Qarabağ müharibəsində Azərbaycana dəstək verən və verməyən ölkələr (ARAŞDIRMA)

12:56 15.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etmək məqsədilə sentyabrın 27-də başlatdığı və 44 gündən sonra şanlı zəfərlə başa çatdırdığı Vətən müharibəsində kimin dost, kiminsə düşmən olduğunu açıq-aşkar gördük. Hətta səssiz qalmağa üstünlük verib, “nə şiş yansın, nə də kabab” deyiminə uyğun olaraq tərəflərdən heç birini incik salmamaq üçün səsləndirilən çağırışları da eşitdik. İllərlə dost, qardaş dediyimiz ölkələrin bir çoxunun düşmən qarşısında acizliyinin, qorxaqlağının şahidi olmaq bizi çox incitdi, amma nə yaxşı ki, dost, qardaş ölkələrin bir çoxu etimadı yüksək səviyyədə doğrultdu və bizi qələbəyə ilhamlandırdı. Hətta ummadığımız yerdən aldığımız dəstəklər gücümüzə güc qatdı.

Bu gün kiçik bir araşdırma apararaq, 44 günlük savaş boyunca Azərbaycana dəstək verən və ya təhdid edən, yaxud da xalaxətrin qalmasın deyib, əslində ikrah doğuran atəşkəsə, danışıqlar masasına dönməyə çağırışlar edən ölkələrin bəzilərini oxucularımıza təqdim etmək istədim.   

Azərbaycana açıq dəstək verən ölkələr:

Türkiyə

Torpaqlarını azad etməsi üçün Azərbaycana ən böyük dəstəyi qardaş Türkiyə dövləti verib. Türkiyə tərəfi Prezident, XİN başçısı, Milli müdafiə naziri, Milli İstikbarat Təşkilatı – bütün səviyyələrdə qələbə gününədək Azərbaycanla birlikdə oldu və müharibədən sonrakı proseslərdə də Azərbaycanın yanındadır.

Hətta belə demək mümkündürsə, Türkiyə torpaqlarımızı geri almaqda Azərbaycanla birlikdə mübarizə apardı. Dünyada heç bir iki dövlət tapılmaz ki, bir-birinə siyasi və iqtisadi maraqdan dolayısı deyil, sırf qardaş olduqları üçün belə dəstək versin. “Bir millət, iki dövlət” meydanda da özünü açıq şəkildə göstərdi və göstərməkdədir.

Pakistan

Ermənistandan öz qoşunlarını qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarmasını tələb edən və işğalçını adı ilə çağıran ölkələrdən ikincisi Pakistandır. Pakistanın Baş naziri İmran Xan, Azərbaycan üçün  "qardaş ölkə" ifadəsini işlədərək yayımladığı mesajında, ölkəsinin Azəbaycanın yanında olduğunu və onun qanuni müdafiə haqqını dətəklədiyini bildirib. Rəsmi İslamabad Azərbaycanın ərazi bütövlüyünün dərhal bərqərar olmasını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsini istəyib.

Əfqanıstan

Azərbaycanı, işğal altındakı torpaqları azad etməyə başladığı gündən indiyədək birmənalı olaraq dəstəkləyən və işğalçını adı ilə çağıran ölkələrdən üçüncüsü Əfqanıstandır. Bu ölkənin Xarici İşlər nazirliyi bəyan etmişdi ki, Dağlıq Qarabağ Azəbaycanın ayrılnaz parçasıdır və Ermənistan vaxt itirmədən işğal etdiyi həmin torpaqlardan çıxmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

ŞKTC

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri (indiki prezidenti) Ersin Tatar, Ermənistanın, "qardaş Azəbaycan"a qarşı hücumlarını qətiyyətlə pisləyib, İrəvandan ən qısa zamanda işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edib. Baş nazir Azərbaycana dəstək bəyanatında bildirmişdi ki, bəzi ölkələr Ermənistandan alət olaraq istifadə edirlər. O, qeyd edib ki, Azərbaycan əsla yalnız deyil və nə Ermənistan, nə də onu Azərbaycana qarşı təcavüzə təhrik edənlər arzularına çatmayacaqlar. Azərbaycana siyasi dəstək verən ölkələr:

