“Qırmızı Kitab”ın yeni nəşri nə vaxt hazır olacaq?

19:15 17.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Sözügedən kitabın III nəşri ilə bağlı iş proqramı hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyəti tərəfindən 2020-2023-cü illəri əhatə edən iş proqramı hazırlanıb. Trend-in məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova AMEA-nın Rəyasət Heyətinin iclasında deyib. Kitabın III nəşri üzrə 2020-2023-cü illəri əhatə edən iş proqramı ətrafında müzakirələr aparıldıqdan sonra Rəyasət Heyəti tərəfindən proqram qəbul edilib. Bununla yanaşı, nəşrlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq məsələlərin birgə müzakirəsinin təşkil edilməsi məqsədəuyğun hesab edilib.“Qırmızı Kitab”ın III nəşri ilə əlaqədar elmi-təşkilati, texniki, maliyyə və s. məsələlərin vaxtında və səmərəli həllini nəzərdə tutan multidissiplinar elmi-tədqiqat proqramının hazırlanması tövsiyə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası "Qırmızı Kitab"ı - ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, ölkənin bütün ərazisində, o cümlədən, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Hazırda Azərbaycan Respublikasının «Qırmızı Kitab»ı «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli, 675-İQ nömrəli və «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikasının 1999-cu il 8 iyun tarixli, 678-İQ nömrəli qanunlarına əsasən aparılır. Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri xüsusi mühafizə edilir və Azərbaycan Respublikasının «Qırmızı Kitab»ına daxil edilir. 6 hissədən ibarət olan "Qırmızı kitab"da nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibiya və reptiliya növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumat cəmləşib. "Qırmızı Kitab"a fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.

Azərbaycanda "Qırmızı kitab"ın tərtib olunması hələ 1977-ci ildə qərarlaşdırılıb. O zamandan sonra bitki və heyvanların kitaba salınması onların məhv olmasının qarşısını müəyyən qədər alıb. Çünki bu bitki və heyvan növləri ciddi qorunmağa başlanılıb. Məlumat üçün bildirək ki, “Qırmızı Kitab”ın Redaksiya Heyəti və mütəxəssislər tərəfindən ölkəmizin müxtəlif təşkilatlarının nümayəndələri ilə əməkdaşlıqda müasir qorunma statusu qiymətləndirilmiş 300 bitki (266 ali və 20 ibtidai) və göbələk (14) növünü və 223 heyvan növünü ( 1 növ Oligochaeta, 1 növ Crustacea, 1 növ Mollusca, 71 İnsecta, 6 növ Amphibia, 14 növ Reptilia, 9 növ Pisces, 72 növ Aves, 42 növ Mammalia sinfinə aid olan) əhatə edən Azərbaycanın “Qırmızı Kitabı”nın II nəşri yenidən işlənilib.“Qırmızı Kitab”ın tam formalaşdırılması son illər ərzində aparılan fəal tədqiqat işləri hesabına mümkün olub, ölkəmizin müxtəlif elmi və dövlət, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə əməkdaşlıqda müasir qorunma statusu qiymətləndirilmiş fauna və flora növlərini əhatə edən Azərbaycanın “Qırmızı Kitabı”nın II nəşri yenidən işlənilərək ərsəyə gətirilib. Bununla bağlı, nadir və nəsli kəsilməkdə olan növlərin tədqiqi üzrə mütəxəssislər tərəfindən intensiv monitorinqlər keçirilib, onların beynəlxalq səviyyədə müasir qorunma meyarları müəyyənləşdirilib. Bu nəşrdə ilk dəfə olaraq təbiəti mühafizə baxımından təsvir edilmiş nadir və nəsli kəsilmiş növlərin beynəlxalq səviyyədə qəbul olunmuş meyarlara görə (IUCN, 2001) qiymətləndirilməsi həyata keçirilib.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin 3 oktyabr sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində bir sıra tədbirlər planı nəzərdə tutulub. Tədbirlər planında təhsilin bütün pillələrində ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, ekosistem xidmətləri ilə əlaqədar məsələlərin tədrisinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunması üzrə resurs, informasiya və təlim mərkəzlərinin yaradılması, insan resurslarının bilik və bacarıqlarının artırılması üçün texniki potensialın gücləndirilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin turizm potensialı ilə bağlı məlumat bazasının genişləndirilməsi, təbiət abidələrinin inventarlaşdırılmasının həyata keçirilməsi, reklam xarakterli infoturların keçirilməsi, milli parklarda ekoloji turizmlə məşğul olan turoperatorların müəyyən edilməsi, media nümayəndələri, yerli və xarici turistlər üçün infoturların keçirilməsi nəzərdə tutulur. Tədbirlər planına görə, bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bitki və heyvan növlərinin inventarlaşdırılmasının həyata keçirilməsi və elektron məlumat bazasının yaradılması, bioloji müxtəliflik üzrə İnformasiya və Əvvəlcədən Xəbərdaretmə Sisteminin yaradılması, bioenerji resurslarının dəqiq uçotunun aparılması, Azərbaycan Respublikasının daxili sularında, sərhəd sularında və Xəzər dənizinin Azərbaycan sektorunda bioloji müxtəliflik komponentlərinin idarə edilməsinin təkmilləşdirilməsi, sənaye və məişət tullantıları ilə çirklənmənin qarşısının alınması, böyük yaşayış məntəqələri ətrafındakı su hövzələrinin bioloji müxtəlifliyinin qorunmasına dair tədbirlərin hazırlanması həyata keçirilməlidir.

