Mərdəkanda polisləri kədərləndirən oğurluq baş verdi – Günün təzadları

19:08 28.04.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakıda aptekdə soyğun kimi qiymətləndirilən hadisə qeydə alındı.

Hafta.az yazır ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, aprelin 26-da, saat 13:00 radələrində naməlum şəxs Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən aptekə girib. O, 1995-ci il təvəllüdlü satıcı Firuzə Ramazanovanı fiziki zorakılıqla hədələyərək aptekdən 106 manat dəyərində uşaq qidası aparıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. İndiyə qədər şübhəli şəxsin kimliyi müəyyənləşdirilməyib.
Polis bu soyğunun qəzəbdən çox, təəssüf hissi doğurduğunu deyib.

 

Şeyx koronavirusa görə yarıçılpaq qadınları günahlandırdı

Məşhur Pakistanlı ilahiyyatçı Mövlana Tarık Cəmil ölkənin baş nazirinin iştirakı ilə canlı televiziya efirində koronavirus epidemiyasının səbəbləri ilə əlaqədar  əndrəbadi bir çıxış etdikdən sonra qalmaqala səbəb oldu.

Hafta.az xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb.
Şeyx Cəmil xeyriyyəçilik üçün vəsait toplanılmasına həsr olunmuş bir televiziya verilişində 25 dəqiqə koronavirusun köklü səbəbləri barədə danışıb və onun bəzi şərhləri geniş ictimaiyyətdə qəzəb doğurub.
Baş nazir İmran Xanın hamısını eşitdiyi  yarım saatlıq çıxışında Şeyx Cəmil KİV-i "yalançı" adlandırıb və pandemiyanın günahkarları olaraq "yarıçılpaq qadınları" göstərib.
Bəhs edilən çıxışına etirazlardan sonra Pakistan din xadimi yenidən telekanal efirində görünüb və bəzi ifadələri üçün üzr istəyərək deyib ki, onun həmişəki kimi dili başına bəla olub. 
"Belə şeylər mənim başıma gəlir, axı, mən həddindən artıq uzun danışıram" -deyə Şeyx Cəmil şikayətlənib.
Bununla belə, sosial şəbəkələrdə ilahiyyatçını dəstəkləyən yüzlərlə şərh də ortaya çıxıb. “Tvitter” istifadəçiləri Şeyx Cəmili  ifadələrinin həddən artıq səmimiliyi və kəskinliyi üçün üzr istəməməyə çağırıblar.

 

Polis evdən çıxarmalı olduğu ailənin kirayə haqqını ödədi

Qazaxıstan sakinləri Aktöbe şəhərindən olan polis Bəxtiyar Jakypovun nəcib əməlindən məmnun qaldılar. Çünki kirayə haqqını ödəmək üçün pulu olmayan bir ailəni mənzildən zorla çıxarmaq əvəzinə, Bəxtiyar onlara kömək etmək qərarına gəlib. 

Hafta.az bu haqda rusdilli İslam saytlarına  istinadla xəbər verir. 
Aktöbe şəhərində kirayə verilmiş mənzilin sahibi pul ödəyə bilməyən kirayənişinlərin çıxarılmasına kömək istəmək məqsədi ilə polis sahə müvəkkilinə  müraciət edib. Polis zabiti Bəxtiyar Jakupov göstərilən ünvana gələndə  ən kiçik övladları dörd aylıq olan ikiuşaqlı  bir ər-arvadın problemləri ilə qarşılaşıb. Cütlük  Jakupova  koronavirusla bağlı böhran zamanı işsiz qaldıqlarını söyləyib. Ev sahibi isə mənzili iki saat ərzində boşaltmağı xahiş edib, ancaq ailənin getməyə yeri olmayıb.  Çox düşünmədən sahə müvəkkili ümidsiz vəziyyətdə olan insanlara kömək etmək qərarına gəlib və onların bir aylıq kirayə haqqını ödəyib. 
Polis Bəxtiyar Jakubovun  bu xeyirxah davranışı ictimaiyyətə yalnız bir neçə gündən sonra - xilas olunan ailənin qonşuları sosial şəbəkələrdə bu haqda yazdıqdan sonra məlum olub. Xəbəri oxuyan hər kəs polis Bəxtiyara və  onun ləyaqətli bir övlad yetişdirmiş valideynlərinə sonsuz təşəkkürlərini ifadə ediblər.

 

İstefada olan polkovnikin maşınında qumbara partladı və...

Rusiyada Volqoqrad bölgəsinin Dzerjinski rayonunda maşında partlayış baş verib.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə rayonun “Xoroşeva” küçəsində qeydə alınıb.
Partlayışa səbəb Daxili İşlər Nazirliyinin istefada olan polkovniki L.Vladimirə məxsus maşının ön oturacağında saxladığı qumbara olub.
Hadisə nəticəsində 69 yaşlı polkovnikin yaralandığı bildirilib. O, çoxsaylı yanıqlarla xəstəxanaya yerləşdirilərək əməliyyata götürülüb.
Polis əməkdaşları zərərçəkənin həyat yoldaşının ifadəsini alıb. Hadisənin bütün detalları
dəqiqləşdirilir.

 

Messi 12 milyon avroya təyyarə aldı

Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi lüks təyyarə aldı.

Hafta.az-ın yazdığına görə, Qol.az xarici KİV-ə istinadla xəbər verir ki, təyyarənin üzərində onun milli və klubunda geyindiyi formanın nömrəsi (10) yer alıb.
Təyyarənin pilləkənlərində isə Messinin, həyat yoldaşı Antonela və uşaqları Tiaqo, Çiro və Mateonun adları yer alıb.
Təyyarənin daxilində mətbəx, iki vanna otağı və 8 səkkiz çarpayıya çevrilən 16 kreslo yer alıb.
Qeyd edək ki, Messi bu təyyarə üçün 12 milyon avro ödəyib.

 

Okeanlarda tanker tıxacı yarandı

Hind və Sakit okeanları birləşdirən dar Sinqapur boğazında 60 supertankerdən ibarət nəhəng tıxac yarandı.

Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, bu barədə məlumat yayan Bloomberg bildirir ki, sahil anbarları tam dolduğu üçün satıcılar nefti tankerlərdə saxlamağa məcbur qalıblar.
Tankerlərin boşalması 2 həftədən çox vaxt aparır. Halbuki əvvəllər bu müddət 4-5 günü keçmirdi. Sinqapurda neftə tələbat bütün dünyada olduğu kimi, kəskin azalıb. Ehtiyatlar aprelin ortalarındn dörd illik maksimuma çatıb, neft emalı isə 40 faiz azalıb. İkinci rübdə bu emalın 50 faizədək azalması istisna olunmur.

Eyni vəziyyət Hindistanda da müşahidə olunmaqdadır. Burada neft anbarları ötən həftə 95 faizə qədər dolmuşdu. Neft emalçıları ucuz nefti alıb yığmaq üçün ən müxtəlif variantlara əl atırlar. Tankerlər bunun üçün çıxış yollarından biridir. Vortexa analitik şirkətinin məlumatına görə, Asiyada üzən anbarların sayı dördillik maksimuma çatıb.

Bundan əvvəl ABŞ-ın Kaliforniya sahillərində 30 tankerlik növbə yarandığına dair məlumat yayılmışdı.

Oxunma sayı 357