Pandemiya dövründə turizmin inkişafı imkanları  – Təhlil

17:38 01.07.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Biz bunu Azərbaycanda da, bütün dünyada da müşahidə edirik. Buna görə təbiidir ki, sizin üzərinizə əlavə yük düşüb. Ona görə ki, əvvələn, pandemiya dövründə turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə bağlı olacaq”. Bunu iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili arasında videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu: “Keçən il rekord göstərici qeydə alınıb – 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək”.

Prezident bildirib ki, Azərbaycanda turizmin sürətli inkişafı çox cəhətdən Formula 1 yürüşlərinin keçirilməsi ilə bağlı idi: “Birinci yürüş keçiriləndən dərhal sonra turizmin artmasını gördük. Dediyim kimi, hər il bu potensial artır və müxtəlif məlumatlara görə əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Yəni bu, bizim iqtisadiyyata böyük valyuta axını deməkdir. Buna görə də turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf etmişik və otel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər. Bunu nəzərə alaraq, əlbəttə, biz bu sahəni itirə bilmərik. Biz kadr potensialını, qazanılmış təcrübəni qoruyub saxlamalıyıq. Buna görə dövlət bu sahəni dəstəkləyəcək”.

Dövlət başçısı vurğulayıb ki, pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb: “Bizim sərhədlərimiz indiyə qədər bağlıdır, onlar yalnız Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu üçün və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır. Bu, onunla bağlıdır ki, biz, ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük".

Prezident həmçinin qeyd edib ki, Azərbaycan Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə riayət edəcək: “Əlbəttə, dediyim kimi, daha çox inkişaf etmiş turizm sənayesinə malik olan ölkələrin addımlarını müşahidə edəcəyik. Xüsusən ona görə ki, yay mövsümünün az qala üçdəbir hissəsi arxada qalıb. Buna görə yəqin ki, iyul-avqust aylarında ölkələr daha çox açılacaq. Mən dünyada baş verən hadisələri müşahidə edirəm və görürəm ki, turizm istiqamətləri arasında aviasiya əlaqələri artıq bərpa olunur, buna görə biz bu prosesi çox diqqətlə izləyəcəyik”.

Azərbaycan Prezidenti indi, xüsusən pandemiya dövründə daxili turizmə böyük diqqət yetirildiyini deyib: “Çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm turizm sənayesini dəstəkləyən amil ola bilər. Pandemiya sovuşandan dərhal sonra biz, əlbəttə, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq. Bir daha demək istəyirəm ki, səhvə yol verməmək və məhz turizm sahəsinin bərpası istiqamətində addımlar atmaq üçün sizin növbəti məsləhətlərinizi, tövsiyələrinizi gözləyəcəyik. Əminəm ki, bütün dünyada turizm sahəsi bərpa olunacaq. Bu, birmənalı olaraq belədir, sadəcə, vaxt tələb edir. Biz bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdirəcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradacağıq. Ona görə ki, Azərbaycanda buna kömək edə biləcək bütün amillər var: sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi. Belə ki, burada bütün amillər var. Həm coğrafi mövqeyimiz, həm dünyanın müxtəlif ölkələri ilə aviasiya əlaqələrimiz. Buna görə yalnız məqsədyönlü iş və potensialın artırılması, bir də, əlbəttə, məsələn, ölkəyə əcnəbi vətəndaşların böyük axınına mane olan bürokratik əngəllərin aradan qaldırılması lazımdır. Bütün bunlar gündəlikdədir”.

Mövzu ilə bağlı fikirlərini hafta.az-a açıqlayan Azərbaycan Turizm Assosiasiyasının nümayəndəsi Müzəffər Ağakərimov da hesab edir ki, Azərbaycan mövcud vəziyyətdə əsas diqqəti daxili turizmin inkişafına yönəltməlidir:

“Turizm sektorunu saxlamaq və gələcək inkişafına nail olmaq üçün ilk növbədə  daxili turizmi inkişaf etdirməliyik.  Aydındır ki, pandemiyadan sonra hələ bir müddət insanlar getmə-gəlmə turizmilə məşğul olmaqdan çəkinəcəklər. Burada psixoloji və digər amillər rol oynayır.  Ancaq mövcud vəziyyətdə daxili turizmi inkişaf etdirmək olar. Bunun üçün Azərbaycan Turizm Assosasiyası da müəyyən addımlar atmaqdadır. Biz bir müddət əvvəl Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə bütün turizm assosiasiyaları ilə birlikdə hamının bir platformadan çıxış edərək daxili turizmi inkişaf etdirmək üçün memorandum imzaladıq.

