Qəlblərdə əbədi iz qoymuş unudulmaz elm xadimi                            

18:21 06.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Doğma xalqının həyatında, eləcə də cəmiyyətin inkişafında çox mühüm rol oynamış elm xadimlərinin və həm də şəxsiyyət olan aqil insanların əziz xatirəsi heç vaxt unudulmur. Belə şəxsiyyətlər hər zaman böyük hörmət və ehtiramla yad olunurlar.  Bu kimi şəxsiyyətlərdən söhbət açmaq, onların keçmiş olduqları ömür yoluna nəzər salmaq, həyat və yaradıcılığı haqqında danışmaq çox maraqlıdır.  Belə insanlar öz ağıl və zəkaları ilə, həm də mənimsədikləri elmi biliklərlə həyatın enişli-yoxuşlu yollarından keçərək ucalmışlar. Həyatda baş verən hər cür ağrı- acılara öz sinələrini gərərək ömürlərini elmə, cəmiyyətin inkişafına, xalqının sağlam düşüncəsinə və gənc nəslin təlim-tərbiyəsinə həsr etmişlər. Belə dahi insanlardan biri Azərbaycan Milli Elimlər Akademiyasının üzvü olmuş Əməkdar elm xadimi, iqtisad elmi sahəsində uca zirvələrə qalxmış akademik Aqil Əlirza oğlu Əliyevdir.

     Ulu Tanrımızın yaratmış olduğu hər bir insan həyatda öz tale qismətini,  ömür payını yaşayır. Ömrün verilməsi, təbii ki, Ulu Tanrıdan gəlir və onun müddəti də heç kimdən asılı deyildir.  Elə insanlar olur ki, onlar öz ömür paylarını qənimət bilirlər, öz dünyasına, həm də öz aləminə qapılaraq,  şəxsi arzu və istəklərini həyata keçirmək naminə yaşayırlar. Bu kimi insanlar keçmiş olduqları ömür yollarında özlərindən sonra həyatda, eləcə də insanların qəlbində heç bir iz qoya bilmirlər. Lakin həyatda  elə insanlar olur ki, onlar yaşadığı müddətdə xeyirxah əməlləri, xoş məramları, vətənpərvərlikləri, xalqına və dövlətinə göstərdikləri sevgi və qayğıları, cəmiyyətdə öz əqidələri və insanlıqları ilə, eləcə də gələcəyə yönəlmiş əvəzsiz xidmətləri ilə insanların qəlbində əbədi yaşayaraq, unudulmaz olurlar. Belə insanlardan olan elm adamları və ziyalılar arasında böyük nüfuza malik akademik Aqil Əlirza oğlu Əliyevin xususi bir yeri vardır.

 Akademik Aqil Əliyev elm sahəsində çalışdığı uzun müddət ərzində qazandığı elmi pedaqoji potensiyalından istifadə edərək respublikanın suveren dövlət kimi bazar münasibətləri şəraitində iqtisadi islahatların əhəmiyyətini qiymətləndirmiş, düzgün əqidəyə,  sağlam düşüncəyə malik təhsilin aktual problemlərinə dövrü tələblərinə uyğun elm adamlarını və xüsusən də tibbi kadrların yetişdirilməsini böyük sevinclərlə həyata keçirmişdir. Onun bazar münasibətləri şəraitində dövlətin iqtisadi siyasətinə uyğun sahibkarlığın formalaşması, inkişafı, pul-kredit, vergi münasibətləri haqqında yazmış olduğu elmi əsərləri və fikirləri respublikanın iqtisadi-sosial inkişafına dair mühüm təklifləri kimi qiymətləndirilmişdi.

     Aqil  Əliyev bir müəllim və elm xadimi olaraq insanlığın yüksək zirvəsində dayanan böyük ziyalı,  olduqca sadə və xeyirxah,  həddindən ziyada nəcib bir insan olmuşdur. Aqil müəllim özünün xeyirxahlığı, vətənpərvərliyi, vətəninə və dövlətinə sədaqətliyi, düzgünlüyü və sadəliyi ilə cəmiyyətdə seçilən çox böyük bir alim idi. O nəcib insan fərəhlə yetişdirdiyi kadrlarını öz övladı qədər sevərdi və həmişə onlara dəyərli məsləhətlər verərdi. Böyük alim iqtisad elmi sahəsində əsl elmi məktəb formalaşdırmış, bütün həyatını Azərbaycan elminin və təhsilinin inkişafına həsr etmişdir.

