Neft bazarında oyun: uduzanlar və gəliri azalanlar - Araşdırma

18:59 11.03.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyamız yeni həftəyə koronavirusun daha neçə can alması deyil, neft bazarınmda qiymətlərin sürətlə düşməsi xəbəri ilə başladı. Yer üzünü iqtisadi, lap elə siyasi müstəvidə idarə edən, hətta istədiyi ölkədə müharibələrə səbəb olan, istədiyi xalqı varlandran, istədiyini köləyə çevirən qara qızıl - neft 30 faiz ucuzlaşdı.

Gözlənildiyi kimi, əsas neft istehsalçılarının təşkilatı olan OPEC, bazarda təklifin tələbi kəskin üstələməsi nəticəsində yaranmış qiymət enişini dayandırmaq üçün hasilatı azaltmaq istəsə də, təşkilata üzv olmayan Rusiya kimi dövlət bu fikirlə razılaşmadı və nəticəsi də o oldu ki. Hazırda Səudiyyə Ərəbistanı ilə Rusiya arasında sözün əsl mənasında düşmənçilik alovlanır. Ərəbistan Rusiyaya acıq vermək üçün neft hasilatını daha da artıracağını elan etdi və bazarda qiymətlər daha da ucuzlaşdı. İndi də Moskva elan edib ki, aprel ayından etibarən onlar da neft istehsalını artıracaqlar. Bu da iki həftə sonra neftin yenidən ucuzlaşacağına əsas verir. Təbii ki, nəinki neftin dəyərdən düşməsi, hətta ucuzlaşma haqqında xəbərin yayılması belə dünyanın fond birjalarına, parallel olaraq istehlak mallarına – insan üçün lazım olan hər şeyə təsirini göstərir.

Prosesi izləyən müşahidəçilərdən bəziləri bildirirlər ki, neft bazarında yaranan qlobal təhlükənin mahiyyəti siyasidir və Rusiya iqtisadiyyatını inkişaf etdirən əsas gəlir mənbəyini - yanacaq sektorunu iflasa sürükləmək məqsədi daşıyır. Əlbəttə ki, məqsədin ssenari müəllifi də, həmişəki kimi, ABŞ-dır. Digər qrup isə bildirir ki, əgər bu güman doğru olsaydı, Səudiyyə Ərəbistanının iqtisadiyyatı 95 faiz məhz neftdən asılıdır. Bu ölkə isə Vaşinqtonun müttəfiqidir və əlbəttə, amerikalılar öz dostlarını belə dərin böhrana sürükləməzdilər. Həm də axı, ABŞ-ın özü də dünyanın ən iri neft istehsalçısı və istehlakçısıdır. Baş verənlər Rusiya və Səudiyyə Krallığı ilə yanaşı Amerika iqtisadiyyatını da vurur… 

Bir məsələ var: bazarda qiymətin düşməsi daha çox hansı istehsalçılara ziyanlıdır? Təbii ki, ilk növbədə hasilatın maya dəyəri daha yüksək olan ölkələrə. Hətta Rusiya-Səudiyyə ixtilafından qazananın məhz ABŞ-ın olduğu deyilsə də, hasilatın maya dəyəri elə Birləşmiş Ştatalarda ən yüksəkdir. Bu ölkə arzu edər ki, neftin qiyməti bazarda daha yüksək qiymətə satılsın. Çünki yalnız belə olduğu təqdirdə amerikalı istehsalçılar çəkilən xərcin əvəzini dorldura bilərlər. Məsələn, 2014-2016-cı illərdə yaşanan bənzər böhran zamanı Amerikanın bəzi neft hasilatçısı şirkətləri iflas etmişdilər. Hətta indiki proseslərin davam edəcəyi təqdirdə də Amerikanın bir çox neft istehsalçısının fəaliyyətini dayandıra biləcəyi güman edilir. Bu halda isə Birləşmiş Ştatlarda qaya nefti – yanar şist istehsalçısı qlobal yanacaq bazarından çəkilər və əvəzində Rusiya gündən-günə artırdığı neft hasilatı ilə onların yerini tuta bilər. Təbii ki, bu ABŞ-a qətiyyən sərf eləmir.

