Paytaxtda və bölgələrdə ağacəkmə kampaniyaları başlayıb – Mütəxəssislər isə tələsməməyə çağırır

15:34 06.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son günlər Bakı Şəhər İcra Hakimiyyəti şəhərinin müxtəlif ərazilərində mövsümi ağac əkilişlərinə start verib. Qurumun Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata əsasən paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə birlik tərəfindən şəhərin yeni yaşıllıq planı hazırlanıb. Bildirilib ki, təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlamış bu xüsusi  plan  Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaqdır. Bəs görəsən əkilən ağaclar harada hazırlanıb, yerli yoxsa xaricidir? Havaların isti keçməsi ağaclara nə kimi təsir göstərir? İndi budama işləri aparmaq olar? Bütün bu suallara aydınlıq gətirmək üçün hafta.az-ın əməkdaşı Mərkəzi Nəbatat Bağına üz tutub.

Nəzərinizə çatdıraq ki, 1930-cu ildə Mərkəzi Botanika Bağının yaradılması haqqında təkliflər irəli sürülüb və bura 3 iyul 1934-cü ildə yaradılıb. Ərazisi isə, 41 hektardan çoxdur. Bağda hər zaman iş gedir, yeni ağaclar əkilir, mövcud bitkilər budanır, formaya salınır. Bura sakit və olduqca hüzurlu aurası ilə mədəni istirahətin əvəzsiz ünvanıdır.

Bağın Baş Aqronomu İlkin Şəfiyev hafta.az-a bildirdi ki,  yarpaqlar tökülmədiyi üçün, biz budama prosesini bir qədər gec həyata keçirəcəyik:

“Həmişəyaşıl ağaclarda formaverici budama aparmaq olar, lakin, havalar isti keçdiyi və şirə axını hələ dayanmadığı üçün, meyvə ağaclarını budamağın vaxtı deyil. Hazırda bağda, nar, alma, armud, innab, iydə kimi meyvə ağacları var, yarpaqlarının çox hissəsi tökülməyib”.

Aqronom onu da dedi ki, işğaldan azad edilən torpaqlarımızda bitki örtüyünün bərpası üçün onlara hər hansı bir tapşırıq verilməyib. Bəzən sadə vətəndaşlar şəxsi təsərrüfatlarının yaşıllaşdırılması ilə bağlı kömək istəyirlər:

“Botanika bağı elmi bir müəsisədir. Bəzən gəlib bizdən ağac istəyirlər, akademiyanın müəyyən idarələrinə ağacları biz veririrk. Bizə deyilir ki, akademiyanın hansısa ərazisi yaşıllaşdırılmalıdır. Biz də, mövcud material əsasında plan hazırlayıb ağacları əkirik.  Kənar insanlar həyətləri üçün bitki əkimi istəyirsə, bu zaman biz ancaq konsultasiya edə bilərik, hətta əkim zamanı özümüz də iştirak edirik”.

Mütəxəssis söyləyir ki, ağac əkiminin vaxtı, onların növlərinə görə dəyişir:

“Ağac əkimi yarpaqlar töküldükdən, təxminən noyabr ayının ikinci həftəsindən sonra aparılır. Dibçəklərdə becərilən bitkiləri isə, mövsümün hər vaxtı əkmək olar. Bizə xarici ölkələrdən, əsasən, Çin, Qazaxıstan, Rusiya, Türkiyə və Almaniyadan toxumlar gətirilir. Daha sonra biz, bu toxumları istixanalarda hazırlayıb, kolleksiya  sahələrinə köçürürük”.

Aqronom təəssüf hissi ilə bildirdi ki, hazırda satışda meyvə ağacları var və bu düzgün deyil, hələ bir qədər tezdir:

“Görürəm ki indi, satışda əkim üçün meyvə ağacları çıxarılıb, ancaq, bu düzgün deyil. İndi ağacların yarpaqlarını məcbur yolub tökürlər, belə olanda isə, bitki inkişafını tamamlamamış olur”.

İ.Şəfiyevin sözlərinə görə, havaların mövsüm normalarından isti keçməsi bağdakı bitkilərə də təsirsiz ötüşmür:

“Son 3 ildə demək olar ki qış fəsli olmur, bu ümumilikdə bütün təbiətə mənfi təsir göstərir, zərərvericilər həddindən artıq çoxalır. Bir zərərverici il ərzində 3 nəsil verməlidirsə, indi 5-6 dəfə nəsil verir. Nəticədə say çoxalır, daha çox bitki ziyan görmüş olur. Baxmayaraq ki havalar isti keçir, ancaq artıq qış dərmanlamasına başlamaq vaxtıdır. Bu ayın 15-dən sonra bizdə də bu prosesə start veriləcək. Elə bundan sonra da, yeni ağacların əkiminə başlayacağıq. Bağda, həm meyvə, həm də dekorativ bitkilərin əkimi nəzərdə tutulur. Dibçəkdə olan ağaclar artıq indi də əkilə bilər”.

Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev saytımıza müsahibəsində söylədi ki, elmi cəhətdən, bitkinin yarpağı töküldükdən  ən azı 15-20 gün sonra çıxarılıb əkilməyinə icazə verilir. Buna səbəb isə, bitkinin yarpağı töküldükdən sonra, onun üst hissəsindəki ehtiyyat qida maddələrinin kötüyə yığılmasıdır. Həmin qida maddələri sayəsində bitki növbəti əkiləcəyi yerdə normal inkişaf edə bilir:

“Bu hal, ölkəmizdə, orta aylıq temperatur 5 dərəcədən aşağı olduqda baş verir. İndi bizdə temperatur 20-25 dərəcədir. Mən elə öz həyətimizdəki qovaq ağaclarını misal çəkim ki, hazırda, yazdakından daha yaxşı inkişaf edib, pöhrələri artıb. Buna görə də inkişafda olan ağacların əkilməsi qətiyyən düzgün deyil”.

Ekoloq bildirir ki, ağac əkmək plan kimi nəzərə alınmamalıdır, onun yetişdirilməsi planlanmalıdır. Təəssüflər olsun ki, indi Bakı və Abşeron ərazisində əkilən ağacların bəziləri quruyur:

“Ağac əkilir, o quruyandan sonra gətirib sulayırlar. O ağaclara pul xərclənir. Yaxşı olardı ki, normal qaydada əkilsin. Az əkək, çox yetişdirək. Hər itən ağac bizim cibimizdən gedir”.

Ə.Əliyev söylədi ki, işğal altından azad edilən torpaqlarımızda bitki örtüyünün bərpası üçün xüsusi proqram yaradılmalıdır. Bu ərazilər bizim üçün həm müqəddəsdir həm də bərəkətli:

“Bütün varlığımızla əbədi vəfa borcumuz olan əsgərlərimiz torpaqlarımızı işğaldan azad edib. O torpaqlar şəhidlərimizin qanı ilə suvarılıb, ora bizim üçün müqəddəsdir, buna görə də biz bu torpaqların hər qarışına bütöv Azərbaycandan qat-qat böyük qayğı ilə baxmalıyıq. Düşünürəm ki həmin torpaqlarda bitki örtüyünün bərpası ilə bağlı dövlət proqramı hazırlanmalıdır. Burada bizim çox böyük əkinə yararlı torpaq sahələrimiz var. Vaxtı ilə təkcə Fizuli rayonunun üzüm vermə planı Ermənistanınkından çox idi. Fikrimcə burada artellər yaradılmalıdır ki, çoxillik bitkiləri əkmək rahat olsun. Fizuli rayonunda ayrı-ayrı adamların paylarını birləşdirərək üzümlüklər salmaq vacibdir. Bu xeyli sayda iş yeri deməkdir. Bizim bu sahədə Rusiya kimi bazarımız var. İşğaldan azad edilmiş ərazilərimiz olduqca bərəkətli və məhsuldar yerlərdir. Qız Qalası su anbarı böyüklüyünə görə Azərbaycanda 4-cüdür, təkcə burada, 0.6 milyard kubmetr su ehtiyyatımız var”.

Mütəxəssis bildirir ki, burada bərpa işləri olduqca diqqətli, başqa sahələrdə buraxılan səhvlər təkrar edilmədən aparılmalıdır:

“Dövlətimiz burada bərpa prosesini normal qaydada həyata keçirsə, mən sizi əmin edirəm ki, Azərbaycanı olduqca böyük iqtisadi yüksəliş gözləyir, xüsusən də bitkiçilik və heyvandarlıqda. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının, Coğrafiya İnstitutuna xüsusi tapşırığı gəlib və mövzu verilib ki, 1-il müddətində, işğaldan azad edilən ərazilərin bərpa işləri, oranın ekoloji problemlərinin aradan qaldırılması haqqında mövzu işlənilsin. Görülən işlər təsviri xarakterli olacaq, çünki burada dəqiq analizlər aparılmalıdır. Kənd təsərrüfatının inkişafı istiqamətində xeyli işlər görmək mümkündür”.

 Mütəxəssislərin fikirlərindən də aydın oldu ki, havaların belə isti keçməsi, yenicə əkilmiş ağacların inkişafına mənfi təsir göstərir. Yəqin ki, ağac əkmə prosesi bütün bu faktorlar nəzərə alınaraq həyata keçiriləcək.

Banu Hüseynli

 

Oxunma sayı 4729