Paytaxtda yeni yaşıllıq zonası yaradılacaq

18:39 05.08.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər Azərbaycanda həyata keçirilən ekoloji siyasət nəticəsində paxtaxtda və regionlarda yaşıllaşdırılan ərazilər genişlənməkdədir. Sevindirici hal ondan ibarətdir ki, artıq vətəndaşlar da yaşıllıqlara qənim kəsinlərlərə qarşı biganəlik nümayiş etdirmirlər. Onlar bu kimi faktlarla qarşılaşarkən dərhal aidiyyəti qurumları məlumatlandırırlar. Bunun nəticəsidir ki, aidiyyəti orqanlar tərəfindən təkcə son bir ayda onlarla irigövdəli ağacın məhv edilməsinin qarşısı alınıb. Bu ilin sonuna kimi isə paytaxt sakinlərinin ixtiyarına daha bir yaşıllıq zonasının verilməsi nəzərdə tutulub. Avqustun 4-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə Prezidentinə və birinci xanıma görüləcək işlər barədə məlumat verərək deyib ki, layihə 4 hektar ərazini əhatə edir: “Cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq meşə tipli yeni parkın layihəsi hazırlanıb. Layihə Sizə bu gün təqdim olunur. Layihə dörd hektar ərazini əhatə edir. Cənab Prezident, vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Siz müdaxilə edəndən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı”.

O vurğulayıb ki, park şərti olaraq bir neçə zonaya bölünüb: “Meşə zonası parkın ərazisinin demək olar ki, 70 faizini əhatə edir. Bundan əlavə, uşaq meydançası, fitnes və kafe zonaları da var. Parka altı giriş nəzərdə tutulub və əsas girişin qarşısında avtodayanacaq təşkil ediləcək. Burada hansı ağacların, bitkilərin əkilməsi barədə xüsusi proqram hazırlanır və Sizə təqdim olunacaqdır. Eyni zamanda, parkın ərazisində kiçik memarlıq formalarından istifadə etmək üçün memarlar tərəfindən bəzi təkliflər hazırlanır”.

Qeyd edək ki, bu layihənin icrası sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Bundan başqa, layihənin özəlliyini artıran daha bir mühüm məqam ərazidə meşə tipli yeni parkın salınmasıdır. Bu, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradacaq.

Yeri gəlmişkən, son illər xüsusilə Bakı şəhərində davam edən irihəcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər mövcud yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə kəskin ehtiyac yaradıb. Hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektardır ki, bu da adambaşına 6 kvadratmetr təşkil edir. Bu baxımdan mütəxəssislər hesab edirlər ki, yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və onların vacib olmayan tikintilər altına düşərək kəsilməsi hallarının olması yolverilməzdir.

“Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları” na görə isə, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir. Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir. Əhalisinin sayı bir milyondan çox olan şəhərlər çox iri, 250 mindən bir milyonadək olan şəhərlər iri, 100 mindən 250 minədək olan şəhərlər böyük, 50 mindən 100 minədək olan şəhərlər orta və 50 minədək olan şəhərlər kiçik şəhərlər qrupuna aiddir. Qəsəbələr kiçik şəhərlər qrupuna daxildir. Yarımsəhra zonasında ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20-30 faiz azaldıla, çöl və meşə-çöl zonasında isə 10-20 faiz artırıla bilər. Meşələrin əhatəsində, iri çay və su hövzələrinin sahil zonalarında yerləşdirilən orta və kiçik şəhərlərdə, qəsəbə və kənd yaşayış məskənlərində ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20 faizdən çox olmayaraq azaldıla bilər. Bir adama düşən yaşıllıq sahəsi isə iri şəhərlərdə 10, böyük şəhərlərdə 9, orta şəhərlərdə 7, kişik şəhərlərdə 8, qəsəbədə 8, kənddə isə 12 kvadratmetrdir. Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır. Bundan başqa, ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər. Yaşayış məntəqələrində küçə və prospektlərin layihələn-dirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadrat metr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır. Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq, tingliklərin (şitilliyin) sahəsi bir adam üçün 0,2-0,4 kvadratmetr nəzərdə tutulmalıdır.

Onu da qeyd edək ki, şəhər və qəsəbələrdə olan yaşıllıqlar bir qayda olaraq meşə fonduna daxil olmayan yaşıllıqlardır. Meşə fonduna daxil olmayan ağac və kol əkililərinin qanunsuz kəsilməsinə görə həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində inzibati və cinayət məsuliyyəti müəyyən edilib. Belə ki, meşə fonduna daxil olmayan ağac və kolbitkilərinin  qanunsuz kəsilməsi və ya götürülməsinə, məhv edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə uyğun olaraq fiziki şəxslər 2 min manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 25 min manat məbləğində cərimə edilirlər. Eyni inzibati xəta şəhər və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrinin tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə hər bir ağacın və kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə və götürülməsinə görə, fiziki şəxslər 2.200 manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 35 min manat miqdarında cərimə edilirlər.Qeyd olunan bu inzibati pozuntular şəxsi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərüffatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət əkililərə şamil edilmir. Bundan başqa, Cinayət Məcəlləsinin 219-cu maddəsində  qanunsuz ağackəsmə və 260-cı maddəsində meşələr və digər yaşıllıqların məhv edilməsi ilə bağlı cinayət məsuliyyəti müəyyən edilib. Belə ki, 219-cu maddədə meşə fonduna daxil olmayan yaşıllıqlara xeyli miqdarda (1000-7000 manat arası) ziyan vurduqda, təqsirkar şəxslər 2 ilə qədər, külli miqdarda (7000 manatdan çox) ziyan vurduqda isə təqsirkar şəxslər 2 ildən 5 ilə qədər müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Cinayət Məcəlləsinin 219-cu maddəsində göstərilən cinayət məsuliyyəti inzibati xətalarda olduğu kimi şəxslərin xüsusi mülkiyyətində olan həyətyanı bağ sahələrindəki yaşılıqlara, kənd təsərüffatı məhsulları üçün istifadə olunan bitkilərin kəsilməsi götürülməsi hallarına şamil edilmir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Milli Ekologiya və Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov da hesab edir ki, Bakıda yaşıllıq zonalarının artırılması zəruridir: “Sözsüz ki, Bakı kimi bir meqalopolisin yaşıllaşdırma planı olmalıdır. Hazırda bu cür işlər görülür. Bildiyiniz kimi, bir müddət əvvəl keçmiş Sovetski küçəsində yeni park açıldı və bu ərazi daha yaxşı hala gəldi. Ancaq problem ondadır ki, Bakı parklarında müxtəlif ekzotik fidanlar gətirmək yox, yerli ağac əkmək lazımdır. Bir qayda olaraq, onlarla birlikdə  ölkəyə zərərli həşəratların yumurtaları və sürfələri daxil olur, və bu da çox vaxt bitki xəstəliklərinin yayılmasına səbəb olur. Buna görə də Bakı parkları üçün nəzərdə tutulan yerli ağacların fidanlarının yetişdiriləcəyi xüsusi yerlər yaradılmalıdır”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 8880