Qələbə paradına gələn Qırğızıstan heyətində koronavirus aşkarlandı - Günün təzadları

18:48 24.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın paytaxtı Moskvada keçirilən Qələbə paradına Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun başçılığı altında qonaq qismində gələn heyətin 2 üzvündə “COVID-19” aşkarlandı. Hafta.az yazır ki, “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla əlaqədar S.Jeenbekov Qələbə paradında iştirak etməyib.

Məlumata görə, Qırğızıstanın Prezident Aparatının Xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov və mühafizə xidmətinin əməkdaşında koronavirus testi pozitiv çıxıb. 

Bildirilib ki, heyət Qırğızıstanın paytaxtı Bişkekə qayıdacaq. Ölkə prezidenti koronavirus testinin nəticələri çıxanadək 3 gün özünütəcrid rejimində saxlanacaq. 

 

6 yaşlı İsmayıl topladığı pulları xəstə uşaqlar üçün xərclədi

Dağıstan Respublikasının Leninkəndindən olan 6 yaşlı İsmayıl İsmayılov topladığı pulları xeyriyyə fonduna bağışladı.  O, həmin vəsaitin xəstə uşaqlara kömək üçün yönləndirilməsini  xahiş edib.  Hafta.az bu haqda rusdilli İslam saytlarına istinadla xəbər verir. Məsciddə Cümə namazında eşitdiyi bir  xütbədəki çağırışdan  sonra 4 yaşlı İsmayıl atasından daxıl almasını istəyib. Həmin vaxtdan o, oyuncaq və şirniyyat almaq əvəzinə, bütün pullarını yığmağa başlayıb. Bir il yarımdan çox müddət ərzində uşaq üçün əhəmiyyətli bir məbləğ toplanıb. Atası ilə məsləhətləşdikdən sonra İsmayıl  topladığı pulları xeyriyyə fonduna vermək qərarına gəlib.  İndi balaca müsəlman xeyriyyəçi qarşısına yeni bir məqsəd qoyub - məscidin ehtiyacları üçün vəsait toplamaq...

 

Müxbir canlı yayımda yaralandı

Türkiyənin İstanbul şəhərində dayanmadan yağan güclü yağışlar şəhərdə hərəkəti iflic etdi. Hafta.az xəbər verir ki,  Oxu.az-ın yaydığı məlumata görə,  Beşiktaşda güclü külək və yağışlı havada canlı yayım edən müxbir çətin anlar yaşayıb. Yayın zamanı onun başına ağacın budağı düşüb, başından axan qan onun və operatorun təlaşlanmasına səbəb olub.

 

Parlament etikasından danışan deputatlar yumruq davasına çıxdı

Rusiyanın Saratov  Vilayət Dumasında parlament etikasından danışan deputatlar dava etdilər. Hafta.az  Moderator.az-a istinadla yazır ki, bu barədə “Podyom” kanalı kadrlar yayımlayıb. Məlumata görə, hadisə deputatlar parlament etikasının pozulması məsələsini müzakirə edərkən sözləri çəp gəlib və yumruqlar işə düşüb. Mandat komissiyasının rəhbəri, Vahid Rusiya Partiyasından Dmitri Çernışevski və kommunist Nikolay Bondarenkonun qeyri-etik ifadələri ilə bağlı şikayətlərdən danışarkən, millət vəkili Anatoli Tsipyaşuk Kommunist Partiyasının nümayəndəsinə plastik şüşə atıb. Daha bir neçə millət vəkili münaqişəyə qoşulub. Qeyd edilir ki, D.Çernışevski ötən həftə işlətdiyi qeyri-etik ifadələrə görə müvəqqəti olaraq söz haqqından məhrum edilmişdi.

 

“COVİD-19” xəstəxanası su altında qaldı

Ukraynanın Qaliç şəhərindəki xəstəxanada xilasedicilər sel nəticəsində su altında qalan xəstələri təxliyyə etməyə başladılar. Hafta.az-ın yazdığına görə, “RİA Novosti” Ukraynanın Baş naziri Denis Şmıqalın açıqlamasına istinadla xəbər verir ki, fövqəladə vəziyyətin yaranmasına güclü yağış səbəb olub. Şmıqal qeyd edib ki, xəstəxanada koronaviruslu xəstələr olduğuna görə müəyyən çətinliklər yaranıb. Səlahiyyətlilər ərazidə yoxlama aparır, vəziyyətlə bağlı qərar qəbul etmək üçün fövqəladə hallar komissiyasının iclası keçiriləcək.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, fəlakətin təsir etdiyi ərazilərdə artıq üç nəfər həyatını itirib.

 

Bakıda məşhur şadlıq sarayı 30 ağaca görə cərimələndi

Bakı şəhəri, Nizami rayonu “Neolit City” şadlıq sarayının ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyə daxil olan şikayət yerində araşdırıldı və fakt təsdiqini tapdı. Hafta.az yazır ki, Nazirlikdən Musavat.com-a verilən məlumata görə, araşdırma zamanı Nizami rayonu, Mikayıl Əliyev küçəsi 3 ünvanında yerləşən “Neolit City” şadlıq sarayının ərazisində 30 müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 37 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Oxunma sayı 2424