     Görkəmli alimin yüksək intellektual səviyyəyə malik olan mədəniyyəti və gözəl nitq qabiliyyəti təkcə onun tələbələrini deyil, onu yaxından tanıyan və ətrafında olan insanları da həmişə heyran edirdi. Yaşadığı ömrünün əlli ilindən çoxunu Azərbaycan Tibb Universitetində yüksək ixtisaslı kadrların yetişdirilməsi sahəsinə həsr etmişdir. Onun universitetdə apardığı mühazirələr olduqca maraq doğurmuş və tələbələri həmişə özünə cəlb etmişdi. Eyni zamanda, Tibb Universitetində öz tələbələrinə qarşı çox qayğıkeş və mülayim rəftarı ilə insanları valeh etmişdi. Auditoriyada  olduğu dərs saatlarında və dərsdən kənar vaxtlarda da bütün tələbələrə doğma bir ata kimi münasibət bəsləməsi, hal-əhval tutması onu tələbələrin gözündə çox uca zirvələrə qaldırmışdı. Bir sözlə, sözünün qədir-qiymətini bilən çox böyük şəxsiyyət olmuşdur. Aqil müəllim sözün əsl mənasında söz sərrafı idi. O sözü zərgər dəqiqliyi ilə sevərək onu hədəfə vururdu və həm də öz sözünün ağası idi. Sözü ilə əməli həmişə üst-üstə düşürdü. O daim qərarlı, təmkinli, iradəli, səriştəli və insanları tanımaq qabiliyyətinə malik olan böyük alim idi.

     Akademik Aqil Əliyev həmişə zəkalı, əqidəli, savadlı və elmli insanları çox sevərdi, onlarla yaxın münasibət qurmaqdan və dostluq etməkdən həzz alardı. Hələ Sovetlər İttifaqı dönəmində doktorluq dissertasiyyaları müdafiə etmək istəyənlər Moskva və Sankt-Peterburuq (ovaxtkı Leninqırad) şəhərlərində məktəb keçməli, eləcə də həmin şəhərlərdə fəaliyyət göstərən müdafiə şuralarında  müdafiə etməli idilər. Bu kimi hallar Sovetlər İttifaqı tərkibində olan müttəfiq respublikaların  kadrlarının mərkəzə getmələri üçün maddi çətinliklər çəkirdilər. Elm adamları istər-istəməz bu çətinliklərlə barışmalı olurdular. Həmin dövrlərdə Aqil Əliyev öz müəllimlik tövsiyələrini verərək bildirərdi ki, heç bir çətinliklərə baxmadan, mütləq tədqiqat  işlərini elm adamları axıra çatdırmalıdırlar. Onun dəyərli məsləhətlər nəticəsində yüzlərlə insanlar üzləşdiyi çətinliklərə baxmayaraq, öz dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə etmişlər. Bu xeyirxahlığa görə, çoxsaylı insanlar Aqil müəllimə borcludurlar. Məhz bu kimi xeyirxah əməllərinə görə insanlar onun ruhu qarşısında baş əyir və onun əziz xatirəsini həmişə böyük ehtiramla yad edirlər.

   Aqil Əliyev peşəkar müəllim və alicənab bir insan olmuşdur. Tələbələrlə keçirdiyi mütəmadi görüşlərdən və  elmi diskussiyalardan heç vaxt yorulmazdı. Aqil müəllimin maraqlı və məzmunlu söhbətlərinə  qulaq asan insanlar heç vaxt ondan doymazdı. O, həm də  çox gözəl təhsil işçisi olmuşdur. Aqil müəllimin uzun illər çalışdığı Azərbaycan Tibb Universitetinin minlərlə  məzunları onu həmişə yad edir  və xatırlayırlar.

