Dünya ölkələrini haqqa səsləyən məscidlər (ARAŞDIRMA)

19:10 20.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Artıq neçə aydır ki, dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda dini sitayiş obyektləri məlum pandemiya səbəbindən qapılarını möminlərin üzünə bağlayıb. O cümlədən, hər gün yolumu yanından saldığım məscid binası da azanın və namaza gələn insanların səsinə qəribsəyərək, sükut içində viris təhlükəsinin bağladığı qapılarının təkrar açılacağı günü gözləyir.

Yeri gəlmişkən, hər dəfə qapısı bağlı məscidə baxanda, fikrimdən bir suala cavab tapmaq keçir: təxminən 1,8 milyard nəfərdən artıq müsəlmanın yaşadığı dünyamızda neçə məscid var?

Apardığımız kiçik araşdırmaya əsasən, ötən ilin yekunlarına görə, bütün dünyada ümumilikdə 3 milyon 844 minə yaxın məscid fəaliyyət göstərir. Təbii ki, onların böyük qismi sırf müsəlman ölkələrinin payına düşür. Məscidlərinin sayına görə isə, dünyada ilk yeri, ən böyük müsəlman ölkəsi olan İndoneziya tutur. Bu ölkədə 818634 məscid möminlərin ixtiyarındadır.

Ümumiyyətlə, ən çox məscidi olan ölkələrdən bəzilərini qeyd edək:

1. Yuxarıda da qeyd etdiyimiz kimi, İndoneziya 818634 məscidlə ölkələrin siyahısına birincilik edir. Bu ölkədə yalnız müsəlman əhalinin və məscidlərin sayı deyil, həm də hər 100 min nəfərə düşən məscid sayı yüksəkdir – ortalama 300 məscid.

2. Pakistan müsəlman əhalisinin sayına görə, İndoneziyadan sonra ikinci iri dövlət olması ilə yanaşı, həm də fəaliyyətdə olan məscidlərinin sayına görə ikincidir. Bu ölkədə nə az, nə çox, 310 mindən artıq məsciddən hər gün beş dəfə səslənən azanla möminlər namaza dəvət olunur.

3. Hindistan, əslində müsəlman ölkəsi olmasa da, orada müsəlmanların timsalında dünyada ən böyük dini azlıq yaşamaqdadır – 220 milyon nəfər. Hətta bu ölkəni İndoneziyadan sonra dünyanın ən iri müsəlman toplumu da adlandırırlar. Hindistanda bu gün 304334 məscid fəaliyyət göstərir. Bu da o deməkdir ki, hər 100 min hindistanlı müsəlmana 125 məscid düşür.

4. İslam dinin doğulduğu yer, İslamiyyətin mənəvi mərkəzi olan Səudiyyə Ərəbistanında 281494 məscid mövcuddur. Əlbəttə, heç şübhəsiz ki, iki müqəddəs məscid – Haramül Məscid (Məkkə) və Böyük Məscid (Mədinə) bu ölkədədir. Səudiyyə Krallığı həm də yalnız İslam dünyasının mənəvi mərkəzi olma özəlliyinə görə fərqlənmir, həm də hər 100 min nəfərə düşən məscidlərinin sayına görə liderdir. Burada hər 100 min adama nə az, nə çox, 844 ibadət ocağı düşür.

5. Əsas hissəsi Qanq çayının deltasında yerləşən, Qanq daşarkən ərazisinin 97 faizinin su altında qalma ehtimalı olan Banqladeşdə 255881 məscid var. Banqladeşdə müsəlmanlar maddi baxımdan imkanlı olmasalar da, Allaha ibadət yerlərinin çoxluğu baxımından bəxtləri gətirib. Bu ölkədə hər 100 min adama 128 məscid var.

6. Siyahının bu pilləsində qərar tutan ölkə əhalisinin sayına görə bir çox müsəlman dövlətlərindən dəfələrlə kiçik olan Əfqanıstandır. Cəmi 40 milyon nəfər əhalisi olan Əfqanıstanda nə az, nə çox, 123368 məsciddə azan oxunur. Üstəlik dindar Əfqanıstanda hər 100 min nəfərə 310 məscid fəaliyyət göstərməkdədir.

