“Paşinyan özünü elə aparır ki, guya danışıqlar prosesinə yenilik gətirib” – Vasif Hüseynov

14:09 17.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş debat yerli və beynəlxalq medianın əsas müzakirə mövzusuna çevrilib. İki ölkə rəhbərlərinin məhz bu formatda ilk dəfə bir araya gəlməsi danışıqlar prosesində yenilik sayıla bilər. Və həm də, debatın məhz Avropanın mərkəzində - Münhendə keçirilən bu cür yüksəksəviyyəli tədbirdə təşkil olunması məsələnin mahiyyətini daha da marqalı edir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Vasif Hüseynovla Münhendə keçirilmiş debatı müzakirə etdik. Ekspert söhbətə, oxucuların marağını nəzərə alaraq, Münhen Təhlükəsizlik Konfransının mahiyyətinə qısaca aydınlıq gətirməklə başladı:

- Münxen şəhərində 1963-cü ildən etibarən hər il təşkil olunan Təhlükəsizlik Konfransı dünyada bu formatda beynəlxalq təhlükəsizliyin müzakirə edildiyi ən böyük platformadır. Bu il keçirilən 56-cı Münhen Təhlükəsizlik Konfransı da bu qəbildən əhəmiyyətli tədbir oldu və 40-dan çox ölkədən dövlət başçıları, baş nazirlər, xarici işlər və müdafiə nazirləri, həmçinin biznes və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə yadda qaldı. Qeyd edim ki, bu konfrans sadəcə müzakirə məqsədini daşıyır və hər hansı icbari əhəmiyyətə malik sənəd imzalanmır. Sadəcə, bu tədbir müxtəlif dövlətlərə onlar üçün vacib olan məsələləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, öz nöqteyi-nəzərlərini təqdim etmək və dəstək qazanmaq üçün əhəmiyyətlidir. Azərbaycan üçün də Münxen Təhlükəsizlik Konfransının anlamı məhz dünyanın fərqli dövlətlərini və qurumlarını təmsil edən rəhbərlərlə görüşmək, onlarla əməkdaşlıq perspektivlərini müzakirə etmək və Ermənistan – Azərbaycan münaqişəsi haqqında ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdan ibarətdir. Təsadüfi deyil ki, builki konfrans çərçivəsində ölkəmizin başçısı nəinki Qazaxstanın, Ermənistanın, Əfqanıstanın, Küveytin dövlət başçıları, eyni zamanda  müxtəlif beynəlxalq təşkilatların rəhbərləri ilə də görüş keçirib.

- Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi debatda Qarabağın tarixinə dair elmi əsaslara söykənən tutarlı faktlar səsləndirdi. Paşinyan isə buna cığallıqla və ya necə deyərlər, söz güləşdirmək xatirinə reaksiya verdi. Sizcə niyə bu torpaqların tarixə hansı tərəfə məxsus olması məsələsi azərbaycanlı və erməni, eyni zamanda başqa ölkələrdə olan tarixçi alimlərdən ibarət yaradılacaq heyət tərəfindən araşdırılmır?

- Elm adamlarının münaqişə mövzusu olan tarixi hadisələrin araşdırılmasına cəlb edilməsi dünyanın müxtəlif regionlarında istifadə olunmuş bir praktikadır. Oxşar metodun Ermənistanla olan münaqişədə də istifadə olunması təklifi bir neçə dəfə səsləndirilib. Bu xüsusilə Ermənistanın türklərə qarşı istifadə etdiyi “erməni soyqırımı” iddialarına cavab olaraq Türkiyə rəhbərləri tərəfindən dəfələrlə təklif olunub. Buna baxmayaraq, Ermənistan tarixi həqiqətlə üzləşməkdan çəkinir və bu cür təkliflərə müsbət yanaşmır.

- Paşinyan bildirirdi ki, o vaxt SSRİ, onun tərkibində də sosialist respublikalar vardı, indi onlar yoxdur. Yəni respublikalar müstəqilliklərini elan etdikləri kimi, Qarabağ da öz müstəqilliyini elan edib. Bir dövlətə rəhbərlik edən şəxsin tutarlı tarixi faktlara qarşılıq belə fikirlər səsləndirməsi nə dərəcədə dünya ictimaiyyətini inandıra bilər. Lütfən onun bu fikirlərin...

- Paşinyan diplomatik təcrübəyə və dərin siyasi savada malik siyasətçi deyil. Hakimiyyətə təsadüfi gəlmiş biridir. Onun bu zəifliyi Münxendəki debatda öz çılapqlığı ilə ifşa olundu. Səsləndirdiyi tarixi iddialar əksər müşahidəçilər tərəfindən gülünc qarşılanır. Dünya ictimaiyyətini bu cür sərsəm bəyanatlarla inandırmaq əlbəttə ki, mümkün deyil. Lakin, təəssüf ki, hazırda münaqişənin dalana dirənməsi müəyyən qədər də elə beynəlxalq ictimaiyyətin, BMT və digər beynəlxalq təşkilatların passivliyinin nəticəsidir və Ermənistan bundan yararlanır.

- Paşinyan Xocalı soyqırımının günahını Ayaz Mütəllibovun nə vaxtsa dediklərinə istinadən ermənilərin üstündən götürməyə çalışır. (guya Mütəllibov deyib ki, Xocalı faciəsini onu hakimiyyətdən salmağa çalışan daxili təxribatçı qüvvələr törədib). Əlbəttə, prezident İlham Əliyev cavabını verdi Paşinyanın. Lütfən siz də bu məsələyə aydınlıq gətirin və ümumiyyətlə, Paşinyanın bu açıqlaması erməniləri soyqırım məsuliyyətindən uzaqlaşdıra bilərmi?

