Müasir xəstəxanada köhnə problemlər - kadr çatışmazlığı, antisanitariya, köhnə təchizat- REPORTAJ

17:59 31.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Hərdən adam fikirləşir ki, görəsən bölgələrdə infrastrukturların yenilənməsi üçün milyonlar ayrılır, görəsən, necə olur, hara xərclənir, necə xərclənir?

Yardımlı rayonunda bir xəstəxana - Yardımlı Rayon Mərkəzi xəstəxanası mövcuddur. Rayonda özəl klinika yoxdur. Ona görə də rayon camaatı birbaşa mərkəzi xəstəxanaya müraciət edir. İlk öncə onu deyim ki, yaxın onillikdə sözügedən xəstəxana təmir edildi. Bütün rayon camaatı danışırdı ki, müasir standartlara cavab verəcək, hər cür cihazlarla təmin ediləcək. Ona görə sevinirdilər ki, daha uzun yol qət edib paytaxta üz tutmayacaqlar.

Çi fayda. Deyilənlər elə dildə-ağızda qaldı. Rayon mərkəzi xəstəxanası kənd tibb məntəqələrindən elə də fərqlənmir. Nə istəsən yalnız bir cavabı var: "Yoxdur, kənardan alıb gətirə bilərsiniz".

Xəstəxananın cərrahiyə şöbəsinin xəstələr üçün ayrılan palatalarda vəziyyət dözülməzdi. Belə ki, tualetlərdə işıqlar yanmır, isti su gəlmir. Antisanitariya vəziyyəti hökm sürür. Koronavirus pandemiyası dövründə sanitar qovşaqlarda heç bir sabun vasitələrinə rast gəlmək mümkün deyil. Bundan əlavə, vaxtilə otaqlarda kondisionerlər qurulsa da, daha indi gözə dəymir. Gözə dəymirsə sual yaranır, bəs necə oldu, o kondisionerlərin aqibəti? Buna cavab tapmaq üçün gərək aylarla monitorinqlər aparılsın. Otaqlarda işıq sistemi də bərbad vəziyyətdədir. Çarpayıların yanındakı naqil yerləri qopub, açıq vəziyyətdədir.

Xəstəxanada qida problemi də var. Xəstələrə yemək çox vaxt verilmir, verilsə belə o vəziyyətdə olur ki, xəstə məcbur qalsa da o yeməkdən yemir. Xəstəxanadan isə hər ay xəstələrin qidalanması üçün pul ayrılır.

Bütün bu çatışmayan, hətta bərbad olan texniki vəziyyətdən sonra xəstəxananın personalında da çatışmazlıq var. Belə ki, ən lazımlı sahələr üzrə kollec bitirmiş gənclər çalışır. O sahə ki, insan taleyi bəzən onların əlində olur. Bəs niyə ali kateqoriyalı həkimlər yoxdur?

Öyrəndiyimiz məlumatlara görə, yerlilərdən bu sahələr üzrə təhsil alanlar bur daha rayona qayıtmırlar. Xəstəxananın baş həkimi isə çatışmayan həkimlər yerinə vakansiya elan etmir. Kimsə texnikom bitirib feldişel ixtisasına sahibdirsə, ya hörmət edib işə düzəlir, ya da məcbur variantda baş həkim o ixtisaslar üzrə tanıdığı adamları cəlb edir.

Bu səbəbdən də rayon mərkəzi xəstəxanada düzgün diaqnoz qoyulmur, düzgün müalicə aparılmır. Yalnız köhnə, yaşlı kadrlar qalıb. Onlar da elə işləməsələr daha yaxşıdı. Onlara yaxınlaşan xəstələrə yorğun, ümidsiz cavablarla uzaqlaşdırırlar.

Xəstə Asiya Qubadova deyir ki, bu xəstəxanaya gələn və gedən sevinir, bura düşəndə şəraitsizlikdən adam bezir:

" Həkimə gəlirsən, düzgün diaqonoz qoyulmur. Xəstəxananın qoca həkimləri gedir, yerinə verşillər (tibb bacısı, tibb qardaşı) götürülür. Onların da heç nədən başı çıxmır".

Daha bir xəstə Ali Xudiyev isə deyir ki, bu xəstəxanada ən başlıca problem xəstə palatalarında olan problemlərdir: " Düzdür, təmizlik üçün işçilər var, qadınlar tez-tez təmizlik işləri aparırlar. Amma çatışmayan, yerində olmayan nəyisə onlar düzəldə bilməzlər ki? İsti olur, əl yumaq üçün yuyucu vasitə belə yoxdur. Bir sözlə diqqətsizlik var".

İndi isə mən jurnalist gözü ilə gördüyümü deyim:

Belə xəstəxanalar özləri xəstəlik mənbəyidir. Virus üçün əlverişli şərait var, əgər virus ağılll olub o xəstəxanaya üz tutsa, orada istənilən qədər nəticə əldə edə bilər. Xəstəxanada çünki heç bir qaydalara əməl olunmur, heç bir qayda-qanundan söhbət gedə bilməz. Biz dua edək ki, bura insanların yolu düşməsin, heç vaxt düşməsin.

Oxunma sayı 2778