Qələbələrimizin simvolu – Azərbaycan Bayrağı - REPORTAJ

11:29 05.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən dövlət rəmzidir. Eyni zamanda xalqımızın qürur mənbəyi, and yeridir üçrəngli bayrağımız. Təsadüfi deyil ki, şəhid məzarına bayraq örtülür...

Son vaxtlar isə cəbhədə baş verən hadisələr, düşməndən azad edilən tarixi torpaqlarımız insanların vətənpərvərlik hisslərini, Bayraq sevgisini bir qədər də qabardıb. İndi addımbaşı Bayrağımızla bəzədilmiş, küçələrə, binalara, maşınlara rast gəlmək mümkündür. Bəs görəsən, bu günlərdə Bayrağa olan diqqətin bu qədər artması onun qiymətinə təsir edibmi? Mağazalarda bayraq qıtlığı var? Kimlər pulsuz bayraq paylayır?

Yaranmış suallara aydınlıq gətirmək üçün əməkdaşımız ilk öncə üz tutdu paytaxtın bir sıra bayraq satılan mağazalarına.

Əvvəlcə onu qeyd edək ki, bir çox satış məntəqəsində ortaölçülü Azərbaycan Bayrağı qurtarmışdı. Ən çox satılan təbii olaraq öz bayrağımız, daha sonra isə Türkiyə, Pakistan, İsrail və ara-sıra İtaliya bayraqlarıdır. Demək olar ki, bütün satış yerlərinə bayraqlar xaricdən, əsasən də Türkiyədən gətirilir.

Mağazaların birində satıcı işləyən Rəşid Hüseynov isə deyir ki, müharibəyə kimi elə də çox bayraq alınmırdı, elə bu səbəbdən də bəzi insanlar onun növlərini, materialını nəzərə almadan qiymətindən narazılıq edirlər, axı məhsulun keyfiyyətindən başları çıxmır:

“Bayraqlar sintetik, parça və atlas olmaqla bir-birlərindən fərqlənir. Atlas bayrağın qiyməti 80, sintetikin isə 3-5 manat arası dəyişir. Qiymət əsasən, materiala və ölçüyə görə fərqlənir. Alıcılar tez-tez bizə süni qiymət artımı ilə bağlı iradlarını bildirirlər. Deyirlər ki, siz bayrağı havayı verməlisiniz, amma biz özümüz də onu xaricdən gətizdiririk. Doğrusu, müharibədən əvvəlki dövrü nəzərə alsaq, indi cüzi qiymət artımı var”.

Digər mağazada da vəziyyət oxşardır. Satıcı Aygün Gözəlova bildirir ki, burada ən çox satılan bayraq Azərbaycanın, ardınca isə Türkiyənindir: “Müharibədən əvvəl satışda 6-7 bayraq var idi, uzun müddət olardı ki alınmırdı. Elə o zaman da qiyməti 8-18 manat arası dəyişirdi, indi də. Lakin bir neçə gün əvvəl qiymət 20 manat oldu. Buna səbəb isə gömrükdəki bahalaşma idi, indi yenə satış əvvəlki qiymətlə davam edir. Başqa yerdə 60 manata satılan bayraq bizdə 20 manatdır, hətta biri bizdən alıb, daha sonra isə baha qiymətə başqalarına satırdı”.

Digər mağazalarda da vəziyyət, demək olar ki, bənzər idi. Burada da ən çox Azərbaycan Bayrağı satılırdı, qiymət də əvvəlkinə nisbətən az da olsa bahalaşmışdı. Söhbət apardığımız dərzilər isə bildirdilər ki, onlara bayraq sifarişi verilmir.

Daha sonra əməkdaşımız mağazadakı müştəriyə yaxınlaşıb fikirlərini öyrəndi.  Müştəri Səadət Qasımova qiymətin baha olmasından narazılığını dilə gətirdi:

“Düzünü desəm, əvvəl qiyməti ilə maraqlanmamışdım.  Mənə elə gəlir ki, indi bir qədər bahadır. Evdə qonaq otağımızda kiçikölçülü bayraq var, istəyirəm ki, birini də eyvanımızdan asım. Cəbhədə şanlı ordumuz bizim üçün döyüşür, canlarını xalqımız və torpaqlarımız uğrunda fəda edirlər, düşünürəm ki, biz də bu yolla onlara öz dəstəyimizi nümayiş etdirə bilərik”.

