Onlar heç vaxt unudulmayacaq! - ANIM

18:54 15.07.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Vətən, Torpaq Sevgisinin, Vətənpərvərliyin ən ali zirvəsidir ŞƏHİDLİK. Bu ucalığa yüksələn qəhrəmanların ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Bir neçə gün öncə Azərbaycanın daha 11 igidi şəhidlik zirvəsinə ucaldı. Belə ki, hər gün atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri bu dəfə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərini hədəf aldılar.

Və mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərdilər. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbələr endirilərək çoxsaylı itkilərlə geri otuzduruldu.

General adını layiqincə daşıyan GENERAL

Qeyd etdiyimiz kimi, ermənilərin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısının alınmasında Silahlı Qüvvələrimiz daha 11 igidi şəhid verdi. Qəhrəmancasına həlak olan həbcilərimizin nəşi doğulduqları torpaqlarda dəfn edildi. Şiddətli döyüşlərdə şəhid olanlardan biri general-mayor Polad Həşimovdur. Onu yaxından tanıyanlar generalı hərbi uzaqgörənliyi, cəsurluğu və şücaətinə görə Azərbaycanda gənc yaşında general rütbəsini alan nadir adamlardan biri kimi xarakterizə edirlər. 45 yaşlı general həm də Aprel döyüşlərinin əsas qəhrəmanlarından biri hesab edilirdi. Belə ki, Polad Həşimov 2016-cı ilin Aprel döyüşləri zamanı Talışdağ istiqamətində mövqeləri gücləndirərək açıq döyüşə girib və düşmən tərəfin onlarla əsgərini məhv etmişdi.

1975-ci ildə Sumqayıtda doğulmuş Polad Həşimov əslən Qəbələnin Vəndam kəndindəndir. O, Heydər Əliyev adına ali məktəbdə təhsil almışdı və təhsilini Türkiyədə davam etdirmişdi. İki oğlu və bir qızı var. Böyük övladı hazırda 10-cu sinifdə oxuyur.

O, 2003-cü ildə mayor rütbəsində olarkən mərhum prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə ” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə Polad Həşimov artıq polkovnik-leytenant rütbəsində prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülüb. 2014-cü ildə üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, İlham Əliyevin sərəncamı ilə artıq, II dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. 24 iyun 2019-cu ildə Prezidentin sərəncamı ilə Polad Həşimova general-mayor rütbəsi verilib.

Generalı yaxından tanıyanlar həmçinin bildirirlər ki, şəhidimiz Ermənistanla sərhəd rayonlarımızda yaşayan sakinlərin daim bir döyüşçü kimi arxasında durub. Belə ki, mərhum qərargah rəisi, hətta erməni mövqelərindən açıq görünən otlaq sahələrində mal-qarasını otaran kəndlilərin yanında olub. Onların rahat, sərbəst həyat şəraitinə şəxsən imkanlar yaradıb. Həmkəndlisi onun barəsində bunları bildirib: “Ermənilərə qan uddurub, çox cəsur idi. Ermənilər onu öldürmək üçün çoxdan fürsət axtarırdılar. Bütün sərhəd rayonunda yaşayan o kəndçilər onun başına and içirdi. Tanıyanlar hamısı bilir ki, insanlara kömək üçün çox şeydən vaz keçib. İndi Qəbələdə, əsas da Vəndamda hamı yasa batıb!”.

General-mayorun əsgəri olmuş şəxslərdən biri isə öz sosial şəbəkə profilində bunları qeyd edib: “Şəhid olan general-mayor Polad Həşimov mənim komandirim idi. Duruşu, danışığı, peşəkarlığı və Vətənə sevgisi ilə igid kimi igid idi. Elə bir komandirimiz idi ki, hərbi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə qaçmağa hazır idik. Tabora gələndə “öncə vətən!” kəlməsini elə içdən işlətmişdi ki, indiyə qədər səsli xatırlayıram. Vətən səni heç vaxt unutmayacaq, Cənab Komandir!”.