     Qeyd etmək lazımdır ki, təhsil həm vətəndaşın, həm cəmiyyətin, həm də dövlətin mənafeyinə xidmət edən bir sahədir və məhz bu səbəbdən də diqqət mərkəzində saxlanılmalıdır. Aqil müəllim tələbələrinə və insanlara tövsiyə edərdi ki, tələbəni mükəmməl öyrətmək və onu cəmiyyətə yararlı insan kimi yetişdirmək üçün yaxşı müəllim olmaq lazımdır. Buna görə də müəllim yorulmadan öz üzərində çalışmalı və əməyini  tələbələrin elmi biliklərinin yüksəlməsinə sərf etməlidir. Aqil Əliyev bu cür böyük müəllim, ziyalı olmuşdur. O həmçinin iqtisad elminin incəliklərini tələbə kontingentinə anlaşıqlı şəkildə izah edərək sevdirməyi bacarırdı. Bu şəxsin məharətinə görə, tələbələr onun  mühazirələrinə və seminar dərslərinə xususi diqqət və maraq göstərirdilər. Aqil müəllim tələbələrin iqtisadi biliklərə yiyələnmələrinə və onların yüksək ixtisaslı mütəxəssis kimi yetişmələrinə böyük əmək sərf etmişdir.  Bunun nəticəsi olaraq, o 1959-cu ildə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir. Aqil müəllim tələbələrə müəllimliklə yanaşı, həmişə bir atalıq qayğısı da göstərmiş, onların üzləşdikləri müxtəlif məişət çətinliklərinin aradan qaldırılmasına köməklik etmişdir. Onun Azərbaycan Tibb Universitetində qeyri- ixtisas sayılan Siyasi iqtisad fənninin tədrisini yüksək səviyyəyə çatdırması digər içtimai siyasi fənlərin də inkişafına təkan verirdi. O, müəllim adını həmişə yüksəkdə tuturdu. Aqil müəllim Tibb Univeristetinin ,kollektivini,  orada təhsil alan tələbələri əsl müəllim və pedaqoq məftunluğu ilə sevməyi bacarırdı. Məhz bu keyfiyyətlərinə görə Aqil müəllim universitet kollektivi tərəfindən sevilir və rəğbətlə qarşılanırdı.

       Azərbaycan ictimai və humanitar elmlərinin əsas istiqaməti olan, ana xətlərini təşkil edən cəmiyyətin inkişaf edilməsi məsələləri elmdə müxtəlif yönlərdə həll edilmişdir. Bu sahədə fəlsəfə və ədəbiyyat daha çox öndə olmuş,tarix elmi hadisələrə və proseslərə mövcud reallıqları ifadə etmək baxımından qiymət vermişdir. Azərbaycan iqtisad elmində XX əsr boyu, xüsusən keçmiş Sovet hakimiyyəti illərində əsasən mövcud ideologiyanın tələblərinə uyğun olaraq iqtisadi-inkişaf proseslərini, ölkənin iqtisadi həyatını tədqiq etməyə üstünlük vermişdi. Sovet cəmiyyətinin sosial həyatının araşdırılması isə reallıqların əks etdirməsi baxımından çətinlik yaratdığına görə  çox vaxt arxa fonda saxlanılmışdır. Əməkdar elm xadimi Aqil Əliyevin cəmiyyətin inkişafında sosial sahənin rolu və əhəmiyyətinə həsr etdiyi qiymətli elmi əsərləri  iqtisad elmindəki həmin boşluqları aradan qaldırmışdır. Görkəmli alim bu həssas  istiqamətdə baş verən prosesləri tədqiq etmək üçün sosial siyasətdən çox sosial həyatın reallıqlarını öyrənib ümumiləşdirməyə üstünlük vermişdir. O insanın sosial həyatında cəmiyyətdəki yeri və rolunu əlaqəli şəkildə araşdırmış, ümumiləşdirmə aparmış və elmi nəticələr çıxarmışdır. Bununla da elmdə Azərbaycan cəmiyyətinin sosial siması müəyyən olunmuşdur. Bu mənada, Aqil Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyatına həsr olunmuş əsərləri geniş mənada cəmiyyətin aktual məsələlərinin tədqiq olunub əsaslandırılmasına xidmət edir. O xalqın sosial həyatı ilə ölkənin  sosial simasını birlikdə öyrənərək prosesləri elmi cəhətdən uzlaşdırmağa çalışmışdır. Görkəmli alimin “Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi yollarında”, “Bazar münasibətlərinə keçid şəraitində əhalinin sosial-iqtisadi problemləri”, “Azərbaycanın sosial inkişafında islahatların rolu”, “Əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri” əsərləri ölkəmizdə sosial iqtisadiyyat elminin  qiymətli nümunələridir. Xüsusən Azərbaycan tarixinə Heydər Əliyev epoxası kimi daxil olan XX əsrin 70-80-ci illərində ölkəmizdə və xalqımızın sosial həyatında baş vermiş mühüm dəyişikliklər Aqil Əliyevin elmi əsərlərində yüksək səviyyədə təhlil edilib qiymətləndirilmişdir. Keçid dövrü iqtisadiyyatının sosial problemlərinə həsr edilmiş tədqiqatları alimin müstəqil dövlətimizin sosial sahəsinin daha da inkişaf etdirilməsinə xidmət edən əhəmiyyətli əsərləridir.

