Laçın... indi Şəhidlər Xiyabanı bambaşqadır - Reportaj

15:38 01.12.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

1 Dekabr 2020 il...Şəhidlər Xiayabanında böyük bir izdiham yaşanır.  Laçınlılar, Azərbaycan, torpaqlarının işğaldan azad olunmasını Şəhidlərlə qeyd edir. İnsanlar axın-axın Şəhidlər Xiyabanına gəlir, burda uyuyan əsgərlərin ruhuna dualar oxuyur,  Allaha min dəfə şükür edirlər. Şükr edirlər ki, Azərbaycan torpaqları Azaddır.

... hava tutqundur,  narın yağış da yağır. Bu gün o yağış, o soyuq, o insan izdihamı, o yol, o gediş də bir başqadır. Payızın sarı yarpaqlı ağacları, səkinin kənarlarından, boylanan zərif otlar da bir başqadır. Sanki bu dəfə Şəhidlər Xiyabanı, ruhlar pişvazına çıxıb vətənin... Bu dəfə başıbükük qərənfillər də, əllərimizdə, çiyinlərimizdə apardığımız üçrəngli bayrağa baxaraq, fəxr edir, təbəssüm edirlər...Vətən Müharibəsinin qalibiyyət gününə, şəhidlərimizə çələng hörürlər.

“Kövrəlir, dodaqları əsir, danışa bilmir”

Şəhidlər Xiyabanında çox yavaş addımlayan Laçınlı ağsaqqala yaxınlaşıram. Ağsaqqal çox asta yeriyir. Həyacandan, sevincdən dodaqları əsir, ağlayır. Oğlu əlindən tutub, atasına hey gözaydınlığı verir, ağlama deyir.... Əlindən bərk-bərk tutub. Ağsaqqalın bütün ailəsi yanındadır. O xəstə halı ilə bu gün evdə qalmaq istəməyib. Gedim Laçınımda döyüşən əsgərlərə gözaydınlığı verim, deyib. Bu günə şükr etmək üçün, Laçının ətrini Laçında, o torpaqlarda döyüşən oğullardan almaq üçün gəlib Xiyabana. Vətənin igid oğulları ilə fəxr duyduğunu demək, göz aydınlığı vermək üçün gəlib...

 “Dayı, gözün aydın, Laçın azaddır”- deyib, ona yaxınlaşıram. Kövrəlir, dodaqları əsir, danışa bilmir. Ağsaqqal Laçınınn Quşçular kəndindən,  75-80 yaşlarında olan Saday Rəhimovdur.

“Mən Laçınımı azad görmək istəyirəm, Laçına getmək istəyirəm. İstəyirəm Laçına gedim, gedim orda ölüm. Allah imkan versin, dedib, atamn qəbrimi ziyarət edim. İstəyirəm Laçın alınsın, abadlaşsın, uşaqlarım vətənə qayıtsın. Allah mənə qismət eləsin, gedib atamın qəbiri görüm.  Allah şəhidlərimizə rəhmət eləsin”- deyir, ağsaqqal laçınlı…

Doğmaları, hey onu sakitləşdirir, “Laçın azaddır, ağlama, ölümdən danışma, gedəcəyik vətənə!.. deyirlər…

“Bu torpaq Şəhidlərimizin qanı bahasına alınıb”

Şəhidlər Xiyabanında əlində bayraqlar tutan hərbi geyimli bir gənclə söhbətləşdim. Xiyabana gələn insanlar onunla şəkil çəkdirməyə can atır, qucaqlayır öpürdülər. O bir əsgər, Laçın rayonundan olan Emin Qəmbərli idi. Onun təəssüratları gözəldir, xoşbəxtdir:

“Bu gün çox xoşbəxtəm. Torpaqarımız alındı. Allah Prezidentimizin canını sağ eləsin.  1992-ci ildə könülü döyüşə gedən bütün veteranların, Vətən Müharibəsində döyüşən bütün əsgərlərimizin qarşısında baş əyirəm. Şəhidlərə rəhmət, qazilərə cansağlığı arzu edirəm. Onlar bizim fəxrimizdir. Bu torpaq şəhidlərimizin qanı bahasına alınıb”.

...Torpaqları azad olunan, ruhların azadlığına, cisminə qovuşduğu bu günlər azad edilən torpaqlarımızda ucalan bayraqların əzəməti, möhtəşəmliyi, sevgisi bir başqadır. Şəhidlər Xiyabanı tariximizə yazılan qanlı 20 yanvarı, 1992-ci ilin 1-ci Qarabağ döyüşlərində düşmənə qarşı vuruşan, canını qurban verən vətən oğullarının, qazilərinin Vətən Uğrunda savaşan qəhrəmanların VƏTƏN abidəsidir.