Sənəddə habelə, bioloji müxtəlifliyin davamlı inkişafına təsir edən amillərin öyrənilməsi, antropogen təsirlərə məruz qalan torpaqlarda meşəbərpa zonalarının və süni meşəliklərin yaradılmasına dair təkliflər hazırlanması və pilot layihələrin həyata keçirilməsi, otlaqların idarə olunmasında qabaqcıl təcrübənin tətbiqi və otlaq sahələrinin səmərəli idarə olunması məqsədi ilə tədbirlər görülməsi, idarəetmə planlarının hazırlanması və pilot layihələrin tətbiqi,“Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na əməl olunmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, meşə ilə örtülü ərazilərin inventarlaşdırılmasında və monitorinqinin aparılmasında müasir metodikanın tətbiqi planlaşdırılıb.

Xatırladaq ki, statistikaya görə, dünyada 20 mindən çox bitki növünün yığılması qadağan edilib. Qərb alimləri apardıqları uzun araşdırmalar nəticəsində müəyyən ediblər ki, planetimizdə ciddi iqlim dəyişiklikləri və insan fəaliyyəti üzündən təxminən 8600 heyvan növü nəsli kəsilmək təhlükəsilə üzləşib. Mütəxəssislər bildirirlər ki, nadir heyvanların 72 faizi insanın kənd təsərrüfatı fəaliyyəti nəticəsində məhv ola bilər. Bundan başqa, bir çox fauna da ov ucbatından məhv olmaq təhlükəsilə üzləşib. Alimlərin fikrincə, nəsli kəsilməkdə olan heyvan növlərinin qorunmasına dair təcili tədbirlərin siyahısı hazırlanmalı və bunun üçün lazımi vəsait ayrılmalıdır.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalovun sözlərinə görə, Azərbaycan SSRİ-nin tərkibində olduğu zaman respublikanın təbiətinə çox ağır zərbələr vurulmuşdu. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə bu sahədə müəyyən işlər görülüb: "Son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 min hektara yaxın meşə zolağı salıb. Bu da biomüxtəlifliyin qorunmasında görülən mühüm işlərdəndir. Ümumiyyətlə, təbiətə ən çox ziyan insanların istifadə etdiyi silahlar vasitəsilə dəyir. Təbiətdə müxtəlif fauna və flora növləri yox olduqca, onlar yeniləri ilə əvəzlənir. Yəni, təbiət ona uyğunlaşır. Bu, təbiətin qanunudur. Heç kəs ona müdaxilə edə bilməz. Ancaq son zamanlarda insanlar müxtəlif cür silahlardan istifadə edirlər. Bu silahların zərəri təbiətin üzərində çox mənfi fəsadlarla görünür. Heç bir ölkənin təbiəti bu silahların vurduğu ziyana uyğunlaşa bilmir. Artıq təbiət özü özünü bərpa edə bilmir. Hər regionun iqlimi fərqlidir. Hər ərazinin özünə xas olan bitkilərinin qorunub saxlanmasında dövlət maraqlı olmalıdır. Zehnini işlətmək qabiliyyətinə malik olan tək canlı insan niyə təbiəti qorumaq üçün bundan istifadə etməməlidir? Təbiəti qorumaq əslində hər birimizin borcudur. Yəni, insanlar təbiətə bu qədər qəsd etməməlidir. Əslində hər şeyi dövlətdən gözləmək, bütün təqsiri dövlətin üzərinə atmaq olmaz. Təbiəti cəmiyyət özü qorumaqda maraqlı olmalıdır".

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Sosial rubrikasından digər xəbərlər