazisi çəyirtkə hücumuna məruz qalıb. Bir həftə ərzində əkin-biçinə müəyyən zərər dəysə də, dövlət işə qarışıb, dərmanlama və sair tədbirlərlə ziyanların həcmi azaldılıb.

2018-ci il fevralın 3-də Rusiyanın müəyyən əraziləri çəyirtkələr tərəfindən talan edilib. Rusiya rəsmiləri narahat idilər ki, çəyirtkələrin hücumu uzun çəkə bilər və nəticədə 14 iyun-15 iyul tarixlərində, ölkənin 11 şəhərində keçiriləcək futbol üzrə Dünya Çempionatına maneə yaranar. Axı əsas yarışların keçiriləcəyi Volqaqrad şəhəri bu həşaratların isğalı altındaydı. Ona görə də bütün stadionlar tamamilə dərmanlanaraq, dezinfeksiya olunmuşdu...

Bu yerdə xatırladaq ki, stadionlardakı yaşıl sahəyə vurğun olan çəyirtkələr, 2014-cü ildə keçirilən Dünya Çempionatı zamanı Marakana stadionunda baş tutan Kolombiya - Braziliya qarşılaşmasında futbolçu Ceymsi rahat buraxmayaraq mediada uzun zaman müzakirəyə səbəb olmuşdu.

2018-ci ilin avqustunda Qırğızıstanın Narın bölgəsinə hücum edən çəyirtkə sürüsü böyük fəsadlar törədib. Hətta bu səbəbdən vilayətdə fövqəladə vəziyyət elan olunub. Həşaratlar Narın bölgəsinin Ak-Tala, Atbaşı və Cumgal rayonlarına daha çox ziyan vurub.

Azərbaycanın qapı qonşusu olan İran, 2019-cu il aprelin ortalarında çəyirtkə  sürüsünün hücumuna məruz qalıb. Tehranlı mütəxəssislər bildirirdilər ki, İran son 40 ildə heç vaxt belə böyük çəyirtkə sürüsü görməyib. Ölkənin cənub-qərb, cənub və mərkəzə doğru bölgələrinə yayılan çəyirtkə sürüsü əkin-biçinə böyük miqdarda zərər vurub.

Cəmi üç ay əvvəl – 2019-cu ilin noyabrında Pakistan dövləti də çəyirtkə hücumları ilə üzləşib. Şahidlər o vaxt bildirirdilər ki, ölkənin cənubunda yerləşən Sinq əyalətinin, xüsusilə də Kəraçi şəhərinin səması bir anda qaralıb. Sakinlər əvvəlcə bunu yağış əlaməti olaraq fikirləşsələr də, az sonra milyonlarla çəyirtkənin havanı dəhşətə çevirdiyini hiss ediblər. İş o yerə çatıb ki, yerli hökumət sakinləri zərurət olmadıqca bayıra çıxmamağa, evlərin qapı-pəncərəsini isə bağlı saxlamağa çağırıb. Düzdür, insanlar öz tarlalarını, bağ-bağçalarını dərmanlamağa çalışıb, amma çəyirtkə sürüsü, xoşbəxtlikdən, bölgədə çox qalmayıb və təbii ki,  kənd təsərrüfatına da elə ciddi ziyan vurmayıb.

Başqa bir misal: 2019-cu il yanvarın ilk günlərində Səudiyyə Ərəbistanının bir çox şəhəri çəyirtkələr tərəfindən istila olunub. Məkkə şəhərində fəsadlar elə böyük idi ki, şəhər bələdiyyəsi xüsusi tədbirlər görməyə başlayıb. Yalnız Haramül Məscidin açıq sahələrini yerə tökülən çəyirtkələrdən təmizləmək üçün 138 təmizlik işçisi ayrılıb. Kəbənin yerləşdiyi Haramül Məsciddə tarixində ilk dəfə, tibbi təhlükəsizlik məqsədilə namaz qılınmayıb.

Ötən ilin may ayında Misir, Sudan və Eritreyada əkinləri yeyib-talayan çəyirtkə sürüsü, Qırmızı dəniz üzərindən yenidən Səudiyyə torpaqlarına soxularaq, Ciddə, Məkkə və Mədinə şəhərlərini tutublar.

2019-cu ilin may ayında Aralıq dənizinin Siciliyadan sonra ikinci ən böyük adası olan Sardiniyada son 60 ilin ən böyük çəyirtkə istilası baş verib. Məlumata görə, çəyirtkələr adada 2 min hektardan artıq tarlanı yeyib məhv etmişdilər. Hətta evlərə dolan çəyirtkələr isti hava şəraitində sürətlə artmağa başlamışdılar.

...Göründüyü kimi, çəyirtkə istilaları olduqca vahiməyaradıcı problemdir. Onların vurduğu maddi ziyanların həcmi yüz milyonlarla dollarla ölçülür, yaratdıqları aclıq isə milyonlarla insanı yalnız öldürmür, eyni zamanda xəstəliklərə, epidemiyalara qarşı həssaslaşdırır. Ona görə də həmin təhlükəni beşiyindəcə cilovlamaq üçün Şərqi Afrika ölkələrinə yardım etməlidir. Nəzərə alsaq ki, Avropa və Asiyanın mülayim qurşaqda yerləşən inkişaf etmiş ölkələri artıq yazın astanasındadırlar, sabah çəyirtkə sürülərinin istilasına məruz qalmayacaqlarına təminat verilmir...

Oxunma sayı
Sosial rubrikasından digər xəbərlər