Daxili turizmi iki istiqamətdə inkişaf etdirmək olar. Bakı-Abşeron yarımadası və digər istiqamət isə regionlar üzrə.  Regionlar üzrə hələlik 4 istiqamət nəzərdə tutulub, şimal-şərq, şimal-qərb, qərb və cənub regionları. Bunun üçün ilk növbədə monitorinq qrupu yaradılmalıdır.  Həmin qrupa da turizm assosiasiyaları və qruplarından əlavə səhiyyə-epidemologiya qurumlarının nümayəndələri də iştirak etməlidir.  Turistlərə qulluq edən və xidmət göstərən otellər, ictimai iaşə müəssisələri, nəqliyyat, əyləncə mərkəzləri mütləq şəkildə sanitar-gigiyenik normalara cavab verməlidir ki,  insanlar həmin yerlərə istirahət üçün ürəklə getsinlər. Biz bununla bağlı aidiyyəti qurumlara təkliflərimizi vermişik”.

Mütəxəssis vurğulayıb ki, Azərbaycanın tükənməz turizm potensialı var və biz onun hələ çox hissəsindən istifadə etməmişik: “İndiki zamanda yenidən turizmin inkişafına təkan verməliyik. Bütün qüvvələri birləşdirib, məhz aparıcı sahələrdən olan turizm sektorunu böhran vəziyyətindən çıxarıb yenidən ayağa qaldırmalıyıq. İnanıram ki, biz bunu bacaracağıq və pandemiya dövründən turizm sahəsi üzüağ çıxacaq”.

Ekspert onu da bildirib ki, hazırda Azərbaycan sərhədləri bağlı olduğundan xarici turistlərin ölkəmizə cəlbolunma məsələsindən danışmaq tezdir: “Sərhədlər açılana kimi xarici turistləri cəlb etmək üçün turistik obyektlərini epidemoloji tələblərə cavab verən səviyyəyə çatdırmalıyıq. Məhz həmin otellər, turizm, əyləncə və istirahət mərkəzlərini münasib hala salandan sonra xarici turistlərin postpandemiya dövründə ölkəmizə gəlməsinə stimul yaratmaq olar. Bunun üçün də yuxarıda müvafiq qurumların nümayəndələrindən ibarət monitorinq qrupu yaradılmalıdır. Bu kimi addımları atmaqla xaricilərin ölkəmizə gəlişini təbliğ etmək olar. Yəni, başqa ölkələrdən insanları cəlb etmək üçün ilk əvvəl ölkədə epidemoloji, təhlükəsizlik durumunun yaxşı səviyyədə olduğunu göstərməliyik.  Bu baş verərsə, postpandemiya dövründə Azərbaycana daha çox xarici turist axınının şahidi ola bilərik”.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov isə deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsini özündə ehtiva edir:

“Turizm ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir. Bu baxımdan turizm enerji sektorundan sonra ölkəyə valyuta gətirən ən vacib sektorlardan biridir. Nəzərə alsaq ki, ötən il turizmin inkişafı baxımından yaddaqalan il olub. Belə ki, keçən il ölkəyə 3 milyondan çox turist gəlib. Bu, ölkəyə gələn turistlərin sayının illik olaraq 15 faiz artması deməkdir. Əcnəbilər ötən il Azərbaycanda 2 milyard dollara yaxın vəsait xərcləyiblər. Bu da ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanda 2015-ci ildən sonra turizm sektorunun daha çox inkişaf etməsi müşahidə olunur: “Əvvəlki illərdə formalaşan infrastruktur ölkəyə daha çox turistin gəlməsinə imkan yaradıb. Vizaların verilməsi sisteminin elektronlaşması, eləcə də bu istiqamətdə şəffaflığın gücləndirilməsi də Azərbaycana gələn turistlərin sayına birbaşa təsir göstərib. Azərbaycan hər zaman turizmə dövlət dəstəyi nümayiş etdirib. Turizm sektorunda infrastrukturun və logistik xidmətlərin inkişaf etdirilməsi, eləcə də turizm şirkətlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması ilə bağlı dövlət tərəfindən dəstək olub. Pandemiya ölkəmizə turist axınına birbaşa təsir göstərdi. İqtisadi paket çərçivəsində turizmdə çalışan sahibkarlar dövlət dəstəyindən istifadə edə bildilər. Dövlətimizin başçısının siyasi iradəsi pandemiyanın təsirlərini bütün sektorlar üzrə minimumlaşdırmaqdan ibarət olduğunu nəzərə alsaq, pandemiyanın davam etdiyi növbəti aylarda da dövlət dəstəyi davam edəcək. Bu isə ondan xəbər verir ki, növbəti dövrlərdə də turizm dövlət dəstəyinin gücləndiriləcək sektorlardan olacaq”.

Oxunma sayı 1733