Ağdamlı ailənin Vətən sevgisi - İki oğlu ilə könüllü cəbhəyə yollanan şəhid Müşviq Abbasov

10:58 04.12.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Vətən həsrəti ilə alışıb-yanan Abbasovlar ailəsinin 2 oğlu və ailə başçısı Müşviq Abbasov, tarix yaratmaq üçün Ali Baş Komadanın əmrini gözləyən milyonların bir parçasıydı. Müşviq bəy 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub, qazi idi.

O əmin idi ki, davamız hələ bitməyib, qisasımız qiyamətə qalmayacaq. Elə bu səbəbdən də, övladlarını şanlı qələbəmizin əsgərləri kimi yetişdirmişdi. Sentyabr ayının 27-dən başlayaraq, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə ata iki övladı ilə birlikdə könüllü olaraq iştirak edir. Hafta.az Şəhid Müşviq Abbasovun ortancıl övladı, atası ilə çiyin-çiyinə mübarizə aparan Şamil Abbasov ilə müsahibəni sizə təqdim edir:

-Şamil bəy, sizi bir qədər yaxından tanıyaq. Zəhmət olmasa özünüz və ailəniz haqqında bizi bilgiləndirərdiz.

-Atam 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Məcburi köçkün ailəsində doğulub böyümüşəm. Əvvəl Mingəçevir rayonunda yaşasaq da, sonralar, hələ biz uşaq ikən ailəmiz Bakıya köçdü. Mən  31 yanvar-2000-ci ildə, qardaşım İntiqam isə, 31 mart 1998-ci ildə doğulub, balaca qardaşım 17 yaşındadır.

-Necə oldu ki, atanız və qardaşınızla könüllü olaraq cəbhəyə yollanmaq qərarına gəldiniz?

-Tovuz döyüşləri zamanı böyük qardaşımla mənim, yaxın dostumuz Rəşad Mahmudov şəhid oldu. O şəhid olduğu gecə qardaşımla birlikdə hərbi komissarlığa könüllü olaraq müraciət etdik, amma, bizi götürmədilər. Elə o vaxt atam dəqiqləşdirmişdi ki, narahat olmayın, çox az qalıb yaxında onsuzda səfərbərlik olacaq və hər birimiz gedəcəyik. Çox çəkmədi ki, döyüşlər başladı. Sentyabr ayının  26-sı atama zəng gəldi. O, 1 ci Qarabağ müharibəsində  köhnə kəşviyyat komandiri olub. Zəng gələndə isə qardaşımla birlikdə rayonda idilər, elə birbaşa olaraq oradan cəbhəyə yollandılar.

-Yəqin ki, bu qədər vətənpərvər böyüməyinizdə atanızın rolu böyükdür.

-Bəli, hələ biz uşaq ikən evdə söhbətlər gedirdi ki, bir gün müharibə başlasa hər birimiz cəbhəyə yollanacağıq. Atam qardaşlarıma və mənə balaca vaxtından silah tutmağı, güllə atmağı öyrədib. Bizi hər zaman müharibə üçün hazırlayıb. Buna görə də, həm mənim, həm də qardaşlarımın bu qədər vətənpərvər yetişməyimizdə atamızın rolu əvəzsizdir. Hər zaman bu ruhda tərbiyə almışıq. Vətən sevgisini böyüklərimizdən görüb götürmüşük. Onun üçün hər şeydən öncə vətən gəlirdi. Bizi də elə böyütdü.  Kəndimiz işğal altında olduğu üçün, atamın ən böyük arzusu, ora ilk ayaq basanlardan olmaq idi. Qismət olmadı. Amma biz öz doğma kəndimizə köçüb burada yaşamağı düşünürük.

-Dediniz, siz atanızla birgə döyüşmüsüz, o şəhid olanda da yanındaydız?

-Döyüşlərdə atamla birgə iştirak etdik. Böyük qardaşım bizimlə deyildi. O kəşfiyyatçı olduğundan, cəbhənin başqa istiqamətində gedən əməliyyatlarda iştirak edirdi. Atam şəhid olarkən yanında idim, nəşini səngərdən mən çıxarmışam...

-Yəqin ki, atanız döyüşlərdən öncə həm sizinlə, həm də qardaşınızla bu barədə danışıb, təcrübələrini bölüşmüşdü.