Qeyd edək ki, şəhidimiz bu gün Bakıda II Fəxri Xiyabanda dəfn olunub. Dəfndən sonra general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlundan danışıb. S.Həşimova oğlunun qeyrətli bir general olduğunu deyib: “Həmişə Vətən dərdi çəkirdi. Beş aydır ki, evə gəlmirdi. Deyirdi virus qurtarsın, gələcək. Gəlişi belə oldu. Deyirdi əsgərlər də mənim balalarımdır, onları orada qoyub gələ bilmərəm”.

Dəfn mərasiminə qatılan mərhum şəhidin oğlu da atası ilə bağlı fikirlərini səsləndirib: “Mənim atam həqiqətən igid, qəhrəman insan olub. Fəxr edirəm ki, şəhidlik zirvəsinə ucaldı”.

Artilleriya komandiri şəhid polkovnik İlqar Mirzəyev

Ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatın qarşısının alınması zamanı qəhrəmancasına həlak olan hərbiçilərimizdən biri. Polkovnik, artilleriya komandiri şəhid İlqar Mirzəyev də II Fəxri Xiyabanda dəfn edilib. Şəhid komandirin oğlu Elvin Mirzəyev atası ilə fəxr etdiyini və atasının yolu ilə gedəcəyini deyib:“Onun yolu ilə gedəcəyəm. Düzdür, məni evdən heç vaxt qoymurdular. Özü də bəzən imkan verməzdi ki, onun yolu ilə gedim. Amma mən qərara almışdım, bilirdim. Mənim burada boynu bükük olmağıma baxmayın. Mən bu yaşıma qədər həmişə atamla fəxr etmişəm, indi də edirəm. Şəhidlik hər adama qismət olmur. Onun adını da, şanını da həmişə uca tutacağam”.

Polkovnik İlqar Mirzəyevin anası da dəfn mərasimində jurnalistlərə açıqlama verib. Gülnarə Mirzəyeva oğlunun qeyrətli övlad olduğunu bildirib: “Qeyrətli balamsan, bir dəqiqəyə otur-dur deyirsən, bəs indi komandir də yatarmı, niyə yatırsan?! İlqarım, bağışla gedirəm. Səni tək qoymaq istəmirəm”.

Şəhid cənazələri ehtiramla qarşılanır

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun nəşi isə doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.Şəhidin cənazəsini qarşılamaq üçün çoxlu sayda rayon sakini yollara çıxaraq ehtiramlarını bildiriblər. Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi və yerli sakinlər iştirak ediblər. Şəhid mayor 25 il hərb sahəsində xidmət edib. Onun 2 övladı var. Yaxınlarının bildirdiyinə görə, A. Novruzov həmişə ön cəbhələrdə qəhrəmancasına döyüşüb.

Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində şəhid olan mayor Əhmədov Namiq Hajan oğlu Qazax rayon Yuxarı Salahlı kəndində anadan olub. 33 yaşlı mayorun nəşi doğulub boya-başa çatdığı Qazaxın Yuxarı Salahlı kəndində izdihamla qarşılanıb. Şəhid doğulduğu kənddə də dəfn olunub. Mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları və qohumları iştirak ediblər. Qeyd edək ki, Namiq Əhmədovun bir qız, bir oğlan övladı var. Dəfn mərasimindən sonra Azərbaycan bayrağı şəhidin atası Hajan Əhmədova təqdim edilib.

Toya hazırlaşırdı, amma...

Mənfur erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğluna vida mərasimi isə şəhidin doğulduğu Ağstafa rayonunda baş tutub. Şəhidi son mənzilə yola salmağa rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri gəlib. E. Mustafayevin yaxınları bildiriblər ki, şəhid 3 ay öncə nişanlanıbmış. Ailə toya hazırlaşsa da, övladlarının cənazəsini qarşılamalı olub. Qeyd edək ki, şəhid Ağstafa rayonu Həsənsu kəndində dəfn edilib.

Ddəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.

Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an layiqli cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiklərini bildiriblər.

Şəhidin anası Mahirə Mustafayeva oğlunun Vətən uğrunda şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu ifadə edib.Dəfn mərasimindən sonra Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim olunub.

Oğlunu heç 15 gün qucağına ala bilməmişdi…

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçularımızdan biri də Məmmədov Elşad Dönməz oğludur. Baş əsgər Elşad Məmmədov 1996-cı ildə anadan olmuşdu, Tovuzun Ağdam kənd sakini idi. Onun yadigar olaraq 7 aylıq övladı qalıb. Şəhidin atası Dönməz Məmmədov dəfn mərasimində bildirib ki, oğlu Vətən yolunda şəhid olub: “Gənclər mənim oğlum kimi qoçaq olsunlar. Mədəni, mərifətli olsunlar. Dığa-duğanın qabağından da qaçmasınlar. Oğlum hamıdan hündür, güclü bir oğlan idi. Ondan yadigar 6 aylıq oğul övladı qalıb. O, heç cəmi 15 gün oğlunu görüb qucağına ala bilmədi. Bütün şəhidlərimizə Allah rəhmət eləsin”.

Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olanlardan biri də Sadıqov Vüqar Lətif oğludur. 1987-ci təvəllüdlü V.Sadıqov Ağstafa rayonunun Göycəli kəndində anadan olmuşdu. O, ailənin tək oğlu idi. Şəhidimiz ailəli olub, 3 övladı, 2 qız, 1 oğlu var.

Ömrünun bahar çağında şəhidlik zirvəsinə qovuşdu

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan əsgəri Daşdəmirov Xəyyam Məhəmməd oğlu isə 3 ay öncə hərbi xidmətə yollanmışdı. O ömrünün bahar çağında şəhidlik zirvəsinə qovuçdu. 2002-ci il təvəllüdlü əsgər ilə vida mərasimi şəhidin doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Balik kəndində olub. Mərasimdə şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib. Qeyd edək ki, X.Daşdəmirovun özündən yaşca kiçik bir qardaşı var. 

Övladının üzünü görə bilmədi…

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlərdə şəhid olanlardan biri də gizir Babayev Yaşar Vasif oğludur. Şəhid Ağstafa rayonunun Köçəsgər kəndindəndir. Yaxınlarının bildirdiyinə görə, 8 ildir ailəli olan Y. Babayev övlad arzusunda olub. Şəhid gizirə övladını görmək nəsib olmadı. O, şəhid olan günü övladı dünyaya gəlmişdi. Xanımı bəlkə onun şəhid olduğunu hələ də bilmir… 

Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olanlardan biri baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun nəşi isə doğulduğu Biləsuvar rayonunda dəfn olunub. Vida mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd edək ki, 1992-ci il təvəllüdlü şəhid Ali Hərbi Məktəbin məzunu olub və subay idi.

Emənilərin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəfn edərkən şəhid olan daha bir hərbi qulluqçu, gizir Zeynallı İlqar Ayaz oğludur. 1995-ci il təvəllüdlü gizir Tovuzun Cəlilli kəndindəndir. Onun nəşi doğulduğu rayonda torpağa tapşırılıb. Dəfndə şəhidin yaxınları, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Sözsüz ki, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək ŞƏHİDLİK zirvəsinə ucalmaq ən böyük qürurdur. Bu həm də əsl VƏTƏNPƏRVƏRLİK nümunəsidir. ŞƏHİDLİK zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları daima yad etmək, gəncliyə nümunə göstərmək isə hər birimizin vətəndaşlıq borcudur. Hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparan, VƏTƏNİ hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ŞƏHİDLİK məqamına ucalanların xatirəsini anmağa daima borcluyuq.

Oxunma sayı 1842
Gündəm rubrikasından digər xəbərlər