Neft Fondu bu vaxtadək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,68 milyard manat ayırıb

16:48 23.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il yanvarın 1-dək məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərə 2 milyard 681,2 milyon manat yönəldib.

Hafta.az ARDNF-ə istinadla xəbər verir ki, ötən il bu tədbirlərin maliyyələşdirilməsi üçün isə fonddan 200 milyon manat vəsait ayrılıb. ARDNF tərəfindən layihənin maliyyələşdirilməsi davam edir.

Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul, Balakən, Qazax, Zaqatala, Tərtər, Göyçay, Ucar və Kürdəmir rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Şirvan şəhərlərində, Bakının Pirallahı, Sabunçu və Abşeron rayonlarında habelə, Mehdiabad, Ramanı, Müşfiqabad, Masazır, Pirşağı, Fatmayı, Kürdəxanı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib.

Qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təqdim edilmiş və müvafiq qaydada əsaslandırılmış sifarişləri əsasında Dövlət Neft Fondu tərəfindən adıçəkilən qurumların dövlət xəzinədarlığındakı hesablarına köçürülür və sonra sifarişçi təşkilatlar tərəfindən podratçı təşkilatlara ödənilir. Məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri ilə bağlı işlərin sifarişçisi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu çıxış edir. Sifarişçi təşkilat layihələrin icrasına cari nəzarəti həyata keçirir, müvafiq tenderlərin keçirilməsini və digər müvafiq prosedurların aparılmasını təmin edir, yerlərdə açılmış ofisləri vasitəsilə işlərin icrasını təşkil edir və əlaqələndirir.

Oxunma sayı 220