“Qazaxıstanla Azərbaycanı çoxəsrlik dostluq bağları birləşdirir” - SƏFİR

19:47 04.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın müstəqilliyinin 28-ci ildönümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul keçirib. Dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin iştirak etdikləri tədbirdə əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib.

Hafta.az yazır ki, çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ölkəsinin müstəqillik yollarından söz açıb. Bildirib ki, geridə buraxılan 28 il ərzində ölkəsi çox böyük inkişaf yolu keçib. Bu müddət ərzində iqtisadiyyatın bütün sahələrində islahatlar aparılıb və nəticəsi budur ki, Qazaxıstan inkişaf edə bilib.

Diplomat deyib ki, birinci Prezident – Elbaşı Nursultan Nazarbayevin irimiqyasli iqtisadi və siyasi islahatları Qazaxıstanı dayanıqlı inkişaf yoluna çıxarıb və dünyanin 50 rəqabətədavamli ölkələrinin siyahisina daxil olmağa imkan verib. Bu gün, Elbaşının strateji kursunu davam etdirən indiki Prezident Qasım-Jomart Tokayev ölkənin bundan sonrakı uğurlu inkişafini təmin edir.

Müstəqillik illərində Qazaxıstanın 320 milyard dollar birbaşa xarici sərmayə cəlb etdiyini vurğulayan diplomat əlavə edib ki, ötən il ölkəsində iqtisadi artım 4 faizə çatıb və iqtisadi şaxələndirmə aktiv şəkildə davam etməkdədir.

“Qazaxıstan «Going Business» reytinqində 25-ci yeri tutur. Böyük İpək Yolu boyunca strateji əhəmiyyətli infrastruktur layihələri - "Nurlı yol" proqramı, Qərbi Çin - Qərbi Avropa və Transxəzər beynəlxalq nəqliyyat marşrutu Qazaxıstanı iqtisadi potensialını yüksək dərəcədə artıran qlobal əhəmiyyətli tranzit və logistika mərkəzinə çevirir. Qazaxıstanda çox iş görmüşük, amma dünyanın ən inkişaf etmiş 30 ölkəsindən biri olmaq üçün daha çox iş görülməlidir”, - deyib səfir.

S.Abdıkarimov bildirib ki, Qazaxıstanla Azərbaycanı çoxəsrlik dostluq bağları birləşdirir. “Ortaq tariximiz, dilimiz, mədəniyyətimiz və dinimiz var. Qarşılıqlı etimadın və strateji tərəfdaşlığın müasir prinsipləri Birinci Prezidentimiz – Elbaşı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də həmin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Tokayev uğurla davam etdirir” deyib Qazaxıstanın ölkəmizdəki səfiri.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri mövcuddur. Ölkələrimizin böyük ipək yolu üzərində yerləşməsi iqtisadi ticarət mübasibətlərinin inkişafına təkan verib. Nazir deyib ki, hər iki ölkə birlikdə böyük layihələrə imza atır. Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan kəməri ilə, quru yüklərin Bakı-Tiflis-Qars dəmir yolu ilə daşınmasında maraqlıdır. Nazir Qazaxıstanın Qarabağ münaqişəsinin həllində Azərbaycana verdiyi dəstəyə görə təşəkkür edib. 2018-ci ildə ölkələrimiz arasında ticarətin həcminin 221 milyon dollar olduğunu bildirən nazir 2019-cu ilin 10 ayı ərzində bu rəqəmin 191 milyon dolları keçdiyini də əlavə edib.

Azərbaycanla-Qazaxıstan arasında münasibətlərin tarixi çox qədimdir. Bu da təbiidir: eyni dil və dinə mənsub olan azərbaycanlılar və qazaxlar eyni soykökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Hər iki xalq Çar imperiyası və Sovetlər İttifaqı dönəmində vahid mərkəzdən idarə olunub. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub.

Hazırda Qazaxıstanda, xüsusilə də ölkənin cənub vilayətlərində bir neçə yüz min azərbaycanlı yaşayır. Onlar elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışır və Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

İki dost ölkə arasında iqtisadi əlaqələr də durmadan inkişaf etməkdədir. Bu ilin oktyabrında Bakıda keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası da məhz bu məqsədə xidmət etməkdədir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 55,4 faiz artaraq 221 milyon dollara yüksəlib. 2018-ci ildə Azərbaycandan Qazaxıstana ixrac 36,1 faiz, idxal isə 61,5 faiz artıb. Bu ilin 8 ayı ərzində isə ticarət dövriyyəsinin həcmində 11 faiz artım müşahidə olunur. İlin sonunadək  Nur-Sultan şəhərində açılacaq Azərbaycan Ticarət Evi daha çox məhsul ixracına imkan yaradacaq. Energetika, nəqliyyat, kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlığımız və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına töhfə verməkdədir.

1990-ci illərdən etibarən, Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında, rus-erməni şovinizminə qarşı çıxış edərək, Azərbaycanın haqq səsini dünyaya bəyan edib.

Azərbaycanla-Qazaxıstan arasında əlaqələr, əsasən, beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində durmadan inkişaf etməkdədir. Son vaxtlar ölkələrimiz milli birlik nümunəsi olan Türk Şurası tərkibində də uğurla əməkdaşlıq etməkdədirlər.

Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü il yanvarın 9-da Qazaxıstanın Azərbaycanda, 2004-cü il martın 1-də isə Azərbaycanın Qazaxıstanda səfirliyi fəaliyyətə başlayıb. Bundan başqa,  2008-ci il aprelin 30-da Azərbaycanın Aktauda  Baş konsulluğu açılıb.

Hazırda Azərbaycanın Qazaxıstanda səfiri Rəşad Məmmədov, Qazaxıstanın ölkəmizdəki səfiri isə Serjan Abdıkarimovdur.

Ölkələrimizin parlamentləri arasında da sıx əməkdaşlıq mövcuddur. Bu gün Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və qrupun rəhbəri millət vəkili Adil Əliyevdir. Qazaxıstan parlamentində Azərbaycanla əməkdaşlıq üzrə qrupunun rəhbəri isə Omarxan Oksikbayevdir.

İndiyədək Azərbaycanla-Qazaxıstan arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 52 müqavilə və saziş bağlanıb.

 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Qazaxıstanın ölkəmizdəki səfirliyinin, səfir  Serjan Abdıkarimov başda olmaqla bütün diplomatlarını təbrik edirik.  

Siyasət rubrikasından digər xəbərlər