Mediamız 2019-cu ili necə başa vurur - Sorğu

19:15 30.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

2019-cu il də arxada qaldı. Yola saldığımız ili mediamız üçün uğurlu adlandıran da var, qənaətbəxş sayan da. Amma ən yaxşısını media kapitanları bilir. Üzümüzü baş redaktorlara tutub “yola saldığımız ili mediamız üçün uğurlu sayırsınızmı?” sualını ünvanladıq. Cavabları müxtəlif oldu.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev hafta.az-a açıqlamasında bildirdi ki, bu gün Azərbaycan mediası həqiqətən də demokratik formada fəaliyyət göstərir. Demokratik dövlətdə demoktarik qanunlarla fəaliyyətini davam etdirir: “Bu gün Azərbaycan mediası kifayət qədər böyük missiya yerinə yetirir. Ümumiyyətlə, bu gün media dövlətlə cəmiyyət arasında olan münasibətlərin sağlamlaşması yönündə də böyük işlər görür. Həqiqətən də milli mətbuat özündə milliliyi əks etdirməlidir. Vətəndaşların milli həmrəyliyi uğrunda mübarizə aparmalıdır. Milli həmrəylik uğrunda sağlam mövqedə dayanmalıdır. Ümumi dövlət və dövlətçilik məsələlərində təkcə mətbuat kimi çıxış etməməlidir. Eyni zamanda, hesab edirəm ki, öz milliliyini ortaya qoymalıdır. Bu işə öz töhfəsini verməyi bacarmalıdır. Düşünürəm ki, Azərbaycan mətbuatı 2019-cu ildə də bu baxımdan böyük iş görüb”.

Baş redaktorun sözlərinə görə, 2019-cu il ölkəmiz üçün islahat ili olaraq yadda qaldı. Struktur və kadr  islahatları, nəzarət mexanizmdə və bir çox istiqamətlərdə baş verən dəyişikliklər mətbuatda geniş işıqlandırıldı: “Hüquq və ədliyyə sistemindəki dəyişikliklər də mətbuatda geniş yer aldı. Parlament və bələdiyyə seçkiləri 2019-cu ildə mətbuatın əsas mövzularından oldu. Bu mövzuda da sağlam informasiyaların ötürülməsində mətbuat sözün əsl mənasında milliliyini ortaya qoya bildi. Düşünürəm ki, 2019-cu il Azərbaycan mətbuatı üçün ən yadda qalan illərdən biri oldu. Həm dövlət, həm də hakimiyyətlə birgə əməkdaşlığının təzahürü kimi yadda qaldı. Hesab edirəm ki, bu ili uğurlu oldu. Fürsətdən istifadə edib bütün mətbuat işçilərini təbrik edirəm. Azərbaycan xalqını təbrik edirəm. Dövlətimiz güclü olsun. Xalqımız firəvan yaşasın. Mətbuat da öz dövlətinin, xalqının yanında olsun. Aparılan işlərə pozitiv yanaşa, vətəndaşlıq mövqeyini ortaya qoya bilsin. Dövlətçiliyimizin gücləndirilməsində böyük işlər görən Cənab Prezidenti təbrik edirəm”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə bildirdi ki, Azərbaycan mətbuatı ücün 2019-cu il yazılı mətbuatın öz varlığını qoruyub saxlamağı, yeni medianın sürətli inkişafı ilə yadda qaldı: “Demək olar ki, hər gün internetdə yeni saytlar, informasiya portalları, internet televiziyası ilə qarşılaşdıq. Fəaliyyətini dayandırmış jurnalist təşkilatları, informasiya orqanları yenidən fəaliyyətlərini bərpa etdilər. Medianın inkişafı ücün mühit əvvəlki illərdən fərqlənmədi. Medianın müstəqil inkişafı ücün başlıca şərt reklam gəlirləridir ki, bu barədə nikbin fikir söyləmək olmur. Cap mətbuatı ücün gərəkli olan pərakəndə satış imkanları da problem olaraq qaldı. İnşallah arzu edirik ki Azərbaycan jurnalistləri bu gün zəif olan hımrəyliklərini daha da möhkəmləndirəcək və növbəti ilə uğurlu addımlarla daxil olacaq.Ölkədə həyata kecirilən islahatlar mətbuatımızı da əhatə edəcək”

