Pirşağıda sahibkar fəhləni işgəncə verməklə işlətdi - Günün təzadları

18:35 11.03.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ferma sahibi fəhləni əmək müqaviləsi olmadan çalışdırdı. Hafta.az-ın yazdığına görə, “Report” xəbər verir ki, hadisə Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində qeydə alınıb. Məlumata görə, V.A. adlı şəxs məcburi əmək qurbanı olub.

Belə ki, o, fermada əmək müqaviləsi olmadan, işgəncə verilməklə fəhlə adı ilə saxlanılaraq əməyi istismar edilib. Daha sonra V.A.-nın yaxınları bununla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Dərhal müvafiq tədbirlər görülüb və V.A məcburi əmək qurbanı olmaqdan azad olunub. Qeyd olunan ferma sahibi barəsində isə müvafiq tədbirlər görülüb.

 

Müsəlman müəllim böyrəyini dostunun oğluna bağışladı

Səudiyyə Ərəbistanının Cizana şəhərindən olan 48 yaşlı ibtidai sinif müəllimi Həsən Məhəmməd Macrabi öz böyrəyini gənc yaşlarından ünsiyyətdə olduğu dostunun xəstə oğluna hədiyyə etdi.  Hafta.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. “Uşağın atası Əli ilə eyni universitetdə oxumuşuq, dostuq. Əlinin də, iki övladının da böyrək problemindən əziyyət çəkdiklərini bilirdim. Bir gün dostumun 13 yaşlı oğluna təcili böyrək köçürülməsi lazım olduğu ortaya çıxdı" - deyə müsəlman müəllim nəql edir. "Bunu bilən kimi dərhal böyrəyimin birini  oğlu Əhmədə hədiyyə etmək niyyətimi dostuma bildirdim. Ancaq  o, bir daha düşünməyimdə israr etdi, çünki bu, çox məsuliyyətli addım idi. Lakin mən ona bunu Allah xatirinə, kiminsə həyatının xilas olunması niyyəti ilə etdiyimi söylədim”- Həsən Məhəmməd belə deyir. Bundan sonra  Həsən həkimlərlə bir böyrəklə normal həyat yaşayıb-yaşaya bilməyəcəyini müzakirə edib və qənaətbəxş cavab aldıqdan sonra əməliyyat üçün hazırlıqlara başlayıb. Müsəlman pedaqoq əməliyyat otağından çıxdıqdan və köçürmə prosedurunun uğurla başa çatdığını bildikdən sonra izaholunmaz bir xoşbəxtlik yaşadığını açıqlayıb.

 

Müdafiə naziri koronavirus şübhəsi ilə karantinə alındı

Norveçin Müdafiə naziri Frank Bakke-Yensen “COVID-19”-a yoluxma şübhəsi ilə karantinə alındı. Hafta.az yazır ki, APA-nın xəbərinə görə, bu barədə "Aftenposten" Müdafiə nazirinin özünə istinadla məlumat yayıb. "Müdafiə naziri yaxın vaxtlarda bütün ziyarət və görüşlərini təxirə salır, çünki o, koronavirusun daşıyıcısı ola bilər", - deyə nəşr bildirib. Qeyd olunub ki, ona hələ son diaqnoz qoyulmayıb, lakin virusa yoluxması təsdiqlənsə, nazirlik xəstəliyin yayılmaması üçün bütün tədbirləri görəcək. Qeyd edək ki, Norveçin baş naziri də bu gün Oslo Universitetində planlaşdırılan mühazirəsini təxirə salıb.

 

Göyçayda sahibkar intihar etdi

Göyçay rayonunda intihar hadisəsi baş verdi. Hafta.az yazır ki, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb. Göyçay şəhərində yaşayan 1973-cü il təvəllüdlü İsrafilov Siyavuş Kamal oğlu Çərəkə kəndinə, atasına məxsus evə gedərək özünü asaraq öldürüb. S.İsrafilov intihar edərkən onun ailə üzvləri şəhərdəki evində olub və hadisədən gec xəbər tutublar. Uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.İsrafilovun mal-qara ferması və yağ-pendir istehsalı sexi var. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Britaniyada nazir müavini koronavirusa yoluxdu

Britaniya Səhiyyə Katibliyinin pasiyentlərin təhlükəsizliyi üzrə müavini Nadin Dorris koronavirusa yoluxduğunu açıqladi. Hafta.az-ın verdiyi xəbərə görə, nazir müavini bildirib ki, İngiltərə İctimai Səhiyyə İdarəsi tərəfindən təmasda olduğu bütün insanlar ətraflı araşdırılır: “Koronavirus üçün testlərimin müsbət nəticə verdiyi təsdiqləndi. Bu barədə mənə məlumat verilən kimi bütün zəruri tədbirlər görmüşəm. Mənə göstərilən köməyə görə Səhiyyə Nazirliyi və Milli Səhiyyə Xidmətinə təşəkkürümü bildirirəm”. Yerli mətbuatın yazdığına görə, Dorris keçən cümə axşamı Britaniya Baş nazirinin iqamətgahında təşkil edilən qəbulda iştirak edib və ertəsi gün özünü pis hiss edib.

Qeyd edək ki, İngiltərədə ötən gün koronavirusa yoluxma hallarının sayı 54 nəfər artaraq 373-ə çatıb, onlardan 6 nəfəri ölüb.