“Miniatür Azərbaycan parkı”nda Şuşa, Xankəndi və Ağdamdakı abidələrin maketləri quraşdırılıb-FOTOLAR

12:42 08.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafa rayonunda maraqlı bir park var. Bu parka gələn insanlar ölkəmizin bölgələrinə qısa müddətdə səyahət etmiş olur. Söhbət şəhər mərkəzindəki “Miniatür Azərbaycan parkı”ndan gedir.

Hafta.az xəbər verir ki, rayona gələn turistlər unikallığı ilə seçilən bu parkla maraqlanır. Qonaqlar burada bir neçə dəqiqə ərzində Azərbaycanla qısa tanışlıq imkanı əldə edir. Parkda ölkəmizin hər bir bölgəsinin məşhur tarixi abidəsi və tikililəri haqqında həm Azərbaycan, həm də ingilis dilində lövhələr quraşdırılıb. Qarabağımıza da xüsusi yer ayrılıb bu parkda. Belə ki, Şuşa, Xankəndi və Ağdamdakı abidələrin maketləri quraşdırılıb.

Bu günlərdə - torpaqlarımızın işğaldan azad edildiyi bir vaxtda parka gələn insanlar burada maketləri olan Qarabağdakı abidələri öz gözləri ilə görmək arzusundadırlar.

“Bu parkda Qarabağ haqqında geniş məlumat var. Uşaqları tez-tez bura gətirirəm. Onlara çox maraqlı gəlir. Maketlərin yanında durub şəkil də çəkdirirlər. Burada maketləri olan abidələrin özünü görmək bizim ən böyük arzumuzdur”, - deyə Ağstafa sakini İsgəndər Yusibov deyib.

Digər rayon sakini Afət Həsənova da bu məkanın uşaqlar üçün maraqlı olduğunu söyləyib: “Uşaqları parka gətirəndə onlara maket formasında quraşdırılan abidələrin tarixi haqqında məlumat veririk. Arzu edirik ki, tezliklə Şuşamız işğaldan azad edilsin, uşaqlarımızı oraya aparaq”.

Azər Əlixanov 30 ildir fotoqraf kimi çalışır. Yaradıcılığını bundan sonra Qarabağa həsr etmək, işğaldan azad olunan torpaqlarımızın fotolarını çəkmək istəyir. “Ordumuzun zəfərlərinə çox sevinirəm. Əsgərlərimizə güvənirəm. Ümid edirəm ki, yaxın vaxtlarda biz Qarabağa qayıdacağıq. Mən çox istəyirəm ki, o torpaqlarımıza gedib, şəkillər çəkim”, - deyə A.Əlixanov bildirib.

Oxunma sayı 4108
rubrikasından digər xəbərlər