QHT liderlərinin parlament seçkilərində namizəd olmaları normaldır - Sahib Məmmədov

11:01 03.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib.

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var. Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib. Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Dekabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb. Sorğuya Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasında baxılacaq.

Bütün bu siyasi müstəvidə baş verənləri hafta.az-a Əmək Hüquqları Liqasının sədri, İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov şərh etdi:

"Milli Məclis belə bir təşəbbüslə çıxış edib. Amma parlamentin özü-özünü buraxma funksiyası yoxdur. Bunu Prezident edə bilər. Prezident də qərarı vermədən öncə nə qədər konstitusiyon olmasını dəqiqləşdirmək üçün Konstitutisiya məhkəməsinə sorğu göndərib. Biz gözləməliyik ki, məhkəmə bu sorğunu necə şərh edəcək. Konstitusiya Məhkəməsinin cavabından sonra Prezident öz qərarını verəcək. Ona görə də biz dekabrın 4-nü gözləməliyik. Konstitutisiya məhkəməsinin müvafiq qərarı nə olacaq".

Sahib Məmmədov parlament seçkilərində Qeyri Hökumət Təşkilatlarının fəal olmaları məsələsinə də aydınlıq gətirdi. O, hesab edir ki, QHT-lər hətta burada namizəd ola bilərlər:

"Qanunvericiliyə görə yaşı 18-ə çatmış hər bir şəxs seçkidə iştirak edə bilər. Qanunla namizədliyini irəli sürülməsi qadağan olunmayan şəxslər – istər siyasi partiya nümayəndəsi, istər digər şəxslər seçkilərdə iştirak edə bilərlər. QHT-lərin həmçinin maarifləndirmə funksiyası da var. Seçki qabağı və ya seçki günü sorğular da keçirə, əhalini seçkilərdə fəal iştirakı üçün çağrışlar edə bilər. QHT-lər siyasi məqsədlər üçün çıxış etmirlər deyə, onların seçkilərdə vəziyyəti öyrənmə, maarifləndirmə kimi funksiyaları var. Bu da olacaq. Hökumət fondları da bu məqsədlə QHT-lərə müəyyən vəsaitlər ayırıb. QHT liderlərinin də seçkilərdə namizəd kimi çıxış etmələri normaldır. Amma bir az real baxmalıdırlar. Çünki 125 dairə var, hər dairədən bir deputat seçilməlidir, ancaq iddiaçılar çoxdur. Ona görə də potensialların qiymətləndirib bu qərara gəlməlidirlər".  

Siyasət rubrikasından digər xəbərlər