“Niderlandda virusa yoluxmuş azərbaycanlılar artıq sağalıblar” – Elxan Mirhəşimli

15:24 20.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Niderland Avropanın ən inkişaf etmiş, əhalisi rifah içində yaşayan, hüquqların ciddi qorunduğu, qısaca desək, xoşbəxt insanların yaşadığı dövlət olaraq tanınır. Elə buna görə də, bütün ölkələrdən olduğu kimi, Azərbaycandan da çox sayda insan yaşamaq üçün ora köçüb. Təəssüf ki, dünyanın gününü qaraldan koronavirus pandemiyası bu ölkəyə də bədbəxtlik gətirib. Çoxsaylı yoluxma halları var, ölüm faktları da çoxdur, amma hər şeyin yaxşı sonluqla bitəcəyinə dair ümidlər də az deyil. Bu ölkədə fəlaiyyət göstərən “Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli ilə söhbətləşdim. O da ağır vəziyyətdən ürək ağrısı ilə söz açdı, amma ümidləri böyükdür, hər şeyin mütləq yaxşı olacağını düşünür. Buyurun, müsahibəyə birlikdə nəzər salaq:

- Niderlandda iyunun 1-dən etibarən orta məktəblər açılacaq, kafe və restoranlar, digər iaşə obyektləri fəaliyyətlərini bərpa edəcək. Düzdür, hər hansı ictimai xarakterli tədbirin keçirilməsi sentyabrın 1-dən mümkün deyil, amma dövlət yaranmış bütün problemləri mərhələli şəkildə həll etməyə çalışır. İctimai nəqliyyatda, metroda - əhalinin sıx olduğu hər yerdə insanlar maska taxmaq məcburdurlar və bunu etməyənlər cərimələnəcəklər. Hesab edirəm ki, ikinci dalğa olmasa həyat normala dönəcək. Artıq Avropa ölkələri öz aralarında sərhədləri açmağa başlayıblar. Hazırda vəziyyət tam normallaşmağa doğru gedir – yoluxma sayı və ölüm faktları hiss ediləcək şəkildə azalmaqdadır.

- Niderland kifayət qədər yüksək yoluxma və ən çox ölüm halları qeydə alınan ölkələrdəndir. Bu ölkədə yaşayan bir insan olaraq ümumi vəziyyəti necə qiymətləndirirsiniz?

- Niderland koronavirusa yoluxan və vəfat edənlərin sayına görə Avropada ən böyük zərbə alan dövlətlərdən biridir. Bu saata olan məlumata görə, ölkədə ölənlərin sayı 5715, ümumi yoluxanların sayı isə 44249 nəfərdir. Bu arada qeyd edim ki, açıqlanan rəqəmlər ancaq rəsmi statistikada qeyd edilənlənlərdir. Hansı ki, Niderlandda evdə ölənləri rəsmi rəqəmlərə əlavə olunmurlar. Niderlandlı həkimlərin qənaətincə, ölkə üzrə evlərdə ölənlərin sayı 764 nəfərdir. Belə çıxır ki, bu rəqəmlər üst-üstə gəlsə, ölkədə ölənlərin ümumi sayı 5715 yox, 6479 nəfərdir.

- Bildiyim qədər Niderland miqrasiya zamanı azərbaycanlıların ən çox seçdiyi yerdir. Sizcə orada təxminən neçə azərbaycanlı yaşayır və pandemik şəraitdə onların vəziyyəti necədir, aralarında yoluxma və ya ölüm halları qeydə alınıbmı?

- Niderlandda yaşayan azərbaycanlıların rəsmi sayı 18 min nəfərdir. Bu insanlar Azərbaycan Respublikasından gələnlərdir. Amma İğdır, Qars, Güney Azərbaycandan gələnləri də əlavə eləsək Niderlandda yaşayan azərbaycanlıların sayı 30 mini ötür. Təbii ki, koronavirus pandemiyası insanları milliyətinə görə seçmir – yoluxmuş niderlandlılar arasında azərbaycanlılar da var. Amma sayları elə də çox deyil – 4-5 nəfər. Onlar da müalicə ediliblər, hazırda vəziyyətləri çox yaxşıdır. Şükür ki, virusdan ölüm halı qeydə alınmayıb soydaşlarımız arasında. Düzdür, bir azərbaycanlı dünyasını dəyişib, amma koronavirusdan yox, sadəcə intihar edib. Polis araşdırma aparır, onun pandemik şəraitdə stress keçirdiyi, tək qaldığı üçün təşvişdən intihar etdiyi güman olunur.

- Baxın, deyirsiniz ki, azərbaycanlı gənc stresdən intihar edib. Deməli, soydaşlarımızın marifləndirilməsi lazımdır, onlarla vaxtaşırı təbliğat işləri aparılmalıdır. Bu yönümdə, Niderlanddakı diaspor təşkilatlarımız hər hansı iş görürlərmi, soydaşlara yardım edə bilirmi?

- Niderlandda yaşayan hər hansı azərbaycanlıya yardım etməyə ehtiyac yoxdur. Çünki bu ölkədə yaşayan bütün insanlara dövlət lazım olan yardımları maksimum şəkildə verir. Mənəvi dəstək məsələsinə gəlincə, əlbəttə, ehtiyacı olanlarla söhbət edib, dəstək oluruq.

- Bu məsələdə səfirliklə hər hansı təmasınız olurmu?

