“Azərişıq” texniki itkiləri 5 faiz azaldıb

11:38 24.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2015-ci ildə “Azərişıq” ASC yaradılanadək şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9 faiz təşkil edib, 2016-cı ildə bu rəqəm 10 faizə, 2017-ci ildə 9,9 faizə, 2018-ci ildə 9,8 faizə, 2019-cu ildə isə 9,7 faizə qədər azaldılıb. Cari il üzrə texniki itki göstəricisinin 0,8 faiz azaldılmaqla 8,9 faizə çatdırılması proqnozlaşdırılıb.

Hafta.az xəbər verir ki, bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, bu gün də "Azərişıq" ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirləri davam etdirir. Bu məqsədlə elektrik şəbəkələrində əsaslı yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də uçot sistemi təzələnərək sayğaclar yenilənir. 2015-2020-ci illər ərzində, ümumilikdə 1 milyon 300 minədək abunəçi yeni sayğaclarla təchiz edilib ki, bunun da 1 milyon 157 mini əhali, 142 min 309-u isə qeyri-əhali abonentlərinə aiddir. Bu ilin yanvar-avqust aylarında isə ümumilikdə 151 min 45 abonent yeni sayğacla təchiz edilib və bunun da 142 min 808-i əhali, 8 min 237-si isə qeyri-əhali abonentləridir. Ötən ilin 8 ayı ərzində texniki itki səviyyəsi 9,7 faiz, cari ilin eyni aylarında isə bu göstərici 0,7 faiz azalaraq 9 faizə endirilib. Ümumilikdə “Azərişıq” ASC üzrə son 5 il ərzində texniki itki səviyyəsinin 5 faiz azalmasına nail olunub”.

V.Mustafayev əlavə edib ki, “Azərişıq” tərəfindən respublikanın bütün kənd və qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir: "Son 5 ildə 500-dən çox kənd və qəsəbədə, cari ilin 8 ayında isə 50-dən çox inzibati ərazi vahidlərində (0,4 kilovoltluq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq ümumilikdə yüz minlərlə istehlakçının 24 saat ərzində dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı tam təmin olunub".

Oxunma sayı 1634