Neftçilər parkını su basır - REPORTAJ

19:39 16.12.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

2019-cu il Suraxanı rayonunda bir sıra  həyata keçirilmiş uğurlu layihələrlə, abadlıq və quruculuq işləri ilə yadda qalacaq. Onlardan biri də Qaraçuxur qəsəbəsində yerləşən və  8 kilometrə yaxın böyük  ərazini əhatə edən Neftçilər parkıdır.

Sözügedən park  heç 4 ay deyil ki, təmir edilərək sakinlərin ixtiyarına verilib. Qəsəbə sakinlərinin müraciətlərini nəzərə alaraq, Suraxanı Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı İlqar Abbasovun bilavasitə rəhbərliyi sayəsində park yenidən quruldu, ərazidə qazon və çoxlu sayda ağac və kol bitkiləri əkildi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Neftçilər parkında ağacəkmə kampaniyasında iştirak edib. Bir ildən çox parkda təmir və tikinti işləri aparılıb. Nə qədər işçi qüvvəsi və texnika cəlb edildi. Ümumiyyətlə, parkın tikintisi üçün külli miqdarda vəsait xərcləndi. “Yaşıl ada”nı xatırladan istirahət guşəsinin açılışında prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva  iştirak ediblər.  Parkın, artıq bir neçə yerdən ərazisini su basıb, onlarca təzə əkilmiş və eləcə də iri ağaclar gövdəsinə kimi suyun içində qalıb. Parkın içində ərazini süpürən qadınlar dedilər ki, neçə vaxtdır belədir, yaşıl qazon və ağacları su basıb.

Parka dincəlməyə gələn sakinlər dedilər ki,əgər tədbir görülməsə, ağaclar tələf olacaq. Sakinlər onu da söylədilər ki, Suraxanı RİH-in əvvəlki başçısı İlqar Abbasov həmişə Neftçilər parkını nəzarətdə saxlayırdı. Hərdən gəlib parkı gəzirdi. Sağ olsun, biz sakinlərin istirahəti və eləcə də rayonun abadlığı üçün İlqar müəllim çox iş görüb. O, Şirvan şəhərinə başçı gedəndən sonra parka fikir verən yoxdur, nəzarət zəifləyib.

Sakinlər vurğuladılar ki, bələdiyyə seçkilərinə bir  neçə gün qalıb. Bu dəfə də öz namizədliyini vermiş Qaraçuxur Bələdiyyəsinin sədri İxdiyar Nəcəfov, heç olmasa,  Neftçilər parkında yaranmış vəziyyətlə tanış olsun və su axınının qarşısının alınması üçün öz köməkliyini əsirgəməsin, eləcə də dağılmış səki daşlarını düzəltsinlər.

Onu da qeyd edək ki, Qaraçuxur Bələdiyyə binasının yaxınlığında parkın daxili yolunun bir neçə səki daşı uzun müddətdir, yıxılıb yanıüstə qalıb. Eləcə də Bələdiyyə binasının, təxminən, 10-15 metrliyində su xətti deşildiyindən, su parkın içinə axır.