“Nəsimi bazarı” söküləcəkmi? - Satıcılarla müqaviləni kim yenilədi?

13:05 21.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

İki gündür paytaxtdakı “Nəsimi bazarı”nın sökülməsi ilə bağlı müzakirələr və yayılan xəbərlər müxtəlif boyutlarda tirajlanmaqdadır. Bu gün səhər yolumuzu adıçəkilən məkandan saldıq. Satıcılarla, işçilərlə söhbətləşdik.

Satıcılar hafta.az-a bildirdilər ki, aylardır bazarın söküləcəyi deyilir. Amma bunlar hələ ki, özünü doğrultmur. Satıcılar onu da əlavə etdilər ki, son günlər bazarın sökülməsi ilə bağlı yayılan şaiyələri isə yaxınlıqda tikilən hündürmərtəbəli binaların sahibləri tirajlayırlar. Köşk sahiblərinin iddialarına görə, onlar bunu bilərəkdən edirlər. Çünki binalara bitişik bazarın ərazisini alıb orada da hündürmərtəbəli göydələnlər tikməyi planlaşdırırlar.

Adının açıqlanmasını istəməyən başqa bir satıcı isə tikintiləri “Avrasiya Construction” adlı şirkətin həyata keçirdiyini, yaxınlıqdakı binanın tikintisinin iyul ayında başa çatacağını, bundan sonra “Nəsimi bazarı” ərazisində yeni binanın tikiləcəyini iddia edir. Bazarın sökülməsi ilə bağlı iddiaların da buna hazırlıq olduğunu söyləyir.

Başqa bir satıcı ilə söhbətləşirik. Bildirir ki, bazarın sökülməsi ilə bağlı iddialar ancaq şaiyə ola bilər və bunun heç bir əsası yoxdur: “Çünki mən dünən mal gətirmişəm. Bir həftə sonra yenə də mal gətirmək üçün “topdan-satış”a gedəcəyəm. Əgər bazar bağlanırsa, niyə gedim ki?! Koronavirusla əlaqədar olaraq karantin rejimi yumşaldılanda və bazarın açıldığı ilk gün bu şaiyələrə mən də inanmışdım. Yığışıb müdriyyətin yanına getdik. Bizə bildirildi ki, gedin başınızı aşağı salın, işinizi görün, bazar sökülmür”.

Söhbətə başqa bir satıcı qoşulur. Deyir ki, bazarın yola baxan hissəsi təmir ediləcək: “Sökülən yer niyə təmir olunsun axı. Müdriyyət onu da tapşırıb ki, təmizliyə riayət edin. Yüngülvari təmir işləri aparın. Əvvəllər burada “krısa” vardı. İndi yoxdur, çünki təmizlik işləri aparıldı. Bəzi natəmiz köşklər qapalı bazara – şüşəli məkanlara köçürüldü. İndi bir az genişlənib. Səliqəlilik var”.

Bir az ərazini dolaşırıq. Başqa satıcılarla söhbətləşirik. Orta yaşlı meyvə satan  həmsöhbətim deyir ki, bazar ən azı altı ay hələ sökülməyəcək: “Artıq xeyli icarədarla müqavilə bağlanıb. Eləsi var 3 aylıq, eləsi də var ki, 6 aylıq imzalayıb. Mənim də müqavilə müddətim 6 aydır. Bu da o deməkdir ki, ən azından hələ 6 ay bazar sökülməyəcək”.

Biz ərazidə olarkən bazar rəhbərliyi yerində olmadığından müdriyyətin fikrini öyrənə bilmədik. Əvəzində alıcılardan – yaxınlıqda yaşayan sakinlərdən “Nəsimi bazarı”nın sökülməsinə münasibət öyrənməyə çalışdıq. Alıcılar bildirdilər ki, Bakının ən ucuz bazarlarından biridir, üstəlik sökülməsi sakinlər üçün yaxşı heç nə vəd etmir:

Bir yaşlı xanım dillənir:

-Bakının hər rayonunda el bazarı var. Burada da olmalıdır.

Xırdavat köşkündən mal alan başqa bir xanım:

-Bura başqa bazarlara baxanda ucuzluqdur. Marketlərdə hər şey satmaq olmur axı...

Yaşlı bir kişi söhbətə qarışır:

-Bütün bazarları söküb bina tikəcəklər. Həmin binanın insanlarına da bazar lazımdı ya yox?!

Beləcə “Nəsimi bazarı”ndan söhbətimizi, müşahidələrimizi yekunlaşdırıb geri dönürük. Bazarın giriş hissəsindəki cavan bir oğlan qonşu köşklərdəki satıcı dostlarını başına yığıb saytlarda bazarla bağlı yayılan informasiyaları oxuyur. Hətta icra hakimiyyətinin rəsmi mövqeyini də:

-Bazarın yanında artıq üç yeni yaşayış binası tikilir, görünür, burada da yeni tikililinin inşası gözlənilir.

Sonda icra hakimiyyətinin məsələ ilə bağlı mövqeyini də bölüşməyi özümüzə borc bilirik. Nəsimi RİH-in məsə ilə bağlı açıqlamasında deyilir: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun  olaraq Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri çərçivəsində Nəsimi rayonu, F.Qasımzadə, M.Qaşqay, Ak.M.Mirqasımov küçələrinin və Azadlıq prospektinin əhatə etdiyi məhəllədə yeni yaşayış binalarının tikintisi “Avrasiya Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.

Şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış və qeyri-yaşayış sahələrindən sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədər həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 15-30% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək yaşayış binasında təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi və digər xidmətlərin göstərilməsi öhdəliyi Rayon İcra Hakimiyyəti tərəfindən MMC-nin üzərinə qoyulmuşdur.

Həmçinin, sözügedən ərazidə yerləşən qeyri-yaşayış sahələrində, o cümlədən “Nəsimi bazarı”  ATSC-ə məxsus ərazidə əhaliyə göstərilən xidmətlərin daha yüksək səviyyədə təşkili üçün tərəflər arasında (“Avrasiya Construction” MMC və “Nəsimi bazarı”  ATSC) qarşılıqlı razılaşma əsasında  işlərin aparılması nəzərdə tutulur.

Əlavə olaraq qeyd edirik ki, “Nəsimi bazarı”  ATSC-nin nümayəndəsinin məlumatına əsasən  bildiririk ki, ATSC-nin bazarın içərisində icarəyə verdiyi piştaxtalar hazırda günün tələblərinə cavab vermədiyi üçün yenidənqurulması məqsədilə səhmdar cəmiyyət tərəfindən sökülür.

Oxunma sayı 282