Qonşu ölkələrlə münasibətlərimiz bizim üçün prioritetdir - İlham Əliyev

17:12 16.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qonşu ölkələrlə münasibətlərimiz bizim üçün prioritetdir. Bu münasibətlər çox sağlam zəmində qurulubdur. Artıq həyat və hadisələrin gedişatı onu göstərir ki, bu, çox düzgün siyasətdir. Qonşu ölkələr tərəfindən də Azərbaycana qarşı olan siyasət çox müsbətdir. Biz bu siyasəti dostluq, mehriban qonşuluq prinsipləri əsasında qurmuşuq. Beləliklə, heç bir qonşu dövlətlə, təbii ki, Ermənistan istisna olmaqla, bizim heç bir problemimiz yoxdur. Keçmişdən qalan problemlər həll olunub. Bəzi hallarda bəzi ölkələrin dairələri süni şəkildə bəzi problemlər ortaya atmaq istəyirlər. Ancaq bunun da heç bir səmərəsi yoxdur.

Bu fikirləri Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən səsləndirib. Onun sözlərinə görə, qonşu dövlətlərlə bizim münasibətlərimiz strateji xarakter daşıyır:

"Biz bir bölgədə yaşayırıq, biz qonşuyuq və bu qonşuluq əbədi olacaqdır. Eyni zamanda, qonşu ölkələrdə yaşayan azərbaycanlılar, əlbəttə, bu münasibətlərdə xüsusi yer tutur və onların rahat yaşaması təbii ki, bizim üçün çox önəmlidir. Bu baxımdan da qonşu ölkələrlə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Həm siyasi, həm iqtisadi, enerji, nəqliyyat, mədəniyyət - bütün sahələrdə bu münasibətləri yüksək qiymətləndirmək olar. Mən deyə bilərəm ki, bizim qonşularımızla münasibətlərimiz nümunəvi xarakter daşıyır. Çünki dünyada gedən proseslər onu göstərir ki, bəzi hallarda qonşular arasında münasibətlər problemli olur.

Bildiyiniz kimi, biz qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatında da fəaliyyət göstəririk. Onu da bildirməliyəm ki, bu üçtərəfli formatların təşəbbüskarı da biz olmuşuq. Bu gün bütün qonşularla müxtəlif konfiqurasiyada üçtərəfli əməkdaşlıq formatı icra edilir və bu, həm regional təhlükəsizliyə müsbət təsir göstərir, həm də iqtisadi, enerji, nəqliyyat layihələrinin icrasına gözəl zəmin yaradır. Ona görə, Xarici İşlər Nazirliyinin fəaliyyətində qonşu ölkələrlə münasibətlər bundan sonra da prioritet kimi qalacaq".

Oxunma sayı 1253
Siyasət rubrikasından digər xəbərlər