“Sərhədlərin bağlanması dünya iqtisadiyyatına böyük zərbə vurub” – Cavad Cahangirzadə

10:35 25.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çindən qaynaqlanan koronaviris pandemiyası dünyanın bütün ölkələrində can almağa davam edir, iqtisadiyyatları çökdürür, insanları bir-birindən təcrid edir və sair. Virusun təsirindən ən çox əziyyət çəkən ölkələrdən biri də qapıbir qonşumuz olan İrandır. Pandemiyanın ilk vaxtlarında Yaxın Şərq regionunda mərkəzə çevrilmiş bu ölkədə on minlərlə insan yoluxdur, minlərlə adam təəssüf ki, yaşamını itirdi. Amma İran dövləti sonunda yoluxma hallarını və ölüm faktlarını azalda bildi. Həm də uzun illərdir ona tətbiq edilən ağır sanksiyalar şəraitində. Necə deyərlər, öz əli, öz gücü ilə pandemiyanı cilovlamağa çalışır. Üstəlik, bu ölkədə yaşanan məlum fəlakət Azərbaycana birbaşa təsir edir. Həm respublikamızın ən böyük quru sərhədinə malik qonşusudur, həm də gediş-gəlişimiz ən sıx olan ölkədir. İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə ilə müsahibəmizi də elə bu müstəvidə qurduq: İranda vəziyyət necədir, çıxış yolu nədir və sair. Gəlin söhbətimizə birlikdə nəzər salaq:

- Son rəqəmlərə görə, İranda indiyə qədər 136 min nəfərədək insan bu virusa yoluxub. Təəssüf ki, 7400 nəfər vətəndaşımız bu xəstəlik səbəbindən həyatlarını itirib. Müsbət və ümidverici məqam budur ki, xəstəliyə yoluxmuş insanlardan 102 min nəfəri müalicə alaraq sağalıb. Bu da onu göstərir ki, İran islam Respublikası özünün güclü səhiyyə və tibbi infrastrukturu ilə bu xəstəliyə qarşı mübarizədə uğurlu olub və xoşbəxtlikdən ölüm halları günbəgün azalmaqdadır.

- Təxminən 40 ildir İrana qarşı sanksiyalar tətbiq edilir və son illər bu sanksiyalar bir az da sərtləşdirilib. Amma təqdirəlayiqdir ki, İran dövləti bu müddətdə öz gücünə inkişaf edə bilib. Bəs indiki pandemik şəraitdə İran bu sanksiyaların ağırlığına necə dözür, dərman-pereparatların gətirilməsi, ərzaq və sair çatışmazlığın öhdəsindən necə gələ bilir?

- ABŞ-ın sanksiyaları heç vaxt dövlətimizi və xalqımızı diz üstə çökdürə bilməyəcək. Amerikalıların özləri də bilirlər ki, bu metod onların istədiyi nəticəni verməyəcək. Ticartə və iqtisadiyyata tətbiq olunan sanksiyalar təbbi ki, əhalinin həyatında müəyyən çətinliklər yaradır, lakin heç şübhəsiz ki, xalqımız bu çətinliklərdən üzüağ çıxacaq. Elə bu sanksiya və pandemiya şəraitində də, İranda əhaliyə göstərilən tibbi xidmətin həcmi hansısa sanksiyaya məruz qalmayan ölkənin öz xalqına göstərdiyi xidmətdən nəinki aşağı deyil, əksinə daha yüksəkdir. Üstəlik, dərman və təchizatların təmin olunmasında dost ölkələr daim yanımızda olublar.

- Dərmandan söz düşmüşkən, xəstələri necə sağaldırsınız. Axı vaksin yoxdur. İranda ilk günlər vaksinin tapıldığı və yaxın günlərdə onun elan ediləcəyi bildirilmişdi, amma sonradan məsələ qapandı…

- Ümumdünya Səhiyyə Təşkilatının və dünyanın bütün mötəbər beynəlxalq səhiyyə qurumlarının təsdiq etdiyi kimi, İran islam Respublikası tibbi və səhiyyə xidmətləri göstərməkdə qabaqcıl ölkələrdən biridir. Biz bu gün ölkənin ehtiyacı olduğu dərmanların 90 faizindən çoxunu özümüz istehsal edirik. Elm adamlarımız da bu virusa qarşı mübarizə aparmaq üçün tədqiqatlarını davam etdirirlər. Xoşbəxtlikdən əlimizdə olan imkanlarla 106 minə yaxın virusa yoluxmuş xəstəni müalicə edə bilmişik. Bütün ölkələr bu virusa qarşı peyvənd hazrlamaq üçün çalışır. Hesab edirəm ki, bu peyvəndi əldə edə bilən ölkə bəşəriyyətə böyük xidmət göstərmiş olacaq.