Bosniya və Hersoqovina

Bosniya və Hersoqovina da Azərbaycana ciddi dəstək verən ölkələrdəndir. Bosniya və Hersoqovina Dövlət Şurasının sədri Sefik Dzaferovic, Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazaraq qeyd etmişdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, erməni silahlılar işğal etdikləri torpaqları əsl sahibləri olan azərbaycanlılara qaytarmalıdırlar.

Bu arada, Bosniya və Hersoqovinanın ən böyük siyasi partiyası olan SDA-nın sədri Bakir İzzətbegovic də Azərbaycan xalqına ünvanladığı mesajında, Dağlıq Qarabağın Azərbaycana aid olduğunu, Ermənistanın mülki insanları hədəf alan hücumlarının əsla qəbuledilməz olduğunu söyləmişdi.

Gürcüstan

Torpaqlarını azad edən Azərbaycanı dəstəkləyən bir ölkə də qonşu Gürcüstandır. Azərbaycan kimi öz torpaqlarının bir qismi separatçılar tərəfindən nəzarətdə qalan və Rusiya tərəfindən qanunsuz olaraq işğal altında saxlanılan Gürcüstan hökuməti Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını vacib sayır. Hətta müharibə dövründə Ermənistana silah və sursat daşımalarının qarşısını almaq üçün, Gürcüstan quru və hava məkanını bağlı saxlamaqla, belə demək mümkündürsə, Ermənistanı cəzalandırdı. Müharibə günlərində, paytaxt Tiflisdəki “Sülh” körpüsü və televiziya qülləsi Azərbaycan bayrağının rənglərinə bürünmüşdü… 

Ukrayna

Azəbaycanı bu haqq işində ilk başdan və açıq şəkildə dəstəkləyən ölkələrdən biri də Ukraynadır. Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba çıxış edərək hər zaman Azərbaycanın yanında olduqlarını və ərazi bütövlüyünü bərpa etməkdə olan bu dost ölkəyə sonadək dəstək verəcəklərini açıqlamışdı. O, Azərbaycanla bağlı mövqelərinin heç vaxt dəyişməyəcəyini də qeyd etmişdi.

Hətta buna cavab olaraq, ermənilər Ukraynanın Ermənistandakı səfirliyinin qarşısında aksiya da keçirmişdi. Amma Ukrayna nəinki geri çəkilmədi, bu ölkənin prezidenti Zelinski Azərbaycana dəstək mesajını bir daha yenilədi. 

İsrail

Azərbaycana açıq dəstək verən ölkələrdən biri də İsraildir. Bu ölkənin siyasi və ictimai elitası, işğal altındakı torpaqlarımızı xilas etmək məsələsində Azərbaycanın yanında birləşiblər. İsrail nəinki siyasi dəstək verib, hətta müharibə gedən dövrdə Azərbaycana zəruri dava-dərman partiyası da göndərmələ köməyini əsirgəməyib.

Macarıstan

Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Szijjarto da ölkəsinin Azərbaycana açıq dəstək verdiyini bildirib. Azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə, nazir Szijjarto bildirmışdı ki, Ermənistanla Azərbaycan arasında yaşanan hərbi toqquşma onları narahat edir. O, problemin Azərbaycanın ərazi bütövlüyü pozulmadan, sülh danışıqları ilə həll edilməsini arzuladıqlarını bildirmişdi.

