MŞ koronavirusla bağlı xəbərləri diqqətdə saxlayacaq

16:34 04.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son günlər Azərbaycan mediası koronavirus, onun dünyadakı təsirləri, ölkəmizdəki vəziyyət barədə məlumatlara daha çox üstünlük verməkdədir və bu, təbiidir.

Hafta.az-ın məlumatına görə, Mətbuat Şurasının müşahidələri göstərir ki, aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrimizin mövzuya yanaşması peşəkarlıq standartlarına ümumən cavab verir. Bununla belə media məkanımızda virusla bağlı təşviş, qorxu, həyəcan yaradan çoxsaylı əsassız mülahizələrə də rast gəlinməkdədir.

Mətbuat Şurası hesab edir ki, bəzi media orqanlarının, xüsusən də xəbər saytlarının koronavirusla bağlı təqdimatları peşəkarlıqdan tam uzaqdır. Onların reytinq qazanmaq naminə həyata keçirildiyi şübhə doğurmayan fəaliyyətlərində real vəziyyət nəzərə alınmır. Belə yanaşma cəmiyyəti yanlış yönləndirmək cəhdidir. Buna qarşı isə müvafiq hüquqi addımların atılması mütləqdir.

Xəstəlik epidemiyasıyla əlaqədar kütləvi çaşqınlıq, hansısa idarəolunmaz durumun yarandığına dair fikirlərin təqdimatı yolverilməzdir. Media məsələyə münasibətdə həssas davranmalı, yalnız həqiqətləri işıqlandırmalı, müxtəlif sosial şəbəkələr vasitəsilə dövriyyəyə buraxılmış mülahizələrin reallıq kimi insanlara çatdırılmasından uzaq durmalıdır. Jurnalistlər nəzərə almalıdırlar ki, yayılmış yalanın mənfi təsiri xəstəliyin özünün neqativ təsirlərindən daha güclüdür.

KİV-lərin belə durumlarda nümayiş etdirdiyi həssaslıq, soyuqqanlılıq ən böyük peşəkarlıq göstəricisidir. Peşəkarlıq rəsmi qurumların məlumatlarına istinad, müxtəlif yollarla əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır. Azərbaycan Mətbuat Şurası bunları bəyan edərək bildirir ki, koronavirusla bağlı xəbər olaraq yayılmış materiallar ciddi şəkildə diqqətdə saxlanılacaqdır. Qurum rəsmi mənbəyi olmayan, hansısa söz-söhbətlərə, dedi-qodulara söykənmiş materialların hüquq çərçivəsində qiymətləndirilməsi üçün səlahiyyətləri daxilindəki bütün tədbirləri görəcəkdir.

Mətbuat Şurası KİV təmsilçilərini indiki şəraitdə cəmiyyət üçün həssas olan mövzunun işıqlandırılmasında obyektivlik nümayişinə, tələskənliyə yol verməməyə, yalnız həqiqətləri qələmə almağa çağırır.

Media rubrikasından digər xəbərlər