“Torpağımızı tapdaq altından azad edib, bu ləkəni üstümüzdən sildik.”

...Xiyabanda əbədi məşəlin ətrafinda yüzlərlə insan var. Əllərində Azərbaycan, Türkiyə bayrağı, Ali Baş Komandanın şəkli olan böyük lovhələr tutublar. O məkanda vüqarla dayanmış qolu sarıqlı bir əsgər diqqətimi çəkir. İnsanlar onunla şəkil çəkdirmk üçün növbəyə durublar. Bu əsgər kimdir, Laçının işğaldan azad edildiyi belə bir gündə onun da düşüncələrini bilmək istəyirəm...

O, Vətən Müharibəsi iştirakçısı, Xocalı istiqamətində yaralanan Qazi Hüseyn Süleymanovdur.  Vətən Müharibəsində iştirak etdiyinə görə qürur, fəxarət hissi keçirdiyini deyir. Hüseyn deyir ki, bir əsgər olaraq millətin sındırılan qürurunu geri qaytardılar və buna görə xoşbəxtdir.

“Füzuli rayonundan Xocalıya qədər döyüşdə iştirak etdim. Xocalıda yaralandım. Biz illərdir millətin üzərinə olan ləkəni təmizləmişik, vətən borcumuzu yerinə yetirmişik.

Mən fəxr edirəm ki, bu qələbə sevincini millətimizə bəxş edə bildik. Torpağımızı tapdaq altından azad edib, bu ləkəni üstümüzdən sildik. Arzu edirəm ki, laçınlılar da qaçqınlıq  vəsiqəsini götürüb tullasınlar. Onun istifadə müddəti bitdi.  Eşq olsun Azərbaycan xalqına, daim ordunun əsgərin yanındadır”.

Məşəlin yaxınlığında görüşüb bir-biri ilə söhbətləşən, xatirələrini bölüşən bir qrup hərbi və mülki geyimli igidlər dayanıb. Onlardan bir neçəsinin sinəsini bəzəyən medallar diqətimi çəkir, onlara yaxınlaşıram...

“Namusumuz, qeyrətimiz özümüzə qayıtdı”

1-ci Qarabağ döyüşçüsü Qəmbər Cəfərov, 701-ci hərbi hissədə komandir kimi, 1991-95-ci illərə döyüş bölgələrində olub.

“Bu gün Azərbaycan xalqının ad günüdür. Son 200 ildə Azərbaycan belə bir qələbə çalmamışdı. Allah bütün əsgər –zabitlərimizin canını sağ eləsin, biz şəhidlərimizin qarşısında baş əyirik. Ruhları şad olsun. Şəhidlərimizin bundan sonra ruhu şad olacaq.  Əsas odur ki, namusumuz, qeyrətimiz özümüzə qayıtdı”.

“1992-93-cü illərdə  xüsusi təyinatlı  olaraq bütün bölgələrdə döyüşmüşəm”

Sinəsi ulduzlarla dolu olan xüsusi təyinatlı Vaqif Yusifov dedi ki, bu gün bizim namusumuzun təmizləndiyi gündür. Bu gün şəhidlərimizin ruhu şad oldu.

“Bu gün çox gözəl gündür.  Bu şəhidlərin uğrunda döyüşüdüyü torpaqlar, gördüyü işlər öz tamamına çatdı. Şükürlər olsun bu günə. 1992-93-cü illərdə  xüsusi təyinatlı  olaraq bütün bölgələrdə döyüşmüşəm”.

“O Xiyabanda yağan yağış ağlayırdı, çıxan günəş yandırırdı sinəmizi...”

...İllərdir Ali baş komandanın əmrini gözləyirdi igidlərimiz. Hər dəfə deyirdilər ki, gün o gün olsun ki, reportajlarınızı Laçın dağlarında aparıb, qalib əsgərlərlə söhbət edəsiniz. Döyüşən əsgərlər, şəhid anaları, ataları, bacıları, övladları Qələbəyə inanaraq gəlirdi, Şəhidlər Xiyabanına. Elə bilirdilər, elə bilirdik ki, qəhrəmanların ruhları bizdən küsüb. Bizə “niyə gəlirsən bura, niyə bu qədər cəsarətsizsən, torpağını azad et, onu qoru, yalandan ağlama, dərdlənmə, əlinə silah götür”- deyirdilər.