- İndi nəzərə alsaq ki, dünyada bütün ölkələr digər ölkələrlə hərtərəfli əlaqələri dayandırıblar, bu prizmadan yanaşsaq, İran qonşu ölkələrlə necə iqtisadi-ticarət əlaqəsi saxlayır? Konkret olaraq Azərbaycanla ticarət-iqtisadi əlaqələr icra olunurmu?

- Sərhədlərin bağlanması və ölkələr arasında gediş-gəlişin dayandırılması dünya iqtisadiyyatına böyük zərbə vurub. Heç bir ölkə bu virusun dağıdıcı fəsadlarından sığortalanmayıb. Xoşbəxtlikdən bizimlə Azərbaycan arasında sərhədlər yük mübadiləsi və tranziti üçün bağlanmayıb və bu mübadilələr əvvəlki kimi davam edir.

- Epidemiyadan əvvəlki və bu günki əlaqələri müqayisə etsək İran - Azərbaycan ticarəti neçə faiz azalıb? Pandemiya ilə əlaqədar hazırda İran Azərbaycana daha çox hansı məhsulları satır və ya əksinə alır?

- Şirkətlər və ticarətçilər arasında gediş-gəliş, mübadilə və üz-üzə görüşlər keçirilmir, amma deyildiyi kimi, idxal və ixracat əməliyyatları dayandırılmayıb. Keçən il ölkələrimiz arasında ticari əlaqələrin həcmi bir milyard dollara yaxınlaşmışdı, amma yeni şəraitdə bu rəqəmin aşağı düşəcəyi praqnozlaşdırılır.

- Bizim üçün maraqlıdır, sərhədlər bağlanandan sonra İranda Azərbaycan vətəndaşı qalıbmı? Qalıbsa onların vəziyyəti necədir, qalmayıbsa, onlar İrandan hansı formada Azərbaycana göndərilib və ya əksinə, eyni məsələ İranın Azərbaycanda qalmış vətəndaşlarına da aiddir…

- Xoşbəxtlikdən bu sahədə səfirlik və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın hörmətli rəsmiləri arasında çox faydalı və yaxın əməkdaşlıq qurulub. Karantin şəraitində və sərhədlərin bağlı olduğu bir dövrdə Azərbaycanda qalan 600-ə yaxın İran vətəndaşını ölkəmizə göndərə bilmişik. Bu sahədə əməkdaşlıq və qardaş köməyinə görə, Azərbaycan dövlətinin hörmətli rəsmilərinə xüsusi təşəkkür etməyi vacib sayıram. 160 nəfər Azərbaycan vətəndaşı Tehran – Bakı aviareysləri, eləcə də Astara və Biləsuvar sərhəd keçid məntəqələrindən keçməklə öz vətəninə qayıdıb. Azərbaycanın Tehrandakı səfirliyi də bu sahədə çox faydalı iş görüb.

- Son olaraq deyin lütfən: İranda həyatın əvvəlki kimi tam normal axarına düşməsi üçün təxmini nə qədər vaxt qalıb?

- Təəssüf ki, bu naməlum virus bütün ölkələrin işini çətinləşdirib. Bu gün şahidi oluruq ki, üç aydan sonra bəzi dünya ölkələri, o cümlədən Hindistan, Braziliya və bəzi Afrika ölkələri yenidən yayılma mərhələsinə qədəm qoyublar. Düşünürəm ki, hər bir ölkənin xalqı bu virusla mübarizədə ölkə məsullarına inanmalı və əməkdaşlıq etməlidir. Bu virusla mübarizə milli iradə və əzm, hərtərəfli birgə iş tələb edir. Sevindirici haldır ki, səhiyyə işçilərimiz çox şəffaf, etibarlı iş sərgiləyib və bu da insan tələfatının azalmasına səbəb olub. Bu qlobal fəlakəti ən qısa zamanda aradan qaldıracağımıza ümid edirik.

Oxunma sayı 6587