Moldova

Azərbaycanı müdafiə edən ölkələrdən biri də Moldovadır. Moldova XİN döyüşlərin dayandırılmasına tərəfdar olmaqla, vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün səyləri davam etdirməyə, uzunmüddətli siyasi həll yolu tapmağa çağırmışdı. Moldova XİN bəyan etmişdi ki, münaqişə ancaq beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə həll edilməlidir.

İran

Qonşi İran İslam Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünə tərəfdar olduğunu deməsinə baxmayaraq, 44 gün sürən müharibənin ilk vaxtlarında səssizliyini qorudu. Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycana açıq dəstək nümayiş etdirəndə, hətta lazım olarsa ordu ilə köməyə gələ biləcəklərini deyəndə İrandan səs çıxmadı. Yalnız müharibənin son həftələrində, proseslərin Azərbaycanın qələbəsinə istiqamətləndiyi günlərdə İranın müxtəlif məmurları dəstək bəyanatı verməyə başladı. Hansı ki, “Uman yerdən küsərlər” deyiminə uyğun olaraq, Azərbaycan xalqı müharibənin ilk günü İran prezidentinin, Xarici işlər nazirinin və sair açıq-aşkar müdafiəmizə qalxdığını görmək, Ermənistandan qeyd-şərtsiz ordularını işal etdikləri torpaqlardan çıxarmasını tələb etdiyini eşitmək istəyirdi. Amma İran nəinki bunu etmədi, hətta Rusiyanın böyük həcmdə silah və hərbi texinika yardımının Ermənistana çatdırılması üçün öz ərazisindən keçməsinə icazə verdi, Ermənistanın təcavüzkar siyasətini pisləmək üçün aksiya keçirən insanları cəzalandıraraq, susdurdu. Məhz bu kimi amillər İran haqda ictimai fikirləri parçaladı.

Qismən dəstək verən ölkələr:

Malayziya

Malayziya hökuməti bu məsələdə rəsmi şəkildə münasibətini ortaya qoymasa da, ölkə parlamentinin deputatı Rozman İsli, Azərbaycanla həmrəy olduqlarını bildirmişdi. Malayziyalı parlamentari Ermənistanın hücumlarını pisləmiş, Malayziyanın Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bəyan etmişdi.

Mərakeş

Mərakeş Krallığı təcavüzkarı öz adıyla çağırmasa da, Azərbaycana bu haqlı işində dolayısıyla dəstək verib. Krallığın Xarici İşlər Nazirliyi bildirib ki, Dağlıq Qarabağ bölgəsində gedən hərbi əməliyyatlardan narahatdır, insan ölümlərindən təəssüflənir və sair. Mərakeş XİN vurğulayıb ki, müharibə dayandırılmalı, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməlidir. Bu da Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında olmalıdır. Krallıq, istənilən separatçılıq və ya silahlı üsyan addımlarını qınadığını bildirib.

Səudiyyə Ərəbistanı

İndiyədək Azərbaycana görə Ermənistanla heç bir sahədə əlaqə qurmadığını eşitdiyimiz, İslam dünyasının mənəvi mərkəzi sayılan Səudiyyə Krallığı da, çox təəssüf ki, gözlədiyimiz dəstəyi bizə vermədi. Səudiyyə Ərəbistanı rəhbərliyi sadəcə, müharibədən narahat olduqlarını (özləri nə vaxtdır Yəməndə müharibə aparırlar), döyüşlərə son qoyaraq münaqişəni BMT qətnamələri əsasında həll etməyə çağırdı tərəfləri, vəssalam. Düzdür, BMT qətnamaləri Ermənistandan ordusunu Azərbaycandan çıxarmağı tələb edir, amma haqlı olaraq Azərbaycan xalqı bu çətin keçən, qanlı-qadalı 44 gün ərzində Səudiyyə Krallığının diplomatik gedişləri bir yana qoyaraq, açıq dillə, cəsarətlə Ermənistandan işğala son qoymasını tələb edəcəyini gözləyirdi… 