28 il idi ki, O Xiyabanda yağan yağış ağlayırdı, çıxan günəş yandırırdı sinəmizi... Bu gün isə həyat başqadır, Xiyabanın əbədi məşəli,  bayrağı vüqarla alovlanır, dalğalanır. Bu dəfə Şəhidlər Xiyabanının illərdir davam edən, öz hüznü, sakitliyi, küskünlüyü yox oldu. Qəbirlərin kənarlarında əkilmiş qızıl güllər də orda bir gülüstan yaradır.

28 ildir qan ağlayan qazilərə, Şəhidlər Xiyabanına məhz öz dostlarından üzürxahlıq etməyə və torpaqları işğaldan azad etməyə hazır olduqlarını söyləməyə, üzr diləməyə, and içməyə gələn bu əsgərlərin sevincini, xoşbəxtliyini təsəvvür etmək olar.

Qazilər deyirdilər ki, xiyabanda açan o yaz gülləri bu yeri cənnət kimi göstərsə də, onların cənnəti deyil, o vaxta qədər ki, torpaqlar işğal altındadır, o vaxta qədər ki, əsir düşən qız-gəlinlərin qisası alınmayıb, o vaxta qədər ki, Xocalının, Laçının qanı alınmayıb... Bu gün isə deyirlər ki, Yerin Cənnətdir Şəhidim.

Qazilər, insanlarımız, bu millət cismindən ayrılan ruhunun qayıtdığını deyirlər. Qazilərin Ali Baş Komandanın əmri olsun biz şərəflə, döyüşə-döyüşə torpaqlarımızı azad edək və gedib orada bayrağımızı şərəflə dalğalandıraq”- Arzusu gerçəkləşdi. Allah nəsib elədi ki, bu gün Qələbə günlərimiz qeyd ediləcək.

“Allah Ali Baş komandanımızı qorusun, ordumuza eşq olsun!”

Xiyabanı ziyarətə gələn bu döyüşçünün üzündə sevinc, qamətində vüqar görürəm.

 “Ehtiyatda olan kapitan Vəliyev”. Xiyabanda vüqarla şəhidlərin önü ilə irəliləyən hərbi geyimli keçmiş döyüşçü özünü belə təqdim edir.  Deyir ki, Laçın rayonundandır.

“Bu gün şükr ki, torpaq azad olundu. Biz də könüllü olaraq 30 nəfər heyətlə bu döyüşə də getdik. Laçın rayonu istiqamətində ordumuza mənəvi dəstək olduq”... Kənardan balaca uşaqların  “Şəhidlər ölməz vətən bölünməz”, “Qarabağ Azərbaycandır”- səsləri eşidilir...

Vəliyev sanki o səsə səs verərək, bu gün sevinclərinin həddi-hüdudunun olmadığını deyir.

“Allah Ali Baş komandanımızı qorusun, ordumuza eşq olsun!.Allah Şəhidlərimizə rəhmət eləsin. Onların ruhları qarşısında baş əyirik”.

Vətənin hər üzü var. Onun qəzəbini, üsyanını, sevgisini gördük, yaşadıq. Allah bu millətə bir daha vətənsizlik yaşatmasın”- sözləri də var insanlarn dualarında.

Şəhidləri ziyarətə gələn laçınlı Tural Məmmədov deyir ki, Laçın işğal olunanda hələ 6 yaşı olub. Amma onun da öz yaşına uyğun müəyyən xatirələri var. O, 28 ildən sonra Laçının azad olunmasını böyük xoşbəxtlik hesab edir.  Deyir ki, Laçının, bütövlükdə Azərbaycanın şərəfi özünə qayıtdı.

Laçınlı jurnalist Arzu Zeynallı deyir ki, bu gün Şəhidlərə gəlişi bir başqadır. Arzu deyir ki, Şəhidlərin hər biri Vətən torpağımın bir hisəsidir. Orda Laçın da var, Kəlbəcər də var, Ağdam da, Zəngilan da, Qubadlı da, Xocalı, Xankəndi, Şuşa da var. Orda bütöv Azərbaycan var. Şəhidlər bu gün Azərbaycanın azadlığıni özünə qaytaran, namusunu, şərəfini qoruyan müqəddəslərimizdir.

“Bu gün hər şey başqadır, bu gün soyuq yağış da Şəhidlərin nuru kimi gözəldir. Ruhunuz şad olsun, əziz qardaş, bacılarım. Qarşınızda baş əyirəm. Sizi doğan anaların qarşısında baş əyirəm. Biz sizinlə varıq”.