     Azərbaycanın görkəmli elm simaları arasında özünəməxsus yeri olan iqtisadçı alim, akademik Aqil Əliyev bu gün də nüfuzlu şəxsiyyət, geniş dünyagörüşlü ziyalı kimi xatırlanır. İqtisad elminin nüfuzlu nümayəndəsi Aqil Əliyev özünün uzunillik elmi və praktiki fəaliyyəti, dərin biliyi geniş intellekti, ən başlıcası, insani keyfiyyətlərinə görə ölkəmizdə və hətta onun hüdudlarından kənarda da böyük nüfuz qazanmışdır. Gənc yaşlarından öz taleyini, gələcəyini iqtisad elmi və onun tədrisi ilə bağlamış Aqil müəllim ömrü boyu bu elm sahəsində ciddi araşdırmalar aparmış seçdiyi peşədə sədaqəti ilə fərqlənmişdir.  O,  130-dan artıq elmi əsərin, o cümlədən 32 monoqrafiya və kitabın müəllifidir. Bir sıra əsərləri Moskvada, Sankt-Peterburqda və bir sıra xarici ölkələrdə çap olunmuşdur.

Xatırladaq ki, Aqil Əlirza oğlu Əliyev 1926-cı il dekabr ayının 10-da doğma Vətənimiz Azərbaycanın ayrılmaz hissəsi olan qədim elm və mədəniyyət mərkəzi Naxçıvan şəhərində bəşəriyyətə böyük Heydər Əliyev kimi dahi şəxsiyyət, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi və müstəqil Azərbaycan Respubilkasının yaradıcısı; AMEA-nın həqiqi üzvləri, görkəmli alimlər Həsən Əliyev,  Cəlal Əliyev, Rəfiqə xanım Əliyeva, tanınmış fırça ustası Azərbaycanın Xalq rəssamı Hüseyn Əliyev, kimyaçı alim, qayğıkeş insan və  Əməkdar müəllim  Şəfiqə xanım Əliyeva kimi şəxsiyyətlər bəxş etmiş sadə və zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açmışdır. Bütün dünyada tanınan, xalqımızın qürur mənbəyi, dünya liderləri arasında sayılıb-seçilən, öz sözü, dəyişməz mövqeyi və prinsipiallığı ilə tanınan, böyük nüfuz sahibi, sözün geniş mənasında Böyük Azərbaycanlı olan Respubilkamızın Prezidenti İlham Heydər oğlu Əliyev də bu ocağın yetirməsi və davamçısıdır.

     Akademik Aqil Əliyev həm də ölkəmizdə fəaliyyət göstərən doktorluq və namizədlik dissertasiyaları üzrə müdafiə şuralarının üzvü idi. Bütün varlığı ilə öz millətinə və dövlətinə bağlı olan bu insan respublikamızda elmi kadrların hazırlanmasında yaxından iştirak edirdi. Məhz bu xidmətlərinə görə Aqil müəllim 1981-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, “Şöhrət”  ordeni “Qırmızı əmək bayrağı” ordeni və bir neçə medalla təltif edilmişdir.

     Aqil müəllim əbədiyyətə qovuşduğu gündən artıq on üç il keçir. Bu böyük insanın başladığı işlər indi onun tələbələri və yetirmələri tərəfindən uğurla davam etdirilir. Aqil müəllimin adı onu sevənlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin, qəbri nurla dolsun!

Şirin Məmmədov,

təqaüddə olan polis polkovnik-leytenantı,

 AYB-nin üzvü 

Oxunma sayı 45