- Ayaz Mütəllibov özü ermənilərin bu iddiasına cavab verib və onun həqiqəti əks etdirmədiyini deyib. Saxta bir məlumatı dəfələrlə təkrar etmək və onun doğru olduğunu göstərməyə çalışmaq ermənilərin ənənəvi yanaşmasıdır. Düşünürlər ki, yalan çox təkrarlansa doğru olacaq, ancaq bu elə deyil. Xocalı soyqırımı mübahisə mövzusu deyil və bunu ermənilər də yaxşı bilir.

- Erməni baş nazir BMT TŞ-nın qəbul etdiyi 4 qətnaməni və indiyədək əldə olunmuş bütün razılaşmaları dolayısı ilə qüvvədən düşmüş hesab etdiyini dedi və bildirdi ki, o iqtidara gələndən sonra indiydək olmayan tam yeni çıxış yolları axtarmaq fikrini ortaya atıb. Maraqlıdır, BMT TŞ başda olmaqla, ATƏT və digər beynəlxalq qurumların qərarlarını qüvvədən düşmüş hesab etmək Ermənistanı hara aparır: bəlkə onu dilləndirən konkret qüvvələr var, yaxud da ola bilərmi ki, o, açıq aşkar sülh danışıqlarına yer qalmadığını deyir?

- Paşinyan özünü elə aparır ki, guya danışıqlar prosesinə hansısa yenilik gətirib. O, təkrar-təkrar bu yeniliyin münaqişənin hər hansı həlli üçün Azərbaycan xalqının da razılığı olmalıdır kimi bəyanatı ilə əlaqələndirir. Amma əslində burada heç bir yenilik yoxdur və sadəcə söz oyunudur. Paşinyan belə bəyanat verməklə Azərbaycan xalqına hər hansı güzəştə getməkdən söz açmır. Ümumiyyətlə, əvvəl də qeyd etdiyim kimi, beynəlxalq təşkilatların Ermənistana qəbul olunmuş qətnamələrin icrası və hərbi qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması üçün heç bir təzyiq göstərməməsi İrəvanı çox rahat salıb və onlar artıq buna məhəl qoymur. Vəziyyətin bu yerə çatması ümumilikdə dünya siyasəti üçün təhlükəli bir mərhələnin yetişdiyinin başqa bir göstəricisidir və Azərbaycan kimi haqqı tapdalanan ölkələri ədaləti bərpa etmək üçün gücdən istifadəyə sövq edir.

- Prezident İlham Əliyev səslənən suallardan birinə cavab olaraq problemin mərhələli həll variantına sadiq qaldığımızı bir daha təsdiqlədi. Əvvəlcə ətraf rayonların bir hissəsi azad olunmalı, qaçqınlar öz torpaqlarına dönməlidirlər. Əslində, Rusiya da bu təklifi dəstələyib. O zaman Ermənistanı bu təklifi qəbul etməkdən qorxudan nə ola bilər?

- Mərhələli həll variantı üzrə müəyyən razılıq əldə olunsa da, Ermənistan rəhbərliyi bunun icrası üçün heç vaxt tələb olunan siyasi iradə göstərməyib. Son illərdə isə, onların yanaşması daha da radikallaşıb. Nəinki torpaqların qaytarılması, hətta keçən il Ermənistan müdafiə naziri David Tonoyanın bəyan etdiyi kimi, Azərbaycanı müharibə olacağı təqdirdə yeni torpaqların işğalı ilə hədələyirlər. Hazırda həm Ermənistanda, həm də qondarma Dağlıq Qarabağ Respublikasında yaşayan ermənilərə bu fikir təbliğ olunur ki, bir santimetr torpaq belə güzəştə gedilə bilməz. Bu vəziyyətin dəyişməsi üçün Moskvadan hər hansı ciddi müdaxilə qeydı alınmayıb. Rusiya rəhbərliyi mərhələli həll təklifinə dəstək versə də, ermənilərə bunun icrası üçün hər hansı təzyiq göstərmir və beləliklə, İrəvan mövcud status-kvonu uzatmaq üçün hər oyundan çıxır.

- Bütövlükdə, Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında aparılan debatın danışıqlar prosesinə necə təsir edəcəyini düşünürsünüz?

- Bildiyiniz kimi, tərəflər arasında bu formatda görüş tarixdə ilk idi və gərgin keçəcəyi gözlənilirdi. Gözlənildiyi kimi, görüşdə hökm sürən gərginlik tərəflərə hər hansı konstruktiv müzakirə üçün şərait yaratmadı. Buna baxmayaraq, liderlərin ictimaiyyət qarşısında münaqişəni və onun həllini müzakirə etməsi müsbət haldır və hesab edirəm ki, gələcəkdə də davam etdirilməsi faydalı olar. Bunun əsas faydası ondan ibarətdir ki, növbəti görüşlərdə artıq tarixi faktların müzakirəsi nisbətən azala bilər və tərəflər daha çox hazırki vəziyyəti və həll variantlarını müzakirə edərlər. Əgər biz problemin sülh yolu ilə həllini istəyiriksə, belə imkanlardan maksimum yararlanmalı və dialoqu təşviq etməliyik. Digər tərəfdən, bu görüşlər dünya ictiamiyyətində maraqla qarşılanır və ölkəmizin haqq səsinin daha geniş miqyasda eşidilməsinə şərait yaradır. Dünyanın kimin haqlı, kimin haqsız olduğunu görməsi indiki mərhələdə vacibdir və gələcəkdə mümkün olan hər hansı müharibə vəziyyətində Azərbaycan üçün hətta daha böyük əhəmiyyət daşıyacaq.