Əslində isə proseslərdən yararlananlar ancaq alıcı ölkələrdir. Avropa, Yaponiya, Türkiyə, Koreya, Çin və sair kimi ölkələr üçün yaxşı fürsət yaranıb ki, daha az pul xərcləməklə yanacaq idxal eləsinlər və hətta imkanları daxilində ehtiyyat da toplasınlar.

BP-nın Beynəlxalq Enerji Statistik Araşdırması İnstitutunun hesabatına görə, dünyada ümumilikdə 1,73 trilyon barrel kəşf olunmuş neft ehtiyyatı mövcuddur. Ən böyük neft ehtiyyatına isə Venesuela malikdir. Bu ölkənin 300,9 milyard barrel neft ehtiyyatı var. Siyahıda ikinci pillədə 266,5 milyard barrellə Səudiyyə Ərəbistanı, 171,5 milyard barrellə Kanada, 158,4 milyard barrellə İran dayanır və ilk beşliyi 153 milyard barrellə İraq tamamlayır.

Küveytin 104 milyard barrel, Birləşmiş Ərəb Əmirliklərinin 98 milyard barrel, Rusiyanın 80 milyard barrel, Liviyanın 49 milyard barrel, Nigeriyanın 38 milyad barrel, ABŞ-ın 37 milyard barrel (qaya qazı bura daxil deyil), Qazaxıstanın 30 milyard barrel, Çinin 26 milyard barrel, Qətərin 26 milyard barrel, Braziliyanın 13 milayrd barrel və sair neft ehtiyyatı mövcuddur.

Azərbaycan sıralamada 7 milyard barrel neft ehtiyatı ilə 20-ci pillədə qərarlaşıb.

Yenə həmin hesabata əsasən, dünya üzrə gündəlik neft istehsalı 92,2 milyon barreldir. Ayrı-ayrı ölkələr üzrə isə bu rəqəm ABŞ-da 12,4 milyon barrel (dünyada ilk pillədədir), Səudiyyə Ərəbistanında 12,3 milyon barrel, Rusiyada 11,2 milyon barrel, İranda 4,6 milyon barrel (sanksiyalar həcmi azaldıb) və İraqda 4,4 milyon barreldir.

Bu yerdə qeyd edək ki, dünya miqyasında neft istehlakının gündəlik həcmi 96,5 milyon barreldir.

Səudiyyə Ərəbistanında neft hasilatının maya dəyəri 1 barrelə görə 5-8 dollar arasında dəyişir. Eləcə də, Səudiyyə Krallığının qonşuları olan İran və İraqda da neftin hasilatının maya dəyəri 10 dollardan aşağıdır.

Rusiyada neftin maya dəyəri 25 dollar arasında dəyişir.

Böyük Britaniyada neftin maya dəyəri hər barrel üçün 44 dollar, ABŞ, Kanada və Norveçdə maya dəyəri 20-25 dollar, 10 dollar, Nigeriyada 9 dollar, Venesuelada 8 dollar cıvarındadır.

Azərbaycanda isə neft hasilatının bir barreli 18 dollara başa gəlir.

Bu rəqəmlərdən yanaşsaq problemə, Səudiyyə Ərəbistanı hər barrel nefti hasil etmək üçün 5-8 dollar xərcləyib, əvəzində indiki qiymətlərlə bazara 38 dollara çıxarsa, deməli əlində 30 dolları qalacaq. Rusiyada isə, hər barrelin maya dəyəri 25 dollardırsa, cibində cəmi 13 dollar qalır. 145 milyonluq əhalinin rifahını və böyük Rusiya iqtisadiyyatını inkişaf müstəvisində saxlamaq üçün 13 dollar nə qədər təsirli olacaq, aydın görünür. Axı ölkənin valyuta gəlirlərinin dörddə üçündən artığı məhz neftin satışından gəlir. Bu mənada proseslərin dünyada daha çox Rusiyanı vuracağı şübhəsizdir. Baxmayaraq ki, Səudiyyə Ərəbistanının gəlirlərinin 95 faizi neftə bağlıdır, amma barrel başına əlində qalan 30 dollarla 36 milyonluq əhalisinin qayğısına pis-yaxşı qala biləcək. Bunu Rusiyadan olan maliyyə mütəxəssisləri də etiraf edirlər və bildirirlər ki, indiki vəziyyətdə Rusiyanın düşdüyü durum acınacaqlıdır. 

