Məşhurlar da peyvənd olunacaq - Sorğu

12:47 23.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa yoluxmanın qarşısını alan peyvəndlər hələ heç hazırlanmamışdan öncə ona qarşı insanlar arasında müxtəlif fikirlər mövcud idi. Kimisi nəinki Covid-19-la mübarizədə, ümumiyyətlə, digər virus və xəstəliklərə qarşı istifadə edilən vaksinlərin ziyanlı olduğunu deyir.

Çoxluq isə peyvəndin zəruriliyinin fərqindədir. Bəs görəsən, şou-biznesin tanınmış simaları, müğənnilərimiz bununla bağlı nə düşünür? Hafta.az-ın əməkdaşı mövzu ilə bağlı kiçik bir sorğu keçirdi.

İlk müsahibimiz, sevilən sənətkar, Xalq artisti Aygün Bayramova vaksinasiya ilə bağlı danışarkən bildirdi ki, hazırda xof hissi tək bizdə deyil. Elə bütün dünyada fikir ayrılıqları mövcuddur.

"Bununla bağlı dünyanın hər yerindən yetərli qədər informasiya var. Könüllü şəkildə peyvənd etdirən də olur, tərəddüdü olan da. Bizdə proses hələ ki təzə başlayıb. İnsanlar peyvəndin ək-təsirlərindən qorxur, buna görə bir qədər çəkinirlər. Düşünürəm ki, peyvənd öz müsbət təsirini göstərəcək".

Xalq artisti son zamanlar yoluxma sayının azalmasını da müsbət hal kimi vurğuladı:

"Şadam ki, həm yoluxma sayı azalır, həm də ayın 25-dən iş yerləri açılır. İnşallah, hər şey yaxşı olacaq. Xalqımıza cansağlığı arzu edirəm".

Tanınmış müğənni Afət Fərmanqızının mövzuya münasibəti belə oldu. O dedi ki, əgər bu bəladan yaxamızı qurtarmaq istəyiriksə, mütləq şəkildə peyvənd etdirməliyik. İndi insanlar peyvəndin əks-təsirindən narahatdır. Düşünürəm ki, ortada kiçik də olsa sual doğuran məqam olsaydı, nə Ümumdünya Səhiyyə Təşkilatı, nə də ölkə rəhbərliyi peyvəndlərin kütləvi istifadəsinə icazə verərdi:

"Mənim ikinci bir ixtisasım da biologiyadır. Ona görə də bilirəm ki, peyvəndin tərkibində olan antitellər insan bədəninə yeridiləndə, orada virusa qarşı müqavimət yaranır. Buna görə də vaksinasiya normal həyata qayıtmaq üçün əsas şərtdir. Artıq bir ildir ki, virus var və demək olar ki yaşamırıq. Mən özüm bir dəfə xəstəlik keçirib sağaldığım üçün deyilənə görə peyvənd olunmayacağam".

Sevilən ifaçı Manaf Ağayev də həmkarı ilə eyni fikirdədir. O da bildirir ki, virusdan qorunmağın ən yaxşı çıxış yolu elə vaksinasiya olunmaqdır.

"Mən dövlətimin qoyduğu qayda-qanunla hərəkət edən adamam. Əgər bizə peyvənd olunmaq deyilirsə, deməli, ən effektiv vasitə budur. Heç bir ölkə öz vətəndaşlarını təhlükəyə atacaq qərarlar qəbul etməz. Unutmayaq ki, elə ilk peyvəndi də ölkəmizin səhiyyə sistemi əməkdaşları etdirib".

Məşhur müğənni Aynur Dadaşova isə deyir ki, mən özüm də həm bu ölkənin bir vətəndaşı, həm də dövlət işçisi kimi yaxınlarda peyvənd olunacağam.

"Bilmirəm niyə, amma vaksinlə bağlı əhali arasında çox söz-söhbət gəzir. İnsanlar tək bu mövzuda yox, elə başqa digər məsələlərdə də sanki küyə gedirlər. Təzəlikcə bir izləyicim sosial şəbəkələrdə paylaşım etmişdi ki, guya zəlzələ olacaq, binalar uçacaq. Məndən bu mövzuda fikir soruşulanda dedim ki, bu, Allahın məsləhətidir. Heç həmin gün də fərqli bir hadisə baş vermədi".

Sənətçi qeyd etdi ki, peyvənd  xəstəliyə qarşı görülən ən yaxşı tədbirdir. Dövlətimiz də hər zaman öz vətəndaşlarını düşünərək qərarlar qəbul edir:

"İndi deyə bilmərəm, bəlkə kiminsə orqanizmində problem var. Ona peyvənd vurdurmaq olmaz. Yəqin ki, bütün bu analizlər aparıldıqdan sonra vaksin tətbiq ediləcək. Hər bir halda, təhlükəli məqam olsaydı, öncə dövlət və səhiyyə işçiləri vaksinasiya edilməzdi".

Müsahiblərimizin fikrinə əsasən belə deyə bilərik ki, bu gün hər kəs virusdan qurtulmağın tək çarəsi olaraq vaksinasiyanı görür. Bu mövzuda da fikir ayrılıqları hər zaman olduğu kimi var. Ümüd edirik, görülən işlər tezliklə öz bəhrəsini verər. Covid-19 isə daha əvvəl də kainatın qarşılaşdığı ölümcül xəstəliklər kimi tarixə qarışar.

Qeyd edək ki ölkədə yanvar ayının 18-dən etibarən kütləvi şəkildə vaksinasiyaya start verilib. İlkin mərhələdə tibb işçiləri və xüsusi risk qrupuna aid şəxslərin peyvəndlənməsi həyata keçiriləcək.

Oxunma sayı 600