Akif Aşırlı 2019-cu ilin müsbət və mənfi mənalarda Azərbaycan mətbuatında iz buraxdığını bildirib: “Müsbət mənada onunla yadda qaldı ki, klassik  media ənənələrimiz, çap mətbuatı sıradan çıxmadı, öz varlığını qoruyub saxlaya bildi. Eyni zamanda, bu il internet mediası sürətlə inkişaf etdi. Bununla bağlı müxtəlif istiqamətli müzakirələr aparıldı. Çox təəssüf ki, reklam bazarı ətrafında aparılan müzakirələr nəticəsiz bitdi. Ölkənin media müstəqilliyini təmin edən əsas faktor olan  reklam bazarının formalaşması prosesini, yaxud da inkişaf başlanğıcını görə bilmədik. Ümid və arzu edirik ki, nöbəti ildə əsas diqqət medainın müstəqilliyinin artırılmasına olacaq. 2019-cu il mənfi mənada həm də mətbuatın patriarxı Şirməmməd Hüseynovun itkisi ilə yadda qaldı. Azərbaycan mətbuatının, keçmişlə gələcəyin körpüsü olan Şirməmməd Hüseynovun dünyasını dəyişməsi mətbuat üçün ciddi itki hesab olunur”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov hesab edir ki, Azərbaycan mediası cəmiyyətin istək və arzularının ifadə olunduğu etibarlı tribunadır. 2019-cu il də bu baxımdan yadda qalan oldu: “Mediamız cəmiyyətdə baş verən dəyişikliklərə adekvat münasibət ortaya qoymağı bacardı. Hesab edirəm ki, bu münasibət böyük ölçüdə peşəkar idi. Peşəkarlıq isə yalnız sırf jurnalistika prinsiplərinə riayət etməklə bağlı deyil, həm də mütərəqqi niyyət göstəricisidir. Media ictimai institut kimi özünü təsdiqləməklə təkcə Azərbaycanla deyil, bütövlükdə Cənubi Qafqaz regionu ilə bağlı etibarlı informasiya mənbəyidir. Hesab edirəm ki, 2019-cu ildə də bunun konkret nümunələrini gördük. Biz bilirik ki, Kütləvi İnformasiya Vasitələrimizin ölkənin reklam bazarında təmsilçiliyi zəifdir. İqtisadi cəhətdən özünü təmin edə bilməmək istər-istəməz onların müstəqilliyinə mənfi təsir göstərir. Əlbəttə, Azərbaycanda mediaya sistemli dövlət qayğısı var və bu, dövlət siyasətimizin mühüm tərkib hissəsidir. Ancaq onu da nəzərə alaq ki, bu siyasətin məqsədi KİV-lərin tam müstəqilliyinə nail olmaqdır. Deməli, məsələyə daha sistemli baxış həm də reklam məsələlərinə ciddi yanaşmadan keçməlidir. KİV sahəsindəki fəaliyyətlə bağlı hüquqi tənzimləmələrə də ehtiyac var. Məsələn, KİV-lərin təkrar qeydiyyatının aparılmasını zəruri sayırıq. Bilirsiniz ki, hazırda Ədliyyə Nazirliyinin reyestrindəki 5250 rəqəmi media fəaliyyətinin göstəricisi baxımından real deyil. Buna görə KİV-lərin təkrar qeydiyyatı aparılmalıdır. Onların qeydiyyatında qanunla müəyyənləşdirilmiş qaydada KİV yaratmaq hüququnun yeni mexanizmləri tətbiq edilməlidir ki, müəyyən nizam yaranmış olsun. Ümumən görüləcək işlər yetərincədir. İnanıram ki, ölkəmizdə bütün sahələrdə həyata keçirilməkdə olan islahatlar medianın yuxarıda qeyd etdiyim problemlərinin həllinə müsbət təsirini göstərəcək. 2020-ci ildən gözləntilərim də bununla bağlıdır”.