Magistratura pilləsində təhsil almaq istəyənlər bu qaydada ixtisas seçimi edəcəklər- DİM-dən açıqlama

12:05 26.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Magistratura imtahanın cavabları dünən açıqlandı. Magistratura pilləsində təhsillərini davam etdirmək istəyənləri narahat edən məsələ ikinci turun ləğvindən sonra qəbul prosesi necə aparılacağıdır.

Hafta.az Dövlət İmtahan Mərkəzininin(DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə ilə əlaqə saxlayıb. O bildirib ki, imtahanda iştirakı nəzərdə tutulan 15738 bakalavrdan 183 nəfəri imtahana gəlməyib, 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub, imtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal olub:

"Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Bakalavrlar 2020-ci ilin iyunun 8-dən 18-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun proqramı və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından “məqbul” alanlar ixtisaslaşma seçiminə buraxılırlar".

Qeyd edək ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına 26-27 fevral 2020-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya komissiyası DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Sosial rubrikasından digər xəbərlər