Qlobal Ekoloji Fonddan Azərbaycana dəstək

11:25 17.12.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Sözügedən qurum ölkəmizdə təbii ehtiyatların və biomüxtəlifliyin qorunması sahəsində yeni layihəyə başlayır 

Qlobal Ekoloji Fondun (GEF) şurası, FAO-nun Azərbaycan və Tacikistanda ümumilikdə 12,5 milyon ABŞ dolları dəyərində həyata keçirilən GEF layihələrini dəstəkləyəcəyinə dair qərar qəbul edib. Layihələrdən birinin məqsədi torpaqların deqradasiyasını azaltmaq, mühafizə olunan ərazilərdə biomüxtəlifliyi qorumaq, digər layihə isə dayanıqlı su idarəçiliyinə dəstək göstərməkdir. FAO-nun Azərbaycandakı nümayəndəliyindən Azərtac-a bildirilib ki, layihələr, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM), xüsusilə də suyun dayanıqlı idarə olunmasına (DİM 6) və torpaq ekosisteminin mühafizəsinə (DİM 15) nail olmağa kömək edəcək.

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan nümayəndəliyinin (FAO) Qlobal Ekoloji Fond ilə sıx əməkdaşlığı mövcuddur və 2017-ci ildən bəri təbii ehtiyatların idarə edilməsi mövzusunda layihələr həyata keçirir. Bu səbəbdən, ölkə nümayəndəliyindən daha iki əlavə layihə təklifinin təsdiqlənməsi də tərəflər arasında qarşılıqlı etimadın bariz nümunəsidir”, deyə FAO-nun Azərbaycandakı nümayəndəsi Mələk Çakmak bildirib.

"Tacikistanda Qlobal Ekoloji Fondun ölkələr arası su idarəçiliyinə verdiyi dəstək, FAO təcrübəsi ilə birlikdə iştirakçı ölkələr və bölgənin digər ölkələrinə inkişaf yolunda uzunmüddətli müsbət təsir göstərəcək", - deyə FAO-nun Tacikistandakı nümayəndəsi Oleq Gucgeldiyev bildirib.

Torpaq sahələri karbon qazının böyük hissəsini özündə cəmləşdirir və biokimyəvi prosesləri, istixana qazlarının atmosferlə mübadiləsini tənzimləyərək karbon qazının balanslaşdırılmasında həlledici rol oynayır. Buna görə münbit torpaqlar və torpaqdan düzgün istifadə istixana qazı tullantılarının emal olunmasına faydalı təsir göstərir. "Azərbaycanda Torpaq deqradasiyasının azaldılması" adlı layihə, torpağın deqradasiyasının neytrallaşdırılmasına dair milli hədəflərin müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün milli səyləri dəstəkləməyi hədəfləyir və Abşeron yarımadasındakı dayanıqlı torpaq idarəçiliyi üzrə pilot layihələr həyata keçirərək, deqradasiya uğramış torpaqların bərpasına və inkişafına töhfə verir.

1-ci mərhələdə torpaqların deqradasiyasının neytrallaşdırılması üçün daha əlverişli mühitin hazırlanması, 2-ci mərhələdə ölkənin ən çox deqradasiyaya uğramış ərazisi olan Abşeron yarımadasının şoran və aşınmış ərazilərinin bərpası və nəhayət, yenidənqurma, monitorinq və qiymətləndirmə işləri nəzərdə tutulur.

Qlobal Ekoloji Fonddan dəstək alan daha bir FAO təşəbbüsü isə Azərbaycanın mühafizə olunan ərazilərinin idarə edilməsi, biomüxtəlifliyin qorunması və dayanıqlı şəkildə istifadəsinə yönəlib. Əlavə olaraq, bu təşəbbüs ətrafdakı istehsal sahələrinin daha dayanıqlı şəkildə idarə olunmasına yardım edəcək. Təbii ehtiyatların idarə olunması, Hirkan və Şirvan Milli Parklarında təbii ehtiyatlar üzərində təzyiqləri azaltmaq üçün alternativ gəlir mənbələrini təmin etmələri və təbii ehtiyatların dayanıqlı şəkildə idarə olunması, biomüxtəlifliyin qorunması təlimlərində iştirak edən qadınlara xüsusi diqqət ayrılacaq.

Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssisləri hesab edirlər ki, eroziya hər beş saniyədən bir futbol meydançası ölçüsündə torpaq sahəsini məhv edir. Eyni zamanda, cəmi 2-3 santimetrlik məhsuldar torpağın bərpası üçün təxminən 1000 il tələb olunur. Ona görə də, BMT torpağın gələcək deqradasiyasının qarşısını almağa, bunun üçün torpaq ehtiyatlarının dayanıqlı idarəetməsinə üstünlük verməyə çağırır. Sözügedən qurum mütəxəssislərinin fikrincə, hazırda dünyada torpaqların üçdəbiri eroziya, germetizasiya, üzvi maddələrin yuyulması, turşuluq, çirklənmə və başqa mənfi proseslərin təsiri altında deqradasiyaya məruz qalıb. Əgər təcili tədbirlər görülməzsə, onda 2050-ci ildə eroziya nəticəsində planetin bütün torpaq sahələrinin 90 faizi məhv olacaq. Söhbət onların yuxarı səthində məhsuldar təbəqənin su, külək və ya intensiv əkin vasitəsilə sıradan çıxmasından gedir. Bəzi hallarda torpaq səthinin eroziyası bütün iqlim şəraitlərində və bütün qitələrdə təbii yolla baş verir. Lakin bu proses əsasən insan fəaliyyətinin, intensiv əkinçilik və meşələrin qırılmasının nəticəsidir.

Torpağın deqradasiyasının indiki tempi gələcək nəsillərin tələbatının ödənilməsini də təhlükə altında qoyur. Proqnozlara görə, 2050-ci ildə planetimizin əhalisi 9 milyard nəfəri keçəcək. Onların ərzaq təminatı yalnız məhsuldarlığın artırılması və sağlam torpaq zəminində becərilən məhsulun keyfiyyətinin yüksəldilməsidir.

Bundan başqa, torpaq zəmini həm də özünəməxsus filtr rolunu oynayır və hər il on minlərlə kub kilometr suyu təmizləyir. O, karbon qazının tənzimlənməsi üzrə iqlim dəyişikliyinin qarşısını almağa da kömək edir.

Yeri gəlmişkən, Azərbaycanda da torpaqlar müxtəlif dərəcədə erroziyaya məruz qalıb. Respublikada  ümumi torpaq fondunun sahəsi 8,641 milyon hektardan artıqdır. Bunun 4,47 milyon hektarı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 milyon hektarı suvarılan torpaqlardır. Respublika ərazisinin 3,240 milyon hektarı və ya 37,4 faizi istifadə olunmayan (şoranlaşmış, bataqlıqlaşmış, güclü eroziyaya uğramış, daşlı çay yataqları, qayalıqlar və s.) torpaqlardır. Ərazinin geoloji quruluşundan, relyefindən, iqlim şəraitindən, torpağın rütubətlənmə şəraiti və mexaniki tərkibindən, sukeçirmə qabiliyyətindən, strukturundan və s. asılı olaraq yaranan ekocoğrafi problemlər də müxtəlif olur.

Azərbaycanda torpaqların ümumilikdə, 36,4 faizi müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1faizi zəif, 10,7 faizi orta, 11,6 faizi şiddətli dərəcədə yuyulmuş torpaqlardır. Azərbaycanın ayrı-ayrı regionlarının təbii şəraitindən və antropogen təsirlərdən asılı olaraq eroziya proseslərinin intensivliyi və forması müxtəlif dərəcədə inkişaf edib. Odur ki, Mil və Qarabağ düzlərində torpaqların 30,8 faizi, Quba-Xaçmaz zonasında 48,2 faizi, Abşeron yarımadasında 40,3 faizi, Şirvan düzündə 27,7 faizi, Şəki-Zaqatala zonasında 55,7 faizi eroziya proseslərinə məruz qalıb. Bura su, külək və irriqasiya eroziyasına məruz qalan bütün torpaqlar aiddir.