7. Ərəb dünyasının əhalisinin sayına görə ən iri subyekti, 103 milyon nəfər əhalisi olan Misirdə 111508 məscid mövcuddur. Bu ölkədə adambaşına 110 məsciddə azan verilməkdədir.

8. Qardaş Türkiyədə, baxmayaraq ki, özünü müasir hesab edən müxaliflər iqtidarı məscidlərin sayını ifrat dərəcədə artırmaqda suçlayırlar, 89259 məscid mövcuddur. Türkiyədə hər 100 min möminin ibadəti üçün ortalama 74 məscid fəaliyyətdədir.

9. Qonşu İranda mövcud məscidlərin sayı 72574-dür. Əhalisinin sayı özündən iki dəfədən də az olan Əfqanıstanla müqayisədə məscidlərin belə az olması çox maraqlıdır. Bu gün İslam respublikasında hər 100 min nəfərə cəmi 58 məscid düşür.

10. Məscidlərin sayına görə ilk onluğu Efiopiya tamamlayır. Burada xristianlardan sonra ikinci böyük din ardıcılları olan müsəlmanların ixtiyarında 61326 məscid var. Qeyd edək ki, bu gün Efiopiyada təxminən 40 milyon nəfər müsəlman yaşayır. Bu ölkədə hər 100 min müsəlmanın ixtiyarında 153 məscid var.

11. Məğrib ölkəsi Mərakeş məscidlərinin sayına görə ərəb dünyasında Səudiyyə Ərəbistanı və Misirdən sonra üçüncüdür. Əksəriyyəti müsəlman olan, ortalama 37 milyon nəfərin yaşadığı bu ölkədə 49885 məsciddən azan səslənir. Mərakeşdə hər 100 min adama ortalama 135 məscid xidmət edir.

12. Ən çox məscidi olan ölkələrin siyahısında, heç kim təəccüblənməsin, 12-ci pillədə Çin dayanır. Son məlumata görə, kommunizmin məcburən ateistlər məkanına çevirdiyi bu ölkədə nə az, nə çox, 35889 məscid var. Əslində ateist siyasəti üzərində qurulan və müsəlmanlara şiddət uyğulanan bu ölkədə bu qədər məscidin olmasının inandırıcı görünmədiyi kimi, bu ölkədə yaşayan müsəlmanların sayı da bir qədər təəccüblüdür. Rəsmi statistida 35 milyon müsəlmanın yaşadığı bu ölkədə, digər fərqli rəqəmlərə görə İslam tərəfdarlarının sayı 60 milyon nəfərdir. Ortalama 50 milyon rəqəmini götürüb bölgü aparası olsaq, nəticəyə əsasən Çində hər 100 min müsəlmanın ixtiyarında 70 məscid var.

13. Əlcəzair uzun zaman Fransanın müstəmləkəsi olsa da, insanları öz inanclarını, eləcə də ibadət ocaqlarını qoruyub-saxlayıblar. Ölkədə bu gün 20 min məscid insanlara xidmət göstərməkdədir. Əlcəzairin əhalisi 44 milyon nəfərdir və onlardan ortalama 1 milyon nəfəri qeyri-müsəlman hesab etsək, bu qənaətə gələ bilərik ki, Əlcəzairdə hər 100 min nəfərə 52 məscid düşür.

14. Birləşmiş Ərəb Əmirliklərində 5036 məscid ibadət üçün qapılarını möminlərin üzünə açmaqdadır. Əmirliklərdə hər 100 min adama 52 məscid qapılarını açır.

15. Azərbaycanda da müsəlmanlara xidmət edən kifayət sayda dini sitayiş yeri var. Bizdəki məlumata görə, hazırda ölkəmizdə 2250 məscid fəaliyyət göstərir. Yəni ortalama hər 100 min adama 22,5 məscid.

16. Xeyli kiçik, əhalisinin sayı az olan Küveytdə 1320 məscidin olduğu bildirilir. Bu da o deməkdir ki, Küveytdə hər 100 min nəfərə 30,4 məscid xidmət göstərir.

Bir maraqlı faktı da deməməklə keçmək olmur: bəzi müsəlman ölkələri ilə müqayisədə qeyri-müsəlman ölkələrindəki məscidlərin sayı daha çoxdur. Məsələn, ümumilikdə 20 milyon müsəlmanın yaşadığı qonşu Rusiya Federasiyasında 8409 məscid fəaliyyət göstərir (hər 100 min müsəlmana təxminən 42 məscid) və bu cür dini sitayiş mərkəzlərinin tikintisi bir qayda olaraq davam etdirilir.