Bu arada, rus ekspertlər hasilat indiki həcmdə qalacağı təqdirdə Rusiyada neft ehtiyyatlarının cəmi 29 il sonra tükənəcəyini bildirirlər.

Boğaziçi Universitetinin professor Gürkan Kumbaroğlu deyir ki, əslində rəqabətin tərəfləri olaraq Rusiya ilə Səudiyyə Krallığı görünsə də, əsl rəqabət Rusiya ilə ABŞ arasında gedir.

Çünki ABŞ qaya qazı hasilatı texnologiyası ilə dünyanın ən böyük neft istehsalçısına çevrilməsi Rusiyanı rahatsız edir. Bu səbəbdən də Rusiya hasilatı maksimum artırmaqla dünya bazarında özünə daha çox yer ayırmaq və gəlirlərini artırmaq iddiasındadır. Neftin dəyərdən düşməsinin basilica səbəbi də elə Rusiyadır. Moskvanın hasilatı azaltmaq istəməməsi Səudiyyəni inada saldı və bu da nəticəsi.

İstanbul Texniki Universitetinin professor Abdurrahman Satman isə bildirir ki, neftin hasilatında maya dəyəri də diqqətə alınmalıdır.

Onun sözlərinə görə, Yaxın Şərqdə neftin maliyyəti 5-10 dollar arasında dəyişirsə,bu Böyük Britaniyada (Şimal dənizində) 50 dollardan da yuxarıdır. Professor qeyd edir ki, indiki şəraitdə hasilat maliyyəti yüksək olan ölkələr ciddi ziyana düşdükləri təqdirdə, Yaxın Şərq ölkələrinin sadəcə gəlirləri azalır.

Neftin ucuzlaşması artıq Rusiya bazarına, xüsusilə də neft şirkətlərinə mənfi təsirini göstərməkdədir. Artıq Rusiyanın ucuzlaşmanın ilk günündəcə 64 milyard dollar itirdiyi bəlli olub. Ən böyük ziyan “Rosneft”ə (620 milyard rubl) və “Lukoil”a (580 milyard rubl) dəyib.

Rusiyalı mütəxəssislər bu müstəvidə nə düşünürlər:

“Alfa bank”ın baş iqtisadçısı Natalya Orlova bildirib ki, OPEC-lə Rusiya arasında yaşanan anlaşmazlıqda sonra Rusiyada böyük maliyyə sıxıntıları yaranıb.

“Artıq rubl dəyər itirməkdə davam edir və bu proses nə qədər uzanacaq, bilinmir. Bir neçə gün sonra qiymətlərə başqa amillər də təsir göstərə bilər. Bazarlarda neftin dəyərdən düşməsi Çin iqtisadiyyatına stimul verir və koronavirus epidemiyasının mənfi təsirlərini tarazlaşdırır. Bizə gözləmək qalır. Rusiyanın maliyyə naziri valyuta satışı ilə rublun kursunu dəstəkləyəcəklərinə söz verib” deyən N.Orlovaya görə bu çox vacibdir.

Maliyyə mütəxəssisi Dmitri Kulikov deyib ki, Rusiya builki büdcədə dolların ortalama qiymətini 42,4 dollar götürmüşdü.

Onun fikrincə, ilk şokun ardıyla böyük zərərlərin qarşısını almaq mümkün görünür. Bunun da səbəbi odur ki, 2009 və ya 2014-cü ildə yaşanmış bənzər hadisələrdən sonra Moskva bu müstəvidə gözlənilən bu cür proseslərə hazırdır.

