“Korrupsioner icra başçıları düşünürlər ki, onların əməllərini görməzlər” – Azər Badamov

14:13 04.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Mayın 1-də ölkə başçısı İlham Əliyev respublikamızın yeni baş prokurorunu, Kamran Əliyevi videoformatda qəbul etdi. Prezident qəbul zamanı təzə Baş prokurora öz tapşırıq və tövsiyyələrini verdi. Ölkə rəhbəri son dövrlərdə rüşvətxorluqla bağlı aparılan mübarizəyə də toxundu.

Dövlət başçısı qeyd etdi ki, vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir: “Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir”.

Ölkədə ard-arda aparılan korrupsiya ilə mübarizə tədbirlərinə rəğmən yenə də başqa rüsvaedici faktlarla qarşılaşırıq. İcra başçıları, başqa vəzifəli şəxslər sui-istifadə hallarına görə həbs edilir. Saxlanılır.

Millət vəkili Azər Badamov hafta.az-a müsahibəsində görülən işlərdən danışıb.

Aparılan işlərin, görülən tədbirlərin fonunda hələ də xoşagəlməz halların olmasının səbəblərini dilə gətirib.

-Azər müəllim, Azərbaycanda rüşvətxorluğa qarşı mübarizə hansı səviyyədədir? Qaneedicidirmi?

-Ölkəmizdə rüşvətxorluğa qarşı mübarizə davamlı şəkildə aparılır. Bu bəla 10 illər ərzində qanımıza işləyib. Xəstənin canındakı xəstələyi iynənin ucu ilə hissə-hissə çıxarıldığı kimi, biz bu bəladan da hissə-hissə davamlı mübarizə tədbirləri aparmaqla xilas ola bilərik. Artıq rüşvətxorluğa qarşı mübarizə hansı səviyyəsində baş verməsindən asılı olmayaraq, bütün idarəetmə sistemini əhatə edir. Bu mübarizənin alternativi yoxdur. Biz qanunun aliliyi təmin olunan, insanların hüquq və azadlıqları təmin edilən dövlət qururuq. Hardasa bu prinsiplərə əməl olunmursa, onlar ciddi şəkildə cəzalandırılır. Rüşvətxorluğa qarşı mübarizənin əhatə dairəsi daha da genişləndirilməlidir. İcra olunan tədbirləri də ancaq alqışlamaq lazımdır.

-Əyalətlərdə bəzi icra strukturlarındakı özbaşınalıq və vəzifədən sui-istifadə hallarının kökündə nə dayanır?

-Tək əyalətlərdə deməzdim. Belə hallar bəzi mərkəzi və yerli icra strukturlarında da mövcuddur. Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluq yanında Korropsiyaya qarşı Mübarizə İdarəsinin birgə apardığı əməliyyatlar da bunu deməyimizə imkan verir. Təbii ki, özbaşınalıq və vəzifədən sui-istifadə hallarının kökündə vəzifəyə təyin olunmuş bəzi şəxslərin öz işinə qazanc mənbəyi kimi baxması dayanır. Son vaxtlar bir çox hallarda kim kresloda oturubsa, o özünü o kreslonun sahibi kimi hiss edir. Belələrinin məqsədi rüşvətxorluq və korropsiya prinsipini əsas tutaraq ancaq özünün varlanmasına xidmət etmək olur. Amma dövlət başçısı deyir ki, mən xalqın xidmətçisiyəm. Bunlar isə dövlət başçısının dediklərindən nəticə çıxarmaq istəmir. Kimlər nəticə çıxarmır, düz yola qayıtmırsa çox ciddi cəzalandırılır.

- Prezidentin tapşırıqları əsasında aidiyyatı orqanların rüşvətxorluqla mübarizəsini necə qiymətləndirirsiniz?

-Çox yüksək dəyərləndiririrəm. Prezdent bu mübarizənin sona qədər aparılmasında israrlıdır. Kimlər özlərinin fəaliyyətlərində düzəliş edə bilmirsə, vaxtında ərizəsini yazıb işdən uzaqlaşsın. Əks halda, müvafiq qurumlar onların da yanına gələcək və bütün “qazandıqları” əllərindən alınacaq. Nəticədə belələri ciddi cəzalandıracaqlar.

- Son aylarda bir neçə icra başçısının məsuliyyətə cəlb olunması onu deməyə əsas verir ki, bəzi yerli icra orqanları dövlətin bu sahədə ələ aldığı və gördüyü işləri ciddiyə almır. Necə düşünürsünüz, rüşvətxorluğa qarşı mübarizə daha da sərtləşdirilə bilərmi?

-Mən başa düşmürəm ki, insan nə qədər vicdansız və həyasız olmalıdır ki, hər gün dövlət başçısı tapşırıq verir, gündə birisi tutulur, cəzalandırılır amma bundan nəticə çıxarmır. Yəqin ki, rüşvətxor, korrupsioner icra başçıları düşünürlər ki, onların əməllərini görməzlər və cəzalandırılmış şəxslərlə bu prosses başa çatar. Təssüflər olsun ki, onlar bilmirlər ki, heç özlərinin xəbəri olmadan fəaliyyətləri araşdırılır və bir gün özünə də gəlib çıxacaq. Düşünürəm ki, icra olunan rüşvətxorluğa qarşı mübarizə və antikorrupsiya əməliyyatları daha da genişləndirilməlidir və cəzalar daha da sərtləşdirilməlidir. Burada məqsəd ədalətli, təmiz dövlət və cəmiyyət qurmaqdır.

- Azər müəllim, prokurorluq orqanlarında kadr islahatları rüşfətxorluğa qarşı mübarizədə hansı effektiv nəticələri verə bilər?

- Prokrurluq orqanları rüşvətxorluğa qarşı mübarizədə öndədir və yeni Baş prorurun rəhbərliyi altında bu orqanda ciddi islahatlar aparılacaq. Dövlət başçısının da Baş prokrura əsas tapşırığı bu istiqamətədədir. Prokrurluq orqanları Vətəni, dövləti sevən, vicdanı təmiz və savadlı kadrlarla təmin olunmalıdır. Məhz belə olan halda qərarlar daha ədalətli qəbul edilər. Eyni zamanda, korropsiyaya qarşı mübarizədə daha effektiv nəticələr əldə etmək olar. Düşünürəm ki, yeni Baş prokrurun rəhbərliyi altında prokrurluq orqanlarında islahatlar uğurla aparılacaq və bu orqan xalqın ən çox sevgi və etimad göstərdiyi dövlət qurumuna çevriləcək.

Oxunma sayı 764