Müqayisə üçün deyək ki, məsələn, 34 milyon əhalisi olan, Orta Asiyada İslamın tarixən mərkəzi rolunu öz üzərinə almış Özbəkistanda cəmi 5286 məscid mövcuddur. Yəni Rusiyadakından dörd dəfə az. Özbəkistanda hər 100 min adama cəmi 16 məscid fəaliyyət göstərməkdədir.

İndi də başqa bir neçə xristian ölkəsində müsəlmanlar üçün tikilmiş məscidlərin siyahısına nəzər salaq: 

 

Almaniyada son məlumata görə, ortalama 5 milyon müsəlman yaşayır. Nəzərə alsaq ki, bu ölkədə 2884 məscid var, belə qənaətə gələrik ki, hər 100 min müsəlmana 58 məscid xidmət göstərir.

ABŞ-da rəsmi vətəndaş olaraq 2,7 milyon müsəlman yaşamaqdadır. Rəsmi məlumata görə, 2508 məscidi olan bu ölkədə hər 100 min müsəlmana 93 məscid düşür.

Fransada rəsmi rəqəmlərə əsasən 5,8 milyon müsəlman yaşayır. Konkret 2449 məscidin fəaliyyət göstərdiyi Fransada hər 100 min müsəlmanın ixtiyarında 42,2 ibadət ocağı var

Böyük Britaniyanın müsəlman vətəndaşlarının sayı 4,2 milyon nəfərdir. Amma bu qədər insanın 1775 ibadət mərkəzi mövcuddur. Bu da o deməkdir ki, Krallıqda hər 100 min müsəlmana 42,3 məscid xidmət göstərir.

Uzaq Kanadada 1712 məsciddə azan verilir. Təxminən 800 min müsəlmanın yaşadığı ölkə üçün bu böyük rəqəmdir. Çünki hər 100 min kanadalı müsəlmana burada 137 məscid düşür.

Vaxtilə Ərəb Xilafətinin bir parçası olan İspaniyada, sonradan İslamın izlərinin silinməsi siyasəti yürüdülsə də, günümüzdəki mövcud vəziyyət bunun mümkün olmadığını üzə çıxarır. Hazırda bu ecazkar ölkədə yaşayan təxminən 1,2 milyonluq müsəlman icmasının ixtiyarında 1312 məscid var. Yəni hər 100 min ispaniyalı müsəlman üçün 109 məsciddə azan səsləndirilir.

Coğrafi mənada İslam dünyasına daha yaxın yerləşən İtaliyada təxminən 2,7 milyon nəfər müsəlman yaşayır. Cəmi 749 məscidin fəaliyyət göstərdiyi bu qədim, amma İslama isti yanaşmayan ölkədə hər 100 min italiyalı müsəlmanın ixtiyarında 27,7 məscid var.

Niderland Krallığında 453 məscid fəaliyyət göstərir. Hansı ki, ölkədə rəsmən yaşayan müsəlman əhalinin sayı 1,2 milyondan çoxdur. Bu da o deməkdir ki, hazırda hər 100 niderlandlı müsəlmana 37,8 məscid düşür.

Avstraliyada yarım milyon müsəlman yaşayır və onların bu uzaq ölkədə 340 məscidi mövcuddur. Yəni bu ölkədə hər 100 min müsəlmanın ixtiyarında 68 məscid var.

Avropanın ən sabit ölkələrindən sayılan, 400 min müsəlmanın yaşadığı İsveçrədə 250 məsciddə azan verilir. Bu da o deməkdir ki, İsveçrədə hər 100 min müsəlman üçün 62,5 məscid mövcuddur.

Öz milli və dini kimliyini tarix boyu mühafizə edən Yaponiyada 130 min müsəlmanın yaşamasına baxmayaraq, burada 200 məsciddən azan səsləndirilir. Yəni hər 100 min müsəlmanın ixtiyarında 154 məscid var.

Təxminən 250 min müsəlmanın yaşadığı Brazliyida 150 məscid var. Yəni hər 100 min braziliyalı müsəlman üçün 60 ibadət yeri mövcuddur.