Başqa bir maliyyə eksperti Anna Bodrova isə bildirir ki, Ər-Riyadla Moskva arasında illər öncəsi də qarşıdurma yaşanmışdı və bu 1991-ci ildə oxşar neft böhranına yol açmışdı.

“İndi də deyirlər ki, aprelin 1-dən sonra yenidən neftin istehsalı artırılacaq. Bu da daha bir şokun yaşanacağına ehtimal verir. Texniki olaraq azından 15-25 dollar arasında müəyyənləşmə ola bilər. Dolların indiki kursu 77-80 rubl arasında ola bilər. Amma bütövlükdə 2020-ci il üçün dolların 82-90 rubl arasında get-gəl edəcəyi ehtimalı var. Əlbəttə, hökumət bir-iki gün içində maliyyə bazarlarına trilyonlarla rubl çıxarmazsa, hər cür mənfi hal yaşana bilər” deyib A.Bodrova.

Rusiya İqtisadiyyat Məktəbinin “Skolkovo” Maliyyə Mərkəzinin müdiri Oleq Şibanovun fikrincə, rubl bir müddət dəyərdən düşməyə davam edəcək.

Milli İnkişaf Fondunda yığılan valyutanın satışa çıxarılması sonrası bir müddət sabitlik yaranacaq. Ümumiyyətlə, dolların bu günki məzənnəsinin 75 rubl olması heç kimi aldatmamalıdır. Rusiya bir müddət çıxış yolu arayacaq, amma bazarını tənzimləmək üçün apreldən tez valyuta satışına başlamayacaq” deyən ekspertə görə, bu səbəbdən də yaxın günlərdə rubl ucuzlaşmaqda davam edəcək.

“Metallinvestbank”ın nümayəndəsi Sergey Romançuk deyir ki, heç kim belə bir qarışıqlığın yaranacağını gözləmirdi.

“Rusiya bazarlarında təşviş yaşanır. Dolların kursu 76 rubldan yuxarı qalxdı. Bu olduqca yüksək rəqəmdir. Çünki neftin qiymətinin 30 faiz düşməsi rublun 3 faiz dəyər itirməsinə səbəb verə bilərdi ki, bu halda 1 dollar 71 rubl səviyyəsində müəyyənləşməli idi. Amma vəziyyət qəlizdir. Əvvəllər olduğu kimi deyil, artıq valyutanı xərcləməyə başlamışıq. Düşünürük ki, neftin satış qiymətinə uyğun olaraq rublun məzənnəsi 1 dollar üçün 71-74 rubl arasında var-gəl eləməlidir. Əgər ucuzlaşma dayanmasa, hökumət valyuta satmağa başlayacaq” deyən mütəxəssis Mərkəzi Bankın mütəmadi müdaxilələrə başlayacağını da əlavə edib.

“RosBank”ın baş analisti Yevgeni Koşelyevin fikrincə, yaxın vədədə rublun məzənnəsi 72-78 civarında olacaq. O, qeyd edib ki, infilyasiya sürətlənəcək, 2020-ci ilin sonunadək rublun 4 faiz ucuzlaşacağı güman edilir. Ona görə də, apreldən başlayaraq bazara valyuta çıxarmaq lazım olacaq.

“NordeaBank”ın baş iqtisadçısı Tatyana Yevdokimova bildirib ki, OPEC+ anlaşmasının pozulmasının ardından neftin qiyməti dünyanı silkələdi. “Neftin ucuzlaşmasında konoravirusun yayılması da vacib rol oynayıb. Virusun yayılma sürəti hələlik azalmayacaq və bu səbəbdən də neftin qiymətinin 40 dollar səviyyəsindən aşağıda qalacağı ehtimalı böyükdür”,  deyən Yevdokimovanın sözlərinə  görə, virusun yayılma sürətinin zəiflədiyi hiss olunan kimi neftin qiymətinin qalxacağını görəcəyik. 

Oxunma sayı 649