- Hə, əlbəttə. Səfirliklə sıx əməkdaşlıq içindəyik. Hətta səfirlikdə qaynar xətlər də yaradılıb, diaspor təşkilatlarının da mobil telefon nömrələri var, kimin ehtiyacı varsa, hər hansı sualı yaranırsa müraciət edə bilərlər. Səfirlik də, biz təşkilatlar da, imkanımız daxilində köməklik göstərməyə çalışırıq.

- Xalq olaraq həmişə dara düşən ölkələrin yanında olmuşuq. Bu prizmadan yanaşsaq, Niderlanddakı milli təşkilatlarımız və ya ayrı-ayrı imkanlı soydaşlarımız ümumilikdə ölkə əhalisinə hər hansı yardım-filan göstərirmi?

- Niderland əhalisinə milli təşkilatların yardımı fərdi şəkildə olur. Məsələn, mən qonşuluqda yaşayan yaşlı və xəstə insanlara, dükana gedərkən onların da istədikləri nələrisə alıb gətirirəm, qapıda pulunu ödəyirlər. Yəni şəxsən mən insanlara bu cür dəstək ola bilirəm. Bildiyim qədər, bu cür xidməti Niderlandda yaşayan çox sayda azərbaycanlı göstərir. Ümumiyyətlə, Niderland sosial təminatlı dövlətdir, əhaliyə, xüsusilə də yaşlılara və aztəminatlı ailələrə çox yüksək səviyyədə yardım edilir. Bu səbəbdən də buradakı milli təşkilatlara elə böyük iş qalmır. Amma qeyd edim ki, Niderlandda fəaliyyət göstərən milli təşkilatlar pandemiyadan əziyyət çəkən Azərbaycanda yaşayan aztəminatlı ailələrə yardımlar ediblər. O cümlədən, Ramazan bayramında da daha bir yardım kampaniyası olacaq.

- Maraqlıdır, Niderlanddakı təşkilatlar Azərbaycanda yardımı kimlərin vasitəsilə və hansı əsaslarla paylayırlar, ailələri necə tapırlar? Eləcə də, aksiya ancaq paytaxt Bakıda olur, yoxsa bölgələrdə də?

- Facebook üzərində müraciət edən ailələr var, Azərbaycanda yaşayan dostlardan xahiş etdim onlara yardim çatdırdılar. Niderlandda fəaliyyət göstərən milli diaspor təşkilatları da bu vasitələrlə köməklik ediblər və Ramazanda eyni cür yardım paylanılacaq. Niderlandda yaşayan azərbaycanlılar öz aralarında vəsait toplayıblar, koordinasiya şurası tərəfindən tanıdıqları ailələrə göndəriləcək.

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytına baxıram, 18 çilyon nəfər əhalisi olan Niderland ortalama 45 min yoluxma sayı və 6 min civarında ölüm faktı Avropada ən böyük zərbə alan ölkələrdəndir. Üstəlik, Niderlandda virusdan sağalan insanların sayının az olması və hətta son vaxtlar ümumiyyətlə bu müstəvidə məlumatın ÜST-ün səhifəsində yerləşdirilməməsi şübhə yaradır. Bu məsələyə münasibətinizi bilmək istərdim...

- Koronavirus yeni tip virus olduğu üçün onun hazırda müalicə üsulları – dərmanı yoxdur. Bildiyim qədər, Niderland həkimləri malyareya, remantizm, qan plazması, ürək  xəstəlikləri, bağırsaq immunsistemini yüksəldən və sair kimi müalicə üsullarından yararlanaraq insanlara yardım etməyə çalışırlar. Hazırda bu cür müalicələrlə böyük uğurlar qazanılıb. Üzücü hallar da az olmur, daha yaşlı və xəstə insanlar həyatını itirir. Mütəxəssislərin fikrincə, dünya əhalisinin üçdən ikisinin bu virusa yoluxacağını bildirirlər. Nə qədər ki, vaksin tapılmayıb, səhiyyəsi ən güclü olan ölkələr də bu pandemiyanın qarşısında acizdir. Ona görə də, nə qədər çətin olsa da, insanlar bir müddət bu virusla birlikdə yaşamağa məcburdurlar.

- Niderland azərbaycanlıları olaraq Azərbaycan dövlətindən bu məsələdə gözləntiləriniz varmı?

- Bir sıra xırda texniki problemlərimiz var. Ümid edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi bu məsələləri tezliklə həll edəcək. Niderlanda təyyarə reyslərinin bərpasını istəyirik, tranzit uçuşlar bizi çox yorur. Həmçinin birbaşa reyslər turizmin inkişafina da öz töhfəsini mütləq verəcək. İstəyirik ki, Azərbaycanın Təhsil Nazirliyi bura oxumağa gələn tələbələrin Niderland – Azərbaycan Evi Gənclər təşkilatı ilə əməkdaşlıq etmələrini təşviq etsin. Bayaq da dedim: gənc tələbənin tək, nəzarətsiz, qayğılar içində qalaraq intihar etməsi faktı bu boşluğu doldurmağın vacib olduğunu göstərir. Əgər onlar bizim təşkilatla əlaqədə olsalar, özlərini tək hiss etməzlər, hər zaman yanlarında olarıq. İndiki pandemiya şəraitində bizə müraciət edən yaşlı nəsil soydaşlarımız var ki, vəfat etdikdə, Azərbaycanda dəfn olunmalarını istəyirlər. Bu məsələdə böyük çətinliklər var, həll olunmalıdır.

Oxunma sayı 990