Özbəkistan

Özbəkistan rəhbərliyi heç bir açıq bəyanatla Azərbaycana arxa durduğunu bildirmədi. Sadəcə bu ölkənin Bakıdakı səfiri Bəhram Əşrafxanov Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə dəstək ifadə edib, vəssalam. Hansı ki, təxminən eyni dildə danışdığımız, türk soylu Özbəkistan Azərbaycana dəstək müstəvisində qonşusu Əfqanıstandan geri qalmamalı idi…

Qətər

Qətər, Əmir və ya XİN səviyyəsində açıq bəyanat verib, Ermənistanı işğala son qoymağa çağırmasa da, ümumilikdə Azərbaycanın mövqeyindən çıxış edir. Hər halda Qətərin ölkəmizdəki səfiri Milli Məclisin spikeri Sahibə Qafarova ilə görüşdə belə deyib.

Danışıqlar masasına çağıran ölkələr:

Qazaxıstan

Qazaxıstan prezidenti Qasım-Comərt Tokayev eyni türk soyundan olan Azərbaycana açıq və qeyd-şərtsiz qardaş dəstəyi vermədi. Sadəcə hərbi toqquşmaların dayandırılmasını, münaqişənin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipi əsasında həll olunmasının vacibliyini vurğulayıb. Bu yolla da Azərbaycanın könlünü almağa çalışan Qazaxıstan lideri nəinki təcavüzkarı öz adıyla çağırmayıb, hətta eyni anda Ermənistanı müdafiə edib.

İndoneziya

44 gün davam edən qanlı müharibə zamanı, dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan dəstək almamaq, bir müsəlman olaraq bizi üzdü. Bu ölkənin Xarici İşlər Nazirliyi Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa səsləməkdənsə, tərəfləri müharibəni dayandırıb danışıqlar masasına qayıtması üçün ağıl verməyi üstün tutdu. Hansı ki, 30 ildir danışıqlar masasında heç nəyin həllinə yaxınlaşmadığımızı bu illər ərzində İndoneziyanın siyasi elitası yaxşı bilirdi.

Misir

Misir, Ermənistan ordusu Tovuz rayonuna hücum edəndə, Azərbaycanı dəstəkləyən bəyanatla çıxış etsə də, 44 günlük müharibə günlərində səssiz qaldı. Əslində Misir XİN açıqlama verib, amma bu Azərbaycana dəstək deyil, müharibəyə son qoyub danışıqlar masasına dönmək tövsiyyəsidir. Misir XİN Azərbaycanı bu gün əldə etdiyi zəfər savaşını dayandırmağa və Minsk qrupunun nağıllarına qulaq asmağa çağırmaqla yanlış olan seçimi etdi. Yeri gəlmişkən, Ermənistan prezidenti Armen Sarkisyanın Misir prezidenti Əbdulfəttah əl-Sisiyə məktub yazaraq, müharibəni dayandırmaq və sonu görülməyən danışıqlara dönmək üçün ondan Azərbaycana təsir göstərməsini istədiyi bəlli olub.

Dəstək nümayiş etdirən beynəlxalq təşkilatlar:

İslam Əməkdaşlıq Təşkilatı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanı açıq dəstəkləyən beynəlxalq qurum olaraq yaddaşlarda qaldı. İƏT Baş katibliyindən verilmiş bəyanatda deyilib ki, atəşkəsi pozan Ermənistan ordusu, Azərbaycan torpaqlarına qarşı təcavüzünü davam etdirir. Nəticədə də çox sayda mülki insan həlak olur, yaralanır və mülki obyektlər dağılır. Azərbaycana qarşı hücumlarını şiddətlə qınadıqlarını bildirən İƏT Baş katibliyi, Ermənistandan öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmasını tələb edib. Təşkilat rəhbərliyi Azərbaycan xalqının yanında olduğu bildirməklə ermənilərə qəti mövqeyini göstərib.