Şəhidləri ziyarətə gələn insanlara yaxınlaşıram... Bəzən onların bu bayram sevincini bölməyə də ürək etmirəm.

Budur, Laçın rayonunun Alxaslı kəndindən olan Sənan Məmmədov deyir ki, orta məktəbi bitirəndən sonra hərbi xidmətə Çexslovakiyaya gedib, orada artilleriyada xidmət edib, tank komandiri olub. 90-cı ildə 20 yanvar hadisələrində Azərbaycana qayıdıb. 90-cı ildən torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Könüllü dəstələrdə, sonra hərbi polisə keçib. Polis rəisi Akif Səlimovla bir yerdə Laçında, Kəlbəcərdə, Füzuli rayonunun Cocuqmərcanlı kəndində, Kənd Horadizdə, Lələtəpə postlarında ağır döyüşlərdə iştirak edib:

“Bu gün mənim burda əzizlərim yatır. Mənim bir qardaşım 1992-ci ilin oktyabr ayının 11-də Laçında şəhid olub. Hamısı mənim üçün doğmadır. Mən millətimi sevmişəm, indi də sevirəm. O vaxt bir cavan kimi, bu gün orta yaşlı şəxs kimi. Bu gün şəhidlərimizə deyirəm ki, gözünüz aydın, torpaqlarımızı azad elədik. Şəhidlərimizin ruhu rahat olacaq”.

Ehtiyatda olan zabit, 2-ci qup müharibə əlili, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev  qeyd etdi ki, Şəhidlərin ziyarətinə utana-utana qısıla-qısıla gəlirdik. Artıq torpaqlarımızı işğaldan azad etdik. Qüdrətli Azərbaycanın Ordusu öz sözünü dedi. Hamımız Cənab Prezdentin əmrinə müntəzirik, onun sadiq əsgərləriyik. Biz ancaq müharibə yolu ilə torpqlarımızı azad edə bilərdiik. Müharibə istəmək, kimlərəsə qəribə görünə bilər. Amma nə edək ki, mənfur qonşularmız bizə başqa yol qoymadı. Onların başı əzilməsə rahatlanan deyildilər. Bunlar gəlmə olsalar da, artıq bizi gəlmə düzəldirlər. Bunları öz dillərində başa salmaq lazım idi. O gün gəldi. Artıq Azərbaycan əsgəri vətənin şərəfini, ləyaqətini özünə qaytardı. Ali Baş Komandana sonsuz minnətdarıq və hər zaman onun əsgəriyik. Allah şəhidlətimizə rəhmət eləsin. İndi onlar da sevinir. Daha Şəhidlər Xiyabanına gələndə utanmayacağıq”.

Bu günlər Şəhidlər Xiyabanına bir dua axını var. Hamının gözlərində yaş, üzlərində təbəssüm, dodaqlarında titrəyiş  pıçıldıyır, düşünür:  “Şükr allaha torpaqlarımız azad olundu”, Şükr Allaha uğrunda canını qurban verən oğulların ruhu şaddır”, Şükr Allaha, Azərbycan azaddır, bayrağı ucalardadır”. Şükr Allaha daha Şəhidlər Xiyabanı bizim qürur ocağımız, fəxarət hissi ilə ziyarət edəcəyimiz bir abidə kimi bizi qarşılayacaq”, Şükr Allaha Şəhidlərin ruhu, daha başını aşağı dikib, bizə baxanda küçkün-küskün dayanmayacaq”,  “Şükr Allaha vətən bizə, biz vətənə qovuşduq”. ”Şükr allaha bu millət yenidən doğuldu, şərəfləndi”, “Şükr Allaha, min kərə şükr!..

Şükr dolu dualarla Xiyavana gedən insan axını arasında, “Qarabağ Azərbaycandır!” “Vətən bölünməz”, -şüarlarını eşidirdik. Artıq bu şüarları dillərində əzbər edən balaca uşaqlarda böyük vətən böyüyür. Bu vətən basılmaz. Bu vətən düşmndən qorunmağı bacaracaq. Yeni tarixini yazacaq.

Ər oğulların can parçalarına qarışan,  şəhid, qazi qanı ilə yoğrulub  kərpicləşən ana torpağım!..  Tarixinin divarından düşən hər daşının  yeri,  O  Vətən Daşı ilə  hörülən, bütövləşən Azərbaycanım, Mübarəksən!

Oxunma sayı 2887