Koronavirusa yoluxmanın çox olduğu Lənkəranda son durum - REPORTAJ

15:36 04.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti yanında Operativ Qərərgahın dünənki brifinqində şənbə və bazar günlərində karantin rejimin gücləndirilməsi ilə bağlı qərar veriləcəyi bildirildi. Buna səbəb isə tək dünən 300-dən artıq insanın koronavirusa yoluxub, ölənlərin də sayında artım müşahidə olunması idi.

Bundan əlavə insanların maskasız gəzməsinə görə cərimələr tətbiq olacaq. Paytaxt Bakıda maska taxanlar demək olar ki, metrodan istifafə edənlərdir. Digər yerlərdə maska taxmaq "günah" kimi sayılır...

Bəs bölgələrdə vəziyyət necədi?

Hafta.az olaraq yolumuzu ölkənin ən gözəl guşələrindən biri olan Lənkərana saldıq. Lənkərana gedənlər birbaşa bazara üz tuturlar. Bu bölgəyə xas olan sitrus meyvələri ilə yanaşı, balıq alanlar da kifayət qədərdir. Qeyd edək ki, Lənkəran virusun ən çox yayıldığı rayonlardandır.

Bir sözlə bu bazarda insan əlindən tərpənmək olmur. Bəs maska istifadə edirlərmi?

Olduğumuz vaxt ərzində barmaqla sayılası qədər adam maska taxıb. Maska taxmamaqla yanaşı insanlar alış-veriş məqsədi ilə bir yerə toplaşmış olur. Məsələn, meyvə satan xalanın vitrinin qarşısında ən azı 20 nəfər toplaşıb. Sosial məsafə, maska söhbətləri isə təmiz yaddan çıxıb. Polis nəzarəti də yoxdur...

Yaxınlaşıb soruşduq. Görəsən, təhlükədən qorxurmu, maskadan niyə istifadə etmir?

Ay xala, maska niyə taxmırsız, gündə yüzlərlə adamın içindəsiniz...

Ürəyim sıxılır, taxa bilmirəm. Həm də kasıbçılıqdı. Maska da bahadı. Mən nə qazanıram ki, gündə iki-üç dəfə maska dəyişim. Şəklimi də çəkmə... Sonra bu bazardan da qovularıq, mənim balam Allah səni saxlasın...

Allah sizi də qorusun deyib, bazara yaxın yerləşən Kapital Bankın qarşısına keçirəm. Burada iynə atsan insan əlindən yerə düşməz. Sosial məsafə gözlənilməsə də polislər imkan vermir ki, insanlar içəriyə daxil olsunlar. Növbəlilik prinsipinə əməl olunur.

Lənkəranın məşhur yerlərindən biri də "Dosa" parkıdır. Bu parkda yaşlı insanlar dincəlir. Amma bu gün onlara rast gəlmədik. Amma parkın girişində heç bir qaydaya əməl etməyən insanlar var. Uşaqlarını istirahət üçün gətiriblər.

Lənkəranın ən məşhur küçələrində də olduq. İnsanlar sanki koronavirusun olmaması kimi yaşayırlar. Bu şəhərdə maskadan istifadə halları çox azdır.

Xatırladaq ki, Lənkəran şəhərinə Astara rayonundan gələnlər daha çoxdur. Astara rayonu sərhəddə daha yaxındır. Həmçinin statistikaya görə cənub zonasında ən çox yoluxma Lənkəran, Astara rayonlarında qeydə alınıb.

 

Oxunma sayı 2803