Xəzərin mühafizəsi ilə bağlı növbəti aksiya keçirildi

17:00 12.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Xəzər günü” ilə əlaqədar Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağının təmizlənməsi işləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, belə tədbirlərdən biri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xəzər televiziyasının təşəbbüsü ilə Abşeron milli parkının Xəzər sahili sanitariya-mühafizə zonasında baş tutub.

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin ekoloji durumunun yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və Xəzərin unikal dəyərlərinin mühafizəsində cəmiyyətin bütün təbəqələri ilə əməkdaşlığı gücləndirməkdir.

Karantin rejiminin qaydalarına əməl olunmaqla keçirilən aksiyada ETSN-nin, Xəzər televiziyasının və Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları, BMT-nin İnkişaf Proqramının, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, “Nargis” jurnalının, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələri, müasir kreativ incəsənət təmsilçiləri və ekokönüllülər iştirak edib.

Xəzərin çirklənmədən qorunmasına, balıq ehtiyatlarının bərpasına və mühafizəsinə diqqət çəkən aksiya zamanı 10 hektara yaxın ərazi plastik və digər məişət tullantılarından təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

“Xəzər günü”nə həsr olunmuş tədbir sonra Abşeron milli parkında davam edib.

Burada iştirakçılara “Özün yarat” müsabiqəsinin yaradıcılıq nümunələri, “Nargis” jurnalının ekoloji layihələrinin təsvirləri, müasir rəssamların instalyasiya janrında tullantılardan yaratdığı kreativ incəsənət nümunələri, təbii resurslardan alınan təbiət kollajları nümayiş etdirilib.

Xatırladaq ki, 12 avqust 2006-cı il tarixindən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

Oxunma sayı 2575
Sosial rubrikasından digər xəbərlər