Beynəlxalq Qoşulmama Hərəkatı

Qoşulmama Hərəkatı bəyanat yayaraq, hərbi əməliyyatların yenidən başlamasını qınamış, insan itkisi və mülki əhaliyə təsirinə görə təəssüfləndiklərini bildirmişdi. Təşkilat münaqişənin BMT TŞ-nin qətnamələri əsasında həll edilməsinə tərəfdar olduqlarını bildirməklə yanaşı, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstək ifadə etmişdi.

Türk Şurası

Türk Şurasının rəhbərliyi də Azərbaycana bu haqq işində açıq və birbaşa dəstəyini ifadə edib. Türk dilində danışan dövlətləri öz sırasında birləşdirən təşkilatın dəstək bəyanatı bir az gec səslənsə də, hər halda mənəvi mənada böyük təsiri olub. 

Ermənistanı müdafiə edən ölkəlkər:

Yunanıstan

Azərbaycana qarşı mövqe sərgiləyən Yunanıstan Ermənistanın yanında dayandı. Hazırda Azərbaycanla əlaqələri çox zəif olan Yunanıstan Ermənistana müharibəni qazanmaq üçün hər cür dəstək verəcəyini bəyan etmiş və dediyini əməldə də edirdi.

Kipr (Yunan Kipri)

Kipr də Ermənistanla həmrəylik nümayiş etdirərək Yunanıstanın yanında olduğunu və dolayısıyla Azərbaycana cəbhə açdığını bəyan edib. Hətta Kipr, Ermənistan əsgərlərinə və Qarabağa gətirilmiş YPG-PKK terrorçularına hərbi təlim keçmək üçün general səviyyəsində hərbçilər də göndərib.

Fransa

ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olmasına baxmayaraq, Fransa Azərbaycanın azadlıq mübarizəsində açıq-aşkar Ermənistanı dəstəklədi. Hətta Fransa prezidenti Makron “Azərbaycana icazə verməyəcəyik ki, Qarabağı fəth etsin” kimi sərsəm və birbaşa dövlətimizi təhdid edən açıqlama səsləndirdi.

Kanada

Dolayısıyla Ermənistanın yanında olduğunu hiss etdirən Kanada hökuməti də Fransa kimi, guya ermənilərin haqlarını qorumaq üçün onlara dəstək verməyə hazır olduqlarını bildirib. 

Rusiya

Ermənistanı açıq-aşkar silahlandıran, Azərbaycan torpaqlarını da vaxtilə işğal edərkən bu ölkəyə birbaşa dəstək verən və təbii ki, Minsk Qrupunun həmsədri olan Rusiya 44 gün ərzində sussa da, amma yeri gələndə gizli şəkildə Ermənistanı silahlandırmağa davam etdi. Sonda da, məlum olduğu kimi, Rusiya Qarabağda yaşayan ermənilərin orada qalması və əlbəttə, özünün də bu ərazidə varlığını təsdiqləmək üçün məsələyə hərbi müdaxilə etdi. Hər halda, Rusiyanın səssiz qalması Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsini tezləşdirdi…   

ABŞ

Minsk Qrupunun üçüncü həmsədri olan ABŞ 44 gün sürən müharibə zamanı, məlum daxili siyasi vəziyyətlə bağlı səssiz qaldı. Amma müharibənin Azərbaycanın qələbəsinə işarə etdiyi vaxtlarda, ABŞ Dövlət katibi Mayk Pompeo bu səssizliyi ermənilərə dəstək verməklə pozub. Bildirib ki, sitat: ümidvaram ki, ermənilər azərbaycanlıların hücumlarına qarşı özlərini müdafiə edəcəklər. Bununla da, az qala 30 ildir münaqişənin həll olunmamasına şərait yaradan ABŞ əsl üzünü göstərmiş olub.

İtaliya, Suriya, İslandiya kimi ölkələr də Ermənistana açıq dəstək veriblər…

Oxunma sayı 6582