Norveçdə 120 məsciddə azan səsləndirilir. Nəzərə alsaq ki, bu ölkədə cəmi 60 min müsəlman vətəndaş yaşayır, deyə bilərik ki, bu ölkədə hər min nəfərə 2 məscid xidmət edir. Bu da çox yüksək rəqəmdir.

Cənubi Koreyada yaşayan 52 min müsəlmanın ixtiyarında 75 məscid var. Yəni hər min nəfərə 1,5 məscid.

Avropada insanların azad yaşadığı ölkə adlandırılan İsveçdə cəmi 50 məscid mövcuddur. Hansı ki, burada 202 min müsəlman yaşayır. Yəni hər yüz min nəfərə 25 məscid, Azərbaycandakından daha üstün göstərici...

Əlbəttə, demək olmaz ki, xristian dünyasında tarix boyu və elə günümüzdə də müsəlmanlara və onların ibadət yerlərinə böyük sayğı göstərilib, qətiyyən. Məsələn, şəxsən apardığım araşdırmada bu qənaətə gəldim ki, Bolqarıstanda müsəlmanlara aid ən azı 128 ibadət ocağı, hansı ki, onlardan 117-si məsciddir, amma funksiyası dəyişdirilərək kilsəyə çevrilib (Paytaxt Sofiyada 1878-ci ildə, bir gecədə 7 minarə partladılaraq məhv edilib). Eyni zamanda, Xorvatiyada 9, Kosovoda 2, Ukraynada 10 (onlardan 7-si Krımdadır), Makedoniyada 7, Serbiyada 17, Bosniya və Hersoqovinada, Avstriyanın işğalı zamanı 3, Fransanın işğalı zamanı Əlcəzairdə 3, Ermənistanda 2, Yunan Kiprində 1, Moldovada 4, Rumıniyada 5 və Macarıstanda 29 məscid və mədrəsələr kilsəyə çevrilib. Özü də adlarını qeyd etdiyimiz ölkələrdəki bütün məscidlər türklər tərəfindən tikilmişdi.

Ümumilikdə, vaxtilə Osmanlı dövlətinin nəzarətində olmuş Şərqi avropa və Balkanlarda 329 məscid kilsəyə çevrilib.

Onu da qeyd edək ki, ən çox sayda məscidi kilsəyə  çevirən ölkə Yunanıstandır. Burada müsəlmanlara aid 94 məscid kilsəyə çevrilib. Hansı ki, bu gün Ayasofya muzeyinin məscid kimi fəaliyyətinin bərpa edilməsini, Yunanıstan xristianlığa qarşı müharibə kimi dəyərləndirir. Əlbəttə, özlərinin ötən dövrdə islamiyyətə və onun yadigarlarına qarşı rəhmsiz davranışlarını unudurlar...

Amma bir ağrılı fakt da var ki, məscidlərə sayğısızlıq yalnız qeyri-müsəlman ölkələrində göstərilmir, elə İslam dünyasında da min cür səbəb və bəhanə gətirərək Allahın evi adlandırdığımız ibadək ocaqlarını dağıdan və ya fəaliyyət funksiyasını dəyişdirənlər az deyil. Məsələn, 2015-ci ilin aprelində Tunisdə 187 məscid bağlandı. Səbəb kimi isə onların icazəsiz fəaliyyət göstərdiyi qeyd olundu...

Bu araşdırmadan belə nəticəyə gəlmək olar ki, bəzən hansısa səbəblərdən müsəlman ölkələrinin özlərində belə adambaşına hesabla məscidlərin sayı az, yaxud da ifrat dərəcədə çoxdur. Amma bunlar həmin ölkələrin cəmiyyətlərinin inkişafını ləngitmir. Yəni heç bir insanın inkişafı yolunda məscid, hətta kilsə, sinaqoq və ya digər məbədlər maneə ola bilməz. Çünki onlar özləri insanlara öyrənməyi, inkişaf etməyi tövsiyyə edir. Əgər elmin mərkəzi hesab etdiyimiz Avropa, Amerikada müsəlmanlar üçün tikilmiş yüzlərlə, minlərlə məscid insanların irəli getməsinə mənfi təsir etmirsə, deməli, elmi inkişafda və dünyagörüşdə ləngimənin günahı insanların özlərindədir...

Oxunma sayı 11802
Siyasət rubrikasından digər xəbərlər