Lənkəranda 7 günlük körpə küçəyə atıldı - Günün təzadları

18:20 04.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Lənkəran rayonunun Liman şəhərində 7 günlük körpə karton qutuda küçəyə atıldı. Hafta.az-ın yazdığına görə,  balaca qız uşağı hazırda həkimlərin nəzarəti altındadır. Yeddigünlük balaca Lənkəran rayonu, Liman şəhəri, Mirzə Ələkbər Sabir küçəsində atılmış vəziyyətdə tapılıb. Səhər saatlarında heyvanlarını örüşə aparmaq üçün evdən çıxan Camal Kazımov dəmir yol xəttinin yaxınlığındakı yaşayış olmayan həyətin qarşısında bağlama görüb. Evdə yaşayış olmadığını bildiyi üçün qapı ağzına qoyulan karton qutu onun diqqətini çəkib. Qutunu açanda isə çaş-baş qalıb.

Körpəni evə gətirən Camal Kazımov atılmış uşaqla bağlı Daxili İşlər Nazirliyinin "102" zəng xidmətinə məlumat verib. Bundan sonra körpə polis əməkdaşlarının iştirakı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təhvil verilib.

Xəstəxanadan körpənin bir həftə əvvəl doğulan qız uşağı olduğu bildirilib. Həkimlər tərəfindən körpənin vizual müayinəsi aparılıb və vəziyyəti orta-ağır qiymətləndirilib. Xəstəxanaya daxil olanda temperaturu aşağı olduğundan o, küvezə yerləşdirilib.

Hazırda körpənin temperaturu normallaşıb. İlkin müayinələr zamanı körpədə hər hansı bir travma aşkar edilməyib.

Polis hazırda həmin uşağın valideynlərini axtarır.

 

Pulunu istəməyə getdi – canından oldu

Türkiyənin Bursa şəhərində pul məsələsinə görə baş verən silahlı insidentin dəhşətli görüntüləri yayıldı.  Hafta.az-ın “Hürriyyət”ə  istinadla yaydığı məlumata görə, sözügedən hadisə zamanı 53 yaşlı Aydın Aktaş ölüb, başqa iki nəfər isə yaralanıb.

Bildirilir ki, Aydın Aktaş borcunu istəmək üçün Murat Beranın iş yerinə gedib. Burada mübahisə düşüb. İşçilər araya girərək onları birtəhər ayırıb.

Ertəsi gün A.Aktaş oğlu Kaan və onun altı dostu ilə birlikdə yenə M.Beranın iş yerinə gedib. Davaya qarışan M.Beranın oğlu Kadir ilə kürəkəni Çingiz Beran qarşı tərəfə silah çəkiblər. Nəticədə, A.Aktaş ölüb, oğlu Kaan Aktaş və oğlunun dostu Yusuf Gökçe isə yaralanıblar.

Hadisə ötən il baş versə də, bununla bağlı görüntülər mayın 4-də yayımlanıb.

Cinayətkarlar saxlanılıb. Onlara qarşı cinayət işi açılıb. Təqsirləndirilən şəxslər üçün ömürlük həbs cəzası istənilib.

 

Salyanda 2 azyaşlı qardaş  su arxına düşüb boğuldu

Salyanda 2 azyaşlı qardaş su  arxında boğuldu. Hafta.az xəbər verir ki,  hadisə Salyan rayonunun Peyk kəndi ərazisində qeydə alınıb. Valideyin nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Nahid Rahin oğlu İsmayılov və qardaşı 2017-ci il təvəllüdlü Nail Rahin oğlu İsmayılov evlərinin yaxınlığından keçən su arxına düşərək boğulublar. Faktla bağlı araşdırma aparılır.

 

Türkiyənin Samsun şəhərini qoyun qoxusu bürüdü

Sosial şəbəkələrdə Türkiyənin Samsun şəhərinin koronavirus pandemiyası nəticəsində boş qalmış küçələrinə doluşmuş qoyun  sürülərini əks etdirən video yayıldı.  Hafta.az  xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.   Video "Tvitter" səhifəsində “Middle East Eye”-nin müxbiri Ragip Soylu tərəfindən yayımlanıb. "Koronavirus karantini zamanı Samsun şəhərini qoyun qoxusu bürüyüb",  - deyə Soylu yazır. Videoda şəhərin küçələrindən nə qədər qoyunun keçdiyi, qoyunların bir hissəsinin yaşıllıq sahələrində dincəldiyi göstərilir.

 

 

Yupiterdən 3 dəfə ağır planet kəşf edildi

Astronomların kəşf etdiyi “Kepler-88d” planetinin Yupiterdən üç dəfə çox çəkiyə malik olduğu bilindi. Hafta.az-ın yazdığına görə, “The Astronomical Journal” xəbər verir ki, “kosmik pəhləvan”ı Yer kürəsindən 1 243 işıq ili ayırır.

Planet Kepler-88 sistemində yerləşir. Qeyd etmək lazımdır ki, alimlər bu planeti kəşf etmək üçün altı il zaman sərf ediblər.

Oxunma sayı 160