Su eroziyası dağlıq ərazilərdə, xüsusilə Böyük Qafqazın cənub və qismən şimal-şərq yamacında geniş yayılıb. Meşə örtüyü zəif olan yamaclarda, xüsusilə Şinçay, Kişçay, Girdimançay, Pirsaat və Qozluçayda dağıdıcı sellər daha tez-tez müşahidə olunur. Qeyd olunan çaylar qədər daşqınlara məruz qalan Katex, Mazımçay və Balakən çaylarının hövzələri Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir və ona görə də buradakı meşələr, subalp və alp çəmənlikləri çox yaxşı mühafizə olunduğundan eroziya prosesi zəif gedir və adı çəkilən çaylarda sel hadisələrinə təsadüf edilmir. Meşə zonasından yuxarı subalp və alp çəmənliklərdə eroziya prosesinin inkişafına təkan verən əsas amil mal-qara və qoyun sürülərinin göstərdiyi antropogen təzyiqin getdikcə güclənməsidir. Bu səbəbdən yaranan eroziya proseslərinə məruz qalan torpaqlar Quba, Xızı, Şamaxı, İsmayıllı, Qəbələ, Gədəbəy, Daşkəsən və işğal olunmuş Kəlbəcər və Laçın rayonlarının dağ çəmənliklərində daha çox sahə tutur.

Su eroziyası ilə yanaşı külək eroziyası da torpaqlara ziyan vurur. Onun ən çox yayıldığı yerlər Abşeron yarımadası, Qobustan, Samur çayından başlamış Qızılağac körfəzinə qədər Xəzər dənizinin sahil zonası, Mil və Muğan düzləri, Ceyrançöl, Acınohur düzü və Bozdağ sistemidir. Buradakı təsərrüfat sahələrinə külək eroziyasının vurduğu ziyan çox böyükdür. Respublikada külək eroziyasına məruz qalan torpaqların ümumi sahəsi 200 min hektardır.

Suvarılan torpaq sahələrində gedən eroziya proseslərindən biri də irriqasiya eroziyasıdır. Suvarma mədəniyyətinin aşağı səviyyədə olması, torpağa normadan artıq su verilməsi və suvarmanın selləmə yolu ilə aparılması nəticəsində əkin sahələrindəki narın hissəciklər yuyulub aparılır və torpağın münbitliyi aşağı düşür. Bu hal meylli yamaclarda daha intensiv gedir və ona bütün suvarılan sahələrdə rast gəlinir.

Torpaqların şoranlaşması isə Azərbaycanda ən böyük ekocoğrafi problemlərdən biri hesab edilir. Ölkədə şoran torpaqların ümumi sahəsi 2 milyon hektardan artıqdır və bunun 1,32 milyon hektarı Kür-Araz ovalığındadır. Müəyyən edilib ki, respublikanın suvarılan torpaqlarının (1,43 milyon. ha) 600 min hektardan çoxu şoranlaşıb və bunun 224 min hektarı daha şiddətli şorlaşmış torpaqlardır. Beləliklə, ən çox şorlaşmaya məruz qalan torpaqlar Kür-Araz ovalığındadır. Bundan əlavə Siyəzən, Xızı rayonlarında, qismən Abşeron yarımadasında, Naxçıvan MR-da, Ceyrançöldə, Acınohur düzündə və s. yerlərdə də şoran torpaqlar mövcuddur. Məhsuldarlığı xeyli aşağı salan şorlaşmaya qarşı vaxtında tədbirlər görülmədikdə onun sahəsi genişlənərək daha böyük ərazidə torpaq və həm də bitki örtüyünün deqradasiyasına gətirib çıxarır.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 391