-Bəli, biz hər zaman bu haqda söhbətlər etmişik, amma, heç vaxt düşünməzdik ki, hansımızsa şəhid olarıq. İçimizdə belə bir narahatlıq olmayıb. Mən atamla birgə Ağdamda idim, qardaşım isə Goranboy, Murov dağ istiqamətindəki əməliyyatlara gedirdi. Onu yola salanda, atam bizə ehtiyatlı olmağı tapşırdı. Birlikdə döyüşlərə girəndə isə, məni və digər döyüş yoldaşlarımızı məlumatlandırırdı. Deyirdi səbirli olmaq, yanındakı vurularsa özünü ititməmək, təmkinli davranmaq lazımdır. Bizimlə elə bir xüsusi söhbəti olmadı. Bircə döyüşə gedəndə mənə onu söylədi ki, "böyük qardaşın da çətin yerdədir, bizdə... mənə bir şey olsa, çalış özünü itirmə, səndə vurulsan mən bu cür davranacam. Səbirlə  döyüşü davam etdirmək lazımdır".

- Bilirəm bu bir qədər çətin olacaq. Amma, bilmək istəyərdik, atanızın şəhid olduğu anları necə xatırlayırsınız?

-Xəbər gəldi ki, düşmən postumuza basqın edib. Bu zaman atam 10 nəfərlik dəstə yığdı və biz silahlanıb posta tərəf getdik. Səngərdə, postun girişində dayandıq. Özü  də daxil olmaqla 3 nəfər irəli getdilər. Məni isə, yerdə qalanlara başçı təyin etmişdi. Son tapşırığı da bu oldu ki, səngərə düşmənin başqa dəstəsi girməyə çalışsa onlara atəş açaq. Ardınca, özü, dostu həm də qohumumuz olan Elşən Hüseynov  və Sadiq Paşayevlə (leytenant və tağım komandiri)  birlikdə səngərə girdilər. Üstündən 7-8 dəqiqə keçdikdən sonra tibb işçiləri gəldi. Əvvəlcə şübhələndim, dedim birdən gələn düşmən olar. Ona görə də, onları yoxladıq, bildirdilər ki, yaralıları çıxarmağa gəliblər. Bu vaxt atamla əlaqə yaratmağa çalışdım, amma, mümkün olmadı. Daha sonra Elşən əmi (Elşən Hüseynov) ağlaya-ağlaya yanımıza  gəldi. Dedi ki, Müşviqi vurdular. Mən səngərə doğru qaçsam da, buraxmadı, qolumdan tutub dedi ki, "Onsuz da, vəziyyət çətindir, düşmən bizə çox yaxındır. Gözlə birlikdə gedərik". Daha sonra, kəşfiyyatçılarımız gəldilər. Səngərdən şəhid və yaralılarımızı çıxarıb tibb işçilərinə təhvil verdik. Qarşıma çıxan ikinci şəhid atam idi... 5 oktyabr saat 9-a 10 dəqiqə qalmış atam döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu...

-Atanızın dəfnində iştirak edə bildiniz?

-Atam şəhid olduqdan sonra, onu dəfn etmək üçün mən də Bakıya gəldim. 3 mərasiminə qədər qardaşım İntiqam da, bizimlə iştirak etdi. Daha sonra o, cəbhəyə yollandı, məni isə, aparmadılar.

-Atanız şəhid olduqdan sonra rəsmi qurumlardan ailənizə hansı dəstəyi gördünüz?

-Heydər Əliyev Fondundan gəlmişdilər, sağ olsunlar köməklik gösrərdilər.

Bəli, uşaqlıqdan Vətənə olan bağlılığı, sevgisi ilə övladlarına örnək olan ata, gedişi ilə də, həm onların həm də, bütün Azərbaycan xalqının qəhrəmanına çevrildi. Biz bu torpaqlar uğrunda qanları ilə dastanlar yazan şəhid və qazilərlə dolu bir millətin nümayəndəsiyik. Tarix boyu qəhrəmanlarından ilham alaraq yetişən oğullar, bu gün özləri tarix yazdılar. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə  can sağlığı versin.

Oxunma sayı 1733
Gündəm rubrikasından digər xəbərlər