Apardığımız müşahidələrdən və satıcıların dediyindən belə qənaətə gəldik ki, bayrağa olan tələbat olduqca çoxdur. Alıcılar isə söyləyir ki, işbazlar bu vəziyyətdən də sui-istifadə edərək, süni qiymət artımına gedirlər. Nəzərinizə çatdıraq ki, cəbhədə gərgin döyüşlər getdiyi bu günlərdə bəzi qurumlar əhaliyə pulsuz bayraqlar paylayır.

Elə bu yaxınlarda “N1” Çörək Zavodu nümunəvi addım ataraq, “Hər evdə bir bayraq olsun” adlı aksiya keçirib. Belə ki, zavod 100 min ədəd bayraq hazırlayıb və hər çörək paketinin üzərində bir ədəd qoyaraq alıcılarına hədiyyə edib. Oxşar aksiyanı tez-tez sadə vətəndaşlar da həyata keçirir, öz təşəbbüsləri ilə bayraq tikərək əhaliyə paylayırlar.

Hər il ölkədə bayraq gününün xüsusi coşqu ilə qeyd edildiyi yerlərdən biri də məktəblər olurdu. Təəssüflər olsun ki, indi buna pandemiya mane olur. Həm kütləvi tədbirlərin keçirilməsinə qadağa var, həm də məktəblər bağlıdır. Atılan bütün addımlar nə qədər bizim sağlamlığımız üçün olsa da, körpə fidanlar bu vəziyyətdən xeyli narazıdır.

Balaca müsahibimiz  3-cü sinif şagirdi Səbinə Qayıbova söyləyir ki, keçən il məktəbdə keçirilən tədbirdə əl işləri nümayiş edilmişdi:

“Mən bayrağımızı çox sevirəm, tez-tez onunla bağlı şəkillər çəkirəm. Anam mənə bayrağımızın rənglərini və mənalarını öyrədib, deyir ki, bunu hamı bilməlidir. Qardaşımın 2 yaşı var, bir az böyüsün, mən də bildiklərimi ona öyrədəcəyəm. İndi evimizdən bayraq asmışıq. Nənəm deyir ki, bayraqla oynamaq olmaz, harada bayraq görsən, onu öpüb alnına qoy. Məncə, dünyanın ən gözəl bayrağı Azərbaycan Bayrağıdır, hə bir də türk”.

Digər balaca həmsöhbətimiz  isə 5-ci sinif şagirdi Səməd Vəliyev oldu. Səməd deyir ki, əmisi cəbhədədir, bayrağımız üçün döyüşür, ona görə də bu gün bayram onun üçün daha xüsusidir:

“Mən inanıram ki, əmim və bütün əsgərlərimiz sayəsində  bayrağımız işğal altında olan torpaqlara sancılacaq, koronavirus məhv olacaq və biz əvvəlki kimi məktəbə gedə biləcəyik. İstəyirəm ki, bu il olmasa da, gələn il əvvəlki kimi Bayraq Gününü məktəbdə qeyd edə bilək”.

Sonda uşaqlar bizə bayraqla bağlı şeirlər də deməyi unutmadılar.

Uşaqdan-böyüyə hər kəs sevir bu üç rəngin vəhdətini. Bizim bayrağımızı təbiət özü yaradıb. Bu gün ölkənin dörd bir yanında bayraq meydanları tikilib, onların ən əzəmətlisi isə paytaxtımızda inşa ediləndir.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalayıb.  2010-cu il sentyabrın 1-də Prezidentin iştirakı ilə şəhərimizdə Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib. Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadrat-metrdir. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat-metr, çəkisi isə təqribən, 350 kiloqramdır. Ölkəmizdə nə qədər Bayraq Meydanı olduğu ilə maraqlandıq. Lakin nə Statistika Komitəsi, nə də digər müvafiq qurumlar bu barədə konkret bir rəqəm söyləyə bilməyəcəklərini dedilər. Səbəbini isə bu məsələ ilə bağlı statistikanın aparılmaması ilə əsaslandırmağa çalışdılar.

Minlərlə şəhidimizin qani ilə suvarılan üçrəngli, əzəmətli bayrağımız tarixin tozlu səhifələrindən qürurla çıxıb, bu gün yeni-yeni zəfərlərin şahidi olur. İndi qələbə müjdəçilərimiz ordumuz, imzamız azad edilən torpaqlara sancılan bayrağımızdır. Ümid edirik ki, Ali Baş Komandanın rəhbərliyi altında tezliklə Bayrağımız  Şuşada, Laçında, Xocalıda və işğal altında olan bütün tarixi torpaqlarımızda dalğalanacaq.

Bayraq günün mübarək olsun Azərbaycan!

Banu Hüseynli

Oxunma sayı 4478