Maliyyə yardımından məhrum edilmiş qəzetin baş redaktoru Prezidentə müraciət etdi

15:25 17.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“The Business Times” qəzetinin baş redaktoru Nəzirə Nurullayeva redaksiyanın kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Hafta.az müraciətin mətnini olduğu kimi təqdim edir:

"Möhtərəm Prezident!

Milli Mətbuatımız 145 yaşını qeyd etdi. Yarandığı gündən indiyədək cəmiyyətin aynası olmuş, sosial-mədəni, iqtisadi-siyasi sahəyə birbaşa təsir qüvvəsinə malik olmuş Azərbaycan mətbuatının keçdiyi tarixi yolun şərəf və ləyaqət yolu olduğu heç kimdə şübhə doğurmur.

26 illik jurnalist fəaliyyətimin 10 ili “Yeni Azərbaycan” qəzeti ilə bağlı olub. Bu illər ərzində ulu öndərimiz Heydər Əliyevin keçirdiyi görüşlərdəki iştirakım və Ümummilli Liderimizi müşaiyət etdiyim xarici səfərlərdə əldə etdiyim təcrübə idi ki, 2005-ci ildən “The Business Times” qəzetinin yaratdım. Və qürur duyuram ki, həmin ildən bəri fasiləsiz fəaliyyət göstərən “The Business Times” qəzetinin də milli mətbuatımızın şərəfli yolunda izi olub. Nəşr olunduğu ilk illərdən ictimai rəyə təsir etmə gücünə malik olmuş “The Business Times” qəzeti 15 illik fəaliyyət dönəmində daim dövlətçiliyin qorunmasına xidmət etmiş, ölkənin ictimai-siyasi həyatında sağlam fikir formalaşdırmağı bacarmış və böyük oxucu ordusu qazanmışdır.

Son dövrlər onlayn media və sosial şəbəkələrin fəallaşması çap mediasını sıxışdırmağa başlaması bütün dünyada olduğu kimi Azərbaycanda da hissediləcək səviyyəyə qalxıb. Bu dönəmdə Sizin sərəncamınızla yaradılmış KİVDF-nin konsepsiyasına əsasən maliyyələşdirmə layihələrində dəfələrlə iştirak etmiş və dövlətimizin ayırdığı maliyyə vəsaiti ilə 2011-ci ildən 2020-ci ilin birinci yarısınadək redaksiyanın maddi-texniki bazasının yaxşılaşdırılması üçün müvafiq işlər görmüşük. Belə ki, qəzetin iki dildə onlayn versiyasını yaratmış, Azərbaycan və rusdilli oxucuların dəyər verdiyi bir informasiya vasitəsinə çevrilməyi bacarmışıq.

Əlbəttə, dövlət tərəfindən göstərilmiş maliyyə yardımları olmasaydı, yəqin ki, bir çox qəzetlər nəşrini dayandırmalı olacaqdı. Bu isə həmin redaksiyalarda işləyən yüzlərlə işçinin işsiz qalması deməkdir. Sizin mətbuata göstərdiyiniz qayğı və diqqətiniz sayəsində çap mətbuatına yeni nəfəs verildi və mətbuatda işsizlik problemini həll etmək üçün müsbət addımlar atıldı.

Möhtərəm Prezident!

Ötən ay KİVDF-nin 2020-ci ilin ikinci yarısı üçün nəzərdə tutulmuş maliyyə yardımı layihələrinin qiymətləndirilməsinin nəticələrinə görə, "The Business Times" qəzeti cari ilin 2-ci yarım illiyində maliyyə yardımından məhrum edilmişdir.

Azərbaycan Milli Mətbuatmızın 145 illiyi ərəfəsində dövlət maliyyəsindən məhrum edilməyimiz kollektivimiz üçün çox üzücü xəbər idi. Ailələrinin maddi təminatını yalnız bu qəzetdən gözləyən əməkdaşlarımız bu gün çaşqınlıq içərisindədirlər.

Cəmiyyətin hər bir nümayəndəsinin, xüsusilə də mətbuat işçilərinin sosial-məişət problemlərinə qayğı və şəfqətlə yanaşan bir dövlət başçısı kimi bu ağır günlərimizdə bizə dəstək olmağınızı xahiş edirik. “The Business Times” qəzetinin çap variantda fəaliyyətini davam etdirməsi üçün uyğun formada dəstək verilməsinə göstəriş vermənizi rica edirik. Əminik ki, kollektivimiz adından ünvanladığım bu müraciət Sizin uzaqgörən siyasət və humanist yanaşmanız sayəsində yaxın günlərdə öz müsbət həllini tapacaq.

Əvvəlcədən təşəkkür edirik".

Oxunma sayı 2454
Media rubrikasından digər xəbərlər