Qanunsuz döyüşdən sonra iti itə yedizdirdilər - Azərbaycanda 

15:05 26.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə Azərbaycanda it dalaşdıran şəxslərin yeni görüntüləri ciddi etirazla qarşılanıb.

Hafta.az xəbər verir ki, qan donduran görüntülərin budəfəki ünvanı Sumqayıt şəhəridir. Sosial şəbəkədə yayılan fotolardakı şəxslərin qadağan edilmiş it döyüşləri təşkil etdikləri bildirilir. Pulla döyüşlər təşkil edən şəxslərin Sumqayıt şəhərindən olduqları ehtimal edilir.

Belə ki, onlar itləri ölənə qədər döyüşdürürlər, daha sonra məğlub olan köpəkləri kəsib, ətini digər itlərə yedizdirirlər. Bir itin digər itə yedizdirilməsi də görüntülərdə yer alıb.

Heyvanlara qarşı edilən bu kimi hərəkətlərə münasibət bildirən heyvan hüquqları müdafiəçisi Elxan Mirzəyev hafta.az-a dedi ki, Azərbaycanda vətəndaşların heyvanlara qarşı davranışlarını hardasa sübut etmək və qarşısını almaq qeyri-mümkündür:

"Azərbaycanda küçə heyvanlarına münasibətin ölçüyəgəlməz bir qəddarlıqla müşayiət olunur. Sosial şəbəkələrdə bir neçə gündür ki, Azərbaycanda küçə heyvanlarına qarşı qəddar rəftarla bağlı yeni video və foto görüntülər yayımlanır. Biz də onu görürük. Respublikanın bütün bölgələrində hər addımda heyvanların məhvinə şahid olmaq mümkündür. Bu, təbiətin qətliamıdır. Bunun qarşısını almaq üçün insanları maarifləndirmək lazımdır. Eləcə də, təşkilatlar işləməlidirlər".

Oxunma sayı 620